NƏHƏMYA
1 Həqali oğlu Nəhəmyanın*+ sözləri: iyirminci ilin* kislev* ayında mən Şuş*+ qalasında idim. 2 O zaman qardaşlarımdan biri Hənani+ Yəhudadan olan başqa adamlarla birgə gəldi. Mən onlardan əsirlikdən qurtulub ölkəyə qayıtmış yəhudilərin+ vəziyyəti və Yerusəlim barədə hal-əhval tutdum. 3 Onlar dedilər: «Əsirlikdən qayıdıb əyalətdə yaşayan yəhudilər acınacaqlı haldadır, rüsvayçılıq içindədir.+ Yerusəlimin divarları uçuq-sökükdür,+ darvazaları yanıb kül olub».+
4 Bunu eşidəndə oturub ağladım. Günlərlə yas saxladım, oruc tutdum+ və göylərin Allahına dua etdim. 5 Dedim: «Ey göylərin Allahı, ey əhdinə sadiq qalan, Səni sevib əmrlərinə riayət edənlərə məhəbbət göstərən böyük və zəhmli Allah Yehova!+ 6 Yalvarıram, bu gün qulunun Sənin önündə etdiyi duanı eşit, mənə nəzər sal, duama qulaq as. Qulların israillilərdən ötrü gecə-gündüz Sənə dua edirəm,+ İsrail xalqının Sənə qarşı etdiyi günahları etiraf edirəm. Biz günah işləmişik, mən də, xalqım da*.+ 7 Sənin önündə rəzillik etmişik,+ qulun Musaya verdiyin əmrlərə, qayda-qanunlara, hökmlərə əməl etməmişik.+
8 Nə olar, qulun Musaya dediyin bu sözü xatırla: “Əgər xəyanətkarlıq etsəniz, sizi xalqlar arasına səpələyəcəyəm.+ 9 Yox əgər Mənə tərəf dönsəniz, əmrlərimə tabe olub onlara əməl etsəniz, yerin ucqarlarınadək səpələnsəniz belə, sizi oradan toplayacağam,+ adım üçün məskən seçdiyim yerə+ gətirəcəyəm”. 10 Axı onlar Sənin qulların, Sənin xalqındır. Sən onları böyük qüdrətinlə, qüvvətli qolunla qurtardın.+ 11 Ey Yehova, yalvarıram, bu qulunun duasını və Sənin adına sidqi-ürəkdən ehtiram edən qullarının duasını eşit. Nə olar, bu gün quluna uğur ver, qoy bu adamın mənə rəhmi gəlsin».+
O zaman mən şahın saqisi idim.+
2 Şah Artakserksin+ hakimiyyətinin iyirminci ili+, nisan* ayı idi. Şahın hüzuruna şərab gətirildi və mən həmişə olduğu kimi, şərabı şaha uzatdım.+ Əvvəllər mən heç vaxt şahın hüzurunda kədərli olmamışdım. 2 Şah mənə dedi: «Xəstə olmağına, xəstə deyilsən. Bəs niyə çöhrən kədərlidir? Deyəsən, dərdin var». Bunu eşitcək bərk qorxdum.
3 Şaha dedim: «Şah sağ olsun! Kədərlənməyim, nə edim? Ata-babalarımın dəfn olunduğu şəhər xaraba qalıb, darvazaları yandırılıb».+ 4 Onda şah soruşdu: «Diləyin nədir?» Mən dərhal göylərin Allahına dua etdim.+ 5 Sonra şaha dedim: «Ey şah, əgər məsləhət bilirsənsə, əgər bu qulun gözündə lütf tapıbsa, məni Yəhudaya, ata-babalarımın dəfn olunduğu şəhərə göndər, gedim oranı bərpa edim».+ 6 Onda şah məndən soruşdu: «Səfərin nə qədər çəkər? Nə vaxt qayıdarsan?» (Bu zaman məlikə onun yanında əyləşmişdi.) Mən istədiyim möhləti+ şaha bildirdim və o, məni göndərməyə razı oldu.+
7 Sonra şaha dedim: «Əgər şah məsləhət bilirsə, çayın*+ o tayındakı bölgənin valiləri+ üçün mənə namələr verilsin ki, Yəhudaya çatana qədər torpaqlarından maneəsiz keçə bilim. 8 Şahın meşəsinə nəzarət edən Asəf üçün də namə verilsin. Qoy o, məbədin Qala+ darvazalarının, şəhərin divarlarının+ və evimin tikintisində işlədiləcək tirlər üçün mənə ağac versin». Beləcə, şah mənə namələri verdi,+ çünki Allahım mənə yar idi.+
9 Mən çayın o tayındakı bölgənin valilərinin yanına gedib şahın namələrini onlara verdim. Şah mənimlə birgə sərkərdələr və atlılar da göndərmişdi. 10 Hurunlu Sanbalat+ və əmuni+ məmur Tubiyyə+ bundan xəbər tutdu. Onlar biləndə ki, israillilərin xeyrinə çalışan bir adam gəlib, bərk qəzəbləndilər.
11 Nəhayət, gəlib Yerusəlimə çatdım, üç gün orada qaldım. 12 Gecə ikən mən və yanımdakı bir neçə adam qalxdıq. Amma mən Allahımın Yerusəlimlə bağlı ürəyimə qoyduğu niyyəti heç kimə açmadım. Yanımda mindiyim heyvandan başqa heyvan yox idi. 13 Gecə Vadi darvazasından+ çıxdım və Nəhəng ilan çeşməsinin qarşısından keçib Kül darvazasına+ tərəf getdim. Yerusəlimin uçurulmuş divarlarını, külə çevrilmiş darvazalarını nəzərdən keçirdim.+ 14 Sonra Bulaq darvazasının+ yanından keçib Padşah hovuzuna tərəf getdim. Lakin mindiyim heyvan bu yerdən keçə bilmədi. 15 Buna baxmayaraq, mən yoluma davam etdim. Gecə vaxtı vadi+ boyunca yuxarı qalxaraq divarları gözdən keçirdim, sonra geri qayıdıb Vadi darvazasından içəri girdim.
16 Məmurlar+ hara getdiyimdən və nə etdiyimdən xəbərsiz idilər. Yəhudilərə, kahinlərə, əsilzadələrə, məmurlara və işi görəcək adamlara hələ heç nə deməmişdim. 17 Axırda onlara dedim: «Özünüz də görürsünüz, necə acınacaqlı vəziyyətdəyik. Yerusəlim xaraba qalıb, darvazaları yandırılıb. Gəlin Yerusəlimin divarlarını bərpa edək ki, bu rüsvayçılıqdan qurtulaq». 18 Sonra Allahımın mənə yar olduğunu+ və şahın mənə dediyi sözləri onlara danışdım.+ Onlar: «Gəlin işə başlayaq», — deyib canla-başla bu xeyirli işə hazırlaşmağa başladılar.+
19 Hurunlu Sanbalat, əmuni+ məmur Tubiyyə+ və ərəb Qəşəm+ bundan xəbər tutanda bizi lağa qoyub+ kin-küdurətlərini gizlətmədən dedilər: «Bu nə işdir tutursunuz? Şaha qarşı qalxırsınız?»+ 20 Mən isə onlara dedim: «Göylərin Allahı işimizi avand edəcək,+ Onun qulları olan bizlər durub divarları bərpa edəcəyik. Sizinsə Yerusəlimdə nə bir payınız, nə bir haqqınız var, burada heç bir iziniz yoxdur».+
3 Baş kahin Əlyasib+ və onun kahin qardaşları Qoyun darvazasını+ tikməyə başladı, sonra onu həsr edib+ qapılarını qoydular, Miah qülləsinə+ və Hənanil qülləsinə+ qədər hissəni həsr etdilər. 2 Onların yanında ərihalılar+, onların da yanında İmri oğlu Zəqqur işləyirdi.
3 Həsnəə oğulları Balıq darvazasını+ tikdilər, taxta çərçivə+ qoyub, qapılarını, cəftələrini və rəzələrini yerinə taxdılar. 4 Onların yanında Həqquz oğlu Uryahın oğlu Mərimut+ təmir işləri görürdü. Onun yanında Məşizabil oğlu Bərxiyanın oğlu Məşullam+, onun da yanında Bəənna oğlu Sadıq işləyirdi. 5 Onun yanında təquhlular+ bərpa işi görürdü. Onların əsilzadələri isə təyin olunmuş nəzarətçilərə tabe olub bu işi görməyi şənlərinə sığışdırmadılar.
6 Fasih oğlu Yuada və Bəsud oğlu Məşullam Qədim şəhər darvazasını+ bərpa etdilər, taxta çərçivə qoyub, qapılarını, cəftələrini və rəzələrini taxdılar. 7 Onların yanında gibyonlu+ Məlat və mərunutlu Yadun bərpa işləri görürdü. Onlar çayın*+ o tayındakı bölgənin valisinin tabeliyində olan Gibyon və Mispahdan+ idilər. 8 Onların yanında zərgərlərdən biri olan Xəray oğlu Üzziil işləyirdi. Onun yanında ətriyyatçı Hənaniyyə bərpa işləri görürdü. Onlar Yerusəlimdə Geniş divara+ qədər yerə daş döşədilər. 9 Onların yanında Yerusəlim vilayətinin bir yarısının başçısı Xur oğlu Rəfay bərpa işləri görürdü. 10 Onun yanında Harumaf oğlu Yaday öz evinin qarşısında bərpa işi görürdü, onun yanında da Həşbənya oğlu Həttuş işləyirdi.
11 Harim+ oğlu Məlkiyyə və Fəhat-Muab+ oğlu Həşşub divarın digər hissəsini və Soba qülləsini+ bərpa edirdi. 12 Onların yanında Yerusəlim vilayətinin digər yarısının başçısı Luhiş oğlu Səllum qızları ilə birlikdə işləyirdi.
13 Vadi darvazasını+ Hanun və zənahlılar+ təmir etdilər, onu tikib, qapılarını, cəftələrini, rəzələrini taxdılar. Həmçinin Kül darvazasına+ qədər min qulac* uzunluğunda divarları bərpa etdilər. 14 Kül darvazasını isə Beyt-Həkarim+ vilayətinin başçısı Rəhab oğlu Məlkiyyə təmir etdi, onu tikib, qapılarını, cəftələrini, rəzələrini taxdı.
15 Mispah+ vilayətinin başçısı Kölhüz oğlu Səlun Bulaq darvazasını+ təmir etdi. O, darvazanı və damını tikdi, qapılarını, cəftələrini və rəzələrini taxdı. Həmçinin Padşah bağı+ üçün olan Şelah* hovuzunun+ divarlarını Davudun şəhərindən+ enən Pilləkənə+ qədər bərpa etdi.
16 Səlundan sonra Beyt-Sur+ vilayətinin bir yarısının başçısı Əzbuq oğlu Nəhəmya işləyirdi. O, Davud qəbiristanlığının+ qarşısından əvvəllər tikilmiş hovuza+ və İgidlər evinə qədər bərpa işləri görürdü.
17 Ondan sonra lavililərdən Bənni oğlu Rəhum işləyirdi, onun yanında Qəyla+ vilayətinin bir yarısının başçısı Həşbiyyə öz vilayətinin payına düşən hissəni bərpa edirdi. 18 Həşbiyyədən sonra onların qardaşları işləyirdi. Onlara Qəyla vilayətinin bir yarısının başçısı Hənadad oğlu Bəvvay nəzarət edirdi.
19 Onun yanında Mispah başçısı Yeşu+ oğlu İsər işləyirdi. O, İstinad divarındakı+ Cəbbəxanaya çıxan yoxuşun qarşısındakı hissəni bərpa edirdi.
20 Ondan sonra Zəbbay+ oğlu Bərux İstinad divarından baş kahin Əlyasibin+ evinin girişinə qədərki hissəni canla-başla bərpa edirdi.
21 Ondan sonra Həqquz oğlu Uryahın oğlu Mərimut+ Əlyasibin evinin girişindən evin axırına qədərki hissəni bərpa edirdi.
22 Ondan sonra İordan+ bölgəsində* yaşayan kahinlər bərpa işləri görürdülər. 23 Onlardan sonra Binyaminlə Həşşub öz evlərinin önündə bərpa işləri görürdülər. Onlardan sonra Ənaniyyə oğlu Məseyyənin oğlu Əzriya öz evinin yanında bərpa işləri görürdü. 24 Ondan sonra Hənadad oğlu Bənya Əzriyanın evindən İstinad divarına+ və küncə qədərki hissəni bərpa edirdi.
25 Ondan sonra Uzay oğlu Pəlal İstinad divarının və Padşah sarayından+ yüksələn qüllənin önündə bərpa işləri görürdü. (Bu yuxarı qüllə Keşikçi həyətinə+ aid idi.) Pəlaldan sonra Faruş+ oğlu Fəday işləyirdi.
26 Ofeldə+ yaşayan məbəd qulluqçuları+ şərqdəki Su darvazasının+ önünə və divardan bayıra çıxan qülləyə qədərki hissəni bərpa edirdi.
27 Onlardan sonra təquhlular+ divardan bayıra çıxan böyük qüllənin önündən Ofel divarınadək hissəni bərpa edirdilər.
28 Kahinlər At darvazasından+ yuxarıda, hər biri öz evinin qarşısında bərpa işləri görürdü.
29 Onlardan sonra İmmir oğlu Sadıq+ öz evinin önündəki hissəni bərpa edirdi.
Ondan sonra Şərq qapısının+ gözətçisi Səkənya oğlu Şəmay bərpa işləri görürdü.
30 Ondan sonra Şələmya oğlu Hənaniyyə və Salafın altıncı oğlu Hanun digər hissəni bərpa edirdi.
Ondan sonra Bərxiya oğlu Məşullam+ öz evinin* qarşısında bərpa işləri görürdü.
31 Ondan sonra zərgərlər ittifaqının üzvü Məlkiyyə Nəzarət darvazasının qarşısında yerləşən məbəd qulluqçularının*+ və tacirlərin evinə qədər, eləcə də divarın küncündəki üst otağa qədər bərpa işləri görürdü.
32 Küncdəki üst otaqla Qoyun darvazası+ arasındakı hissəni zərgərlərlə tacirlər bərpa edirdilər.
4 Divarı bərpa etdiyimizi eşidəndə Sanbalatın+ qanı qaraldı, o, qəzəbləndi və yəhudiləri lağa qoymağa başladı. 2 O, qardaşlarının və Səməriyyə ordusunun qarşısında dedi: «Bu yəhudilər, yazıqlar nə edirlər? Olmaya, inanırlar ki, bu boyda işin öhdəsindən gələ biləcəklər?! Qurban kəsəcəklər? Buraları bir günün içində bərpa edəcəklər? Məgər dağıntıların içindən çıxardıqları yanmış daşları əvvəlki şəklə sala bilərlər?»+
3 Onun yanında duran əmuni+ Tubiyyə+ dedi: «Tikdikləri divara bir baxın! Üstünə tülkü çıxsa, dağılar».
4 Mən dedim: «Eşit, ey Allahımız, gör bizə necə həqarət edirlər.+ Bizə etdikləri rişxəndlərə qoy özləri düçar olsunlar,+ talan malı kimi, yad ölkəyə aparılsınlar. 5 Onların təqsirlərinə, günahlarına göz yumma! Onları əfv etmə!+ Çünki bənnaları təhqir edirlər».
6 Biz divarı tikməyə davam etdik. Bütün şəhər divarını yarıya qədər qaldırdıq. Camaat ürəkdən çalışırdı.
7 Sanbalat, Tubiyyə+, ərəblər+, əmunilər və aşdodlular+ eşidəndə ki, Yerusəlim divarının bərpası irəliləyir, aradakı boşluqlar hörülür bərk hirsləndilər. 8 Onlar Yerusəlimə hücum etmək və şəhərdə iğtişaş yaratmaq üçün əlbir oldular. 9 Biz isə Allahımıza dua etdik. Onlardan mühafizə olunmaq üçün gecə və gündüz növbə çəkməyə gözətçi qoyduq.
10 Amma Yəhuda xalqı deyirdi: «İşçilər taqətdən düşüb, uçuqlar isə çoxdur! Divarları tikib qurtara bilməyəcəyik».
11 Düşmənlərimiz də bir yandan deyirdi: «Onlar xəbər tutana qədər, bizi görənə qədər artıq onların arasında olarıq, onları öldürüb işi dayandırarıq».
12 Həmçinin düşmənlərimizin qonşuluğunda yaşayan yəhudilər hər dəfə yanımıza gələndə elə hey deyirdilər: «Düşmənlər hər tərəfdən üstümüzə hücum çəkəcək».
13 Buna görə də mən divarın arxasında, aşağıda, açıq yerlərdə nəsillərinə görə qılınclı, nizəli, ox-kamanlı adamlar qoydum. 14 Onların qorxuya düşdüyünü görəndə dərhal əsilzadələrə+, məmurlara və bütün camaata dedim: «Onlardan qorxmayın!+ Yehovanı, böyük və zəhmli Allahı+ yada salın! Qardaşlarınız, oğul-qızlarınız, arvadlarınız və evləriniz üçün vuruşun!»
15 Düşmənlərimizə xəbər çatdı ki, biz onların qurduğu fitnədən agahıq və Allah onların niyyətini boşa çıxarıb. Bundan sonra hər birimiz divarı tikməyə qayıtdıq. 16 O gündən etibarən, adamlarımın yarısı tikintidə çalışır,+ digər yarısı isə zireh geyinib əlində nizə, qalxan və ox-kaman tuturdu. Başçılar+ yəhudilərin arxasında durub onlara dayaq olurdular. 17 Yəhudilər isə divarı tikirdilər. Fəhlələr bir əli ilə işləyir, o biri əli ilə nizə tuturdular. 18 Bənnaların hər biri belinə qılınc bağlayıb işləyirdi, şeypurçu+ isə mənim yanımda dayanmışdı.
19 Mən əsilzadələrə, məmurlara və bütün camaata dedim: «İşimiz böyükdür. Hərəmiz divarın bir tərəfində işləyirik, bir-birimizdən aralıyıq. 20 Buna görə də şeypur səsi eşidən kimi yanımıza yığışın. Allahımız bizim üçün vuruşacaq!»+
21 Beləcə, dan yeri söküləndən ulduzlar görünənədək yarımız işləyir, yarımız da əlində nizə tuturdu. 22 O zaman mən camaata dedim: «Qoy hər kəs öz nökəri ilə gecələr Yerusəlimdə qalsın. Gecələr keşiyimizi çəksin, gündüzlərsə işləsin». 23 Nə mən, nə qardaşlarım, nə nökərlərim+, nə də arxamca gələn keşikçilər — heç birimiz paltarımızı əynimizdən çıxarmırdıq, silahı sağ əlimizdən yerə qoymurduq.
5 Xalqın kişi və qadınları yəhudi qardaşlarından dad etməyə başladılar.+ 2 Bəziləri deyirdi: «Külfətimiz böyükdür, oğlumuz, qızımız çoxdur. Yaşamaq üçün bizə taxıl lazımdır». 3 Başqaları isə deyirdi: «Qıtlıq zamanı taxıl almaq üçün tarlalarımızı, üzüm bağlarımızı, evlərimizi girov qoyuruq». 4 Bir başqaları: «Şaha xərac ödəmək üçün tarlalarımızı, üzüm bağlarımızı girov qoyub borca pul götürmüşük.+ 5 Axı bizim də canımız qardaşlarımızın canı kimi candır, övladlarımız onlarınkından heç də əskik deyil. Amma biz oğul-qızlarımızı kölə etmək məcburiyyətindəyik. Qızlarımızdan bir neçəsi artıq kölədir.+ Əlimizdən isə heç nə gəlmir. Tarlalarımız, üzüm bağlarımız indi başqalarının mülküdür», — deyə şikayət edirdilər.
6 Onların giley-güzarını, sözlərini eşidəndə bərk hirsləndim. 7 Götür-qoy etdikdən sonra əsilzadələrə və məmurlara narazılığımı bildirib dedim: «Bu nə işdir tutursunuz? Hər kəs qardaşından sələm tələb edir!»+
Sonra mən onlara görə böyük yığıncaq topladım. 8 Onlara dedim: «Biz başqa xalqlara satılmış yəhudi qardaşlarımızı imkanımız daxilində satın almışıq. İndi də siz öz qardaşlarınızı satacaqsınız,+ biz də onları satın alacağıq?» Onlar susub, bir söz deyə bilmədilər. 9 Mən onlara dedim: «Yaxşı iş tutmursunuz. Heç Allahımızdan qorxmursunuz?+ Axı niyə düşmən xalqlar bizə tənə etməlidir? 10 Mən də, qardaşlarım da, nökərlərim də xalqa pul və taxıl borc veririk. Amma rica edirəm, gəlin sələmlə pul verməyə son qoyaq.+ 11 Günü bu gün onların tarlalarını, üzüm və zeytun bağlarını, evlərini özlərinə qaytarın.+ Həmçinin borc verdiyiniz pulun, taxılın, təzə şərabın və yağın yüzdə birini* onlara geri verin».
12 Onlar dedilər: «Hər şeyi qaytaracağıq, onlardan heç nə istəməyəcəyik. Dediyin kimi edəcəyik». Onda kahinləri çağırdım və təqsirkarları bu sözə əməl edəcəklərinə and içdirdim. 13 Sonra yaxamı silkələyib dedim: «Qoy Allah sözünün üstündə durmayan hər kəsi ev-eşiyindən, mülkündən bu cür silkələyib atsın. Qoy o adamı bu cür silkələsin, heç nəyi qalmasın». Camaat bir ağızdan: «Amin!» — deyib Yehovanı mədh etdi. Onlar dedikləri kimi etdilər.
14 Bundan əlavə, şah Artakserksin+ məni Yəhuda torpağına vali+ təyin etdiyi gündən etibarən, on iki il ərzində, yəni şahın hakimiyyətinin iyirminci ilindən+ otuz ikinci ilinə+ qədər nə mən, nə də qardaşlarım valiyə çatan çörəkdən yemədik.+ 15 Məndən əvvəlki valilər isə xalqın çiyninə ağır yük qoymuşdular, hər gün onlardan çörək və şərab üçün qırx gümüş şekel* alırdılar. Valilərin qulluqçuları da camaata zülm edirdi. Mən isə Allahdan qorxduğum üçün belə etmirdim.+
16 Üstəlik, divarın tikilməsinə mən də kömək edirdim. Xidmətçilərimin də hamısı işləyirdi. Biz bir tarla belə, almadıq.+ 17 Süfrəmdə 150 nəfər yəhudi və məmur, habelə ətraf xalqlardan yanımıza gələnlər yemək yeyirdi. 18 Hər gün mənim hesabıma 1 öküz, 6 kök qoyun və quşlar hazırlanırdı. Həmçinin on gündən bir süfrəmdə növbənöv bolluca şərab olurdu. Ancaq mən valilərə çatan çörəyi tələb etmirdim, onsuz da xalq ağır yük altında idi. 19 Ey Allahım, bu xalq uğrunda gördüyüm işlərə görə məni yaxşılıqla xatırla.+
6 Sanbalat, Tubiyyə+, ərəb Qəşəm+ və digər düşmənlərimizə çatdırdılar ki, mən divarı bərpa edib+ qurtarmışam, divardakı bütün aralar hörülüb. (Hərçənd o vaxt darvazaların qapı taylarını hələ taxmamışdım.)+ 2 Sanbalatla Qəşəm dərhal mənə bu xəbəri yolladılar: «Gəl vaxt təyin edib Unuh+ vadisindəki kəndlərdən birində görüşək». Əslində, onların məqsədi mənə pislik etmək idi. 3 Mən onlara qasidlərlə bu cavabı göndərdim: «Çox vacib işlə məşğulam, gələ bilmərəm. İşimi qoyub sizin yanınıza gəlsəm, iş dayanar». 4 Onlar düz dörd dəfə mənə eyni xəbəri göndərdilər, mən də hər dəfə onlara eyni cavabı göndərdim.
5 Sanbalat beşinci dəfə eyni xəbərlə yanıma öz xidmətçisini göndərdi. Onun əlində möhürsüz namə var idi. 6 Orada yazılmışdı: «Xalqlar arasında söz-söhbət gəzir ki, sən yəhudilərlə birgə üsyan hazırlayırsan.+ Bunu Qəşəm+ də deyir. Divarı da məhz buna görə tikirsən, deyilənə görə onların padşahı olmaq istəyirsən. 7 Hətta peyğəmbərlər təyin etmisən ki, sənin barəndə bütün Yerusəlimdə: “Yəhudada padşah var!” — deyib car çəksinlər. Bil ki, bütün bunlar padşaha çatdırılacaq. Gəl görüşüb danışaq».
8 Onda mən ona belə cavab göndərdim: «Dediklərinin heç biri doğru deyil, bunları özündən uydurursan». 9 Bəli, onların hamısı bizi qorxutmaq istəyirdi, onlar deyirdilər: «Əlləri işdən soyuyacaq, işi qurtara bilməyəcəklər».+ Ey Allahım, qoluma güc ver!+
10 Mən Mehitab oğlu Dəlayın oğlu Şəmayın evinə getdim. O, evinə qapanmışdı. Mənə dedi: «Gəl vaxt təyin edib Allahın evində, məbədin içində görüşək. Qapıları bağlayaq, çünki səni öldürməyə gələcəklər, gecə gəlib səni öldürəcəklər». 11 Mən isə dedim: «Heç mənim kimi adam qaçar? Mənim kimisi məbədə girib necə sağ qalar?+ Əsla girmərəm!» 12 Onda başa düşdüm ki, Şəmayı Allah göndərməyib, mənim zərərimə peyğəmbərlik etmək üçün onu Tubiyyə ilə Sanbalat+ tutub. 13 Şəmayı muzdla tutmuşdular ki, məni qorxudub günaha batırsınlar. Beləcə, adımı ləkələmək üçün əllərində əsas olsun və məni ittiham etsinlər.
14 Ey Allahım, Tubiyyəni+, Sanbalatı, onların əməllərini, gecə-gündüz məni qorxutmağa çalışan qadın peyğəmbər Nudiyəni və digər peyğəmbərləri unutma.
15 Beləliklə, elul* ayının iyirmi beşinci günündə, əlli iki günə divar bərpa edilib qurtardı.
16 Düşmənlərimiz bunu eşidəndə və ətrafımızdakı xalqlar bunu görəndə biabır oldular.+ Başa düşdülər ki, bu iş Allahımızın köməyilə görülüb. 17 O günlərdə Yəhudanın əsilzadələri+ Tubiyyəyə çoxlu namə göndərir və ondan namə alırdılar. 18 Yəhudada çox adam Tubiyyəyə sadiq qalacağına and içmişdi, çünki o, Ərah+ oğlu Səkənyanın kürəkəni idi və onun oğlu Yəhukənan Bərxiya oğlu Məşullamın+ qızını almışdı. 19 Üstəlik, yanımda onun barəsində yaxşı şeylər danışırdılar. Mənimsə sözlərimi ona çatdırırdılar. Sonra da Tubiyyə məni qorxutmaq üçün namələr göndərirdi.+
7 Divar hazır olan kimi+ qapıları yerinə taxdım.+ Sonra darvaza keşikçiləri+, məzmur oxuyanlar+ və lavililər+ təyin etdim. 2 Qardaşım Hənani+ ilə Qala+ rəisi Hənaniyyəni Yerusəlimə başçı qoydum. Çünki Hənaniyyə çox etibarlı adam idi, onun kimi Allahdan qorxan+ adam az tapılardı. 3 Mən onlara tapşırdım: «Gün qızana qədər Yerusəlimin darvazaları açılmamalıdır. Axşam keşikçilər hələ növbə çəkərkən darvazaları bağlamalı, rəzələri vurmalıdırlar. Yerusəlim sakinlərini də keşikçi qoyun, bəziləri təyin olunduğu yerlərdə, digərləri isə öz evinin qabağında keşik çəksin». 4 O vaxt şəhər geniş və böyük idi, əhalisi isə az idi,+ orada hələ ev tikilməmişdi.
5 Allahım ürəyimə qoydu ki, əsilzadələri, məmurları və xalqı toplayıb adlarını nəsil şəcərəsinə yazım.+ O zaman mən ilk qayıdanların nəsil şəcərəsini tapdım. Orada yazılmışdı:
6 «Bunlar sürgündən qayıdan əyalət sakinləridir. Onları Babil padşahı Navuxodonosor+ sürgünə aparmışdı.+ Sonralar isə onlar Yerusəlimə və Yəhudaya, hər kəs öz şəhərinə qayıtmışdı.+ 7 Onlar Zərubabil+, Yeşu+, Nəhəmya, Əzriya*, Rami*, Nəhmani, Mərdəhay, Bilşən, Misfarəs*, Bəqvay, Nəhum* və Bəənnah ilə birgə qayıtmışdılar.
İsrailli kişilərin sayı:+ 8 Faruş övladları 2172 nəfər; 9 Şəfətay övladları 372 nəfər; 10 Ərah+ övladları 652 nəfər; 11 Yeşu və Yuab+ nəslindən Fəhat-Muab övladları+ 2818 nəfər; 12 Elam övladları+ 1254 nəfər; 13 Zəttu övladları 845 nəfər; 14 Zəkkay övladları 760 nəfər; 15 Bənya övladları 648 nəfər; 16 Bəbay övladları 628 nəfər; 17 Əzcad övladları 2322 nəfər; 18 Əduniqam övladları 667 nəfər; 19 Bəqvay övladları 2067 nəfər; 20 Adhin övladları 655 nəfər; 21 Hizqiyyə nəslindən Atir övladları 98 nəfər; 22 Həşum övladları 328 nəfər; 23 Bisay övladları 324 nəfər; 24 Xarif övladları 112 nəfər; 25 Gibyon+ övladları 95 nəfər; 26 Beytləhm və Nətufah sakinləri 188 nəfər; 27 Ənatut+ sakinləri 128 nəfər; 28 Beyt-Əzmut sakinləri 42 nəfər; 29 Kiryat-Yarim+, Kəfirə və Biirot+ sakinləri 743 nəfər; 30 Rama və Giba+ sakinləri 621 nəfər; 31 Mihmas+ sakinləri 122 nəfər; 32 Beytel+ və Ay+ sakinləri 123 nəfər; 33 o biri Nəba sakinləri 52 nəfər; 34 o biri Elamın nəslindən olanlar 1254 nəfər; 35 Harim övladları 320 nəfər; 36 Əriha sakinləri 345 nəfər; 37 Lod, Hədid və Unuh+ sakinləri 721 nəfər; 38 Sənah sakinləri 3930 nəfər.
39 Kahinlər+: Yeşu nəslindən Yaday övladları 973 nəfər; 40 İmmir övladları 1052 nəfər; 41 Fəşhur övladları+ 1247 nəfər; 42 Harim+ övladları 1017 nəfər.
43 Lavililər+: Xudav övladlarından, Qədmail+ nəslindən Yeşu övladları 74 nəfər. 44 Məzmur oxuyan+ Asəf+ övladları 148 nəfər. 45 Darvaza keşikçiləri+ olan Səllum övladları, Atir övladları, Təlmun övladları, Aqqub+ övladları, Xətit övladları, Şubay övladları, cəmi 138 nəfər.
46 Məbəd qulluqçuları+: Ziha oğulları, Həsuf oğulları, Təbaut oğulları, 47 Qiruz oğulları, Siya* oğulları, Fədun oğulları, 48 Ləbən oğulları, Haqab oğulları, Salmay oğulları, 49 Hənan oğulları, Qiddil oğulları, Qahar oğulları, 50 Rəya oğulları, Rəsin oğulları, Naqud oğulları, 51 Qəzzəm oğulları, Üzza oğulları, Fasih oğulları, 52 Bişay oğulları, Məunim oğulları, Nəfişəsim* oğulları, 53 Bağbuq oğulları, Haquf oğulları, Xarxur oğulları, 54 Bəslit* oğulları, Məhid oğulları, Xərşa oğulları, 55 Bərquz oğulları, Sisar oğulları, Təmah oğulları, 56 Nazi oğulları, Hatif oğulları.
57 Süleymanın nökərlərinin nəsli+: Sutay oğulları, Söfrət oğulları, Fərid* oğulları, 58 Yalah oğulları, Dərqun oğulları, Qiddil oğulları, 59 Şəfətay oğulları, Xəttil oğulları, Fükrat-Həzzəbayim oğulları, Amun* oğulları. 60 Məbəd qulluqçuları+ və Süleymanın nökərlərinin nəslindən olanlar, cəmi 392 nəfər.
61 Təl-Məlahdan, Təl-Hərşədən, Kərrubdan, Əddundan və İmmirdən gəlmiş, ancaq mənşələrini, hansı nəsildən olduqlarını və İsrail xalqından olub-olmadıqlarını sübut edə bilməyənlər bunlardır:+ 62 Dəlay övladları, Tubiyyə övladları, Naqud övladları, cəmi 642 nəfər. 63 Kahinlər nəslindən: Habay oğulları, Həqquz+ oğulları, giladlı Bərzillayın+ qızlarından arvad alıb onların adını götürən Bərzillay oğulları. 64 Bu adamlar hansı nəsildən olduqlarını müəyyən etmək üçün nəsillərinin adını nəsil şəcərələrində axtardılar, lakin tapmadılar. Buna görə də kahinlikdən məhrum oldular.+ 65 Vali*+ onlara dedi ki, Urim və Tummim* atan kahin+ olmayınca onlar son dərəcə müqəddəs yeməklərdən+ yeyə bilməzlər.
66 Bütün camaatın sayı 42 360 nəfər idi.+ 67 Bunlardan başqa 7337 nəfər qul-qarabaş+, 245 nəfər kişi və qadın müğənni+ var idi. 68 Onların 736 atı, 245 qatırı, 69 həmçinin 435 dəvəsi və 6720 eşşəyi var idi.
70 Nəsil başçılarından bəziləri işin icrası üçün ianə vermişdilər.+ Vali xəzinəyə 1000 qızıl dirhəm*, 50 kasa, 530 kahin geyimi+ vermişdi. 71 Nəsil başçılarından bəziləri bu iş üçün olan xəzinəyə 20 000 qızıl dirhəm və 2200 gümüş mina* ianə etmişdilər. 72 Qalan camaat isə 20 000 qızıl dirhəm, 2000 gümüş mina və 67 kahin geyimi vermişdi.
73 Beləcə, kahinlər, lavililər, darvaza keşikçiləri, məzmur oxuyanlar+, xalqın bir hissəsi, məbəd qulluqçuları və qalan israillilər öz şəhərlərində məskunlaşdılar.+ Yeddinci ay başlayanda+ israillilər artıq öz şəhərlərində yaşayırdılar».+
8 Bütün xalq bir nəfər kimi Su darvazasının+ qarşısındakı meydana toplaşdı. Onlar mirzə Üzeyirdən+ xahiş etdilər ki, Yehovanın İsrailə verdiyi Musanın Tövratını*+ gətirsin. 2 Kahin Üzeyir Tövratı icmanın — kişilərin, qadınların və bir sözlə, qulaq asıb başa düşən hər kəsin qarşısına gətirdi.+ Yeddinci ayın birinci günü idi.+ 3 O, Su darvazasının qarşısındakı meydanda toplaşmış kişilərin, qadınların və ağlı kəsən uşaqların önündə Tövratı səhər sübhdən günortaya qədər ucadan oxudu.+ Bütün camaat diqqətlə qulaq asırdı.+ 4 Mirzə Üzeyir bu tədbirdən ötrü hazırlanmış taxta kürsünün üstündə durmuşdu. Onun sağ tərəfində Məttəsyah, Şəma, Ənay, Uryay, Xilqiyyə, Məseyyə, sol tərəfində isə Fəday, Müsail, Məlkiyyə+, Həşum, Həşbədan, Zəkəriyyə və Məşullam dayanmışdı.
5 Üzeyir camaatdan yüksəkdə durmuşdu. Buna görə də o, kitabı açanda camaat bunu gördü və ayağa qalxdı. 6 Üzeyir Ulu Allah Yehovanı mədh etdi və bütün xalq: «Amin! Amin!»+ — deyib əllərini göyə qaldırdı. Sonra üzüstə düşüb Yehovaya səcdə etdilər. 7 Lavililərdən Yeşu, Bənni, Şərbiya+, Yəmin, Aqqub, Şəbtay, Hudya, Məseyyə, Qalit, Əzriya, Yuzabad+, Hənan və Fəlay xalqa Tövratı izah edirdilər,+ xalq da ayaq üstə dinləyirdi. 8 Onlar Tövratı, Allahın kitabını ucadan oxuyur, oxuduqlarını aydın izah edir, mənasını açıqlayırdılar. Beləcə, onlar xalqa oxuduqlarını başa saldılar.+
9 Bütün xalq Tövratda yazılanları dinlədikcə ağlayırdı. Buna görə də həmin vaxt vali olan Nəhəmya, kahin və mirzə Üzeyir+, eləcə də xalqı öyrədən lavililər bütün xalqa dedilər: «Bu gün Allahınız Yehova üçün müqəddəs gündür.+ Göz yaşı tökməyin, ağlamayın». 10 O dedi: «Gedin, ləziz yeməklər yeyin, şərbət için, hazırlıq görə bilməyənlərə pay göndərin,+ axı bu gün Rəbbimiz üçün müqəddəs gündür. Kədərlənməyin, çünki Yehovanın bəxş etdiyi sevinc sizə qaladır». 11 Lavililər də xalqı sakitləşdirərək deyirdilər: «Kədərlənməyin, sakit olun, axı bu gün müqəddəs gündür». 12 Beləcə, xalq yeyib-içməyə, pay göndərməyə və şənlik etməyə+ getdi. Çünki deyilənləri başa düşmüşdülər.+
13 Ertəsi gün xalqın nəsil başçıları, kahinlər və lavililər Tövratı daha dərindən anlamaq üçün mirzə Üzeyirin yanına toplaşdılar. 14 Onlar gördülər ki, Yehovanın Musa vasitəsilə verdiyi Tövratda belə yazılıb: yeddinci ayda keçirilən bayram günlərində israillilər çardaqlarda yaşamalıdırlar.+ 15 Həmçinin bütün şəhərlərdə və Yerusəlimin hər tərəfində car çəkib+ deməlidirlər: «Dağlara çıxıb zeytun, şam ağacı, mərsin, xurma və başqa sıxyarpaqlı ağacların budaqlarını yığıb gətirin və yazılana uyğun olaraq çardaq qurun».
16 Hər kəs öz evinin damında, həyətində, həmçinin Allahın evinin həyətlərində+, Su darvazasının+ və Əfraim darvazasının+ meydanlarında çardaq qurmaq üçün gedib budaq gətirdi. 17 Beləcə, əsirlikdən qayıtmış bütün camaat çardaqlar qurub orada qaldı. İsraillilər ürəkdən sevinib-şadlanırdı,+ çünki Nun oğlu Yuşənin+ dövründən bu günə kimi israillilər bu bayramı belə keçirməmişdilər. 18 Bayram yeddi gün davam etdi. Bayramın birinci günündən axırıncı gününə qədər Allahın verdiyi Tövrat kitabı hər gün ucadan oxunurdu.+ Səkkizinci gün isə tələb olunduğu kimi, təntənəli toplantı keçirildi.+
9 Həmin ayın iyirmi dördüncü günündə israillilər bir yerə toplaşdılar. Onlar çul geyinib oruc tutdular və başlarına torpaq səpdilər.+ 2 Mənşəcə israilli olanlar bütün yadellilərdən ayrıldılar+ və durub həm öz günahlarını, həm də atalarının təqsirlərini etiraf etdilər.+ 3 Sonra günün üç saatı* Allahları Yehovanın verdiyi Tövrat* kitabını ayaq üstə durduqları yerdə ucadan oxudular.+ Üç saat isə Allahları Yehovaya günahlarını etiraf etdilər, Ona səcdə qıldılar.
4 Yeşu, Bənni, Qədmail, Şəbani, Bünni, Şərbiya+, Bənni və Kənani lavililərin kürsüsündə+ durub uca səslə Allahları Yehovaya yalvardılar. 5 Lavililərdən Yeşu, Qədmail, Bənni, Həşbənya, Şərbiya, Hudya, Şəbani və Fəthi dedilər: «Qalxın! Allahınız Yehovaya əbədiyyən mədhlər söyləyin!+ Ey Allah, qoy şanlı adını mədh etsinlər, o adını ki vəsfinə heç bir tərif, heç bir alqış yetməz.
6 Ey Yehova, Sən təksən.+ Göyləri, göylərin göyünü, göylərin bütün ordusunu, yeri və üzərindəki hər şeyi, dənizləri və içindəkiləri Sən yaratmısan. Onların hamısını yaşadan Sənsən, göylərin ordusu Sənin hüzurunda səcdə qılır. 7 İbramı+ seçib kəldanilərin Ur şəhərindən+ çıxaran, ona İbrahim+ adını verən Allah Sənsən, ey Yehova. 8 Onun Sənə qəlbən sadiq olduğunu gördün.+ Onunla əhd bağladın ki, kənanilərin, hetlərin, amorilərin, fərizilərin, yəbusilərin və girqaşilərin torpağını onun övladlarına* verəcəksən.+ Sən sözünün üstündə durdun, çünki haqsan.
9 Ata-babalarımızın Misirdə çəkdiyi əzab-əziyyəti gördün,+ Qırmızı dənizin sahilində fəryadlarını eşitdin. 10 Fironun, onun qulluqçularının və bütün xalqının əleyhinə əlamət və möcüzələr göstərdin,+ çünki ata-babalarımıza verdikləri zülmdən agah idin.+ O vaxt adını ucaltdın, adın bu günə kimi ucadır.+ 11 Onların önündə dənizi yardın, quru yolla dənizi keçdilər.+ Onları təqib edənləri isə daş təki azğın suların dibinə atdın.+ 12 Gündüzlər bulud sütunu ilə onlara bələdçilik edirdin, gecələrsə alov sütunu ilə yollarını işıqlandırıb onlara yol göstərirdin.+ 13 Sina dağına endin,+ onlarla göylərdən danışdın.+ Onlara adil hökmlər, etibarlı qanunlar, gözəl qaydalar və əmrlər verdin.+ 14 Onlara müqəddəs şənbəni buyurdun,+ qulun Musa vasitəsilə qanun, əmrlər və qaydalar verdin. 15 Ata-babalarımız acanda göylərdən çörək yetirdin,+ susayanda qayadan su çıxardın.+ Onlara buyurdun ki, and içərək vəd etdiyin torpağa girib ora sahib olsunlar.
16 Lakin ata-babalarımız qürrələndilər,+ dikbaş+ oldular, Sənin əmrlərinə tabe olmadılar. 17 Sənə qulaq asmadılar,+ onların arasında göstərdiyin möhtəşəm işlərini xatırlamadılar, dikbaş oldular, Misir köləliyinə qayıtmaq üçün özlərinə başçı seçdilər.+ Amma Sən onları tərk etmədin,+ çünki Sən bağışlayan, rəhmli, mərhəmətli, səbirli, məhəbbəti bol+ Allahsan. 18 Onlar özləri üçün tökmə dana düzəldib “bizi Misirdən çıxaran Allahımız budur”+ deyəndə, Sənə qarşı sayğısızlıq etməkdən əl çəkməyəndə 19 Sən mərhəmətinin böyüklüyünə görə onları səhrada tərk etmədin.+ Gündüzlər bulud sütunu onlara bələdçilik edirdi, gecələrsə alov sütunu yollarını işıqlandırıb onlara yol göstərirdi. Heç vaxt üstlərindən əskik olmurdu.+ 20 Öz gözəl ruhunla onlara anlayış verdin.+ Onlardan mannanı əsirgəmədin,+ susayanda onlara su verdin.+ 21 Qırx il səhrada onları bəslədin,+ heç nədən korluq çəkmədilər. Paltarları süzülmədi,+ ayaqları şişmədi.
22 Məmləkətləri və xalqların torpaqlarını hissə-hissə bölüşdürüb onlara verdin.+ Onlar Həşbun padşahı Sihunun,+ Başan padşahı Oqun+ torpaqlarına sahib oldular. 23 Övladlarını göydəki ulduzlar qədər çoxaltdın.+ Sonra onları ata-babalarına vəd etdiyin, girib sahib olacaqlarını dediyin diyara gətirdin.+ 24 Övladları gəlib o torpağa sahib oldular.+ Oranın sakinlərini — kənaniləri onlara tabe etdin,+ oradakı padşahları və xalqları onlara təslim etdin ki, onlarla istədikləri kimi rəftar etsinlər. 25 Onlar qala-şəhərləri, bərəkətli torpağı fəth etdilər,+ naz-nemətlə dolu evlərə, qazılmış hovuzlara, üzüm və zeytun bağlarına+, çoxlu meyvə ağaclarına sahib oldular. Xalq doyunca yeyir, bəslənir, Sənin bol kəramətindən ləzzət alırdı.
26 Lakin onlar Sənin itaətindən çıxdılar,+ Sənə qarşı üsyan etdilər, verdiyin Qanuna arxa çevirdilər. Xəbərdarlıq edərək onları Sənə tərəf döndərməyə çalışan peyğəmbərlərini öldürdülər, sayğısızlıq etməkdən əl çəkmədilər.+ 27 Buna görə onları hər dəfə düşmənlərinin əlinə verirdin,+ onlara zülm çəkdirirdilər.+ Darda olanda Sənə fəryad edirdilər, onları göylərdən eşidirdin. Mərhəmətinin böyüklüyünə görə onlara xilaskar yetirirdin, xalqını düşmən əlindən qurtarırdılar.+
28 Elə ki əmin-amanlığa çıxırdılar, yenə Sənin önündə pis işlər görürdülər.+ Sən də onları düşmən əlinə təslim edirdin, düşmən onların üstündə ağalıq edirdi.+ Onda Sənə tərəf dönüb imdad diləyirdilər,+ Sən də göylərdən fəryadlarını eşidirdin, mərhəmətinin böyüklüyünə görə+ hər dəfə onları xilas edirdin. 29 Qanununa tərəf döndərmək üçün onlara xəbərdarlıq edirdin. Onlarsa təkəbbür göstərib əmrlərinə tabe olmurdular,+ qayda-qanunlarını, hökmlərini pozub günah edirdilər. Halbuki bu hökmlərə əməl edən həyat tapar.+ Amma onlar inadla Sənə arxa çevirir, dikbaşlıq edirdilər, Sənə qulaq asmırdılar. 30 Sən isə uzun illər boyu onlara səbir edir,+ ruhunla, peyğəmbərlərin vasitəsilə onlara xəbərdarlıq edirdin, ancaq onlar qulaq asmırdılar. Axırda onları ətrafdakı xalqların əlinə verdin.+ 31 Lakin mərhəmətinin böyüklüyünə görə onları atmadın, məhv etmədin.+ Çünki Sən rəhmli və mərhəmətli Allahsan.+
32 Ey ulu, qüdrətli, zəhmli Allah! Sən əhdinə sadiq qaldın, məhəbbət göstərdin.+ İndi, ey Allahımız, Aşşur padşahlarının+ dövründən bu günə qədər bizim çəkdiyimiz, padşahlarımızın, başçılarımızın+, kahinlərimizin+, peyğəmbərlərimizin+, ata-babalarımızın, Öz xalqının çəkdiyi əzab-əziyyətə biganə yanaşma. 33 Nələr gəlməyib başımıza, amma bütün bunlarda Sən haqlı olmusan, pis işlər görən biz olmuşuq,+ Sənsə sadiq davranmısan. 34 Padşahlarımız, başçılarımız, kahinlərimiz, ata-babalarımız Sənin Qanununa əməl etmədi, əmrlərinə, xəbərdarlıq etmək üçün verdiyin öyüdlərə məhəl qoymadılar. 35 Hətta öz səltənətlərində olanda, bəxş etdiyin bol nemətlərdən ləzzət alanda, verdiyin geniş, bərəkətli torpaqda yaşayanda belə, Sənə qulluq etmədilər,+ pis işlərindən əl çəkmədilər. 36 Budur, bu gün biz köləyik.+ Barı ilə, bərəkəti ilə bəslənmək üçün ata-babalarımıza verdiyin həmin torpaqda köləyik. 37 Bu torpağın bol məhsulu günahlarımıza görə üzərimizə qoyduğun yadelli padşahlara nəsib olur.+ Onlar bizimlə, heyvanlarımızla istədikləri kimi rəftar edirlər. Zülm-zillət içindəyik.
38 Bu səbəbdən biz yazılı surətdə əhd bağlayıb üzərimizə öhdəçilik götürürük.+ Bu əhd başçılarımızın, lavililərin və kahinlərimizin+ möhürü ilə təsdiqlənir».
10 Əhdi möhürləyib+ təsdiqləyənlər bunlar idi:
Həqali oğlu vali Nəhəmya,
Sidqiyyə, 2 Sərəyah, Əzriya, Ərəmya, 3 Fəşhur, Əmariyyə, Məlkiyyə, 4 Həttuş, Şəbani, Məllux, 5 Harim+, Mərimut, Əbdiya, 6 Dənyal+, Ginətun, Bərux, 7 Məşullam, Əbiyya, Miyəmin, 8 Məazi, Bilgəy və Şəmay. Bunlar kahinlər idi.
9 Lavililər: Əzniya oğlu Yeşu, Hənadad oğullarından Bənya, Qədmail+ 10 və qardaşları Şəbani, Hudya, Qalit, Fəlay, Hənan, 11 Mikə, Rəhub, Həşbiyyə, 12 Zəqqur, Şərbiya+, Şəbani, 13 Hudya, Bənni və Bənun.
14 Xalqın başçıları: Faruş, Fəhat-Muab+, Elam, Zəttu, Bənni, 15 Bünni, Əzcad, Bəbay, 16 Əduniyyə*, Bəqvay, Adhin, 17 Atir, Hizqiyyə, Azzur, 18 Hudya, Həşum, Bisay, 19 Xarif*, Ənatut, Nəbay, 20 Məqfəş, Məşullam, Xəzir, 21 Məşizabil, Sadıq, Yədva, 22 Fəlati, Hənan, Ənay, 23 Huşə, Hənaniyyə, Həşşub, 24 Luhiş, Filha, Şubiq, 25 Rəhum, Həşbənə, Məseyyə, 26 Əxiyyə, Hənan, Ənan, 27 Məllux, Harim və Bəənnah.
28 Camaatın qalan hissəsi: kahinlər, lavililər, darvaza keşikçiləri, məzmur oxuyanlar, məbəd qulluqçuları və Allahın Qanununa əməl etmək üçün ətraf xalqlardan ayrılanlar,+ onların arvadları, oğulları, qızları, bilik və anlayış sahibi olan hər kəs* 29 qardaşlarına, xalqın əsilzadələrinə qoşuldu. Onlar Allahın Öz qulu Musa vasitəsilə verdiyi Qanuna tabe olacaqlarına və Rəbbimiz Yehovanın bütün əmrlərinə, hökmlərinə, qayda-qanunlarına dəqiqliklə əməl edəcəklərinə and içib lənət yükü altına girdilər. 30 And içdik ki, nə ətraf xalqlara qız verəcək, nə də oğullarımıza onlardan qız alacağıq.+
31 Ətraf xalqlar şənbə günü satmağa mal və növbənöv taxıl gətirəndə biz nə şənbə günündə, nə də başqa müqəddəs gündə onlardan heç nə almayacağıq.+ Yeddinci ildə torpağı dincə qoyacaq+ və bütün borcları bağışlayacağıq.+
32 Bundan əlavə, Allahımızın evində görülən xidmət üçün adambaşına hər il şekelin* üçdə bir hissəsini verməyi öhdəmizə götürdük.+ 33 Bu pulu şənbə günündə+, təzə ay mərasimlərində+ gətirilən hüzur çörəyi+, daimi taxıl təqdiməsi+ və daimi yandırma qurbanları üçün, eləcə də, bayramlar+ və müqəddəs şeylər üçün, İsrailin günahlarının kəffarəsi olaraq gətirilən günah qurbanları+ və Allahımızın evində görülən bütün işlər üçün istifadə edəcəyik.
34 Qanuna əsasən, Allahımız Yehovanın qurbangahında odun yandırmaq üçün hər il təyin olunmuş vaxtlarda Allahımızın evinə odun gətirməkdən ötrü nəsillərinə görə kahinlərin, lavililərin və xalqın arasında püşk atdıq.+ 35 Həmçinin söz verdik ki, hər il torpağımızın, hər növ meyvə ağacının nübarını Yehovanın evinə gətirəcəyik.+ 36 Qanunda yazıldığı kimi, ilk oğullarımızı, heyvanlarımızın, mal-qaramızın, qoyun-keçimizin ilk balasını Allahımızın evinə, orada xidmət edən kahinlərin yanına gətirəcəyik.+ 37 Bundan əlavə, taxılın ilk yarmasını+, bəxşişləri, hər növ ağacın meyvəsini+, təzə şərabı və yağı+ Allahımızın evinin anbar otaqlarına*,+ kahinlərə gətirəcəyik. Həmçinin torpağımızın məhsulunun onda birini lavililərə verəcəyik.+ Çünki əkin-biçin sahələri olan şəhərlərimizdə ondabirləri onlar yığırlar.
38 Lavililər ondabirləri yığanda Harun oğullarından olan kahin onların yanında olmalıdır. Lavililər də ondabirlərin onda birini Allahımızın evinə, anbardakı otaqlara aparmalıdırlar.+ 39 İsraillilər və lavililər taxıl, təzə şərab və yağ+ bəxşişlərini anbardakı otaqlara gətirməlidirlər.+ Çünki müqəddəs məkanın əşyaları oradadır, kahinlər, darvaza keşikçiləri, məzmur oxuyanlar orada xidmət edir. Biz Allahın evi ilə bağlı xidmətə laqeyd yanaşmayacağıq.+
11 O vaxt xalqın başçıları Yerusəlimdə yaşayırdı.+ Xalqın qalan hissəsi isə püşk atdı+ ki, hər on nəfərdən biri müqəddəs Yerusəlim şəhərində, qalan doqquz nəfər isə o biri şəhərlərdə yaşasın. 2 Xalq könüllü olaraq Yerusəlimə köçənlərə xeyir-dua verdi.
3 Yerusəlimdə yaşayan Yəhuda əyalətinin başçıları bunlardır. (Qalan israillilər, kahinlər, lavililər, məbəd qulluqçuları+ və Süleymanın nökərlərinin övladları+ Yəhudanın digər şəhərlərində, hər kəs öz şəhərində, öz mülkündə yaşayırdı.+
4 Həmçinin yəhudalılardan və binyaminlilərdən bəziləri Yerusəlimdə yaşayırdı.) Yəhuda başçıları: Farəs nəslindən+ Atayyah (Atayyah Üziyyənin, Üziyyə Zəkəriyyənin, Zəkəriyyə Əmariyyənin, Əmariyyə Şəfətayın, Şəfətay Məhlailin oğlu idi), 5 Saleh nəslindən Məseyyə (Məseyyə Bəruxun, Bərux Kölhüzün, Kölhüz Xəzəyyanın, Xəzəyya Adayın, Aday Yəhyaribin, Yəhyarib Zəkəriyyənin oğlu idi). 6 Farəs nəslindən Yerusəlimdə 468 nəfər bacarıqlı adam yaşayırdı.
7 Binyamin başçıları: Sallu+ (Sallu Məşullamın, Məşullam Yuədin, Yuəd Fədayın, Fəday Qolayın, Qolay Məseyyənin, Məseyyə İsailin, İsail Yaşayın oğlu idi), 8 o cümlədən Qabbay və Sallay, cəmi 928 nəfər. 9 Zəkri oğlu Yuil onların nəzarətçisi idi və Həssənuh oğlu Yəhuda şəhər darğasından sonra ikinci adam idi.
10 Kahinlərdən: Yəhyarib oğlu Yaday, Yakin,+ 11 Sərəyah (Sərəyah Xilqiyyənin, Xilqiyyə Məşullamın, Məşullam Sadığın, Sadıq Məryutun, Məryut Allahın evində başçılardan biri olan Əxitubun+ oğlu idi) 12 və onların məbəd işləri ilə məşğul olan qardaşları, cəmi 822 nəfər; Aday (Aday Yərahimin, Yərahim Fəlalın, Fəlal Amsinin, Amsi Zəkəriyyənin, Zəkəriyyə Fəşhurun+, Fəşhur Məlkiyyənin oğlu idi) 13 və onun nəsil başçısı olan qardaşları, cəmi 242 nəfər; Amaşşay (Amaşşay Əzarilin, Əzaril Əxzəyin, Əxzəy Məşilmutun, Məşilmut İmmirin oğlu idi) 14 və onun cəsur və igid qardaşları, cəmi 128 nəfər. Onların nəzarətçisi nüfuzlu bir ailədən olan Zəbdiil idi.
15 Lavililərdən: Şəmay+ (Şəmay Həşşubun, Həşşub Əzriqəmin, Əzriqəm Həşbiyyənin, Həşbiyyə Bünninin oğlu idi) 16 və Allahın evinin bayır işlərinə nəzarət edən lavili başçılar Şəbtayla+ Yuzabad+; 17 həmçinin mədh nəğmələrinin ifasına rəhbərlik edən və dua zamanı alqış söyləyən+ Mətənyah+ (Mətənyah Mikənin, Mikə Zəbdinin, Zəbdi Asəfin+ oğlu idi), qardaşları arasında ikinci olan Bağbuqi, eləcə də Əbda (Əbda Şamunun, Şamu Qalalın, Qalal Yaditunun+ oğlu idi). 18 Müqəddəs şəhərdəki bütün lavililərin sayı 284 nəfər idi.
19 Darvaza keşikçiləri: Aqqub, Təlmun+ və darvazalarda keşik çəkən qardaşları, cəmi 172 nəfər.
20 İsraillilərin, kahinlərin, lavililərin yerdə qalanları Yəhudanın digər şəhərlərində idilər, hər kəs irs aldığı mülkdə yaşayırdı. 21 Məbəd qulluqçuları+ Ofeldə yaşayırdı.+ Onlara Ziha ilə Qişpa rəhbərlik edirdi.
22 Yerusəlimdəki lavililərə məzmur oxuyan Asəf övladlarından olan Uzzi (Uzzi Bənninin, Bənni Həşbiyyənin, Həşbiyyə Mətənyahın+, Mətənyah Mikənin oğlu idi) rəhbərlik edirdi. O, Allahın evindəki işlərə nəzarət edirdi. 23 Çünki şah məzmur oxuyanlarla bağlı fərman vermişdi.+ Onların gündəlik tələbatlarının ödənilməsi üçün dəyişməz qayda var idi. 24 Xalqın bütün işlərində şaha məsləhətçisi Fəthi kömək edirdi. (Fəthi Yəhudanın oğlu Zarahın nəslindən olan Məşizabilin oğlu idi.)
25 Tarlaları olan yaşayış yerlərinə gəlincə, yəhudalıların bir qismi Kiryat-Arbada+ və ətraf şəhərlərdə, Dibunda və ətraf şəhərlərdə, Yəkəbzildə+ və onun kəndlərində yaşayırdı. 26 Həmçinin Yeşuda, Moladda+, Beyt-Fələtdə+, 27 Hazar-Şualda+, Biir-Səbada və onun ətraf şəhərlərində, 28 Sığlaqda+, Məhnada və onun ətraf şəhərlərində, 29 Eyn-Rimmunda+, Sorahda+, Yarmutda, 30 Zənahda+, Ədullamda və onların kəndlərində, Lahiş+ və onun ətraf torpaqlarında, Əzqa+ və ətraf şəhərlərdə yaşayırdılar. Onlar Biir-Səbadan Hinnom vadisinə+ qədər ərazidə məskunlaşmışdılar.
31 Binyaminlilər Gibada,+ Mihmaşda, Ayyada, Beyteldə+ və onun ətraf şəhərlərində, 32 Ənatutda+, Nubda+, Ənaniyyədə, 33 Həzurda, Ramada+, Gitaimdə, 34 Hədiddə, Səbuimdə, Nəbalatda, 35 Lodda və Unuhda+, sənətkarlar vadisində yaşayırdılar. 36 Yəhudada yaşayan lavililərin bəzi bölükləri Binyamin torpaqlarına köçürüldü.
12 Şəəltiil oğlu Zərubabil+ və Yeşu+ ilə birgə qayıdan kahinlər və lavililər bunlar idi: Sərəyah, Ərəmya, Üzeyir, 2 Əmariyyə, Məllux, Həttuş, 3 Səkənya, Rəhum, Mərimut, 4 İddu, Ginətay, Əbiyya, 5 Miyəmin, Mədya, Bilgah, 6 Şəmay, Yəhyarib, Yaday, 7 Sallu*, Amoq, Xilqiyyə və Yaday. Bunlar Yeşunun vaxtında kahinlərin və qardaşlarının başçıları idi.
8 Lavililər: Yeşu, Bənya, Qədmail+, Şərbiya, Yəhuda və qardaşları ilə həmd nəğmələrinin ifasına rəhbərlik edən Mətənyah+. 9 Qardaşları Bağbuqi və Unni keşik çəkən vaxt* onların qarşısında dururdu. 10 Yeşu Yəhyəkimin, Yəhyəkim Əlyasibin+, Əlyasib Yuadanın+, 11 Yuada Yonatanın, Yonatan Yədvanın atası idi.
12 Yəhyəkimin dövründə nəsil başçıları olan kahinlər bunlar idi: Sərəyah+ nəslindən Məryah, Ərəmya nəslindən Hənaniyyə, 13 Üzeyir+ nəslindən Məşullam, Əmariyyə nəslindən Yəhukənan, 14 Malluxi nəslindən Yonatan, Şəbani nəslindən Yusif, 15 Harim nəslindən+ Adna, Məryut nəslindən Xilqay, 16 İddu nəslindən Zəkəriyyə, Ginətun nəslindən Məşullam, 17 Əbiyya+ nəslindən Zəkri, Minyamin nəslindən (...)*, Muaday nəslindən Piltay, 18 Bilgah+ nəslindən Şamu, Şəmay nəslindən Yəhunatan, 19 Yəhyarib nəslindən Məttənay, Yaday+ nəslindən Uzzi, 20 Sallay nəslindən Qallay, Amoq nəslindən Abir, 21 Xilqiyyə nəslindən Həşbiyyə, Yaday nəslindən Nəsnail.
22 Əlyasib, Yuada, Yuhənna və Yədvanın+ dövründə, Fars şahı Daranın hakimiyyətinə qədər yaşamış lavililərin nəsil başçıları, eləcə də kahinlər qeydə alındı.
23 Lavili nəsil başçılarının adları Əlyasib oğlu Yuhənnanın dövrünə qədər salnamələrə qeyd edildi. 24 Lavili başçılar bunlar idi: Həşbiyyə, Şərbiya və Qədmail+ oğlu Yeşu+. Onların qardaşları Allah adamı Davudun göstərişlərinə uyğun olaraq, Allaha həmd və təriflər söyləmək üçün onların qarşısında dururdu.+ Bir keşikçi dəstəsi o biri keşikçi dəstəsinə müvafiq dururdu. 25 Darvaza keşikçiləri bunlar idi: Mətənyah+, Bağbuqi, Əbdiya, Məşullam, Təlmun və Aqqub+. Onlar darvazaların yanındakı anbarlarda keşik çəkirdilər.+ 26 Bu adamlar Yozadaq oğlu Yeşunun+ oğlu Yəhyəkimin, vali Nəhəmyanın, kahin və mirzə Üzeyirin+ dövründə xidmət edirdilər.
27 Yerusəlim divarının təntənəli açılışını sevinclə, həmd nəğmələrilə, sinc, çəng və telli alətlərin müşayiəti ilə qeyd etmək üçün hər yerdən Yerusəlimə lavililəri tapıb gətirdilər.+ 28 İordan vilayətindən, Yerusəlimin ətrafından və nətufahlıların kəndlərindən+ məzmur oxuyanların oğulları* bir yerə toplaşdılar. 29 Beyt-Gilqaldan+, Giba+ və Əzmut+ torpaqlarından da gələnlər var idi, çünki məzmur oxuyanlar Yerusəlimin ətrafında özləri üçün kəndlər salmışdılar. 30 Kahinlərlə lavililər özlərini, xalqı, şəhər darvazalarını və divarını pak etdilər.+
31 Sonra mən Yəhuda başçıları ilə divarın üstünə çıxdım. Həmçinin Allaha həmd oxumaq üçün iki böyük dəstə ayırdım və onları müşayiət edən adamlar təyin etdim. Dəstələrdən biri divarın üstü ilə sağ tərəfə, Kül darvazasına+ sarı getdi. 32 Onların ardınca gedənlər bunlar idi: Huşiyyə, Yəhuda başçılarının yarısı, 33 Əzriya, Üzeyir, Məşullam, 34 Yəhuda, Binyamin, Şəmay, Ərəmya. 35 Əllərində kərənay tutan+ kahin oğullarından bir neçəsi də onların ardınca gedirdi. Zəkəriyyə (Zəkəriyyə Yonatanın, Yonatan Şəmayın, Şəmay Mətənyahın, Mətənyah Mikayın, Mikay Zəqqurun, Zəqqur Asəfin+ oğlu idi) onların arasında idi. 36 Onun qardaşları, əllərində Allah adamı Davudun musiqi alətləri+ olan Şəmay, Əzaril, Milalay, Qilalay, Məay, Nəsnail, Yəhuda və Hənani də onların ardınca gedirdi. Onların önündə mirzə Üzeyir+ gedirdi. 37 Onlar Bulaq darvazasını+ keçib Davud şəhərinin+ Pilləkəni+ ilə qalxdılar və Davud evinin üst tərəfindəki divarla üzüyuxarı gedərək şərqdəki Su darvazasına+ gəldilər.
38 Həmd oxuyan o biri dəstə əks istiqamətə gedirdi, mən də başçıların yarısı ilə birlikdə onların ardınca gedirdim. Onlar divarın üstü ilə Soba qülləsini+, Geniş divarı+, 39 Əfraim darvazasını+, Qədim şəhər darvazasını+, Balıq darvazasını+, Hənanil qülləsini+, Miah qülləsini və Qoyun darvazasını+ keçib Keşikçi darvazasında dayandılar.
40 Nəhayət, həmd oxuyan hər iki dəstə Allahın evinin qarşısında dayandı. Mən və mənimlə olan məmurların yarısı, 41 əllərində kərənay olan kahinlər — Əlyakim, Məseyyə, Minyamin, Mikay, İlyənay, Zəkəriyyə və Hənaniyyə, 42 həmçinin Məseyyə, Şəmay, Əlyazar, Uzzi, Yəhukənan, Məlkiyyə, Elam və İsər orada dayandıq. Məzmur oxuyanlar İzrəhyanın rəhbərliyi altında uca səslə oxuyurdular.
43 O gün çoxlu qurbanlar kəsildi, şadlıq oldu,+ çünki Allah xalqa böyük sevinc bəxş etmişdi. Qadınlar da, uşaqlar da sevinirdi.+ Yerusəlimdən qalxan sevinc sədaları uzaqlarda eşidilirdi.+
44 O gün bəxşişlər+, nübarlar+ və ondabirlər saxlanılan anbarlara+ anbardarlar təyin olundu.+ Bu anbarlara Qanunda kahinlər və lavililər+ üçün tələb olunan paylar, yəni şəhərlərin ətrafındakı torpaqlardan yığılan məhsullar toplanacaqdı.+ Kahinlər və lavililər xidmət etdiyinə görə bütün Yəhuda sevinc içində idi. 45 Kahinlərlə lavililər ibadətlə və paklama işi ilə bağlı vəzifələrini icra etməyə başladılar. Məzmur oxuyanlar da, darvaza keşikçiləri də Davudun və oğlu Süleymanın verdiyi göstərişə əsasən öz vəzifələrini icra etməyə başladılar. 46 Çünki qədimdə, Davudun və Asəfin vaxtında məzmur oxuyanlara, Allaha mədh nəğmələri, həmdlər oxuyanlara rəhbərlik edənlər var idi.+ 47 Zərubabilin+ və Nəhəmyanın vaxtında bütün İsrail xalqı məzmur oxuyanlara+ və darvaza keşikçilərinə+ onların gündəlik tələbatını ödəmək üçün pay verirdi. Xalq lavililərə də pay ayırırdı,+ lavililər isə, öz növbəsində, Harunun oğullarına pay ayırırdı.
13 Həmin gün xalqa Musanın kitabı oxundu.+ Kitabda yazılmışdı ki, əmunilər və muabilər+ heç vaxt Allahın icmasına daxil ola bilməzlər.+ 2 Çünki onlar israilliləri su ilə, çörəklə qarşılamamış, əksinə, onlara lənət yağdırmaq üçün Bələmi muzdla tutmuşdular.+ Lakin Allahımız lənəti xeyir-duaya çevirmişdi.+ 3 Xalq Tövratda* yazılan bu sözləri eşidən kimi bütün yadelliləri israillilərdən ayırmağa başladı.+
4 Bundan qabaq Allahımızın evinin anbar otaqlarına*+ Tubiyyənin+ qohumu kahin Əlyasib+ nəzarət edirdi. 5 O, böyük bir anbar otağını Tubiyyənin ixtiyarına vermişdi. Əvvəllər orada taxıl təqdiməsi, kündür, əşyalar, eləcə də lavililər, məzmur oxuyanlar və darvaza keşikçiləri üçün ayrılan taxılın, təzə şərabın, yağın+ onda biri, həmçinin kahinlər üçün verilən bəxşişlər saxlanılırdı.+
6 Bu hadisələr baş verəndə mən Yerusəlimdə deyildim, çünki Babil hökmdarı Artakserksin+ hakimiyyətinin otuz ikinci ilində+ hökmdarın yanına getmişdim. Bir müddət sonra geri qayıtmaq üçün ondan izin istədim. 7 Sonra Yerusəlimə qayıtdım və Əlyasibin+ gördüyü pis əməldən xəbər tutdum. O, Allahın evinin həyətində Tubiyyəyə+ anbar otağı vermişdi. 8 Bu, mənim heç xoşuma gəlmədi. Buna görə də Tubiyyənin bütün əşyalarını otaqdan bayıra tulladım. 9 Sonra tapşırdım ki, anbar otaqlarını təmizləsinlər. Allahın evinin əşyalarını, taxıl təqdiməsini və kündürü yenidən ora qoydum.+
10 Həmçinin öyrəndim ki, lavililərin payları+ verilmədiyinə görə+ xidmət edən lavililər və məzmur oxuyanlar çıxıb öz torpaqlarına gediblər.+ 11 Mən məmurları+ tənbeh edib dedim: «Nə üçün Allahın evi diqqətsiz qalıb?»+ Sonra lavililəri topladım və onları yenidən öz işlərinin başına qoydum. 12 Bütün Yəhuda xalqı da taxılın, təzə şərabın və yağın onda birini+ anbar otaqlarına gətirdi.+ 13 Sonra mən anbar otaqlarının nəzarətini kahin Şələmyaya, mirzə Sadığa, lavili Fədaya həvalə etdim və Mətənyah oğlu Zəqqurun oğlu Hənanı onlara köməkçi qoydum. Çünki bu adamlar etibarlı adamlar kimi tanınırdı. Onların vəzifəsi qardaşlarına pay bölüşdürmək idi.
14 Ey Allahım, məni yadından çıxartma.+ Sənin evin üçün, evindəki xidmətlərin icrası üçün sədaqətlə çalışdığımı xatirindən silmə.+
15 O vaxtlar gördüm ki, Yəhudada xalq şənbə günü üzümsıxanda üzüm tapdalayır,+ ulaqlara taxıl, şərab, üzüm, əncir və digər mallar yükləyib Yerusəlimə gətirir.+ Mən onlara xəbərdarlıq etdim ki, bir də həmin gün heç nə satmasınlar*. 16 Yerusəlimdə yaşayan surlular balıq və cürbəcür mallar gətirib şənbə günü şəhərdə yəhudalılara satırdılar.+ 17 Onda mən Yəhuda əsilzadələrini tənbeh edib dedim: «Bu nə işdir tutursunuz? Niyə şənbə gününü murdarlayırsınız? 18 Məgər Allahımızın bütün bu bəlaları bizim və bu şəhərin başına gətirməsinə səbəb ata-babalarınızın elə bu əməlləri olmayıb? İndi siz şənbə gününü murdarlayaraq Allahın İsrailə qarşı qəzəbini daha da alovlandırırsınız».+
19 Hələ şənbə başlamamış, Yerusəlimin darvazaları üzərinə kölgə düşərkən mən darvazaları bağlatdırdım və şənbə qurtarana qədər açmamağı əmr etdim. Bir neçə nökərimi darvazaların ağzına qoydum ki, şənbə günü şəhərə heç bir yük gətirilməsin. 20 Buna görə də tacirlər və cürbəcür mallar gətirib satanlar bir-iki dəfə Yerusəlimdən kənarda gecələməli oldular. 21 Onda mən onlara xəbərdarlıq edib dedim: «Niyə bütün gecəni divarın önündə keçirirsiniz? Bir də belə etsəniz, sizi qovacağam!» O vaxtdan onlar daha şənbə günü gəlmədilər.
22 Mən lavililərə tapşırdım ki, şənbə gününü müqəddəs tutmaq+ üçün həmişə özlərini paklasınlar və gəlib darvazalarda keşik çəksinlər. Ey Allahım, buna görə də məni yaxşılıqla xatırla, böyük məhəbbətinə görə mənə rəhm et.+
23 Həmçinin o günlərdə aşdodlulardan+, əmunilərdən və muabilərdən+ arvad alan yəhudiləri gördüm.+ 24 Onların uşaqlarının yarısı Aşdod dilində, yarısı isə başqa xalqların dilində danışırdı. Heç biri yəhudi dilini bilmirdi. 25 Mən onları tənbeh edib lənətlədim, bir neçə kişini döyüb+ saçını yoldum. Onları Allaha and içdirib dedim: «Nə onların oğullarına qız verin, nə də özünüzə və oğullarınıza onlardan qız alın.+ 26 Məgər İsrail padşahı Süleyman da bunlara görə günaha batmamışdı? Xalqlar içində onuntək padşah yox idi.+ O, Allahın sevimli bəndəsi idi.+ Allah onu bütün İsrail üzərində padşah qoymuşdu. Yadelli arvadlar hətta onu da günaha batırdılar.+ 27 Siz də yadelli arvadlar alaraq Allaha xəyanət etdiniz. Bu cür mənfur hərəkətə, belə bir biabırçılığa necə yol verdiniz?»+
28 Baş kahin Əlyasibin+ oğlu Yuadanın+ oğullarından biri hurunlu Sanbalatın+ kürəkəni idi. Buna görə mən onu qovdum.
29 Ey Allahım, onları yadda saxla, onlar kahinliyi, kahinlərlə və lavililərlə bağlanan əhdi+ murdarlayıblar.
30 Mən onları bütün yadellilərin təsirindən təmizlədim, kahinlərlə lavililərin hər birini öz işinə qoydum.+ 31 Onlara təyin olunmuş vaxtda odun+ və məhsulun nübarını gətirməyi tapşırdım.
Ey Allahım, məni yaxşılıqla xatırla.+
Mənası: Yah təsəlli verir.
Fars şahı I Artakserksin hakimiyyətinin iyirminci ili.
B15 əlavəsinə bax.
Suz.
Hərfən: atamın evi də.
B15 əlavəsinə bax.
Fərat çayı.
Fərat çayı.
Təx. 445 m. 1 qulac 44,5 sm-ə bərabərdir. B14 əlavəsinə bax.
Mənası: kanal. Bu hovuz kanal suyu ilə dolurdu.
Digər variant: qonşu bölgədə.
Yaxud otağının.
Yaxud netinim. Hərfən: verilmişlər.
Yaxud bir faizini, yəni ayda bir faizini.
Şekel 11,4 q-a bərabərdir. B14 əlavəsinə bax.
B15 əlavəsinə bax.
Üz 2:2 ayəsində Sərayah.
Üz 2:2 ayəsində Rəlay.
Üz 2:2 ayəsində Mispar.
Üz 2:2 ayəsində Rəhum.
Üz 2:44 ayəsində Siyah.
Üz 2:50 ayəsində Nəfisim.
Üz 2:52 ayəsində Bəslut.
Üz 2:55 ayəsində Fərud.
Üz 2:57 ayəsində Ami.
Yaxud tirşata. Fars imperiyasında vilayət hakiminin titulu.
Lüğətə bax.
Dirhəm, adətən, 8,4 q-lıq fars qızıl darikinə bərabər tutulur. İncildəki dirhəmdən fərqlənir. B14 əlavəsinə bax.
Tövratdakı (İbrani Yazıları) mina 570 q-a bərabərdir. B14 əlavəsinə bax.
Lüğətə bax.
Hərfən: günün dörddə bir hissəsi.
Lüğətə bax.
Hərfən: toxumuna.
Üz 2:13 ayəsində Əduniqam.
Üz 2:18 ayəsində Yurah.
Digər variant: ağlı kəsən hər kəs.
Şekel 11,4 q-a bərabərdir. B14 əlavəsinə bax.
Yaxud yemək otaqlarına.
20-ci ayədə Sallay.
Digər variant: xidmət zamanı.
Görünür, ibrani mətnində ad buraxılıb.
Yaxud təlim almış məzmur oxuyanlar.
Lüğətə bax.
Yaxud yemək otaqlarına.
Digər variant: mən həmin gün onlara xəbərdarlıq etdim ki, heç nə satmasınlar.