Məhəbbət çox zəruridir
YAŞINDAN, mədəniyyətindən, dilindən və irqindən asılı olmayaraq bütün insanlar məhəbbətə susamışlar. Əgər bu susuzluq yatırılmazsa, xoşbəxtlik olmaz. Tibb sahəsində tədqiqatçı işləyən bir nəfər demişdir: “Xəstələnir və ya sağalırıqsa, kədərlənir və ya seviniriksə, iztirab çəkir və ya şəfa tapırıqsa — bunların hamısı ilk növbədə məhəbbətdən və səmimi duyğulardan, ya da onların olmamasından asılıdır. Əgər məhəbbət kimi tə’sirli dərman ixtira olunsaydı, demək olar ki, hər bir həkim həmin dərmanı xəstələrinə tövsiyə edərdi. Bu dərmanı yazmamaq xəstənin diqqətsiz müalicəsi olardı”.
Lakin bugünkü cəmiyyət — xüsusilə də, kütləvi informasiya vasitələri və məşhur adamlar çox vaxt insanların məhəbbətə və səmimi münasibətə olan tələbatlarından çox zənginliyə, hakimiyyətə, şöhrətə və cinsi əlaqəyə xüsusi əhəmiyyət verir. Müəllimlərin çoxu şagirdləri maddi məqsədlərə və karyera qurmağa təşviq edirlər, çünki elə düşünürlər ki, bunlarsız həyatda heç nəyə nail olmaq mümkün deyil. Düzdür, təhsil almaq və iste’dad inkişaf etdirmək vacibdir, lakin ailəmizə və dostlarımıza tamamilə vaxt ayırmadan, özümüzü bu işlərə bütünlüklə həsr etməyimizə dəyərmi? Keçmişdə yaşamış və insan təbiətinə yaxşı bələd olan ziyalı bir adam iste’dadı olan, lakin məhəbbətə malik olmayan insanları “cingildəyən misə və ya səslənən sincə” bənzətmişdir (1 Korinflilərə 13:1). Belə adam zəngin, hətta məşhur da ola bilər, lakin o, heç vaxt həqiqi mə’nada xoşbəxt ola bilməz.
Allaha və yaxınına olan məhəbbət — insanları dərin başa düşən və onları xüsusilə qiymətləndirən İsa Məsihin tə’liminin məğzini təşkil edirdi. O buyurmuşdur: “Allahın olan Rəbbi bütün ürəyinlə, bütün canınla və bütün düşüncənlə sev. [...] Qonşunu [“yaxınını”, YD] özün kimi sev” (Matta 22:37-39). Məsihin həqiqi davamçıları yalnız bu sözlərə müvafiq yaşayan insanlar ola bilərdi. Buna görə də Məsih demişdir: “Əgər bir-birinizə qarşı məhəbbətiniz olsa, bundan hər kəs Mənim şagirdlərim olduğunuzu biləcək” (Yəhya 13:35).
Bəs bugünkü dünyada məhəbbəti necə inkişaf etdirmək olar? Valideynlər məhəbbəti öz övladlarına necə aşılaya bilərlər? Bu suallar növbəti məqalədə müzakirə olunur.
[3-cü səhifədəki şəkillər]
Tamahkarlıqla dolu bir dünyada məhəbbət inkişaf etdirmək asan deyil.