Əşiya
18 Həbəş+ çaylarının axdığı bölgənin,
Vızıldayan qanadlı həşəratlar diyarının vay halına!
2 O, dəniz yolu ilə,
Suların o tayına qamış qayıqlarda qasidlər göndərib deyir:
«Ey yeyin qasidlər, yola düzəlin!
Ucaboylu, hamar dərili xalqın,
Hər yana qorxu salan,+
Güclü, fateh xalqın,
Torpağını çaylar yuyan xalqın yanına gedin».
3 Ey yer üzündə yaşayanlar, ey dünya sakinləri!
Siz, sanki, dağ başında nişan görəcəksiniz,
Sanki, şeypur səsi eşidəcəksiniz.
4 Yehova mənə belə dedi:
«Mən günəşin yeri qızdıran şəfəqləritək,
İstidə, biçin vaxtı şeh buludutək
Arxayın-arxayın durub məkanıma* baxacağam.
5 Biçindən əvvəl,
Çiçəklənmə qurtaranda, qoralar yetişməyə başlayanda
Pöhrələr bağ qayçısı ilə kəsiləcək,
Bığcıqlar kəsilib atılacaq.
6 Hamısı dağlardakı yırtıcı quşlara,
Yerdəki vəhşi heyvanlara yem ediləcək.
Yırtıcı quşlar bütün yayı,
Vəhşi heyvanlar biçin mövsümü onlarla qidalanacaq.
7 O zaman ordular Allahı Yehovaya
Ucaboylu, hamar dərili xalqdan,
Hər yana qorxu salan,
Güclü, fateh xalqdan,
Torpağını çaylar yuyan xalqdan bəxşiş gətiriləcək.
Ordular Allahı Yehovanın adını daşıyan yerə, Sion dağına+».