Rəhbərlik şurasının məktubu
Əziz bacı və qardaşlar!
SİZƏ “Atamız Allah və Rəbbimiz İsa Məsihdən lütf və sülh olsun” (1 Kor. 1:3). “Bütün nəfəs sahibləri”nin, Yehovaya Onun layiq olduğu izzəti verəcəkləri vaxtı biz necə də həsrətlə gözləyirik (Məz. 150:6). Bu böyük günü gözləyərkən Allahın Padşahlığı haqqındakı xoş xəbəri bəyan etməyə və şagirdlər hazırlamağa davam edirik.
Hal-hazırda Yehova təbliğ işinə xüsusi diqqət yetirir (Mark 13:10). Yehovanın bu işin icra olunması üçün qayğı göstərdiyini yadda saxlayaraq, bu işdə iştirak etmək üçün Allahdan qüvvət diləyir və eyni zamanda dərk edirik ki, fidiyə qurbanlığından hər bir insan faydalana bilər (Vəhy 14:6, 7, 14, 15). Bəli, bizim yolumuzda çoxlu çətinliklər var, lakin xidmətimizi icra etmək üçün ‘səmadan gələn qüvvətlə təchiz edilmək’ imkanına malik olduğumuza görə biz necə də minnətdarıq! (Luka 24:49).
Ötən xidmət ilinə nəzər salmaq və bu müddət ərzində Yehovanın Öz sadiq xidmətçiləri vasitəsilə etdiyi işlər barədə düşünmək necə də xoşdur. Allahın xalqı müqəddəs ruh vasitəsilə möhkəmlənərək, dünyanın onlara qarşı nifrətinin öhdəsindən gəlir və Məsihin göstərdiyi məhəbbəti təzahür etdirir. Bu məhəbbət bizim konqreslərimizdə xüsusilə nəzərə çarpır. 2003-cü ilin iyun ayından dekabr ayına kimi yüzdən artıq ölkənin nümayəndələri beş qit’ədə keçirilən 32 beynəlxalq konqreslərdə olmuşlar. Bir çox vilayət və beynəlxalq konqreslərdə xarici tə’yinatlarında xidmət edən missionerlərdən, beynəlxalq proqramın xidmətçilərindən və Beyt-Eldə xidmət edənlərdən müsahibə götürülmüşdür.
Bu konqreslərdə “Yaxşı məmləkətə” baxın” (rus.) və “Böyük Müəllimdən öyrən” (rus.) adlı nəşrlər aldıq. Həmçinin e’lan olundu ki, 2004-cü xidmət ilinin sonuna yaxın “Pioner Xidməti Məktəbi” dərsliyinin təzələnmiş variantı buraxılacaq. Uzun müddət pioner kimi xidmət edən və pioner məktəbində oxuyanlar, tədricən əsas e’tibarı ilə yeni pionerlərdən ibarət olan siniflərə də’vət olunacaqlar.
Allahın dəstəkləməsi və insanların səxavətli olmaları sayəsində bir çox Padşahlıq Zalları tikilib, xüsusilə də məhdud resurslu ölkələrdə. Bütün dünyada ruhani qidaya tələbat artdığı üçün, bir çox ölkələrdə filialların genişləndirilməsi üzrə iş aparılır. “Yer üzündəki həyata əbədiyyən sevin!” broşürası hal-hazırda 299 dildə nəşr olunur və onun tirajı 139 milyon nüsxədir; 161 dildə çap olunan “Əbədi həyata aparan bilik” kitabının tirajı 93 milyon nüsxədən çoxdur; “Allah bizdən nə tələb edir?” broşürası isə 267 dildə 200 milyondan artıq çap edilib.
Ötən xidmət ilində özlərini Yehovaya həsr etdiklərini suda vəftizlə simvollaşdıran 258 845 bacı və qardaşlarımızı ürəkdən salamlayırıq! Allahın Padşahlığını dəstəklədiyiniz üçün Şeytanın sizə xüsusilə nifrət etdiyinə baxmayaraq, qarşınıza qoyulan yarışda mətanətlə qaçmağınız sayəsində Yehova sizə bol-bol xeyir-dualar verir və sizi ruhani cəhətdən qoruyur (İbr. 12:1, 2; Vəhy 12:17). Bəli, əmin olun ki, sizi “qoruyan mürgüləməz” (Məz. 121:3).
2004-cü ilin “Oyaq durun... hazır olun” illik ayəsi tam vaxtındadır (Mat. 24:42, 44). Məsihçilər Allahın Kəlamında məhv olmaq üzrə olan bu dünyada “qəriblər” kimi təsvir olunurlar (1 Pet. 2:11; 4:7). Buna görə də biz gərək diqqətimizi ruhani işlərə cəmləşdirək, sadə həyat sürək və ürəklərimizi diqqətlə yoxlayaq. “Böyük əjdaha” bizi öz sisteminin bir hissəsi etmək üçün udmağa çalışır (Vəhy 12:9).
Ayıq qalmaq üçün hər gün Müqəddəs Kitabı oxumaq olduqca vacibdir. Bu, bizə Allaha həsr olunmamıza müvafiq yaşamaqda və bununla da “bəli” deməyimizin doğrudan da “bəli” olduğunu sübut etməyimizə kömək edəcək; həmçinin bu bizə ‘başlanğıcda bizdə olan e’timadı sona qədər möhkəm hifz etməyimizə’ kömək edəcəkdir (Yaq. 5:12; İbr. 3:14). Hər gün Müqəddəs Kitabı oxumağın sayəsində bu dünyanın Allahın dəyişməz normalarından nə qədər uzaqlaşdığını yadda saxlaya biləcəyik (Mal. 3:6; 2 Tim. 3:1, 13). Müqəddəs Kitab biliyi “hiyləgərcəsinə uydurulmuş nağıllardan” qorunmaqda və Yehovaya sadiq qalmaqda bizə kömək edəcək (2 Pet. 1:16; 3:11).
Valideynlər! Uşaqlarınızı Yehovanın tərbiyə və nəsihətilə böyüdərkən, onlara qarşılarına ruhani məqsədlər qoymağa və “oyaq durmağa” kömək edirsinizmi? (Efes. 6:4). Yer üzündə yaşamış ən hikmətli şəxsiyyətin gələcəyə dair baxışını uşaqlarınıza aşılayırsınızmı? İsa ən yaxşı dülgər, ixtiraçı və ya həkim ola bilərdi, lakin bunun əvəzində o, tammüddətli xidmətə üstünlük vermişdir. Qoy İsanın nümunəsi sizi təşviq etsin ki, uşaqlarınıza başlıca olaraq Padşahlığın maraqları üçün yaşamağa kömək edəsiniz.
Rəhbərlik şurası ilə təmsil edilən “sadiq və ağıllı qul” Padşahlıq haqqında olan bu Müjdəni millətlərin hamısına şəhadət olaraq bütün dünyada təbliğ etmək tapşırığını yerinə yetirməkdə göstərdiyi köməkliyə görə “böyük izdihama” ürəkdən təşəkkürünü bildirir (Mat. 24:14, 45; Vəhy 7:9). Əziz bacı və qardaşlar! Yehova məhz sizi əmin edir ki, “işinizi, müqəddəslərə xidmət etmiş və edərək Onun adı naminə göstərdiyiniz məhəbbəti” heç zaman unutmayacaq (İbr. 6:10).
Qorxusuz olaraq gələcəyə doğru baxaraq, diqqətinizi “mükafata” yönəltməyə davam edin və onu heç bir adamın və ya cinin əlinizdən almasına yol verməyin (İbr. 11:26; Kolos. 2:18). Yehovaya güvənərək əmin olun ki, Onu sevənlərin hamısının əbədi həyata nail olmalarına kömək edəcək (Yəh. 6:48-54).
Əmin olun ki, sizinlə birlikdə Yehovanı mədh etmək bizə sevinc bəxş edir.
Sizin qardaşlarınız,
Yehovanın Şahidlərinin Rəhbərlik şurası