PLANETİMİZİN GƏLƏCƏYİ NECƏ OLACAQ?
İÇMƏLİ SU
HƏYAT su olmadan, xüsusilə də içməli su olmadan mövcud ola bilməz. Bütün canlıların orqanizminin əsas hissəsini su təşkil edir. Göllər, çaylar, bataqlıqlar və yeraltı sular insanları, heyvanları içməli su ilə təmin edir və əkin sahələrinin suvarılmasına imkan yaradır.
İçməli su problemi
Planetimizin əksər hissəsini su təşkil edir. Bununla belə, Ümumdünya Meteorologiya Təşkilatının məlumatına görə «Yer kürəsindəki su ehtiyatının cəmi 0,5 faizi yararlı və içməli sudur». İçməli su az olsa da, həyatın mövcud olması üçün kifayət edir. Lakin artan tələbat və iqlim dəyişikliyi nəticəsində onun əksər hissəsi ya çirklənir, ya da ümumiyyətlə yararsız olur. Mütəxəssislərin proqnozlarına görə qarşıdakı 30 il ərzində beş milyard insan hər an içməli su çatışmazlığından əziyyət çəkə bilər.
Planetimizin özünübərpa xüsusiyyəti
Yer kürəsində su ehtiyatının tükənməsinin qarşısını alan təbii proseslər var. Həmçinin torpaq, sualtı həyat, hətta gün işığı suyun təmizlənməsi üçün həmahəng şəkildə fəaliyyət göstərir. Gəlin planetimizin özünübərpa xüsusiyyəti ilə yaradıldığını göstərən bəzi sübutlara nəzər salaq.
Müşahidə olunmuşdur ki, torpaq suyu bir çox çirkabdan effektiv şəkildə təmizləyir. Bataqlıqlarda olan bəzi bitkilər azot, fosfor və pestisidləri (zərərli kimyəvi maddələr) məhv edir.
Alimlər təbii üzvi tullantılarla çirklənmiş suyu təmizləyən fiziki və bioloji proseslər aşkar ediblər. Bu tullantılar axar sulara qarışır və mikroorqanizmlər tərəfindən parçalanır.
Şirin su hövzələrindəki molyusklar və ikitaylı balıqqulaqları suda olan bəzi potensial zərərli kimyəvi maddələri bir neçə gün ərzində təmizləyirlər. Bəlkə də onlar bunu sutəmizləyən qurğulardan daha keyfiyyətli şəkildə həyata keçirirlər.
Su dövranı sayəsində planetimizdə su ehtiyatı qorunur. Bu dövran digər təbii proseslərlə yanaşı suyun atmosferdən çıxmasının və ya başqa şəkildə yox olmasının qarşısını alır.
Həll yolları
Yağ sızmalarının qarşısını almaqla və zərərli maddələrdən düzgün şəkildə azad olmaqla içməli su ehtiyatının təmiz qalmasına kömək edirik
Mütəxəssislər imkan daxilində suya qənaət etməyi tövsiyə edirlər. Suyun çirklənməsinin qarşısını almaq üçün onlar nəqliyyat vasitələrində yağ sızmalarını aradan qaldırmağı, istifadə olunmayan dərmanları unitaza atmamağı və zəhərli tullantıları kanalizasiya borularına axıtmamağı məsləhət görürlər.
Mühəndislər dəniz sularının duzdan təmizlənməsi üçün maraqlı üsullar tapıblar. Məqsəd içməli su ehtiyatını artırmaqdır.
Amma bu kifayət etmir. Dəniz suyunun duzdan təmizlənməsi baha başa gəlir və çoxlu enerji sərfiyyatına səbəb olur. BMT-nin 2021-ci ildə su ehtiyatlarının idarə edilməsi ilə bağlı verdiyi hesabatda yazılmışdı: «Bu sahədə görülən işlər qlobal miqyasda ikiqat artırılmalıdır».
Müqəddəs Kitabın verdiyi ümid
«[Allah]... su damlalarını yuxarı qaldırır, onlar onun dumanından yağışa çevrilirlər. Sonra buludlar yağışı yerə tökür, onlar bəşər üzərinə gur-gur yağır» (Əyyub 36:26—28).
Allah təbii dövranları Yer kürəsindəki su ehtiyatını qorumaq üçün yaradıb (Vaiz 1:7).
Yaradan içməli suyu qorumaq üçün müəyyən proseslər təsis edib. Bu bizi əmin edir ki, O, insanların həyat üçün vacib olan bu mənbəyə vurduğu zərəri aradan qaldırmağa qadirdir və bunu çox istəyir. Bu nəşrin 15-ci səhifəsindəki «Allah planetimizi qoruyacağına söz verib» adlı məqaləyə baxın.