Əqidə məhbusları. Cənubi Koreya
26 oktyabr 2020-ci ildə Cənubi Koreyanın tarixində ilk dəfə əqidəyə görə hərbi xidmətdən imtina edənlərə mülki alternativ xidmət keçmək imkanı yaradıldı. Amma alternativ xidmətin müddətinə və sərtliyinə görə tezliklə aydın oldu ki, Cənubi Koreyada bu xidmət cəza və ayrı-seçkilik xarakteri daşıyır. Alternativ xidmətin müddəti hərbi xidmətindən iki dəfə çoxdur, yəni üç ildir. Bu isə beynəlxalq standartlara ziddir. Bundan əlavə, bu üç il ərzində alternativ xidmət keçənlər sanki ev dustaqlığında olanlar kimi cəzaçəkmə müəssisəsində yataqxanada saxlanılırlar və ciddi qadağalar altında xidmət edirlər.
BMT-nin İnsan Hüquqları Komitəsi və Cənubi Koreyanın Milli İnsan Hüquqları Komissiyası da daxil olmaqla, bir çox yerli və beynəlxalq ekspertlər qeyd ediblər ki, sistem təkmilləşdirilməlidir. Beynəlxalq standartlara əsasən əsaslı səbəb yoxdursa, alternativ xidmətin müddəti hərbi xidmətin müddətindən 1,5 dəfədən çox ola bilməz. Düzgün təşkil olunmuş alternativ xidmət proqramları insanın azadlığını ciddi şəkildə məhdudlaşdırmır və bu proqramların hərbi sistem ilə heç bir əlaqəsi olmur.
Bu səbəbdən, Cənubi Koreyada yaşayan bəzi Yehovanın Şahidləri bu alternativ xidmət proqramından imtina ediblər. Bəziləri məhkəmələrə şikayətlərlə müraciət ediblər. 30 may 2024-cü il tarixində Cənubi Koreyanın Konstitusiya Məhkəməsi bütün şikayətləri 5-in 4-ə səs çoxluğu ilə rədd etdi. Amma xüsusi rəyində məhkəmə alternativ xidmətin cəza xarakteri daşıdığını qeyd edib. Rəydə yazılıb: «Bu cür alternativ xidmət əqidəyə görə hərbi xidmətdən imtina edənlərin vicdan azadlığını pozan başqa bir cəza növüdür».
Vu-cin Byonun 29 yaşı var. O, ailəlidir. Vu-cin Byon alternativ xidmətdən imtina etdiyi üçün Cənubi Koreyada həbs edilmiş ilk Yehovanın Şahididir. O, əqidəsinə görə hərbi xidmət keçməkdən imtina etmişdi. Bununla belə, o hiss edirdi ki, təklif olunan alternativ xidmət cəza xarakteri daşıyır və onun Konstitusiya ilə zəmanət verilən hüquqlarını pozur. Hər şeyi yaxşıca götür-qoy edəndən sonra o, belə qənaətə gəldi ki, alternativ xidmət keçməkdən imtina etsin. Vu-cin Byon cəza xarakteri daşımayan alternativ xidmət keçməyə hazır olduğunu bildirsə də, 24 iyul 2024-cü il tarixində məhkəmə onu bir altı ay müddətinə həbsə məhkum edir.
Hal-hazırda Vu-cin Byon da daxil olmaqla 12 Yehovanın Şahidi alternativ xidmət keçməkdən imtina edib. Onlardan səkkizi ilə bağlı məhkəmə icraatı başlanıb. Məhkəmənin qərarı ilə onlar cinayət cəzası ala və həbs oluna bilərlər.
Hadisələrin gedişatı
24 iyul 2024-cü il
Vu-cin Byon alternativ xidmətdən imtina etdiyi üçün bir il altı ay müddətinə həbsə məhkum edilir.
10 noyabr 2022-ci il
Hərbi xidmətə çağırış alandan sonra Vu-cin Byon Hərbi Kadrlar İdarəsinə məktub göndərir və bildirir ki, vicdanı yol vermədiyi üçün həm hərbi, həm də alternativ xidmətdən imtina edir.
26 oktyabr 2020-ci il
Cənubi Koreya hökuməti əqidəyə görə hərbi xidmətdən imtina edənlər üçün alternativ xidmət proqramını işə salır.
1 noyabr 2018-ci il
Cənubi Koreyanın Ali Məhkəməsi 9-un 4-ə səs çoxluğu ilə qərara alır ki, əqidəyə görə hərbi xidmətdən imtina etmək cinayət deyil.
28 iyul 2018-ci il
Cənubi Koreyanın Konstitusiya Məhkəməsi qərara alır ki, «Hərbi xidmət haqqında» Qanun Konstitusiyaya ziddir, çünki qanunda əqidəyə görə hərbi xidmətdən imtina edənlər üçün alternativ xidmət nəzərdə tutulmayıb.
18 oktyabr 2016-cı il
Qvandju Apellyasiya Məhkəməsinin qərarına əsasən əqidəyə görə hərbi xidmətdən imtina edən üç Yehovanın Şahidi təqsirsiz bilinir.
30 avqust 2011-ci il
Konstitusiya Məhkəməsi əqidəyə görə hərbi xidmətdən imtina edənləri cəzalandıran qanunu dəyişməz saxlayır.
26 avqust 2004-cü il
Konstitusiya Məhkəməsi qərara alır ki, əqidəyə görə hərbi xidmətdən imtina edənləri cəzalandıran qanun Konstitusiyaya zidd getmir.
1975-ci il
Hökumət icbari hərbi xidməti təsis edir və hamının xidmət keçməsini tələb edir.
1973-cü il
Hökumət həbs olunmuş Yehovanın Şahidlərinə işgəncə verməyə başlayır. İşgəncələr 1990-cı illərin ortalarına qədər davam edir.
1953-cü il
Hökumət əqidəyə görə hərbi xidmətdən imtina edən ilk Yehovanın Şahidini həbs edir.