Xaran qədim dövrlərin qızğın fəaliyyət mərkəzi
XARANIN adı gələn kimi, Müqəddəs Yazılarla tanış olanların yadına Allahın sadiq xidmətçisi İbrahim düşür. Ur şəhərindən Kənana, həqiqi Allahın vəd etdiyi diyara köçəndə o, arvadı Sara, atası Terah və qardaşı oğlu Lut müvəqqəti olaraq Xaranda dayandılar. Burada İbrahim çoxlu mal-mülkə sahib oldu. Atası vəfat etdikdən sonra o, yoluna davam etdi (Yar. 11:31, 32; 12:4, 5; Həv. iş. 7:2—4). Xeyli vaxt keçəndən sonra İbrahim oğlu İshaqa arvad tapmaq üçün qulbaşını Xarana və ya ona yaxın ərazilərdən birinə göndərdi. İbrahimin nəvəsi Yaqub da bir müddət burada yaşamışdı (Yar. 24:1—4, 10; 27:42—45; 28:1, 2, 10).
Aşşur padşahı Sanxeriv Yəhuda padşahı Xizqiyaya ultimatum göndərəndə Aşşur padşahlarının zəbt etdikləri ‘millətlər’ arasında Xaranın da adını çəkmişdi. Burada «Xaran» deyildikdə yalnız şəhərin özü yox, həm də onun ətraf əraziləri nəzərdə tutulur (2 Pad. 19:11, 12). Yezekelin peyğəmbərliyində Xaranla Sur (Tir) şəhəri arasında möhkəm ticarət əlaqələri olduğu deyilir və bu sübut edir ki, Xaran keçmişdə vacib ticarət mərkəzi olub (Yez. 27:1, 2, 23).
Xaran hal-hazırda Türkiyənin şərqində yerləşən Şanlıurfa şəhərinin yaxınlığında balaca bir şəhərdir. Ancaq vaxt vardı ki, qədim Xaran sözün əsil mənasında qızğın fəaliyyət mərkəzi idi. Xaran indiyədək Müqəddəs Kitabda xatırlandığı adla tanınan azsaylı qədim yaşayış yerlərindən biridir. Onun adının Aşşur forması olan Xaranu «yol» və ya «karvan yolu» mənasını daşıya bilər, bundan bəlli olur ki, Xaran böyük şəhərlər arasındakı əsas ticarət yollarının kəsişməsində yerləşirdi. Qazıntılar zamanı Xaranda aşkar edilən yazılara əsasən, Babil padşahı Nabonidin anası xaranlıların ay allahı Sinin məbədində baş kahin kimi xidmət edirdi. Deyilənlərə görə, həmin məbədi Nabonid bərpa etmişdi. Sonralar Xaran müxtəlif imperiyaların yüksəlişinin və süqutunun şahidi olmuşdur.
Bu gün Xaran keçmişdəkindən çox fərqlənir. Xaran qədimdə, xüsusilə də müəyyən dövrlərdə yüksək inkişaf etmiş və böyük əhəmiyyət kəsb edən şəhər olmuşdur. Müasir Xaran isə günbəz evlərdən ibarət olan yaşayış məntəqəsidir. Onu qədim sivilizasiyaların xarabalıqları əhatə edir. Allahın yeni dünyasında Xaranın bir çox sakinləri, o cümlədən İbrahim, Sara və Lut diriləcəklər. Çox güman ki, onlar vaxtilə qızğın fəaliyyət mərkəzi olan Xaran haqda daha çox şeylər danışacaqlar.
[20-ci səhifədəki şəkil]
Xaranın xarabalıqları
[20-ci səhifədəki şəkil]
Günbəzşəkilli evlər
[20-ci səhifədəki şəkil]
Xaranın bugünkü görünüşü