Suallar qutusu
◼ Yığıncağın qətnamə qəbul etməsi lazım gələrsə, hansı qaydalara riayət etmək tələb olunur?
Mal və ya mülk almaq, eləcə də filiala xüsusi ianə göndərmək kimi vacib məsələ ilə bağlı qərar vermək lazım olduqda qətnamə qəbul etmək tələb olunur. Yığıncağın hesabından pul xərcləmək lazım gələrsə, yaxşı olardı ki, hər dəfə yığıncaqda qətnamə qəbul olunsun.
İstisna hal kimi, yığıncaq, ümumdünya təbliğ işi üçün edilən ianələrdən başqa, hər ay təşkilata müəyyən məbləğdə pul göndərilməsi haqda birdəfəlik qərar qəbul edə bilər. Rayon nəzarətçisinin xərclərinin ödənilməsi, eləcə də Padşahlıq zalının cari xərcləri, məsələn, kommunal xərcləri və təmizlik ləvazimatlarının alınması ilə bağlı hər hansısa bir qətnamə qəbul etmək lazım deyil.
Əgər yığıncaqda hər hansı bir tələbat yaranırsa, ağsaqqallar şurası bu məsələni hərtərəfli müzakirə etməlidir. Əksəriyyət müəyyən işin görülməsi ilə razıdırsa, ağsaqqallardan biri, (ola bilsin, yığıncağın xidməti komitəsinin üzvü) Xidməti görüşdə təqdim edilməsi üçün yazılı şəkildə qətnamə tərtib etməlidir.
Ağsaqqallar şurası tərəfindən təyin olunmuş ağsaqqal qısa, lakin aydın şəkildə yaranmış tələbatı izah etməli və ağsaqqallar şurasının həmin məsələ ilə bağlı tövsiyələrini yığıncağın nəzərinə çatdırmalıdır. Daha sonra yığıncağa mövzuya aid münasib suallar vermək imkanı verilməlidir. Əgər məsələ mürəkkəbdirsə, yaxşısı budur, səsvermə növbəti Xidməti görüşədək təxirə salınsın ki, hər kəs məsələni yaxşıca götür-qoy edə bilsin. Səsvermə əllərin qaldırılması ilə keçirilir.
Əgər hüquqi tərəfdən başqa bir tələb yoxdursa, səsvermədə yalnız yığıncağın həsr və vəftiz olunmuş üzvləri iştirak etməlidirlər. Digər yığıncaqdan gələn qonaqların səsvermədə iştirak etməsi münasib deyil.
Qətnamə qəbul edildikdən sonra tarixi qeyd etmək, imza qoymaq və onu yığıncağın sənədləri arasında saxlamaq lazımdır.