Müqəddəs Yazıların kitabı nömrə 27 Daniel
Yazan: Daniel
Yazıldığı yer: Babil
Yazılması başa çatıb: b. e. ə. təx. 536-cı il
Əhatə etdiyi vaxt: b. e. ə. təx. 618-536-cı illər
BÜTÜN xalqların başının üstünü fəlakətin kəsdirdiyi bir dövrdə «Daniel» kitabı diqqəti olduqca əhəmiyyətli bir peyğəmbərliyə yönəldir. «Şamuel», «Padşahlar» və «Salnamələr» kitablarını Allahın simvolik Padşahlığının (Davud sülaləsinin) tarixinin canlı şahidləri yazmışdır. «Daniel» kitabında isə dünya imperiyaları təsvir edilir və Danielin dövründən tutmuş «axır zamana qədər» olacaq qüdrətli sülalələrin hakimiyyət uğrundakı çəkişmələrinə dair vəhylər yazılmışdır. Bu, qabaqcadan qələmə alınmış dünya tarixidir. Kitab ‘son günlərdə’ baş verəcək hadisələrin təsviri ilə bitir. Navuxodonosor kimi, xalqlar da öz acı təcrübələrində öyrənəcəklər ki, ‘Allah-Taala insan padşahlığı üzərində hökmranlıq edir’ və əvvəl-axır onu ‘bəşər oğluna bənzər’ Məsih və Rəhbər olan İsaya verəcək (Dan. 12:4; 10:14; 4:25; 7:13, 14; 9:25; Yəh. 3:13-16). Allahdan ilham almış «Daniel» kitabındakı peyğəmbərliklərin yerinə yetməsini diqqətlə izləyəndə Yehovanın peyğəmbərliyinin e’tibarlı olduğuna inamımız möhkəmlənəcək, Öz xalqını müdafiə edəcəyi və xeyir-dualandıracağına dair verdiyi və’di daha çox qiymətləndirəcəyik (2 Pet. 1:19).
2 Kitab onu yazanın adını daşıyır. Daniel (ibranicə Daniyel) ‘Mənim hakimim Allahdır’ deməkdir. Daniel ilə eyni dövrdə yaşamış Yezekel Nuh və Əyyubla yanaşı onun da adını çəkməklə Danielin real şəxsiyyət olduğunu təsdiq edir (Yez. 14:14, 20; 28:3). Danielin sözlərinə görə o, kitabı ‘Yəhuda padşahı Yehoyaqimin padşahlığının üçüncü ilində’ yazmağa başlamışdı. Bu, b. e. ə. 618-ci il, Yehoyaqimin Navuxodonosora tabe padşah kimi hakimiyyətinin üçüncü ili idia. Daniel Kirin üçüncü ilinə kimi, təxminən b. e. ə. 536-cı ilə kimi peyğəmbərlik vəhyləri aldı (Dan. 1:1; 2:1; 10:1, 4). Daniel həyatı boyunca nələrlə üzləşmədi?! Onun həyatının ilk illəri Yəhudada Allahın padşahlığının hakimiyyəti altında keçmişdi. Yeniyetmə çağında zadəgan yoldaşları ilə birgə Babilə aparılmış və orada Müqəddəs Kitab tarixində üçüncü dünya imperiyasının yüksəlişinin və süqutunun canlı şahidi olmuşdu. Daniel dördüncü dünya imperiyası olan Midiya-Fars dövlətində saray ə’yanı olmuşdu. Çox güman ki, o, yüz ilə yaxın ömür sürmüşdü.
3 Yəhudilər «Daniel» kitabını həmişə Allahdan ilham almış Müqəddəs Yazılar siyahısına daxil etmişlər. Özünə kanonik kitabları daxil edən Ölü dəniz əlyazmaları içində «Daniel» kitabından parçalar da tapılmışdır. Onlardan bə’zilərinin tarixi b. e. ə. I əsrin birinci yarısına gedib çıxır. Ancaq kitabın doğruluğuna ən tutarlı sübut Yunanca Müqəddəs Yazılarda ona istinad edilməsidir. İsa ‘dövrün sonu’ haqqında peyğəmbərliyində Danielin adını xüsusi olaraq çəkib, kitabdan bir neçə sitat gətirir. (Mat. 24:3; həmçinin Dan. 9:27; 11:31; 12:11 — Mat. 24:15; Mark 13:14; Dan. 12:1 Mat. 24:21; Dan. 7:13, 14 — Mat. 24:30 ayələrinə də baxın.)
4 Müqəddəs Kitab tənqidçiləri «Daniel» kitabının tarixiliyini şübhə altına alsalar da, illər ərzində yığılan arxeoloji tapıntılar onların iddialarını tamamilə heçə çıxardı. Məsələn, bu tənqidçilər Danielin Belşassarı Babil padşahı adlandırmasına istehza edirdilər, çünki o dövrdə hakimiyyət başında Nabonidin olduğu hesab edilirdi (Dan. 5:1). Arxeoloji qazıntılar nəticəsində Belşassarın real şəxsiyyət olduğu və Babil imperiyasının son illərində Nabonidlə birlikdə hakimiyyət sürdüyü sübut edilmişdir. Məsələn, ‘Nabonidin dastanı’ adlı qədim mixi mətni Belşassarın Babildə padşah nüfuzuna malik olduğunu açıq-aydın təsdiq edir və onun hansı yollarla Nabonidin hakimiyyət şəriki olduğunu izah edirb. Başqa mixi mətni də Belşassarın padşahlıq etdiyini göstərir. Nabonidin hakimiyyətinin 12-ci ilinə aid olan lövhəcikdə isə padşah Nabonidin və onun oğlu Belşassarın adına içilən and yazılıb. Bu göstərir ki, Belşassar öz atası ilə eyni nüfuza malik idic. Bu lövhəcik, Daniel divarda əlin yazdığı yazını izah etdiyi təqdirdə, Belşassarın nə üçün ona ‘padşahlıqda üçüncü adam olmağı’ və’d etdiyini başa düşməyə kömək edir. Birinci adam Nabonid, ikinci Belşassar idi, Daniel isə üçüncü adam e’lan olunacaqdı (5:16, 29). Bir tədqiqatçı deyir: «Mixi yazılarında Belşassara işarə edən çoxlu mə’lumat sayəsində onun tarixdə rolu və yeri tamamilə açıqlanır. Bir çox mətnlər, Belşassarın mövqedə və nüfuzda demək olar ki, Nabonidə bərabər olduğunu göstərir. Yeni Babil dövlətinin son illərində ikili hökmranlığın mövcudluğu tarixi faktdır. Nabonid Ərəbistanda Temadakı sarayından idarə edirdi, Belşassar isə hakimiyyət şəriki kimi Babildə padşahlıq edirdi. Aydındır ki, Belşassar səlahiyyətsiz canişin deyildi, ona “padşahlıq” e’tibar olunmuşdu»d.
5 Bə’ziləri Danielin odlu soba (3-cü fəsil) haqda yazdığı hadisəni şübhə altına alıb deyirdilər ki, bu əfsanədən başqa bir şey deyil. Qədim Babil dövrünə aid məktubda bu sözlər yazılıb: «Ağan Rim-Sin belə deyir: “Çünkü o, qul oğlanı sobaya atıb, bəs siz bu qulu sobaya atarsınızmı?”» G. R. Drayver həmin məktuba istinad edərək deyir ki, bu cəza üsuluna «üç müqəddəs kişinin əhvalatında rast gəlinir» (Dan. III 6, 15, 19-27)e.
6 Yəhudilər «Daniel» kitabını Peyğəmbərlərin deyil, Yazıların siyahısına salmışlar. Ancaq Azərbaycan dilindəki tərcümədə yunanca Septuaqinta və latınca Vulqatanın sıralamasına riayət edilərək, «Daniel» kitabı böyük peyğəmbərlərlə kiçik peyğəmbərlər arasında yerləşdirilmişdir. Kitab iki hissədən ibarətdir. 1-dən 6-dək fəsillərdən ibarət birinci hissədə b. e. ə. 617-ci ildən 538-ci ilə qədər Danielin və onun yoldaşlarının sarayda xidmət edərkən başına gələn hadisələr ardıcılıqla nəql edilir (Dan. 1:1, 21). 7-dən 12-dək fəsilləri əhatə edən ikinci hissəni Daniel öz adından yazıb, burada b. e. ə. 553-cüf ildən 536-cı ilədək aldığı görüntülər və mələklərin sözləri qələmə alınıb (7:2, 28; 8:2; 9:2; 12:5, 7, 8). İki hissə birlikdə bir kitabı, ahəngdar «Daniel» kitabını təşkil edir.
BİZƏ FAYDASI
19 Bu allahsız dünyada nöqsansızlığı qorumaq istəyən hər kəsə Danielin və onun üç yoldaşının gözəl nümunəsini izləmək faydalı olar. Üzləşdikləri təhlükənin böyüklüyündən asılı olmayaraq, onlar Allahın qanunlarından dönmədilər. Həyatları üçün təhlükə yarananda Daniel ‘müdriklik və nəzakətlə’ hərəkət edib padşahın hakimiyyətinə hörmətlə yanaşdı (2:14-16). Çıxılmaz vəziyyətə düşəndə üç ibrani bütə səcdə etməkdənsə odla qızmış sobada yanmağı, Daniel isə Yehovaya dua etməkdən əl çəkməkdənsə, şirlər olan quyuya atılmağı üstün tutdu. Hər iki halda Yehova onları müdafiə etdi (3:4-6, 16-18, 27; 6:10, 11, 23). Daniel Yehova Allaha bel bağlayıb dua etməkdə gözəl nümunə qoymuşdur (2:19-23; 9:3-23; 10:12).
20 Danielin gördüyü həyəcanlandırıci görüntüləri nəzərdən keçirdikdə insanın imanı möhkəmlənir. Gəlin əvvəlcə dünya dövlətlərinə aid olan dörd görüntünü nəzərdən keçirək: 1) Müdhiş heykəl görüntüsü. Onun qızıldan olan başı Navuxodonosordan başlayaraq Babil padşahlarının sülaləsini təmsil edir. Sonra heykəlin başqa hissələrinin təmsil etdiyi digər üç padşahlıq meydana çıxır. Bu padşahlıqları dağdan qoparılan ‘daş’ parça-parça edir, özü isə ‘heç vaxt dağılmayan bir padşahlıq’, Allahın Padşahlığı olur (2:31-45). 2) Sonra Danielin özünün aldığı görüntülər gəlir, birinci görüntüdə ‘dörd padşahlığı’ təmsil edən dörd heyvanı görür. Bunlar şir, ayı, dördbaşlı bəbir və dəmir dişli, on buynuzlu və sonradan kiçik buynuzu çıxan heyvan idi (7:1-8, 17-28). 3) Növbəti görüntü qoç (Midiya-Fars), təkə (Yunan) və kiçik buynuzdan bəhs edir (8:1–27). 4) Sonuncu görüntü isə cənub və şimal padşahları haqqındadır. Daniel 11:5-19 ayələrində İsgəndərin qurduğu Yunan imperiyasının, b. e. ə. 323-cü ildə onun ölümündən sonra, Ptolemeylər və Selevkilər qolları arasındakı rəqabət dəqiqliklə təsvir edilir. 20-ci ayədən başlayaraq, peyğəmbərlikdə şimal və cənub padşahlarının xələfləri sadalanır. Öz iştirakının əlaməti haqqında söylədiyi peyğəmbərlikdə İsanın ‘viranəlik gətirən iyrənc şeyə’ (11:31) istinad etməsi göstərir ki, bu iki padşahın hakimiyyət uğrunda mübarizəsi düz «dövrün sonuna» kimi davam edəcək (Mat. 24:3). Peyğəmbərliyin ‘millət yaranandan o vaxta qədər olmamış bir sıxıntılı dövr»də [KM] allahsız xalqları məhv etmək və itaətkar bəşəriyyətə sülh gətirmək üçün Mikaelin şəxsən qalxacağına bizi əmin etməsi necə də təsəllivericidir (Dan. 11:20–12:1).
21 Sonra Daniel ‘yetmiş dəfə yeddiillik dövr’ haqqında peyğəmbərlik edir. 69 yeddiillik dövrdən sonra ‘məsh olunmuş hökmdar’ peyda olmalı idi. Artaxşasta hakimiyyətinin 20-ci ilində ‘Yerusəlimi bərpa edib tikmək üçün fərman’ verdi, Nehemya isə Yerusəlimdə bu əmri həyata keçirdi. Diqqətəlayiqdir ki, fərmandan 483 il (69 dəfə 7 il) sonra nazaretli İsa İordan çayında vəftiz olundu və müqəddəs ruhla məsh edilərək Məsih, yə’ni məsh edilmiş oldug. Bu hadisə eramızın 29-cu ilində baş verdi. Sonra Danielin qabaqcadan söylədiyi kimi, Yerusəlim eramızın 70-ci ilində dağıdıldı (Dan. 9:24-27; Luka 3:21-23; 21:20).
22 «Daniel» kitabının 4-cü fəslində Navuxodonosorun kəsilmiş ağac haqqında gördüyü rö’ya və Yehova Allahın, nailiyyətləri ilə lovğalanan, öz qüdrətinə arxalanan padşahı alçaltması təsvir olunur. Padşah, ‘Allah-Taalanın insan padşahlığı üzərində hökmranlıq etdiyini və onu kimə istəsə verdiyini dərk edənədək’ çöl heyvanları ilə birgə yaşadı (Dan. 4:32). Hikmətlə davranaraq, Allahı insan padşahlıqlarının Rəhbəri qəbul edib, ümidimizi Onun Padşahlığına bağlayacağıqmı? Yoxsa biz də Navuxodonosor kimi nailiyyətlərimizlə lovğalanıb, insan gücünə arxalanacağıq? Əgər belədirsə, Allahın cəzası bizdən yan keçməyəcək.
23 «Daniel» kitabı boyunca Padşahlıq ümidi vurğulanaraq inamımızı möhkəmlədir. Yehova Allah başqa padşahlıqları məhv edib özü heç vaxt məhv olmayacaq bir Padşahlıq quran Haqq-Taala kimi təsvir edilir (2:19-23, 44; 4:25). Hətta bütpərəst padşahlar Navuxodonosor və Dara ali hakimiyyətin Yehovanın əlində olduğunu e’tiraf etməyə vadar oldular (3:28, 29; 4:2, 3, 37; 6:25-27). Kitabda Yehova Padşahlıq haqqında mübahisəli sualı həll edən və ‘bütün xalqlara, millətlərə və dillərə mənsub adamların xidmət etməsi’ üçün ‘bəşər oğluna bənzər birisinə hakimiyyət, izzət və padşahlıq verən’ ‘Əzəldən Var Olan’ kimi yüksəldilir və izzətləndirilir. Padşahlıqda ‘İnsan Oğlu’ İsa Məsih ilə birlikdə ‘Haqq-Taalanın müqəddəsləri’ hakimiyyət sürəcəklər (Dan. 7:13, 14, 18, 22; Mat. 24:30; Vəhy 14:14). İnsan Oğlu baş mələk Mikaeldir. O özünün padşahlıq səlahiyyəti ilə bu köhnə dünyanın bütün dövlətlərini məhv edəcək (Dan. 12:1; 2:44; Mat. 24:3, 21; Vəhy 12:7-10). Bu peyğəmbərlikləri və görüntüləri başa düşəndə salehliyi sevənlər hərəkətə təşviq olunur, ilhamlanmış və faydalı olan «Daniel» kitabında təsvir olunan Allahın Padşahlığının niyyətləri ilə bağlı gözəl şeylər tapmaq üçün Müqəddəs Yazıların səhifələrini araşdırırlar (Dan. 12:2, 3, 6).
[Haşiyələr]
a «Müqəddəs Yazıların dərk edilməsi», c. 1, s. 1269, (ing.).
b «Müqəddəs Yazıların dərk edilməsi», c. 1, s. 283, (ing.).
c «Arxeologiya və Müqəddəs Kitab», 1949, Corc A. Barton, s. 483.
d «The Yale Oriental Series Researches», Vol. XV, 1929.
e «Archiv für Orientforschung», c. 18, 1957, 58, s. 129.
f Güman ki, Belşassar Nabonidin hakimiyyətinin üçüncü ilində onunla birlikdə hakimiyyət sürməyə başlamışdı. Nabonidin hakimiyyətə gəldiyi il b. e. ə. 556-cı il hesab edildiyindən hakimiyyətinin üçüncü ili, ‘Belşassarın isə padşahlığının birinci ili’ b. e. ə. 553-cü ilə gəlib çıxır (Dan. 7:1; həmçinin, «Müqəddəs Yazıların dərk edilməsi», c. 1, s. 283, c. 2, s. 457, ing.).
g Nehemya 2:1-8; həmçinin «Müqəddəs Yazıların dərk edilməsi», c. 2, s. 899-901, (ing.).