Əşiya
3 Budur, Rəbb, ordular Allahı Yehova
Yerusəlimlə Yəhudadan hər cür dayağı, təminatı,
Çörəyi və suyu kəsəcək,+
2 İgidi və cəngavəri,
Hakimi, peyğəmbəri+, falçını, ağsaqqalı,
3 Əllibaşını+, əyanı, məsləhətçini,
Usta sehrbazı, püxtə cadugəri yox edəcək.+
4 Onların üzərinə uşaqları başçı qoyacağam,
Səbatsızlar onlara rəhbərlik edəcək.
5 İnsan insana,
Yoldaş yoldaşa zülm edəcək.+
Uşaq qocaya qarşı,
Rəiyyət möhtərəm adama qarşı azğınlıq edəcək.+
6 Hər kəs atasının evindəki qardaşını tutub deyəcək:
«Sənin əynində əba var, gəl bizə başçı ol.
Qoy bu xarabalıqlar sənin ixtiyarında olsun».
7 Qardaşı isə o gün etiraz edib deyəcək:
«Mən yaranızı sarıya bilmərəm.
Evimdə nə çörək var, nə də libas,
Məni xalqın üzərinə başçı qoymayın».
8 Yerusəlim büdrədi,
Yəhuda yıxıldı,
Çünki sözləri də, əməlləri də Yehovaya qarşıdır,
Calal Sahibinin önündə dikbaşlıq edirlər.+
9 Sifətləri əleyhlərinə şəhadət edir.
Onlar Sədum kimi öz günahlarını car çəkirlər,+
Bunu gizlətmirlər.
Vay onların halına! Özləri öz başlarına bəla gətirirlər.
10 Salehlərə deyin, xoş onların halına,
Əməllərinin bəhrəsini görəcəklər.+
11 Pis adamınsa vay halına!
Başına bəla gələcək,
Əməlləri qabağına çıxacaq!
12 Xalqımı qul kimi işlədirlər,
Xalqımı qadınlar idarə edir.
Ey xalqım, rəhbərləriniz sizi yoldan çıxarır,
Sizi azdırır.+
13 Yehova xalqları mühakimə etmək,
Hökmünü onlara bildirmək üçün ayağa qalxır.
14 Yehova xalqının ağsaqqallarına, başçılarına hökm kəsəcək.
«Siz üzümlüyü yandırıb külə çevirdiniz,
Yoxsulları talayıb evlərinizi doldurdunuz.+
15 Hansı cürətlə xalqımı əzirsiniz,
Fəqirlərə olmazın zülm edirsiniz?»+ — deyir Külli-İxtiyar Sahibi, ordular Allahı Yehova.
16 Yehova deyir: «Madam ki Sion qızları qürrəlidir,
Başını dik tutub gəzir,
Göz-qaş oynadır, əda ilə yeriyir,
Ayağındakı xal-xalları cingildədir,
17 Yehova da Sion qızlarının başına qotur salacaq.
Yehova onların alnını çılpaq qoyacaq.+
18 O gün Yehova onların bər-bəzəkli xal-xallarını,
Baş bəzəklərini*, aypara şəkilli zinətlərini+ dartıb qoparacaq.
19 Sırğalarını, qolbaqlarını, örpəklərini,
20 Şallarını, ayaq bəzəklərini, kəmərlərini,
Ətir mücrülərini, həmaillərini,
21 Üzüklərini, burun halqalarını,
22 Bayram libaslarını, üst paltarlarını, Xələtlərini, çantalarını,
23 Əl güzgülərini,+ kətan paltarlarını,
Çalmalarını, örtüklərini əllərindən alacaq.
24 O gün balzam yağının+ ətri yerinə üfunət qoxacaq,
Kəmər yerinə kəndir,
Saç düzümü yerinə keçəllik,+
Bahalı libas əvəzinə çul,+
Gözəllik yerinə damğa olacaq.
25 Kişiləriniz qılıncdan keçiriləcək,
İgidləriniz döyüşdə qırılacaq.+