«Şəklimizi çəkə bilərsiniz?»
Meksika Bet-Elində xidmət edən Coşua adlı bir qardaş vilayət konqresinin ikinci günündən sonra Queretaro şəhərinin görməli yerlərini gəzməyə çıxmışdı. Kolumbiyadan turist kimi gələn Xavyer və Maru adlı bir ər-arvad Coşuadan şəkillərini çəkməyi xahiş etdi. Coşua və onun dostlarının geyimləri səliqəli idi və yaxalarına konqres plaketlərini taxmışdılar. Buna görə də ər-arvad fikirləşdi ki, onlar buraxılış gecəsindən və ya hansısa xüsusi mərasimdən gəlirlər. Coşua Yehovanın Şahidlərinin konqresində iştirak etdiklərini izah edib onları bazar günü konqresə dəvət etdi.
Xavyerlə Maru fikirləşdilər ki, belə bir mərasim üçün münasib geyimdə deyillər və orada özlərini sərbəst hiss etməyəcəklər. Buna baxmayaraq, Coşua onlara öz adını dedi və xidmət etdiyi filialın telefon nömrəsini verdi.
Dörd aydan sonda Xavyer və Marudan xəbər gələndə Coşua təəccübləndi. Ər-arvad həmin konqresdə iştirak etmişdi və indi onlar istəyirdilər ki, Yehovanın Şahidləri o vaxt yaşadıqları Mexiko şəhərində onlara baş çəksinlər. Tezliklə onlarla Müqəddəs Kitab öyrənməsi başlandı və onlar dərhal yığıncaq görüşlərində iştirak etməyə başladılar. On aydan sonra Xavyerlə Maru təbliğçi oldular. Tezliklə onlar Kanadanın Toronto şəhərinə köçməli olsalar da, ruhən tərəqqi edib vəftiz oldular.
Bir qədər sonra Coşua Xavyerdən məktub aldı. Bu məktubda o, həqiqəti qəbul etməyə onu nə təşviq etdiyini yazmışdı. O deyir: «Konqresdə iştirak etməzdən öncə arvadımla birgə ruhani rəhbərliyə ehtiyac duyduğumuz barədə söhbət edirdik. Sənin səliqəli geyimini görəndə fikirləşdik ki, sən, ola bilsin, xüsusi bir görüşdən gəlirsən. Konqresdə kiminsə bizə mehribanlıqla yer tapmağa kömək etməsi, Müqəddəs Kitabı izləməyi təklif etməsi, eləcə də iştirakçıların davranışı bizə böyük təəssürat bağışlamışdı. Görünür, bizim turist kimi geyinməyimiz onlar üçün əhəmiyyət kəsb etmirdi».
Burada müdrik padşah Süleymanın sözləri necə də yerinə düşür! O yazmışdı: «Toxumunu səhər vaxtı səp, axşama qədər də əlin boş durmasın. Çünki bilmirsən ki, əvvəlki məhsuldar olacaq yoxsa sonrakı yaxud hər ikisi birlikdə» (Vaiz 11:6). Başqalarını konqresə və məruzəyə dəvət etmək imkanından istifadə edərək həqiqət toxumunu səpə bilərsənmi? Yehova səni Xavyer və Maru kimi ruhani rəhbərliyə susayan insanları həqiqətə cəlb etmək üçün istifadə edə bilər (Yeşaya 55:1).
[32–ci səhifədəki şəkil]
Soldan sağa: Alexandro Vogelin, Maru Pineda, Alexandro Pineda, Xavyer Pineda və Coşua Ramires Meksika Bet-Elində