İbrahim təvazökarlıq nümunəsi
İbrahim günəşin qızmar çağında çadırın kölgəsində oturur. Birdən uzaqdan üç kişinin gəldiyini görüra. Yubanmadan onların yanına qaçaraq evinə dəvət edir. İbrahim onlara «bir parça çörək» kəsməyi təklif etdikdən sonra təzə bişirilmiş çörək, yağ, süd və körpə buzov ətindən ibarət süfrə hazırlayır. Qonaqlara bu süfrəni açmaqla İbrahim nəinki qeyri-adi qonaqpərvərlik, eləcə də, görəcəyimiz kimi, əsil təvazökarlıq göstərir (Yaradılış 18:1—8).
TƏVAZÖKARLIQ NƏDİR? Təvazökarlıq dikbaşlığın və məğrurluğun əksidir. Təvazökar adam qəbul edir ki, hər kəs bu və ya digər sahədə ondan üstündür (Filipililərə 2:3). Belə insan başqalarının təkliflərini dinləyir və onların rifahı naminə bir o qədər də nəzərə çarpmayan işi görməyə hazırdır.
İBRAHİM TƏVAZÖKARLIĞI NECƏ GÖSTƏRİRDİ? İbrahim başqalarına sevinclə qulluq edirdi. Yuxarıda deyildiyi kimi, o, üç qonağın gəldiyini görəndə yubanmadan onların ehtiyaclarını ödəməyə çalışdı. Arvadı Sara isə tez yemək hazırlamağa başladı. Sizcə, işin çox hissəsini görən kim oldu? Qaçaraq qonaqları qarşılayan, onlara çörək təklif edən, sürüyə qaçıb kəsmək üçün heyvanı seçən və süfrəni açan İbrahim idi. Hər şeyi nökərlərinə tapşırmaq əvəzinə, bu təvazökar insan lazımi işləri özü gördü. O düşünmürdü ki, başqalarına qulluq ona yaraşan iş deyil.
İbrahim onun tabeçiliyində olan insanların təklifinə qulaq asırdı. Müqəddəs Kitabda İbrahimlə Sara arasında olan ünsiyyətdən çox qısa parçalar gətirilir. Məsələn, iki yerdə yazılıb ki, İbrahim Saranın təklifinə qulaq asıb onlara uyğun davranır (Yaradılış 16:2; 21:8—14). Bu hadisələrin birində Saranın təklifi əvvəlcə İbrahimin xoşuna gəlmir. Amma Yehova ona arvadının təklifinin yaxşı olduğunu deyəndə o, təvazökarlıqla razılaşır və həmin təklifi yerinə yetirir.
BUNDAN NƏ ÖYRƏNƏ BİLƏRİK? Əgər biz sözün əsil mənasında təvazökar insanıqsa, başqalarına xidmət etməyə şad olacağıq. Onların həyatının rahatlığı üçün məmnuniyyətlə əlimizdən gələni edəcəyik.
Başqalarının təkliflərinə necə yanaşmağımızla da təvazökar olduğumuzu göstərə bilərik. Digərlərinin fikri bizim fikrimizlə üst-üstə düşmədiyi üçün onları sadəcə inkar etmək əvəzinə, dediklərini səmimiyyətlə qəbul edə bilərik (Süleymanın məsəlləri 15:22). Başqalarının fikrini nəzərə almaq səlahiyyətli insanlara xüsusilə vacibdir. Nəzarətçi kimi işləyən Con deyir: «Fikir vermişəm ki, adətən, yaxşı nəzarətçi insanların öz fikirlərini sərbəst ifadə edə biləcəkləri mühit yaradır». O əlavə edir: «Tabeçiliyində olan insanların nədəsə səndən daha bacarıqlı olduğunu qəbul etmək üçün təvazökarlıq tələb olunur. Heç kim, hətta nəzarətçi də deyə bilməz ki, yaxşı fikirləri ancaq o irəli sürə bilər».
İbrahim kimi, biz də başqalarının təklifinə qulaq asıb onların rifahı naminə nəzərə çarpmayan işləri görürüksə, Yehovanın lütfünü qazanırıq. Axı «Allah məğrurlara qarşı çıxır, təvazökarlara isə lütf göstərir» (1 Peter 5:5).
[Haşiyə]
a Ola bilsin, İbrahim əvvəlcə bu qonaqların Allahın elçiləri olduğunu bilmirdi (İbranilərə 13:2).