Əlilliyə baxmayaraq, müvəffəqiyyətli ol
1 Əgər sən də Yehovanın Şahidləri arasında olan bir çox əlillər sırasına daxilsənsə, bu, sənin müvəffəqiyyətli xidmətçi olmağına mane olmamalıdır. Əksinə, bu vəziyyətdə sənin təbliğ etmək və başqalarını ruhlandırmaq kimi xüsusi imkanların var.
2 Təbliğ etmək üçün imkanlar. Əlil olanların çoxu böyük sə’ylə təbliğ edirlər. Misal üçün, cərrahiyyə əməliyyatından sonra hərəkətetmə və nitq qabiliyyəti zədələnmiş bir bacımız, əri avtomobili insanların çox olduğu səkiyə yaxın saxlayanda, çoxlu jurnal paylaya bilir. Həmin bacı bir dəfə iki saat ərzində 80 jurnal paylamışdı! Xüsusi vəziyyətin sayəsində, ehtimal ki, sən, adətən evdə çətin tapılan insanlarla əlaqə saxlaya bilirsən. Əgər belədirsə, onda bu cür insanları özünün xüsusi ərazin hesab et.
3 Sənin təbliğin çox effektli ola bilər! Sənin qətiyyətini və Müqəddəs Kitab həqiqətinin sənə olan yaxşı tə’sirini görərək, insanlar Padşahlıq haqqındakı xəbərlə maraqlana bilərlər. Bundan əlavə, başlarına faciə gələn insanlara rast gələndə onlarla Allahın Kəlamında olan və şəxsən sənə fayda gətirən təsəlli ilə bölüşə bilərsən (2 Kor. 1:4).
4 Başqalarını ruhlandırmaq. Məgər ömrünün 37 ilini sün’i yolla nəfəsalma aparatında keçirən və 17 adama Müqəddəs Kitab həqiqətini öyrənməyə kömək edən Lorel Nizbet haqqındakı hadisə səni ruhlandırmırmı? Eyni tərzdə sənin də nümunən həmimanlılarını, Yehovaya xidmətdə bütün imkanlarından istifadə etməkdə sə’y göstərməyə ruhlandıra bilər (w01 1.12. s. 15, abz. 10).
5 Hətta vəziyyət xidmətdə ürəyinin istədiyi qədər etməyə yol verməsə də, sən yenə də başqalarını ruhlandıra bilərsən. Bir qardaş demişdir: “Mən anladım ki, hətta ən zəif insan belə, başqalarına çox böyük kömək etmək iqtidarındadır. Arvadımla mən, yığıncaqdakı qardaşlar üçün bir növ lövbər kimiyik. Çünki vəziyyətimiz sayəsində biz həmişə burada, həmişə yaxındayıq”. Baxmayaraq ki, əlillik sənə öz sə’yini həyata keçirməyə mane olur, göstərilən müəyyən köməkliyi qəbul edib xidmətdə fəal iştirak edə bilərsən. Buna görə də sənə hər hansı bir köməklik lazım olarsa, bu köməklik üçün ağsaqqallara və ya yığıncaqda sənə kömək edə biləcək başqalarına müraciət etməyə utanma.
6 Yehova, xidmətdə Onun üçün etdiyin hər bir şeyi görür və sə’ylə yerinə yetirdiyin xidmətinə görə sevinir (Məz. 139:1-4). Əgər Ona bel bağlayırsansa, O sənə, xidmətdə müvəffəqiyyətli olmağın üçün güc verəcək (2 Kor. 12:7-10).