MƏRSİYƏLƏR
א [Alef]*
1 Ah, bir vaxtlar insanla dolu bu şəhər indi tək-tənha oturub.+
Xalqlar içində qələbəlik şəhər idi,+ indi dul qadına bənzəyir.
Vilayətlər içində məlikə idi, indi köləlik edir.+
ב [Bet]
2 Gecələr acı-acı ağlayır,+ yanaqlarından yaş süzülür,
Aşiqlərindən biri də yanında deyil ki, onu ovutsun.+
Dost-aşnaları ona xəyanət edib,+ ona düşmən kəsilib.
ג [Qimel]
3 Yəhudanı qul kimi zülm-zillət içində sürgünə apardılar.+
Yəhuda xalqlar arasında yaşayacaq.+ Onun dincliyi yoxdur.
Təqibçiləri dar günündə onu yaxaladılar.
ד [Dalet]
4 Siona gedən yollar yaslıdır, bayrama gələn yoxdur.+
Şəhər darvazaları sınıb,+ kahinlər fəğan edir.
Qızları qüssə içindədir, özü dərd-ələm çəkir.
ה [He]
5 İndi düşmənləri ona ağalıq edir, yağıları qayğısız yaşayır.+
Etdiyi çoxlu günahlara görə Yehova ona möhnət çəkdirib.+
Övladları düşmən önündə əsirliyə gedib.+
ו [Vav]
6 Sion qızının cah-calalı yox olub.+
Əmirləri otluq tapmayan maral kimidir,
Düşmən önündə taqətsiz yeriyirlər.
ז [Zayn]
7 Qara günə düşən, yurdundan didərgin Yerusəlim
Qədimdəki sərvətini yada salır.+
Xalqı düşmən əlinə düşəndə, dadına yetişən olmayanda+
Düşmənləri gördülər, bədbəxtliyindən kam aldılar.+
ח [Xet]
8 Yerusəlim böyük günah etdi,+
Buna görə murdar bir şeyə çevrildi,
Vaxtilə ona hörmət qoyanlar indi onu ucuz tuturlar, çünki eyib yerlərini gördülər,+
O özü də inildəyir,+ xəcalətlə üzünü yana çevirir.
ט [Tet]
9 Murdarlığı paltarının ətəyinə hopub.
O, sabahını fikirləşmədi,+
Süqutu müdhiş oldu, təsəlli verəni olmadı.
Ah, Yehova, çəkdiyim iztirabı gör, bax, düşmənim qürrələnir.+
י [Yud]
10 Düşmənlər onun sərvətinə əl uzatdı.+
O, müqəddəs məkanına xalqların necə girdiyini gördü,+
Halbuki Sən bu xalqlara icmana daxil olmağı qadağan etmişdin.
כ [Kaf]
11 Bütün xalq inildəyir, çörək axtarır.+
Bir tikə çörəkdən ötrü camaat varını-yoxunu verir ki, təki ölməsin.
Halımı gör, ey Yehova, sanki, düşkün qadınam*.
ל [Lamed]
12 Ey yoldan ötənlər, sizin vecinizə deyil?
Baxın, görün!
Yehova qəzəb günündə mənə sitəm elədi.
Payıma düşən bu dərdi kimsə çəkibmi?+
מ [Mem]
13 Yuxarıdan sümüklərimə od yağdırdı,+ hər birini ram etdi,
Ayaqlarımın altına tor sərdi, məni geri çəkilməyə məcbur etdi.
Məni tənha qoydu,
Günüm azar-bezar içində keçir.
נ [Nun]
14 Günahlarımı mənə boyunduruq etdi, onları əlilə bir-birinə hördü.
Onları boynuma keçirdi, taqətim kəsildi.
Yehova məni gücüm çatmayan insanların əlinə verdi.+
ס [Samex]
15 Yehova mənim igidlərimi kənara atdı,+
Cavanlarımı qırmaq üçün mənə qarşı ordu topladı.+
Yehova Yəhuda qızını üzümsıxanda tapdaladı.+
ע [Ayn]
16 Buna görə ağlayıram,+ göz yaşım sel kimi axır,
Məni ovudanlar, mənə təskinlik verənlər uzaqlardadır.
Oğullarım çar-naçar qalıb, çünki düşmən qələbə çalıb.
פ [Pe]
17 Sion əllərini açıb,+ ona təsəlli verən yoxdur.
Yehova Yaqubun ətrafında olanlara ona düşmən kəsilməyi əmr edib.+
Yerusəlim onlar üçün iyrənc bir şeyə çevrilib.+
צ [Tsade]
18 Yehova adildir,+ mən Onun əmrlərinə asi olmuşam.+
Ey ümmətlər, dinləyin, çəkdiyim dərd-sitəmi görün.
Qızlarım, oğullarım əsirliyə getdi.+
ק [Kof]
19 Aşiqlərimi çağırdım, onlarsa mənə xəyanət etdilər,+
Kahinlərim, ağsaqqallarım ölməmək üçün çörək axtararkən+
Şəhərdə tələf oldular.
ר [Reyş]
20 Ey Yehova, bax, yaman dardayam,
Könlüm viran qalıb,
Bağrım qan olub, çünki asilik etmişəm.+
Bayırda qılınc cövlan edir,+ evdə ölüm.
ש [Şin]
21 Camaat ah-naləmi eşidir, amma təsəlli verən yoxdur.
Düşmənlərim müsibətimi eşidib.
Məni bu hala saldığın üçün sevinirlər,+
Amma gün gələcək, dediyini edəcəksən,+ onlar da mənim günümə düşəcək.+
ת [Tav]
22 Qoy mənfur əməlləri Sənin önündə düzülsün, onlara qarşı amansız ol,+
Necə ki günahlarıma görə mənə qarşı amansız oldun.
Ah-zarım kəsilmir, ürəyim xəstə düşüb.
א [Alef]
2 Ah, Yehova qəzəbləndi, Sion qızını qara buludlarla örtdü!
İsrailin əzəmətini göydən yerə atdı.+
Qəzəb günündə kətilini yada salmadı.+
ב [Bet]
2 Yehova Yaqubun məskənlərini məhv etdi, heç birinə rəhmi gəlmədi.
Qəzəblənib Yəhuda qızının qalalarını dağıtdı.+
Padşahlığı da, başçıları+ da yerə vurdu, alçaltdı.+
ג [Qimel]
3 Qızğın qəzəbi ilə İsrailin bütün gücünü məhv etdi,
Düşmən gələndə üstümüzdən sağ əlini çəkdi.+
Qeyzi hər şeyi yandırıb-yaxan od kimi Yaquba qarşı alovlanırdı.+
ד [Dalet]
Qəzəbini alovtək Sion qızının çadırına yağdırdı.+
ה [He]
5 Yehova bizə düşmən kəsildi.+
İsraili məhv etdi,
Qalalarını dağıtdı,
İstehkamlarını yerlə yeksan etdi.
Yəhuda qızının fəryadını, fəğanını artırdı.
ו [Vav]
6 Çardağını bağçadakı koma kimi uçurtdu.+
Bayramına son qoydu.+
Yehova Sionda bayramı, şənbəni unutdurdu.
Şiddətli qəzəbi ilə padşahı və kahini rədd etdi.+
ז [Zayn]
7 Yehova qurbangahını rədd etdi,
Müqəddəs məkanından üz çevirdi,+
Qalalarının divarlarını düşmənə təslim etdi.+
Onlar Yehovanın evində bayram günündəki kimi qışqırıb-bağırdılar.+
ח [Xet]
8 Yehova Sion qızının divarını uçurmağı qət etdi.+
Ölçü ipini uzatdı.+
Dağıdıb-sökdü, əl saxlamadı.
Səddi, divarı matəmə bürüyüb.
İkisinin də taqəti kəsilib.
ט [Tet]
9 Darvazalar yerə çöküb.+
O, cəftələri qırıb, sındırıb.
Padşah da, əyanlar da xalqların arasına səpələnib.+
Qanuna əməl edən yoxdur, peyğəmbərlərə Yehovadan vəhy gəlmir.+
י [Yud]
10 Sion qızının ağsaqqalları yerdə oturub, dinib-danışmır.+
Başlarına toz-torpaq tökürlər, çula bürünüblər.+
Yerusəlim qızları başlarını yerə dikiblər.
כ [Kaf]
11 Ağlamaqdan gözlərimin nuru gedib,+
Könlüm viran qalıb,
Xalqımın qırıldığını,
Şəhər meydanlarında uşaqların, körpələrin huşunu itirdiyini+ görəndə ciyərim dağlanır.+
ל [Lamed]
12 Onlar yaralı adamlar kimi, şəhər meydanlarında huşunu itirir,
Analarının qucağında can verirlər.
Analarından soruşurlar: «Hanı yemək, hanı içmək?»+
מ [Mem]
13 Ey Yerusəlim qızı, sənə nəyi misal çəkim?
Səni nəyə bənzədim?
Ey bakirə Sion qızı, səni kimlə müqayisə edim ki, təskinlik tapasan?
Çünki yaran dərya kimi böyükdür.+ Kim sənə şəfa verə bilər?+
נ [Nun]
14 Peyğəmbərlərin sənin üçün yalan, puç vəhylər aldı.+
Sənin günahını ifşa etmədilər, etsəydilər, əsir getməzdin.+
Əksinə, sənin üçün yalan vəhylər alıb, aldadıcı hökmlər bəyan etdilər.+
ס [Samex]
15 Yoldan ötənlər sənə baxıb rişxəndlə əllərini bir-birinə vururlar,+
Yerusəlim qızına təəccüblə fit çalırlar,+ başlarını yırğalayıb deyirlər:
«“Qənirsiz gözəl, dünyanın iftixarı” dedikləri şəhər budur?»+
פ [Pe]
16 Onlar üstünə ağızlarını açıblar.
Fit çalırlar, dişlərini qıcayıb deyirlər: «Onu diri-diri udduq.+
Bu günün həsrətində idik.+ Nəhayət ki, gəlib çatdı. Bu günü də gördük!»+
ע [Ayn]
Məhv etdi, rəhmi gəlmədi.+
Düşmənlərini sənin halına sevindirdi. Yağılarını gücləndirdi.
צ [Tsade]
18 Ey Sion qızının divarları, xalqın ürəyi Yehovaya fəryad edir.
Qoy göz yaşları gecə-gündüz sel kimi axsın.
Sakitləşmə, gözündə yaş qurumasın.
ק [Kof]
19 Qalx! Gecələr, növbələr başlayanda nalə çək,
Sutək ürəyini Yehovanın dərgahına boşalt.
Küçə tinlərində acından huşunu itirən+
Övladlarından ötrü əllərini Ona aç.
ר [Reyş]
20 Bax, ey Yehova, amansız rəftar etdiyin xalqın halını gör.
Axı niyə analar bətnlərindən çıxan balalarını, dünyaya gətirdikləri körpələri yesin?+
Niyə kahinlər, peyğəmbərlər Yehovanın müqəddəs məkanında qətlə yetirilsin?+
ש [Şin]
21 Cavanların, qocaların meyiti küçələrə sərilib,+
Qızlarım, oğlanlarım qılıncdan keçirilib.+
Sən qəzəb günündə qırdın, öldürdün, rəhm etmədin.+
ת [Tav]
22 Bayram gününə+ çağırırmış kimi, hər tərəfdən vahimə, dəhşət gətirdin.
Yehovanın qəzəb günündə heç kim qurtula bilmədi, canını qurtarmadı.+
Dünyaya gətirdiyim, boya-başa çatdırdığım övladları düşmənim tələf etdi.+
א [Alef]
3 Onun qəzəb dəyənəyinin cəfasını çəkən bəndə mənəm.
2 O, məni didərgin salıb, məni işıqda yox, zülmətdə yeridir.+
3 Bütün günü əli mənə qarşıdır.+
ב [Bet]
4 Cismimi əritdi, dərimi çürütdü,
Sümüklərimi qırdı.
5 Məni mühasirəyə aldı, zəhərli otlarla,+ cəfa ilə dövrəyə aldı.
6 Çoxdan ölüb gedənlər kimi məni zülmətlərdə oturdub.
ג [Qimel]
7 Ətrafıma divar çəkib ki, qaça bilməyim.
Məni ağır mis qandallarla qandallayıb.+
8 Fəryad edib imdad diləyəndə dualarımı rədd edir.+
9 Yollarımı yonulmuş daşlarla kəsib.
Rizlərimi dolaşdırıb.+
ד [Dalet]
10 Pusquya yatan ayıtək, şirtək məni güdür.+
12 Yayını gərdi, məni oxuna hədəf seçdi.
ה [He]
13 Çəkib oxdanından ox atdı, böyrəyimə sapladı.
14 Xalqlar məni məzhəkəyə qoyur, bütün günü dillərində dolaşan nəğməyəm.
15 O, mənə zəqqətun yedirdi, məni yovşanla doyurdu.+
ו [Vav]
17 Sən dincliyimi əlimdən almısan. Yadımda yaxşı bir şey qalmayıb.
18 Dedim: «Cah-calalım solub, Yehovadan ümidim kəsilib».
ז [Zayn]
19 Çəkdiyim cəfanı, səfil halımı unutma,+ yovşan yediyimi, zəhər içdiyimi yaddan çıxarma.+
20 Bilirəm ki, məni yada salacaqsan, dadıma yetəcəksən.+
21 Bu, həmişə yaddaşımdadır, odur ki, səbir edib Səni gözləyəcəyəm.+
ח [Xet]
23 Hər səhər təzələnir.+ Onun vəfası sonsuzdur.+
24 Dedim: «Yehova nəsibimdir.+ Onu gözləyəcəyəm».+
ט [Tet]
25 Yehova Ona ümid bağlayana,+ Ona üz tutana qarşı xeyirxahdır.+
26 İnsan üçün yaxşısı budur ki, dinməz-söyləməz durub Yehovadan nicat gözləsin.+
27 Gənclik çağında boyunduruğunu daşımaq insanın xeyrinədir.+
י [Yud]
28 Əgər Allah bu yükü onun üstünə qoyubsa, qoy tək-tənha otursun, susub dinməsin.+
29 Qoy üzüqoylu torpağa düşsün.+ Onun üçün hələ ümid var.+
30 Onu vurana üzünü çevirsin. Təhqirlərə sonadək dözsün.
כ [Kaf]
31 Çünki Yehova bizi həmişəlik atmayacaq.+
32 Dərd versə də, böyük məhəbbətinə görə mərhəmət də göstərəcək.+
33 Çünki bəşər övladına cəfa vermək, dərd çəkdirmək Onun ürəyincə deyil.+
ל [Lamed]
34 Dünyadakı məhbusları ayaqlar altında əzmək,+
35 Haqq-Taalanın hüzurunda insanın haqqını tapdalamaq,+
36 Məhkəmədə kiməsə kələk gəlmək —
Belə şeylər Yehovaya ağır gedir.
מ [Mem]
37 Yehova buyurmasa, kim söz deyib sözünü gerçəkləşdirə bilər?
38 Haqq-Taalanın dilindən
Xeyirlə bərabər şər çıxmaz.
39 Günahının acısını çəkən insan niyə şikayətlənir?+
נ [Nun]
40 Gəlin yollarımızı yoxlayıb-araşdıraq,+ gəlin Yehovaya geri qayıdaq.+
41 Gəlin sidqi-ürəkdən Allaha üz tutaq, əlimizi göylərə açıb deyək:+
42 «Günah işlədik, asilik etdik.+ Sən bizi bağışlamadın.+
ס [Samex]
44 Buludlardan sədd çəkdin ki, dualarımız dərgahına yetişməsin.+
45 Xalqlar arasında bizi tör-töküntüyə, zibilə döndərmisən».
פ [Pe]
46 Bütün düşmənlərimiz üstümüzə ağzını açır.+
47 Bizə dəhşət, tələ, məhv, həlak nəsib oldu.+
48 Qırılan əziz xalqıma görə gözüm bulaq kimi çağlayır.+
ע [Ayn]
49 Göz yaşlarım durmadan axır, dayanmır,+
50 Yehova göylərdən aşağı baxanadək,+ halımızı görənədək göz yaşlarım dinməyəcək.
51 Şəhərimin qızlarının dərdini+ görən bu gözlərim canıma əzab verir.
צ [Tsade]
52 Yağılarım nahaqdan məni quştək ovladılar.
53 Həyatımı çuxurda sükuta qərq etdilər, məni daşqalaq etdilər.
54 Sular məni örtdü, dedim: «Axırım çatdı!»
ק [Kof]
55 Ey Yehova, çuxurun dibindən adını çağırdım.+
56 Eşit səsimi, Səndən imdad diləyirəm, qurtuluş istəyirəm, qulağını bağlama.
57 Səni çağırdığım gün mənə yaxınlaşdın, «qorxma» dedin.
ר [Reyş]
58 Sən haqqımı müdafiə etdin, ey Yehova, həyatımı qurtardın.+
59 Ey Yehova, mənə edilən haqsızlığı gördün. Nə olar, mənim üçün haqqı bərqərar et.+
60 Məndən aldıqları intiqamı, mənə qarşı qurduqları fitnə-fəsadı gördün.
ש [Sin] yaxud [Şin]
61 Ey Yehova, onların tənələrini, mənə qurduqları qəsdi,+
62 Əleyhdarlarımın sözlərini, gün boyu dalımca etdikləri pıçapıçları eşitdin.
63 Onlara nəzər sal, oturub-durub mahnı oxuyur, məni lağa qoyurlar.
ת [Tav]
64 Ey Yehova, onlara əməllərinin əvəzini verəcəksən.
65 Onları lənətləyib daşürəkli edəcəksən.
66 Ey Yehova, Sən onları qəzəblə təqib edib göylər altından yox edəcəksən.
א [Alef]
4 Par-par yanan qızılın, saf altunun parıltısı necə də tutqunlaşdı!+
Müqəddəs daşlar+ küçələrə səpələndi.+
ב [Bet]
2 Sionun saf qızıl qədər dəyərli, əziz oğulları
Dulusçu əlindən çıxan
Saxsı küplərə tay tutuldu.
ג [Qimel]
ד [Dalet]
4 Susuzluqdan südəmər körpələrin dili damağına yapışıb,
Uşaqlar çörək üçün yalvarır,+ amma bir tikə də çörək verən yoxdur.+
ה [He]
5 Bir vaxtlar ləziz təamlarla bəslənənlər indi acından küçələrə sərilib.+
Al libaslar içində boya-başa çatanlar indi kül topalarına sarılıb.+
ו [Vav]
6 Xalqımın çəkdiyi cəza Sədumun günahına görə çəkdiyi cəzadan böyükdür.+
Sədum bir an içində alt-üst olmuşdu, köməyinə çatan olmamışdı.+
ז [Zayn]
7 Sionun nəziriləri+ qardan təmiz, süddən ağ idi,
Vücudları mərcandan qırmızı idi. Onlar cilalanmış göy yaquta bənzəyirdilər.
ח [Xet]
8 İndi isə kömürdən də qaradırlar,
Küçədə, bayırda tanınmaz olublar.
Dəriləri sümüklərinə yapışıb,+ ağactək qupquru quruyub.
ט [Tet]
9 Qılınca qurban gedənlər acından ölənlərdən xoşbəxtdir,+
Yeməyə heç nə tapmadığı üçün canında can qalmayan, qırılan adamlardan bəxtiyardır!
י [Yud]
10 Ürəyiyuxa analar öz əlləri ilə balalarını bişirdi.+
Xalqımın müsibətli günündə körpələr analara yas yeməyi oldu.+
כ [Kaf]
Sionda od qalayıb. Od onun təməllərini yandırıb-yaxır.+
ל [Lamed]
12 Dünyanın padşahları, yerin sakinləri inanmazdı ki,
Yağılar, düşmənlər Yerusəlim darvazasından içəri girər.+
מ [Mem]
13 Peyğəmbərlərin günahlarına görə, kahinlərin təqsirlərinə görə bu baş verdi.+
Onlar şəhərin ortasında saleh adamların qanını tökürdülər.+
נ [Nun]
14 Küçələrdə kor kimi dolaşırlar.+
Qana bulaşıblar,+
Paltarlarına heç kim toxuna bilmir.
ס [Samex]
15 Qışqırıb onlara deyirlər: «Uzaq durun! Bizə toxunmayın! Murdarsınız! Rədd olun! Rədd olun!»
Onlar evsiz-eşiksizdirlər, sərgərdan dolanırlar.
Xalqlar deyirlər: «Onlar burada bizimlə qala bilməz.+
פ [Pe]
16 Yehova onları pərən-pərən salıb.+
Bir də onlara lütf göstərməyəcək.
Heç kim kahinlərə hörmət qoymayacaq,+ ağsaqqallara sayğı göstərməyəcək».+
ע [Ayn]
17 İndinin özündə də boş yerə kömək gözləyirik, gözləməkdən gözlərimizin kökü saralıb.+
Bizi qurtara bilməyən xalqdan kömək umduq, kömək gözlədik.+
צ [Tsade]
18 Hər addımımızı izləyirlər,+ meydanlarda gəzə bilmirik.
Axırımız çatıb, ömrümüz bitib, sonumuz gəlib.
ק [Kof]
19 Təqibçilər göydəki qartallardan itidir.+
Dağlarda bizi təqib etdilər, səhrada bizə pusqu qurdular.
ר [Reyş]
20 Nəfəsimiz, Yehovanın məsh olunmuşu+ onların iri çalasında əsirdir.+
Bizsə deyirdik: «Onun kölgəsi altında xalqlar arasında yaşayacağıq».
ש [Sin]
21 Ey Uz diyarında yaşayan Ədum qızı,+ sevin, şadlan.
Amma cam sənə də ötürüləcək,+ sən də sərxoş olub eyib yerlərini açacaqsan.+
ת [Tav]
22 Günahının cəzası bitdi, ey Sion qızı.
O, bir də səni sürgünə aparmayacaq.+
Amma, ey Ədum qızı, Allah təqsirinə nəzər yetirəcək.
Günahlarını aşkara çıxaracaq.+
5 Ey Yehova, başımıza gələnləri yada sal.
Bax, rüsvayçılığımızı gör.+
2 İrsimiz yadellilərin əlinə keçib, evlərimiz yadlara nəsib olub.+
3 Atasız qalmışıq, yetimik. Analarımız dul qalmış qadına bənzəyir.+
4 Öz suyumuzu, öz odunumuzu pulla alırıq.+
5 Təqibçilər az qalıb bizi yaxalasınlar,
Əldən düşmüşük, nəfəs dərməyə macalımız yoxdur.+
6 Bir qarın çörəkdən ötrü Misirə,+ Aşşura+ əl açmışıq.
7 Ata-babalarımız günah etdilər. Amma indi onlar yoxdurlar, günahlarının yükünü biz daşıyırıq.
8 Nökərlər bizə ağalıq edir. Bizi onların əlindən alan yoxdur.
9 Çöllükdə cövlan edən qılınc üzündən həyatımızı oda atıb evə çörək gətiririk.+
10 Aclıqdan əzab çəkirik,+ dərimiz soba kimi alışıb-yanır.
11 Siondakı qadınları, Yəhuda şəhərlərindəki qızları rüsvay etdilər*.+
12 Başçılar əlindən asıldı,+ ağsaqqallara hörmət qoyulmadı.+
13 Gənclər əldəyirmanı daşıyır, uşaqlar odun yükləri altında səndələyir.
14 Daha ağsaqqallar şəhər darvazasında oturmur,+ cavanlar mahnı çalmır.+
15 Ürəyimizdən sevinc yox olub, artıq rəqs etmirik, yas tuturuq.+
16 Tacımız başımızdan düşüb. Günah etmişik, vay halımıza!
17 Bu səbəbdən ürəyimiz xəstə düşüb.+
Bu şeylərə görə gözümüzün nuru gedib.+
18 Çünki Sion dağı viran qalıb,+ orada tülkülər gəzib-dolaşır.
19 Sən isə, ey Yehova, əbədiyyən taxtda oturacaqsan.
Taxtın nəsillər boyu duracaq.+
20 Axı niyə bizi həmişəlik unutmusan? Niyə bu qədər vaxtdır bizi tərk etmisən?+
21 Ey Yehova, yenə bizi Özünə çək, canla-başla gələrik.+
Əvvəlki günlərimizi qaytar.+
22 Amma Sən bizi tamamilə rədd etdin.
Bizə qarşı yaman qəzəblisən.+
1—4 fəsillərdəki mərsiyələr orijinal ibrani mətnində əlifba sırası ilə yazılmışdır.
Bu, Yerusəlimin şəxsləndirilmiş obrazıdır.
Digər variant: vücudumu süstləşdirdi.
İbr. xesed. Lüğətdə «xesed» sözünə bax.
Yaxud zorladılar.