Nəğmələr Nəğməsi
3 «Gecələr yatağımda
Könül həmdəmimi axtardım,+
Hey axtardım, tapmadım.+
2 Durum şəhəri dolaşım,
Küçələrdə, meydanlarda
Könül həmdəmimi axtarım.
Hey axtardım, tapmadım.
3 Şəhəri dolaşan keşikçilər məni gördü.+
Sordum “könül həmdəmimi görməmisiniz?”
4 Onlardan ayrılan kimi
Könül həmdəmimi tapdım.
Yapışdım ondan, buraxmadım,
Ta anamın evinə,
Məni bətnində gəzdirən qadının iç otağına gətirənəcən buraxmadım.+
5 Ey Yerusəlim qızları, sizi and verirəm
Ceyranlara, çöllərdəki marallara,
Qəlbimdə məhəbbət ayıltmayın, oyatmayın, özü oyanmayınca».+
6 «Mürr, kündür qoxan,
Tacirlərin çeşid-çeşid kirşanlarının ətrini qoxan,+
Tüstü burumlarıtək səhradan gələn nədir belə?»
7 «Bu ki Süleymanın taxt-rəvanıdır!
Altmış igidin,
İsrail igidlərinin əhatəsində.+
8 Hər biri qılınc qurşayıb,
Hər biri əsl cəngavərdir.
Gecə təhlükəsini dəf etməkçün
Hər birinin belində qılıncı hazır».
9 «Bu, padşah Süleymanın kəcavəsidir,
Livan ağacından düzəltdirdiyi kəcavəsidir.+
10 Dirəkləri gümüşdəndir,
Söykənəcəyi qızıldan.
Oturacağı bənövşəyi yundandır,
Yerusəlim qızları bəzəmişlər
İçini cani-dildən».