«Bizim razılığımızı aldı»
ŞƏRQ ölkələrində adamların qonaqpərvərliyi dillərdə dastandır. Məsələn, Hindistanda gözlənilmədən gələn qonağın qabağına hətta sonuncu tikəni də qoya bilərlər. İranda ana soyuducunu həmişə dolu saxlayır ki, istənilən vaxt gələn qonağın qabağına çıxa bilsin.
Belə səxavətlilik Müqəddəs Kitabda adları çəkilən bir çox insanlara da xas idi. Onlardan biri Makedoniya əyalətinin əsas şəhəri Filipidə yaşayan və çox ehtimal ki, yəhudi prozeliti olan Lidiyadır. Bir şənbə günü həvari Pavel yol yoldaşları ilə birlikdə Filipi yaxınlığındakı çayın kənarına toplaşmış qadınlarla rastlaşdı, onların arasında Lidiya da var idi. Pavel danışanda Yehova onun ürəyini açdı və o, ailə üzvləri ilə birlikdə vəftiz oldu. Sonra Lidiya yolçulara yalvardı: «Əgər məni Rəbbə sadiq saydınızsa, evimə gəlin və orada qalın». Pavelin yoldaşı Luka yazır: «[O] bizim razılığımızı aldı» (Həvarilərin işləri 16:11-15).
Bu gün də məsihçilər həmimanlılarına, məsələn, səyyar nəzarətçilərə və onların həyat yoldaşlarına qonaqpərvərlik göstərirlər. Ev sahibləri evlərində qonaq olmaq üçün onları dilə tutaraq ‘razılıqlarını alırlar’. Qonaqpərvərlik göstərənlər, öz növbəsində, ruhlandırıcı ünsiyyətdən və ruhani qardaşlıqdan sevinc duyurlar. Yehovanın Şahidlərinin çoxunun maddi imkanı məhdud olsa da, onlar ‘qonaqpərvər olmağa can atırlar’ (Romalılara 12:13; İbranilərə 13:2). Əliaçıqlıq onlara xoşbəxtlik gətirir. Doğrudan da İsa «vermək almaqdan daha böyük bəxtiyarlıq gətirir» deməklə yanılmamışdı (Həvarilərin işləri 20:35).