Müqəddəs Kitabdan mövhumi məqsədlərlə istifadə etməyin
«ALLAHIN sözü canlı və qüdrətlidir» (İbr. 4:12). Bununla həvari Pavel Allahın sözünün ürəklərə təsir edən və həyatları dəyişən qüdrətə malik olduğunu vurğulayır.
Lakin qabaqcadan peyğəmbərlik edildiyi kimi, həvarilərin ölümündən sonra dönüklük kök salanda artıq Müqəddəs Kitabın çatdırdığı xəbərin gücünə dair müxtəlif fikirlər yarandı (2 Pet. 2:1—3). Bir müddətdən sonra kilsə başçıları Allahın Kəlamının sehirli qüvvəyə malik olduğunu iddia etməyə başladılar. Professor Harri Qambl «Yunanca Müqəddəs Yazılardan möcüzəvi şəkildə istifadə» edildiyi barədə yazırdı. O qeyd edirdi ki, üçüncü əsrdə kilsə atası Origen belə bir fikir irəli sürmüşdü: «Müqəddəs sözləri sadəcə eşitmək belə artıq insana müsbət təsir göstərir. Əgər bütpərəstlərin sehrbazlıq sözləri hər hansı gücə malikdirsə, onda gör müqəddəs yazılardakı əsil ilahi sözlər nə qədər böyük qüvvəyə malik olmalıdır». Dördüncü əsrdə Yohannes Xrisostomos yazmışdı ki, «iblis İncilin olduğu evə yaxınlaşmağa cəsarət edə bilməz». O, bəzilərinin İncilin müəyyən hissələrini güclü talisman kimi boyunlarından asdıqlarını da qeyd etmişdi. Daha sonra professor Qambl əlavə etmişdi ki, katolik ilahiyyatçısı Avqustin «başağrıları olanda Yəhyanın Müjdəsini yastığın altına qoyub yatmağa normal baxırdı». Beləliklə, Müqəddəs Kitab ayələrindən sehirbazlıq etmək məqsədilə istifadə olunurdu. Bəs Müqəddəs Kitabdan talisman və ya uğur gətirən həmail kimi istifadə etməyinizdən asılı olmayaraq, o, sizi pisliklərdən qoruyacaqmı?
Ehtimal ki, Müqəddəs Kitabdan yanlış tərzdə istifadə etməyin ən geniş yayılmış üsullarından biri onunla fala baxmaqdır. Bu nə deməkdir? Bu, ehtiyac duyduğu rəhbərliyi alacağına ümid edərək istənilən kitabı, əksər hallarda Müqəddəs Kitabı gözəyarı açıb qarşısına çıxan ilk məlumatı oxumaq deməkdir. Misal üçün, professor Qamblın sözlərinə görə, bir dəfə Avqustin qonşu evdən: «Götür oxu, götür oxu», — deyən uşağın səsini eşidəndə bunu ilahi bir göstəriş kimi qəbul edərək Müqəddəs Kitabı açıb gözünə sataşan ilk ayəni oxumuşdu.
Yəqin, çətinliklə üzləşəndə Allaha dua edən, sonra da problemlərini həll etməkdə onlara kömək edəcəyinə inanaraq Müqəddəs Kitabı bəxtəbəxt açıb gözlərinə sataşan ilk ayəni oxuyan insanlar haqda eşitmisiniz. Ola bilsin, onlar bunu yaxşı niyyətdən irəli gələrək edirlər, ancaq məsihçilər Müqəddəs Kitabın rəhbərliyini bu cür axtarmalı deyillər.
İsa şagirdlərini əmin etmişdi ki, onlara «köməkçi, yəni... müqəddəs ruh» göndərəcək. O əlavə etmişdi: «Müqəddəs ruh hər şeyi sizə öyrədəcək və sizə dediyim bütün sözləri yadınıza salacaq» (Yəh. 14:26). Baxıcılıqda isə Müqəddəs Kitab biliklərinə yiyələnmək tələb olunmur.
Düzdür, Müqəddəs Kitabdan baxıcılıq və digər mövhumi məqsədlər üçün geniş istifadə olunur. Halbuki Allahın Kəlamı falçılığı mühakimə edir (Lev. 19:26; Qanun. t. 18:9—12; Həv. iş. 19:19). Sözsüz ki, «Allahın sözü canlı və qüdrətlidir», buna baxmayaraq, biz ondan məharətlə istifadə etməyi bacarmalıyıq. Müqəddəs Kitabdan mövhumi şəkildə istifadə etmək yox, ondan dəqiq biliklər əldə etmək insanların həyatını yaxşılaşdırır. Bu cür biliyə yiyələnmək çoxlarına yüksək əxlaq normalarına sahib olmağa, zərərli həyat tərzindən imtina etməyə, ailə həyatını möhkəmləndirməyə və Müqəddəs Kitabın Müəllifi ilə yaxın münasibətlər qurmağa kömək edir.