«Məsihi həyatı və ibadəti. İş dəftəri» üçün mənbələr
OKTYABR
*** it-2-E s. 902, abz. 2 ***
Yetmiş həftə
Təqsir və asiliyə son qoyulur. Məsihin həlak olmasının, dirilməsinin və göyə qalxmasının sayəsində asiliyə son qoyuldu, günah bitdi, təqsir üçün kəffarə verildi (Dn 9:24). Qanun əhdi israillilərin günahkar olduğunu üzə çıxarır, onları məhkum edir və əhdi pozduqları üçün onları lənətə tuş edirdi. Lakin günah çoxaldıqca, yəni Musanın Qanunu onları üzə çıxardıqca, Məsihin vasitəsilə Allahın lütfü və iltifatı da aşıb daşırdı (Rm 5:20). Məsihin qurbanı sayəsində tövbə edən insanların təqsir və asiliyi ləğv olunur və buna görə də cəza aradan qalxır.
*** it-2-E s. 900, abz. 7 ***
Yetmiş həftə
Məsih altmış doqquz həftədən sonra peyda olacaq. Yetmiş həftəyə daxil olan altmış iki həftə adı ikinci çəkildiyi üçün yeddi həftənin tamamından sonra başlayacaqdı. Buna görə də Yerusəlimin yenidən tikilib bərpa edilməsi üçün fərmanın çıxmasından Öndər Məsihin zühuruna qədər altmış doqquz həftə (yeddi həftə üstəgəl 62 həftə) — 483 il vaxt keçəcəkdi. Bu da eramızdan əvvəl 455-ci ildən eramızın 29-cu ilinə kimi davam etmişdi. Yuxarıda qeyd olunduğu kimi, eramızın 29-cu ilinin payızında İsa suda vəftiz olundu, müqəddəs ruhla məsh edildi və Öndər Məsih olaraq xidmətə başladı (Lk 3:1, 2, 21, 22).
*** it-2-E s. 901, abz. 2 ***
Yetmiş həftə
Həftənin ortasında «həlak olacaq». Cəbrayıl mələk Dənyal peyğəmbərə deyir: Altmış iki həftə keçəndən sonra Məsih həlak olacaq, özünə heç nə qalmayacaq (Dn 9:26). Altmış iki həftə bitəndən bir qədər sonra, daha dəqiq desək, üç il yarım sonra Məsih işgəncə dirəyi üzərində öldürüldü, nəyi vardısa hər şeyini bəşəriyyət üçün fidyə olaraq verdi (Əş 53:8). Sübutlar göstərir ki, yetmişinci həftənin ilk yarısını İsa xidmətdə keçirmişdi. Bir dəfə, ehtimal ki, eramızın 32-ci ilinin payızında o, bir məsəl çəkmişdi. Orada yəhudi xalqını əncir ağacına bənzətmişdi. (Mt 17:15—20; 21:18, 19, 43 ayələri ilə müqayisə edin.) Ağac üç il idi ki, bar gətirmirdi. Bağban bağ sahibinə demişdi: «Ağa qoy bir il də qalsın. Dibini belləyərəm, peyinləyərəm. Gələn il bar verər, lap yaxşı, verməz, onda kəsərsən» (Lk 13:6—9). Yəqin ki, İsa xoş xəbərə hay verməyən bu xalqa etdiyi xidmətinin müddətindən danışırdı. Həmin vaxt onun xidməti təxminən üç il idi ki, davam edirdi və dördüncü ilə keçəcəkdi.
*** it-2-E s. 901, abz. 5 ***
Yetmiş həftə
Həftənin ortası yeddi ilin ortasına, yəni həmin illik həftənin üç il yarımının tamamına düşür. Yetmişinci həftə eramızın 29-cu ilinin payızında İsanın vəftiz olunub Məsih kimi məsh olunması ilə başladığı üçün həmin həftənin yarısı (üç il yarım) eramızın 33-cü ilinin yazına, yəni Pasxa bayramı vaxtına (14 nisan) kimi davam edəcəkdi. Qriqori təqviminə əsasən, həmin gün eramızın 33-cü ilinin aprel ayının 1-nə düşmüşdü (Ağanın şam yeməyi (Təsis olunma vaxtı) məqaləsinə baxın). Həvari Bulus yazmışdı ki, İsa Allahın iradəsini yerinə yetirməyə gəlmişdi. Bu iradə isə ikincini təsis etmək üçün birincini (yəni Tövrata əsasən gətirilən qurban və təqdimələri) ləğv etmək idi. İsa öz bədənini qurban gətirməklə Allahın bu iradəsini yerinə yetirdi (İb 10:1—10).
*** w01-E 15/5 s. 27 ***
Oxucuların sualları
Dənyal 9:24 ayəsində deyildiyi kimi, Ən müqəddəs yer nə vaxt məsh edildi?
Dənyal 9:24—27 ayələri Öndər Məsihin zühuru barədə peyğəmbərlikdir. Buna görə də ayələrdə haqqında danışılan Ən müqəddəs yer Yerusəlimdəki məbədin Ən müqəddəs yeri deyil. Əksinə, burada Allahın müqəddəs məskəni, göylərdəki Ən müqəddəs yer, Yehovanın böyük ruhani məbədindəki Ən müqəddəs yer nəzərdə tutulur (İbranilərə 8:1—5; 9:2—10, 23).
Allahın ruhani məbədi nə vaxt fəaliyyət göstərməyə başladı? Gəlin görək İsa eramızın 29-cu ilində vəftiz olmaq üçün özünü təqdim edəndə nə baş verdi. Həmin vaxtdan etibarən İsa həyatında Zəbur 40:6—8 ayələrindəki sözləri yerinə yetirməyə başladı. Həvari Bulus sonralar yazmışdı ki, İsa Allaha belə dua etmişdi: «Sən qurban və təqdimə istəmədin, lakin mənə bədən hazırladın» (İbranilərə 10:5). İsa bilirdi ki, Allah Yerusəlimdəki məbəddə həmişə qurban gətirilməsini istəmir. Əksinə, Yehova İsa üçün kamil insan bədəni hazırlamışdı ki, onu qurban gətirsin. İsa bunu ürəkdən istədiyini bu sözlərlə göstərmişdi: «Ey Allah, budur, gəlmişəm sənin iradəni yerinə yetirim (tumarda mənim haqqımda yazılıb)» (İbranilərə 10:7). Məttanın müjdəsində Yehovanın ona necə cavab verdiyi yazılıb: «İsa vəftiz olan kimi sudan çıxdı. Birdən göylər açıldı, Yəhya gördü ki, Allahın ruhu göyərçin kimi İsanın üzərinə enir. Bu zaman göydən bir səs gəldi: “Bu, Mənim sevimli Oğlumdur. Mən ondan çox razıyam”» (Mətta 3:16, 17).
Yehova Allah İsanın öz bədənini qurban kimi təqdim etməsini qəbul edəndə Yerusəlim məbədindəki qurbangahdan böyük qurbangah peyda oldu. Bu Allahın iradəsini, yəni İsanın insan həyatını qurban kimi qəbul etmək üçün Allahın gördüyü tədbiri təmsil edən qurbangah idi (İbranilərə 10:10). İsanın müqəddəs ruhla məsh edilməsi o demək idi ki, Allah ruhani məbədi tam şəkildə işə saldı. Beləliklə, İsa vəftiz olanda Allahın səmavi məskəni məsh olundu, yəni böyük ruhani məbəd quruluşunda Ən müqəddəs yer olaraq ayrıldı.
*** dp-E s. 212, 213, abz. 5, 6 ***
İki padşahın qarşıdurması
5 İlk üç padşah Böyük Kuruş, II Kambis və I Dara (Viştasp) idi. Bardiya (yaxud Qaumata adlanan fırıldaqçı) cəmi yeddi ay hökmranlıq etdiyi üçün peyğəmbərlikdə onun qısa sürən hakimiyyəti nəzərə alınmayıb. Eramızdan əvvəl 490-cı ildə üçüncü padşah, yəni I Dara Yunanıstanı işğal etmək üçün ikinci dəfə cəhd göstərdi. Lakin Marafonda yunanlar farsları darmadağın etdilər. Farslar Kiçik Asiyaya çəkildilər. Dara Yunanıstana qarşı başqa bir yürüşə cidd-cəhdlə hazırlaşsa da, bunu həyata keçirə bilmədi. Dörd il sonra vəfat etdi. Bu işi oğlu və xələfi, dördüncü padşah olan I Kserks etməli oldu. I Kserks Əstərlə evlənən Ahaşveroş padşah idi (Əstər 1:1; 2:15—17).
6 I Kserks həqiqətən də hər şeyi, Yunanıstan səltənətinə, yəni müstəqil yunan dövlətlərinə qarşı qaldırdı. Bir kitabda deyilir: İddialı əyanların təhriki ilə Kserks yunanlara həm qurudan, həm də dənizdən hücuma keçdi («The Medes and Persians—Conquerors and Diplomats»). Eramızdan əvvəl beşinci əsrdə yaşayan yunan tarixçisi Herodot yazırdı ki, heç bir qoşun bu qoşunla müqayisəyə gələ bilməzdi. Onun sözlərinə görə farsların dəniz donanmasında 517 610 nəfər var idi. Piyada döyüşçülərin sayı 1 700 000 nəfər, süvarilərin sayı 80 000 nəfər idi. Üstəgəl, dəvə üzərində yürüş edən ərəblər, arabada döyüşən liviyalılar. Onların da ümumi sayı 20 000 minə çatırdı. Beləliklə, quru və dəniz qüvvələrinin sayı ümumilikdə 2 317 610 nəfər təşkil edirdi.
*** dp-E s. 213, abz. 8 ***
İki padşahın qarşıdurması
8 Mələk dedi: «Sonra güclü bir padşah peyda olacaq, o, böyük qüdrətlə hökmranlıq edəcək və istədiyini edəcək» (Dənyal 11:3). 23 yaşlı İsgəndər eramızdan əvvəl 336-cı ildə Makedoniya padşahı kimi peyda oldu. O, güclü padşah, Böyük İsgəndər oldu. Atası II Filipin planına əsasən, farsların Orta Asiyadakı əyalətlərini ələ keçirdi. Onun 47 000 nəfərlik qoşunu Fərat və Dəclə çayını keçərək Qavqameldə III Daranın 250 000 nəfərlik ordusunu darmadağın etdi. Dara qaçdı, nəhayətdə öldürüldü. Bununla da Fars sülaləsinə son qoyuldu. Yunanıstan dünya imperiyasına çevrildi. İsgəndər böyük qüdrətlə hökmranlıq etdi və istədiyini etdi.
*** dp-E s. 214, abz. 11 ***
İki padşahın qarşıdurması
11 İsgəndərin ölümündən sonra onun səltənəti dörd yerə parçalandı. Onun çoxsaylı sərkərdələri ərazi üstündə öz aralarında döyüşürdülər. Təkgözlü I Antiqon İsgəndərin bütün imperiyasını özünə tabe etdirmək istəyirdi. Lakin o, Frigiyada İpsus döyüşündə məhv edildi. Artıq eramızdan əvvəl 301-ci ildə İsgəndərin dörd sərkərdəsi onun istila etdiyi böyük ərazini öz aralarında bölmüşdülər. Kassandr Makedoniya və Yunanıstanı, Lisimax Kiçik Asiya və Trakiyanı idarə edirdi, Selevk I Nikator Suriya və Mesopatamiyada yerini möhkəmləndirmişdi, I Ptolemey isə Misir və Fələstini ələ keçirmişdi. Peyğəmbərlikdə deyildiyi kimi, İsgəndərin böyük imperiyası dörd ellin padşahlığına parçalanmışdı.
*** dp-E s. 315, abz. 18 ***
Yehova Dənyala gözəl mükafat vəd edir
18 Dənyal kitabına bir vədlə yekun vurulur. Bu, Allahın bəşər övladına verdiyi ən gözəl vəddir. Yehovanın mələyi Dənyala deyir: «Dövrün tamamında isə sənə düşən payı almaq üçün qalxacaqsan». Görəsən, mələk nəyi nəzərdə tuturdu? Dincəlmək ölümü bildirdiyi üçün Dənyalın müəyyən müddət sonra qalxması təkcə bir məna kəsb edə bilər, bu da dirilməkdir. Bəzi tədqiqatçıların fikrincə, Tövratda dirilmə barədə açıq-aydın birinci dəfə məhz Dənyal kitabının 12-ci fəslində danışılır (Dənyal 12:2). Lakin burada onlar yanılırlar. Dənyala dirilmə ümidi çox tanış idi.
*** g05-E 8/9 s. 12, abz. 2 ***
Bütün dünyada harmoniya
Yer kürəsində heç vaxt görülməmiş harmoniya olacaq. Çünki Allah Öz sadiq bəndələrinə yer kürəsinə qayğı göstərməyi öyrədəcək. O, hətta məcazi mənada yırtıcı heyvanlarla əhd bağlayacaq, onlar insanlara zərər verməyəcək, onların itaətində olacaqlar (Huşə 2:18; Yaradılış 1:26—28; Əşiya 11:6—8).
*** w07-E 1/4 s. 20, abz. 2 ***
Allaha məqbul qurbanlar
Müqəddəs Kitabda göstərilir ki, bizim mədhlərimiz Yehovaya verdiyimiz qurbanlardır. Yuşə peyğəmbərin mədhlərini buğa qurbanları kimi təqdim edəcəyik sözləri göstərir ki, Allah dodaqlarımızdan qopan mədhləri ən yaxşı qurban hesab edir (Huşə 14:2). Həvari Bulus yəhudi məsihiləri təşviq edirdi: Hər zaman Allaha mədh qurbanı, Onun adını bəyan edən dilimizin bəhrəsini təqdim edək (İbranilərə 13:15). Bu gün Yehovanın Şahidləri cidd-cəhdlə müjdəni bəyan edir və bütün xalqlarda şagird hazırlayırlar (Mətta 24:14; 28:19, 20). Onlar bütün dünyada gecə-gündüz Allaha mədh qurbanı təqdim edirlər.
*** jd-E s. 87, abz. 11 ***
Yehovaya Onun yüksək normalarına uyğun xidmət edin
11 Huşə 14:9 ayəsi düz yolla yeriməyin üstünlüklərindən bəhs edir. Allahın tələblərinə riayət etmək insana böyük fayda gətirir. O, bir Yaradan kimi bizi yaxşı tanıyır. Bizdən nə istəyirsə, bu, bizim öz xeyrimizədir. Gəlin avtomobillə onun istehsalçısı barədə düşünək. İstehsalçı avtomobilin quruluşunu çox gözəl bilir. Bilir ki, vaxtaşırı maşının yağını dəyişmək lazımdır. Bəs əgər maşının yaxşı işlədiyini düşünüb yağı dəyişdirilməsə, nə olar? Tez bir zamanda mühərrik sıradan çıxar. Eləcə də insanlar. Yaradanımız bizə əmrlər verib. Onlara əməl etmək bizim öz xeyrimizədir (Əşiya 48:17, 18). Bunu başa düşsək, Allahın dediyi kimi yaşamaq, Onun əmrlərinə riayət etmək bizə asan olacaq (Zəbur 112:1).
*** jd-E s. 167, abz. 4 ***
«Xalqlar arasında elan edin»
4 Məsələyə başqa tərəfdən baxın. Yehova Allah Yuil peyğəmbərə hər cür insanın peyğəmbərlik edəcəyi vaxt haqqında danışmışdır: «Bundan sonra hər cür insanın üzərinə ruhumu tökəcəyəm, sizin oğullarınız da, qızlarınız da peyğəmbərlik edəcək. Qocalarınız röyalar görəcəklər, gəncləriniz vəhylər alacaq» (Yuil 2:28—32). Həvari Butrus bu sözləri b. e. 33-cü ilində Yerusəlimdə Əllinci gün bayramında üst mərtəbədə toplaşanların üzərinə müqəddəs ruh tökülməsinə və onların «Allahın əzəmətli işləri»ni bəyan etmələrinə aid etmişdi (Həvarilərin işləri 1:12—14; 2:1—4, 11, 14—21). İndi isə bizim dövrə nəzər salın. Yuilin peyğəmbərliyi 20-ci əsrin əvvəllərindən etibarən daha böyük miqyasda yerinə yetir. Müqəddəs ruhla məsh olunmuş məsihilər — qadınlar və kişilər, qocalar və cavanlar «peyğəmbərlik» etməyə başlayırlar, yəni, «Allahın əzəmətli işləri»ni, eləcə də artıq göylərdə qurulmuş Padşahlıq haqqındakı müjdəni bəyan edirlər.