Allaha yaxınlaşın
«Millətlər biləcəklər ki, Mən Yehovayam»
ƏGƏR sizi törətmədiyiniz cinayətə görə ittiham etsəydilər, bu, sizə necə təsir edərdi? Üstəlik, bu cinayət, günahsız insanlar da daxil olmaqla, bir çoxlarının həyatını zindana çeviribsə, onda necə? Sözsüz ki, adınızı təmizə çıxarmaq istəyəcəksiniz! Allah da eyni vəziyyətlə üzləşir. Bu gün çoxları dünyada baş verən ədalətsizliyə və əzab-əziyyətlərə görə Allahı günahlandıraraq Ona şər atırlar. Bəs Allah Öz adını təmizə çıxaracaqmı? Əlbəttə ki! Gəlin «Yezekel» kitabında bu haqda deyilənləri nəzərdən keçirək. (Yezekel 39:7 ayəsini oxu.)
«Artıq müqəddəs adımın ləkələnməsinə izin verməyəcəyəm», — deyir Yehova Allah. İnsanlar haqsızlıqlara görə Allahı günahlandıranda Onun adına ləkə yaxmış olurlar. Hansı tərzdə? Müqəddəs Kitabda «ad» sözü altında ad-san, reputasiya nəzərdə tutulur. Bir arayış kitabında qeyd olunur ki, Allahın adı deyildikdə «Onun haqda məlum olan, yəni Özü barədə açıqladığı məlumatlar nəzərdə tutulur; həmçinin bu ad Allahın şan-şöhrətini və şərəfini təmsil edir». Yaradanımız Yehovanın ismi Onun ad-sanını ehtiva edir. Yehovanın ədalətsizliyə münasibəti barədə nə məlumdur? O, ədalətsizliyə nifrət edir! Üstəlik, Allah haqsızlığın qurbanı olanların halına acıyıra (Çıxış 22:22—24). İnsanlar Allahı Onun nifrət etdiyi şeylərə görə günahlandıranda adını ləkələyir və bu ada böyük hörmətsizlik etmiş olurlar (Məzmur 74:10).
Fikir verin ki, Yehova «müqəddəs adım» ifadəsini iki dəfə istifadə edir (7-ci ayə). Müqəddəs Kitabda Yehovanın adı dəfələrlə «müqəddəs», «müqəddəslik» sözləri ilə bağlı işlədilir. «Müqəddəs» sözü ayrı olmaq mənasını daşıyır; həmçinin bu, təmizliyə və paklığa işarə edir. Yehovanın adı ona görə müqəddəsdir ki, bu adı daşıyan Külli-İxtiyarın Özü müqəddəsdir, yəni günah və natəmizlik Ona tamamilə yaddır. İndi başa düşürsünüz, niyə pisliklərə görə Yehovanı günahlandıranlar Onun «müqəddəs adına» ən böyük şər-böhtanı atmış olurlar?
Padşahlığı, yəni səmavi hökuməti vasitəsilə Yehovanın Öz adını təmizə çıxarması Müqəddəs Kitabın əsas mövzusudur. Bu mövzu «Yezekel» kitabında da vurğulanır və dəfələrlə «millətlər biləcəklər ki, Mən Yehovayam» sözləri təkrarlanır (Yezekel 36:23; 37:28; 38:23; 39:7, Yeni Dünya tərcüməsi). Diqqət yetirin ki, Yehovanı tanımaq millətlər üçün seçim məsələsi olmayacaq. İstəsələr də, istəməsələr də, onlar Yehovanın kim olduğunu «biləcəklər». Başqa sözlərlə desək, Yehova hərəkətə keçəndə millətlər bir faktı qəbul etmək məcburiyyətində qalacaq: O, kim olduğunu deyirsə, odur. O, adı müqəddəs, pak və təmiz nə varsa təmsil edən Ali Hökmdar Yehovadır.
Tez-tez təkrarlanan «millətlər biləcəklər ki, Mən Yehovayam» vədi haqsızlığa və əzab-əziyyətə son qoyulmasını arzulayan insanlar üçün xoş müjdədir. Yehova tezliklə bu vədi yerinə yetirəcək və adını təmizə çıxaracaq. Allah pisliyi və onu törədən hər kəsi məhv edəcək, lakin Yehovanın adını və bu adın təmsil etdiyi hər şeyi qəbul edən və hörmət bəsləyən insanları xilas edəcək (Süleymanın məsəlləri 18:10). Öyrəndikləriniz ürəyinizdə ədaləti sevən müqəddəs Yehova Allaha yaxınlaşmaq arzusunu alovlandırmırmı? (Məzmur 37:9—11, 28).
[Haşiyə]
a «Gözətçi qülləsi»nin 2008-ci il 1 noyabr sayındakı «Allaha yaxınlaşın» rubrikasından «Ədaləti sevən Allah» məqaləsinə baxın (rus).