PLANETİMİZİN GƏLƏCƏYİ NECƏ OLACAQ?
HAVA
HAVA bizim üçün zəruridir, amma təkcə nəfəs almaq üçün yox. Hava planetimizi, demək olar ki, günəşin bütün zərərli şüalarından qoruyur. Hava olmasa, dünyanın temperaturu sıfır dərəcədən aşağı düşər.
Hava problemləri
Havanın çirklənməsi həyat üçün ölümcül təhlükə yarada bilər. Dünya əhalisinin yalnız 1 faizi Ümumdünya Səhiyyə Təşkilatının standartlarına uyğun olan təmiz hava qəbul edə bilir.
Havanın çirklənməsi tənəffüs sistemi xəstəliklərinin, ağciyər xərçənginin və ürək-damar xəstəliklərinin yaranmasına səbəb ola bilər. Bu çirklənmə nəticəsində hər il təxminən 7 milyon insan vaxtından əvvəl həyatını itirir.
Planetimizin özünübərpa xüsusiyyəti
Planetimiz hər bir canlını daima təmiz hava ilə təmin etmək xüsusiyyəti ilə yaradılıb. Amma bu proses insanlar ətraf mühiti təmiz saxlamağa çalışanda daha çox effektiv olur. Gəlin bir neçə nümunəyə baxaq.
Meşələrin havadakı karbon dioksidi udduğu məlum məsələdir. Amma çoxlarımızın bilmədiyi bir fakt var: manqrov ağaclarının bitdiyi sahilyanı bataqlıqlar bu prosesi daha yaxşı həyata keçirir. Manqrov ağacları havadakı karbon dioksidi tropik meşələrlə müqayisədə beş dəfə daha çox udur.
Son tədqiqatlar göstərir ki, laminariya kimi böyük yosunlar atmosferdəki karbon dioksidi nəinki udur, hətta məhv edir. Yarpaqvari laminariyalarda hava ilə dolu kisələr var və bunun sayəsində onlar uzaq məsafələrə üzə bilirlər. Sahildən uzaqda həmin kisələr partlayır və karbonla dolu laminariyalar okeanın dibinə çökür. Beləcə, təbiətə zərər vurmadan yüzilliklər ərzində orada qalırlar.
Atmosferin insanların vurduğu zərərdən özünü necə bərpa etdiyi, COVID-19 pandemiyası zamanı aydın göründü. 2020-ci ildə qapanma zamanı dünyadakı əksər zavodlar və nəqliyyat vasitələri fəaliyyət göstərmədiyi üçün havaya, demək olar ki, zərərli maddələr buraxılmadı və nəticədə hava sürətlə təmizləndi. 2020-ci ilin Dünya Hava Keyfiyyəti Hesabatına əsasən, tədqiqatlarda iştirak edən ölkələrin 80 faizində qapanmadan qısa müddət sonra hava təmizlənmişdi.
Həll yolları
Velosipeddən istifadə etmək hava çirklənməsinin azalmasına kömək edə bilər
Hökumətlər havanın çirklənməsini azaltmaq üçün sənaye müəssisələrinə təzyiq göstərməyə davam edirlər. Həmçinin alimlər də çirklənmənin qarşısını almaq üçün yeni həll yolları axtarırlar. Misal üçün, mikroblardan istifadə edərək çirkləndirici maddələri zəhərsiz maddəyə çevirirlər. Həmçinin bəzi mütəxəssislər insanlara havanı çirkləndirən nəqliyyat vasitələrindən istifadə etmək əvəzinə piyada gəzməyi və ya velosiped sürməyi, eləcə də evlərində enerjiyə qənaət etməyi məsləhət görürlər.
Bəzi hökumətlər hava çirklənməsini azaltmaq üçün vətəndaşlarını müasir yemək sobaları ilə təmin edir, amma insanların əksəriyyətinin hələ də bu cür sobası yoxdur
Amma Ümumdünya Səhiyyə Təşkilatı və Dünya Bankı kimi beynəlxalq agentliklərin 2022-ci ildəki hesabatından açıq-aydın görünür ki, daha çox iş görülməlidir.
Bir hesabatda deyilir ki, 2020-ci ildə dünya əhalisinin üçdə biri yemək bişirərkən havanı çirkləndirən yanacaqlardan və digər şeylərdən istifadə edib. Bir çox ərazilərdə çox az adamın yeni sobalardan və ya alternativ yanacaqlardan istifadə etmək imkanı var.
Müqəddəs Kitabın verdiyi ümid
«Göyləri yaradıb,.. yeri və üzərindəki nemətləri yayıb sərən, dünyanın insanlarına nəfəs verən,.. var olan Allah Yehova belə deyir» (Əşiya 42:5).
Allah nəfəs aldığımız havanı və onu təmizləmək üçün təbii dövranları yaradıb. Onun tükənməz gücü var və O, bəşəriyyəti çox sevir. Buna görə də məntiqlidir ki, Yaradan havanı çirkləndirici maddələrdən tamamilə təmizləyəcək. 15-ci səhifədəki «Allah planetimizi qoruyacağına söz verib» adlı məqaləyə baxın.