Məsihçilər buğda kimi xəlbirlənəndə
ÖLÜMÜNDƏN bir az əvvəl, İsa davamçılarına xəbərdarlıq etdi: «Şeytan sizləri tələb etdi ki, buğda kimi xəlbirləsin» (Luka 22:31). Bu nə demək idi?
İsanın dövründə buğda biçini çoxlu vaxt tələb edən əziyyətli iş idi. Əvvəlcə biçinçilər tarladan sünbülləri yığırdılar. Sonra sünbülləri dənələmək üçün onları bərk bir şeylə döyür, ya da üstündən heyvana qoşulmuş kirşəyə bənzər toxmaq sürürdülər. Nəticədə dən saplaqdan və qabıqdan ayrılırdı. Sonra əkinçi qarışığı havaya sovururdu. Dənlər, yəni bütöv toxumlar xırmana düşür, küləşi isə yel aparırdı. Axırda dənləri yaxşı-yaxşı xəlbirləyirdilər ki, zibildən təmizlənsin.
İsanın dediyi kimi, Şeytan həm o dövrdə, həm də bu gün məsihçilərə amansız hücumlar edir (Efes. 6:11). Əlbəttə, qarşılaşdığımız hər bir çətinliyi Şeytandan görmək düzgün olmazdı (Vaiz 9:11). Bununla belə, Şeytan nöqsansızlığımızı sarsıtmaq üçün əlində olan bütün imkanlardan istifadə etməyə çalışır. Məsələn, o bizdə var-dövlət dalınca qaçmağa, zərərli əyləncə növlərinə və ya əxlaqsız hərəkətlərə həvəs oyada bilər. Bizə məktəb və ya iş yoldaşlarımız, həmçinin imanımıza şərik olmayan qohumlarımız vasitəsilə təzyiq göstərə bilər ki, dünyanın təklif etdiyi təhsil və iş imkanlarından tam istifadə edək. Üstəlik, Allah qarşısında nöqsansızlığımızı itirək deyə, Şeytan açıq-aşkar təqiblərdən də istifadə edə bilər. Əlbəttə, bizi məcazi mənada xəlbirləmək üçün Şeytanın çoxlu başqa üsulları da var.
Biz bu güclü düşmənə necə qarşı dura bilərik? Bunu öz gücümüzə edə bilmərik, çünki Şeytan bizdən güclüdür. Lakin bilirik ki, Yehova Şeytandan qat-qat güclüdür. Əgər Yehovaya bel bağlasaq, tab gətirək deyə, duada təkidlə müdriklik və cəsarət istəsək və Onun rəhbərliyinə tam etibar etsək, Şeytanın hücumlarına qarşı dura bilmək üçün O bizi möhkəmləndirəcək (Məz. 25:4, 5).
Sınaqlarla üzləşəndə, «xeyirlə şəri ayırd etmək» qabiliyyətimiz olmalıdır ki, Şeytanın fitnələrinə uymayaq (İbr. 5:13, 14). Yehova bizə bu cür qabiliyyəti inkişaf etdirməyə kömək edə bilər. Sonra nə olursa-olsun, düz yoldan dönməməliyik. Əgər Yehovanın rəhbərliyinə əməl ediriksə, O, bizə cəsarət verəcək ki, düzgün davranmağa qətiyyətli olaq (Efes. 6:10).
Şeytan bizi buğda kimi xəlbirləməyə çalışa bilər. Ancaq Yehovanın gücü sayəsində möhkəm imanla Şeytana qarşı dura bilərik (1 Pet. 5:9). Bəli, Yehovanın Kəlamı bizi əmin edir: «İblisə... qarşı durun və o, sizdən qaçacaqdır» (Yaq. 4:7).