Müqəddəs Yazıların kitabı nömrə 30 Amos
Yazan: Amos
Yazıldığı yer: Yəhuda
Yazılması başa çatıb: b. e. ə. təx. 804-cü il
AMOS nə peyğəmbər idi, nə də peyğəmbər oğlu. Yehova onu xidmətə çağıranda o, qoyun saxlayır və əncir yığırdı. O, təkcə doğma Yəhuda padşahlığının sakinlərinə deyil, əsas e’tibarı ilə şimal padşahlığı İsrailin əhalisinə peyğəmbərlik etməli idi. Amos, 2 Padşahlar 17:13, 22, 23 ayələrində xatırlanan, amma bilavasitə adı çəkilməyən peyğəmbərlərdən biri olmuşdur. O, Yəhudanın Teqoa şəhərindən idi. Bu şəhər Yerusəlimdən 16 kilometr cənubda, on qəbiləli şimal padşahlığı İsrailin cənub sərhəddindən təxminən bir günlük məsafədə yerləşirdi (Amos 1:1; 7:14, 15).
2 Amos öz kitabının birinci ayəsində Yəhuda padşahı Uzziyanın və İsrail padşahı Yoaş oğlu II Yarovamın dövründə, böyük zəlzələdən iki il qabaq peyğəmbərliyə başladığını deyir. Beləliklə, onun peyğəmbərlik fəaliyyəti 26 il, təxminən b. e. ə. 829-cu ildən b. e. ə. 804-cü ilə kimi, bu iki padşahın hakimiyyət illərinin üst-üstə düşdüyü bir dövrdə davam etmişdir. Zəkəriyyə peyğəmbər Uzziyanın günlərində xalqı dəhşət içində qaçıb canını qurtarmağa məcbur edən güclü zəlzələni xatırladır (Zək. 14:5). Yəhudi tarixçisi İosif Flavi, Uzziyanın özbaşınalıq edərək mə’bəddə buxur yandırmağa cəhd göstərdiyi zaman baş vermiş zəlzələdən xəbər verir. Lakin Amosun xatırlatdığı zəlzələ isə, çox ehtimal ki, Uzziyanın hakimiyyətinin ilk illərində olmuşdur.
3 «Amos» adı «Yük olan» və ya «Yük daşıyan» mə’nasını verir. İsraili və Yəhudanı (həmçinin çoxsaylı bütpərəst xalqları) gözləyən fəlakət xəbərini daşımaqla bərabər o, Yehovanın xalqının bərpası ilə bağlı təskinlik xəbərini də bəyan edirdi. Allahın İsrailə bəla e’lan etməyə hər bir əsası var idi. O dövrdə dəbdəbəli həyat, cah-cəlal və əxlaqsızlıq adi hal idi. Xalq Yehovanın qanununu unutmuşdu. Dəbdəbəli həyat gözlərini qamaşdırdığından, həddindən artıq dəymiş meyvə çürüməyə başladığı kimi, bu adamlar da məhvə doğru getdiklərini ağıllarına gətirmirdilər. Amos peyğəmbərlik edirdi ki, onqəbiləli padşahlığın əhalisi uzaq başı bir neçə ilə kimi Dəməşqdən o taya köçürüləcək. Bununla o, 21 dəfə «Xudavənd Rəbb» adlandırdığı Yehovanın ədalətini və hakimiyyətini ucaltdı (Amos 1:8).
4 Bu və ya digər peyğəmbərliklərin yerinə yetməsi «Amos» kitabının doğruluğunu təsdiq edir. Peyğəmbər, həmçinin İsraili əhatə edən bütün düşmən xalqların — aramlıların, filiştlilərin, surluların, edomluların, ammonluların və moavlıların — odla məhv ediləcəklərini qabaqcadan xəbər verir. Tarixdən göründüyü kimi, bir müddət keçəndən sonra bu düşmən xalqların hər biri məhv edilmişdir. Lakin Yəhudanı və İsraili daha sərt hökm gözləyirdi, çünki onlar Yehova Allah dura-dura yalançı allahlara itaət edirdilər. B. e. ə. 740-cı ildə, uzun mühasirədən sonra Assuriya ordusu V Şalmaneserin başçılığı altında İsrailin sonuncu istehkamı Samariya şəhərini zəbt etdi (2 Pad. 17:1-6). Yəhuda, qardaş xalqın başına gələn hadisədən ibrət götürmədi və b. e. ə. 607-ci ildə yerlə yeksan edildi.
5 Amos İsrailin dəbdəbəli həyatını ittiham edirdi, çünki içində şərab içib, dəm-dəsgahla nahar etdikləri «fil sümüyü ilə bəzənmiş evlər» tikmək üçün, varlılar kasıbları aldadırdılar (Amos 3:15; 5:11, 12; 6:4-7). Arxeoloqlar o zamankı dəbdəbəli həyatın sübutunu tapmışlar. Samariyada aparılan qazıntılar zamanı fil sümüyündən düzəldilmiş çoxsaylı əşyalar üzə çıxmışdır. Bir ensiklopediyada deyilir: «Tapılan əşyaları iki əsas qrupa bölmək olar: 1. Qorelyef (hündür qabarıq) naxışlı lövhələr... 2. Qiymətli daşlarla, rəngli şüşələrlə, zərvərəqlə və s. [...] bəzədilmiş barelyef (qabarıq) naxışlı lövhələr. Fil sümüyündən düzəldilmiş əşyalar Kən’an incəsənətinə aid edilir və İsrail padşahlarının dövründə, yəqin ki, saray mebeli üzərində mozaika kimi işlənirdi. Müqəddəs Kitabda Axavın «fil sümüyündən tikdiyi saray» (1 Pad. 22:39) və cah-cəlalın təcəssümü olan ‘fil dişi ilə bəzənmiş divanlar’ xatırlanır. Amosun onları məzəmmət etməsinin səbəbi də elə bu idi (6:4)»a.
6 «Amos» kitabının Müqəddəs Yazıların kanonuna məxsus olması şübhə doğurmamalıdır. Stefanın Həvarilərin işləri 7:42, 43 ayələrində bu kitabdan üç ayəni nəql etməsi, həmçinin Yaqubun Həvarilərin işləri 15:15-18 ayələrində ondan sitat gətirməsi onun doğruluğunu qəti surətdə təsdiq edir (Amos 5:25-27; 9:11, 12).
BİZƏ FAYDASI
13 Amosun İsrailə, Yəhudaya və onların qonşularına e’lan etdiyi xəbərdarlıqların səbəbinə diqqət yetirmək, Müqəddəs Kitabın müasir oxucuları üçün faydalı olardı. Yehovanın qanununu rədd edənlər, kasıbları aldadanlar və sıxışdıranlar, tamahkarlar, əxlaqsızlar və bütlərə itaət edənlər Yehovanın rəğbətini qazana bilməzlər. Amma bu cür işlərdən tövbə edib əl çəkənləri Yehova bağışlayır və onlara lütf göstərir. Əgər biz pozğun ünsiyyətdən aralı gəzir və Yehovanın «Mənə tərəf dönün ki, sağ qalasınız» tövsiyəsinə qulaq asırıqsa, deməli ağılla davranırıq (5:4, 6, 14).
14 İşgəncəli ölümündən əvvəl Stefan Amosun kitabından sitat gətirdi. O, yəhudilərə, İsrailin Molox və Remfan kimi yad allahlara itaət etdiyi üçün əsirliyə düşdüyünü xatırlatdı. Yəhudilər «Amos» kitabındakı xəbərdarlıqdan bir nəticə çıxartdılarmı? Xeyr! Onlar qəzəblənib Stefanı daş-qalaq etdilər, bununla da onlar özlərini b. e. 70-ci ilində Yerusəlimin darmadağın edildiyi zaman bu xalqı haqlamış daha bir bədbəxtliyə düçar etdilər (Amos 5:25-27; Həv. iş. 7:42, 43).
15 Amosun təkcə İsrailin, Yəhudanın və digər xalqların aldıqları cəzalar haqqında çoxsaylı peyğəmbərliklərinə deyil, həmçinin bərpa edilmə haqqındakı peyğəmbərliklərinə də nəzər salmaq çox faydalıdır. Yehovanın Amos vasitəsilə dediyi sözlərinə sübut olaraq, b. e. ə. 537-ci ildə israillilər əsirlikdən qayıtdılar ki, viran qalmış şəhərlərini tikib məskunlaşsınlar və orada bağlar, üzümlüklər salsınlar (Amos 9:14; Ezra 3:1).
16 Amosun daha bir peyğəmbərliyinin həvarilərin günlərində heyrətamiz şəkildə yerinə yetməsi diqqətəlayiqdir. Məsihçi yığıncağına qeyri-israillilərin daxil olacağı müzakirə ediləndə, Yaqub Allahdan ilham alaraq, bunun Amos 9:11, 12 ayələrində qabaqcadan deyildiyini izah etdi. O, göstərdi ki, ‘Davudun yıxılmış məskəninin yenidən qurulacağı’ haqqındakı peyğəmbərlik məsihçi yığıncağı üzərində yerinə yetdi. Orada oxuyuruq: «Qalan insanlar və Özümə aid olmaq üçün çağırdığım bütün xalqlar Rəbbi axtarsınlar. Bunların hamısını edən Rəbb belə deyir». Bu, şübhəsiz ki, yeni təşkilati quruluş yaranacağına dair Müqəddəs Kitabda deyilənlərin təsdiqi idi. Şimon Peterin dediyi kimi, Allah müxtəlif xalqlardan ‘Öz adı naminə bir xalq təşkil edir’ (Həv. iş. 15:13-19).
17 Müqəddəs Yazıların başqa bir hissəsində məsihçi yığıncağının başçısı İsa Məsihin «Davud oğlu» adlandırılaraq, «atası Davudun taxtını» miras alacağı və əbədi padşahlıq edəcəyi deyilir (Luka 1:32, 33; 3:31). Beləliklə, Amosun peyğəmbərliyi Davudla bağlanmış padşahlıq əhdinin həyata keçdiyinə işarə edir. Amosun yekun sözləri «Davudun çadırının» bərpası dövründəki bolluq və çiçəklənməni təsvir etməklə yanaşı, həmçinin Allahın Padşahlığının sabitliyini vurğulayır: «“Onları özlərinin torpağında yerləşdirəcəyəm, Onlara verdiyim torpaqdan bir daha kənara atılmayacaqlar” Allahın Rəbb belə deyir». Yehova «Davudun çadırını» tamamilə bərpa etdikdən sonra yer üzündə bol-bol daimi xeyir-dua olacaq! (Amos 9:13-15).
[Haşiyə]
a «Encyclopedia of Archaeological Excavations in the Holy Land», 1978, Yerusəlim, s. 1046.