Oxucuların sualları
İsa dinləyicilərinə demişdi: «Səmavi Atanız kamil olduğu kimi, siz də kamil olmalısınız». Bu gün insanlar necə «kamil» ola bilərlər? (Mat. 5:48).
Bu sualın cavabını bilmək üçün biz əvvəlcə «kamil» və «kamillik» sözlərinin Müqəddəs Kitabda necə işləndiyini başa düşməliyik. Müqəddəs Yazılarda kamil adlandırılan şeylərin hamısı heç də mütləq mənada belə deyil. Sözsüz ki, Yehova Allah mütləq mənada kamildir. İnsanlar və əşyalar isə yalnız nisbi mənada kamil və ya mükəmməl ola bilərlər. «Kamil» kimi tərcümə olunan ibrani və yunan sözləri, adətən, hər hansı bir hakimiyyət tərəfindən təsis olunan normalara görə «bütöv», «yetkin» və ya «nöqsansız» deməkdir.
Adəmlə Həvva mənəvi, ruhani və fiziki cəhətdən kamil yaradılmışdılar. Onlar, Yaradanlarının qoyduğu normalara əsasən, kamil hesab olunurdular. İtaətsizlikləri ucbatından onlar artıq bu normalara müvafiq gəlmədilər, buna görə də həm özləri, həm də gələcək nəsilləri kamillikdən məhrum oldu. Beləliklə, günah, qeyri-kamillik və ölüm Adəm vasitəsilə bütün bəşəriyyətə keçdi (Rom. 5:12).
Lakin Dağüstü təbliğdə İsa qeyd etdi ki, hətta qeyri-kamil insanlar belə nisbi mənada kamil ola bilərlər. O, bu nitqi söyləyərkən mükəmməl məhəbbətə dair norma təsis etdi. Bu, Allahın bəşəriyyətə göstərdiyi məhəbbətə bənzəyir. İsa demişdi: «Düşmənlərinizi həmişə sevin və sizi təqib edənlər üçün həmişə dua edin. Beləcə, göydəki Atanızın oğulları olacaqsınız. O, günəşə əmr edir ki, pislərin də, yaxşıların da üzərinə doğsun; yağışa əmr edir ki, salehlərin də, qeyri-salehlərin də üzərinə yağsın» (Mat. 5:44, 45). Məhz belə məhəbbət göstərdikləri təqdirdə İsanın şagirdləri Allahın mükəmməl nümunəsini izləmiş olacaqdılar.
Bu gün bütün dünyada Yehovanın Şahidləri başqaları ilə münasibətdə yüksək məhəbbət normalarını qoruyub saxlamağa çalışırlar. Onlar müxtəlif irqlərdən və dinlərdən olan insanlara Müqəddəs Kitabdakı dəqiq biliyə yiyələnməyə kömək etmək istəyirlər. Yehovanın Şahidləri hal-hazırda 236 ölkə və ərazidə 7 000 000-dan çox insanla Müqəddəs Kitab öyrənməsi keçirirlər.
İsa demişdi: «Əgər təkcə sizi sevənləri sevirsinizsə, bundan nə qazanırsınız? Məgər vergiyığanlar da belə etmirlər? Əgər təkcə qardaşlarınızı salamlayırsınızsa, məgər qeyri-adi bir iş görürsünüz? Məgər başqa millətlərdən olanlar da belə etmirlər?» (Mat. 5:46, 47). Həqiqi məsihçilər təhsilinə və ya milli mənsubiyyətinə görə insanlar arasında fərq qoymurlar; onlar yalnız məhəbbətlərinə məhəbbətlə cavab verənləri sevmirlər. Əksinə, onlar hamıya — kasıblara və xəstələrə, cavanlara və qocalara kömək edirlər. Məhz belə davranmaqla onlar Yehovanın məhəbbətini təqlid edərək nisbi mənada kamil ola bilərlər.
Adəmin itirdiyi kamilliyə nə vaxtsa qovuşa biləcəyikmi? Bəli, Məsih Minillik Hökmranlığı zamanı ‘İblisin işlərini dağıdanda’ İsanın fidyə qurbanlığına iman edən itaətkar insanlar tam kamilliyə yetişəcəklər (1 Yəh. 3:8).