Allahın Padşahlığı nədir?
İSA MƏSİHİN təbliğinin əsas mövzusu nə idi? Onun öz sözlərinə görə, Allahın Padşahlığı idi (Luka 4:43). İsa təbliğ edərkən Padşahlıqdan tez-tez söz salırdı. Bu onu dinləyən insanlarda çaşqınlıq yaradırdımı? Onlar bu Padşahlığın nə olduğunu soruşurdularmı? Xeyr. İncildə bu cür suallara rast gəlinmir. Deməli, Allahın Padşahlığı onlar üçün tanış anlayış idi?
Məsələ ondadır ki, yəhudilərin müqəddəs hesab etdikləri qədim Yazılar Padşahlığın nə olduğunu və nələri həyata keçirəcəyini aydın və birmənalı şəkildə təsvir edirdi. Bu gün, yəhudilər kimi, biz də Müqəddəs Kitabı araşdıraraq Padşahlıq haqqında daha çox şey öyrənə bilərik. Gəlin Müqəddəs Kitabın Padşahlıq haqqında öyrətdiyi yeddi məqamı nəzərdən keçirək. Bunlardan ilk üçü İsanın günlərində və ondan əvvəl yaşayan yəhudilərə aydın idi. Qalan üçü isə birinci əsrdə Məsih və ya onun həvariləri tərəfindən açıqlanmışdı. Sonuncusuna bizim günlərdə aydınlıq gətirilmişdir.
1. Allahın Padşahlığı əbədiyyən mövcud olacaq real hökumətdir. Müqəddəs Kitabın ilk peyğəmbərliyi göstərir ki, Allah sadiq insanlara xilaskar göndərəcək. «Zürriyyət» adlandırılan bu kəs Adəmlə Həvvanın və Şeytanın üsyanının nəticəsi olan dəhşətli fəlakətləri aradan qaldıracaq (Yaradılış 3:15, KM). Bu peyğəmbərliyin üstündən xeyli keçəndən sonra sadiq padşah Davuda bu «Zürriyyət» və ya Məsih haqqında maraqlı bir xəbər verildi. O, Padşahlığın Padşahı olmalı idi. Bu hökumət başqalarından fərqlənəcəkdi; o, əbədi duracaqdı (2 Şamuel 7:12-14).
2. Allahın Padşahlığı bütün insan hökumətlərinə son qoyacaq. Daniel peyğəmbər görüntüdə bizim günlərə qədər tarix boyunca bir-birini əvəz edən dünya imperiyalarını görmüşdü. Bu görüntünün sonuna diqqət yetirin: «O [insanlardan olan son] padşahların dövründə göylərin Allahı heç vaxt dağılmayan bir padşahlıq quracaq və bu padşahlıq başqa xalqın əlinə keçməyəcək. O bütün əvvəlki padşahlıqları əzib-dağıdacaq, özü isə əbədi qalacaq». Beləliklə, dünyanın bütün padşahlıqları və ya hökumətləri — apardıqları müharibələri, qəddarlıqları və pozğunluğu ilə birlikdə əbədiyyən məhv olunacaqlar. Danielin peyğəmbərliyində göstərildiyi kimi, Allahın Padşahlığı göylərdə qurulub və tezliklə bütün yer üzünü idarə edəcək (Daniel 2:44, 45). Allahın Padşahlığı mövcud olan yeganə hökumət olacaqa.
3. Allahın Padşahlığı müharibələrə, xəstəliklərə, aclığa, hətta ölümə də son qoyacaq. Həyəcanlandırıcı Müqəddəs Kitab peyğəmbərlikləri Allahın Padşahlığının yer üzündə edəcəyi işləri açıqlayır. Bu hökumət heç bir bəşəri quruluşun indiyədək etmədiyi və edə bilməyəcəyi işləri görəcək. Təsəvvür edin, bütün silahlar həmişəlik məhv ediləcək! Allah ‘yerin ucqarlarınadək döyüşləri dayandıracaq’ (Məzmur 46:9). Daha həkimlər, xəstəxanalar və ya xəstəliklər olmayacaq. Heç bir sakin «xəstəyəm» deməyəcək (Yeşaya 33:24). Aclıq, ərzaq qıtlığı aradan qaldırılacaq. Yerin ‘zəmiləri bol olacaq, dağların başında dalğalanacaq’ (Məzmur 72:16). Artıq nə dəfn mərasimi, nə yas, nə meyitxana, nə qəbiristanlıq, nə də onların doğurduğu kədər olacaq. Amansız düşmənimiz olan ölüm nəhayət ki, məhv ediləcək. Allah «ölümü əbədi olaraq yox edəcək, Xudavənd Rəbb bütün adamların üzündən göz yaşlarını siləcək» (Yeşaya 25:8).
4. Allahın Padşahlığının Allah tərəfindən seçilmiş Padşahı var. Məsih nə özü özünü Padşah təyin edib, nə də qeyri-kamil insanlar tərəfindən seçilib. Onu Yehova Allah şəxsən Özü seçib. Elə Məsih titulu da buna işarə edir. Bu sözün mənası «məsh edilmiş» deməkdir. Beləliklə, bu Padşah Yehova tərəfindən məsh olunub, yəni xüsusi işə təyin olunub. Allah onun haqqında deyir: «Budur, Mənim saxladığım, ürəyim istəyən seçilmiş qulum! Mən Öz Ruhumu onun üzərinə qoymuşam. O, millətlərə ədalət gətirəcək» (Yeşaya 42:1, Matta 12:17, 18). Necə Padşaha ehtiyacımız olduğunu Yaradandan kim daha yaxşı bilər?
5. Allahın təyin etdiyi Padşah necə Padşah olacağını nümayiş etdirmişdir. Vəd edilmiş Məsih Nazaretli İsa oldu. O, Allahın seçdiyi nəsildən oldu (Yaradılış 22:18; 1 Salnamələr 17:11; Matta 1:1). Yer üzündə yaşayanda əsrlər öncə Məsih haqqında yazılmış bir çox peyğəmbərliklər onun üzərində həyata keçdi. Onun Məsih olduğu həm də göydən təsdiq olundu. Bu necə baş verdi? Allah göylərdən danışaraq onu Öz Oğlu adlandırdı; mələklər onun vəd olunmuş Məsih olduğunu bildirdilər; İsa yüzlərlə və hətta minlərlə insanların qarşısında möcüzələr göstərdi ki, bunların da Allahın gücü sayəsində baş verdiyi aydındırb. İsa necə Padşah olacağını dəfələrlə göstərmişdi. İnsanlara kömək etmək üçün onun təkcə gücü yox, həm də arzusu var idi (Matta 8:1-3). O, xudbin deyildi, əksinə, mərhəmətli, cəsarətli və təvazökar idi. Onun yer üzündəki həyatı haqqında məlumat hamının oxuması üçün Müqəddəs Kitabda yazılmışdır.
6. Allahın Padşahlığında Məsihlə bərabər 144 000 nəfər idarə edəcək. İsa demişdi ki, həvariləri də daxil olmaqla, göydə onunla birlikdə başqaları da idarə edəcək. O bu qrupu «kiçik sürü» adlandırdı (Luka 12:32). Sonralar həvari Yəhyaya həmin kiçik sürünün sayının 144 000 nəfər olacağı deyilmişdi. Onların göylərdə maraqlı işi olacaq: Məsihlə birlikdə padşahlıq etmək və kahin kimi xidmət etmək (Vəhy 5:9, 10; 14:1, 3).
7. İndi göylərdə idarə edən Allahın Padşahlığı yer üzündə öz hakimiyyətini bərqərar etməyə hazırdır. Bu sonuncu məqam öyrənə biləcəyimiz ən həyəcanlandırıcı həqiqətdir. İsaya göydəki Padşah kimi səlahiyyət verilməsinə dair Müqəddəs Kitabda çoxlu sayda sübutlar var. O indi idarə edir və çox tezliklə bütün yer üzünü idarə edəcək və haqqında danışdığımız möhtəşəm peyğəmbərlikləri yerinə yetirəcək. Bəs Allahın Padşahlığının indi idarə etdiyinə necə əmin olan bilərik? O yeri nə zaman idarə etməyə başlayacaq?
[Haşiyələr]
a Bu kimi peyğəmbərliklər göstərir ki, Allahın Padşahlığı çoxlarının düşündüyü kimi bizim ürəyimizdə deyil. 13-cü səhifədəki «Oxucularımız soruşur» rubrikasına baxın.
b Məsələn, Matta 3:17; Luka 2:10-14; Yəhya 6:5-14 ayələrinə baxın.