Məsihçilərin dua etməyə ehtiyacı var
1. Xidmətimizi həyata keçirmək üçün nə etməyimiz zəruridir?
1 Biz təkbaşına xidməti icra edə bilmərik. Bizə bu işi görməyə güc verən Yehovadır (Filip. 4:13). Həlim insanları tapmaqda O, mələklərindən istifadə edir (Vəhy 14:6, 7). Əkdiyimiz və suvardığımız həqiqət toxumlarını böyüdən Yehovadır (1 Kor. 3:6, 9). Buna görə də səmavi Atamıza dua edərək bel bağlamaq məsihçilər üçün necə də vacibdir!
2. Nə haqda dua edə bilərik?
2 Özümüz üçün. Hər dəfə təbliğ edərkən dua etməliyik (Efes. 6:18). Nə haqda dua edə bilərik? Sahəmizə müsbət nöqteyi-nəzərlə yanaşmaq və cəsarətli olmaq üçün dua edə bilərik (Həv. iş. 4:29). Yehovadan xahiş etməliyik ki, bizi Müqəddəs Kitabı öyrənməyə meyilli olan səmimi insanlara tərəf istiqamətləndirsin. Əgər ev sahibi sual verirsə, ürəyimizdə qısa olaraq dua edib düzgün cavab verməyimizdən ötrü Yehovadan kömək diləyə bilərik (Neh. 2:4). Ondan xidmətimizin həmişə birinci yerdə olması üçün müdriklik də istəyə bilərik (Yaq. 1:5). Bundan əlavə, dualarımıza Yehovanın xidmətçisi olmaq şərəfini qiymətləndirdiyimizi göstərən fikirləri daxil edəndə O, bundan razı qalır (Kolos. 3:15).
3. Başqaları üçün dua etməklə təbliğ işinə necə dəstək ola bilərik?
3 Başqaları üçün. Biz həm də ‘bir-birimiz üçün dua etməliyik’. Əgər münasibdirsə, həmimanlılarımızın adını da çəkə bilərik (Yaq. 5:16; Həv. iş. 12:5). Səhhətinin zəif olması ucbatından xidmətdə çox iştirak edə bilmirsən? Belədirsə, onda yaxşı səhhəti olan həmimanlıların üçün dua et. Dualarının başqalarına fayda gətirdiyini yadda saxlayaraq onları əhəmiyyətsiz hesab etmə! Həmçinin hakimiyyət nümayəndələri üçün də dua etmək olar ki, təbliğ işinə müsbət yanaşsınlar. Nəticədə bacı-qardaşlarımız ‘sakit və rahat ömür sürə’ biləcəklər (1 Tim. 2:1, 2).
4. Nəyə görə duada mətanətli olmalıyıq?
4 Bütün dünyada xoş xəbəri bəyan etmək olduqca böyük işdir. «Duada mətanətli» olsaq, Yehovanın köməyi ilə bu işi başa çatdıra biləcəyik (Rom. 12:12).