Əşiya
Nə olub, niyə hamınız dama çıxmısınız?
2 Sən ki gurultulu,
Haylı-küylü, büsatlı bir şəhər idin.
Həlak olanların qılıncdan ölmədi,
Döyüşdə məhv olmadı.+
3 Zalım başçıların hamısı birgə qaçdı.+
Onları ox-kamansız əsir götürdülər.
Ələ keçənlərin hamısı əsir götürüldü,+
Hərçənd uzağa qaçmışdılar.
4 Buna görə dedim: «Baxmayın mənə,
Qoyun acı-acı ağlayım.+
Məni ovundurmayın,
Çünki xalqım tar-mar olub.+
5 Bu gün Vəhy dərəsində
Külli-İxtiyar, ordular Allahı Yehovadan
Çaşqınlıq, məğlubiyyət, vurnuxma günüdür.+
Divarlar yıxılır,+
Qışqırıq səsi dağlara qalxır.
6 Elam+ oxdanını, atlarını,
Cəng arabalarını götürüb.
Girah+ qalxanını hazır tutub.
7 Ən gözəl düzlərin
Cəng arabaları ilə dolacaq,
Darvazaların qarşısında atlar düzüləcək.
8 Yəhudanın pərdəsi* götürüldü.
O gün siz “Meşə evi”+ deyilən silah anbarına tərəf baxacaqsınız. 9 Görəcəksiniz ki, Davud şəhərinin divarları deşik-deşikdir.+ Aşağı çarhovuza+ su yığacaqsınız. 10 Yerusəlimdəki evləri sayacaq, onları uçuracaqsınız ki, divarı bərkidəsiniz. 11 Köhnə çarhovuzun suyu üçün iki divar arasında su anbarı düzəldəcəksiniz. Lakin onu düzəldən Ulu Yaradana baxmayacaqsınız, bunu çoxdan hazırlayanı görməyəcəksiniz.
12 O gün Külli-İxtiyar, ordular Allahı Yehova
Sizə ağlayıb yas tutmağı,+
Başınızı daz qırxıb çula bürünməyi buyuracaq.
13 Lakin bunun əksinə, şənlik, büsat edilir,
Mal-qara, qoyun-quzu kəsilir,
Ət yeyilib, şərab içilir,+
“Gəlin yeyib-içək, onsuz da sabah öləcəyik”».+
14 Sonra ordular Allahı Yehova bu şeyi mənə açdı: «“Bu günahın siz ölənədək kəffarəsi olmayacaq”,+ — deyir Külli-İxtiyar, ordular Allahı Yehova».
15 Külli-İxtiyar, ordular Allahı Yehova deyir: «Dur, eşikağası Səbnanın+ yanına gedib ona de ki, 16 “Sənin burada nə işin var? Sən nə ixtiyarla burada özünə sərdabə oyursan?” O özü üçün yüksək yerdə sərdabə düzəldir, qayada məskən oyur. 17 “Ay kişi, bax Yehova səni şiddətlə aşağı tullayacaq. Səni tutacaq, 18 bərk-bərk büküb top kimi gen bir diyara atacaq. Orada öləcəksən, öyündüyün arabalar orada qalıb ağanın evi üçün biabırçılıq olacaq. 19 Səni vəzifəndən atacağam, mövqeyindən salacağam.
20 O gün qulum Xilqiyyə oğlu Əlyakimi+ çağıracağam, 21 sənin libasını ona geyindirəcəyəm, kəmərini onun belinə bağlayacağam,+ sənin səlahiyyətini ona verəcəyəm. O, Yerusəlim əhlinə, Yəhuda evinə ata olacaq. 22 Davud evinin açarını+ onun çiyninə taxacağam. Onun açdığını bağlayan, bağladığını açan olmayacaq. 23 Mən onu mıx kimi bərk yerə çalacağam. O, atası evi üçün şöhrət taxtı olacaq. 24 Atası evinin bütün şan-şövkəti, nəsli və övladları — balaca qablar, kasalar və böyük küplər — hamısı ondan asılacaq”.
25 Ordular Allahı Yehova bəyan edir: “O gün bərk yerə çalınmış mıx kənar ediləcək,+ kəsilib düşəcək və ondan asılmış hər şey düşüb sınacaq. Bunu Yehovanın Özü deyir”».