Fəsil 4
Hələ ərdə olmayan qız hamilədir
MƏRYƏM üç ay olar ki, hamilədir. Bildiyimiz kimi, o, təzəcə hamilə olanda Elizabetin yanına getmişdi. İndi isə Nazaretə, evinə qayıdıb. Doğma şəhərində tezliklə hamı onun hamiləliyi haqqında xəbər tutacaq. O çox müşkül bir vəziyyətdədir!
Üstəlik, Məryəmin dülgər Yusifə nişanlı olmağı onun vəziyyətini lap çətinləşdirir. O, yaxşı bilir ki, nişanlı qız başqa kişi ilə yaxınlıq edərsə, Allahın İsrailə verdiyi qanuna əsasən, daşqalaq edilməlidir. Bəs Məryəm hamilə olduğunu Yusifə necə izah edəcək?
Məryəm üç ay burada olmadığından, şübhəsiz ki, Yusif onu həsrətlə gözləyir. Onlar görüşəndə Məryəm nə baş verdiyini ona danışır. Əlbəttə, o, Allahın müqəddəs ruhu vasitəsilə hamilə olduğunu izah etməyə çalışır. Lakin buna inanmaq Yusif üçün heç də asan deyil.
Yusif bilir ki, Məryəm ismətli qızdır və sözsüz ki, bu qızı ürəkdən sevir. Ancaq Məryəmin bütün izahatına baxmayaraq, Yusifə yenə də elə gəlir ki, nişanlısı başqa kişidən hamilədir. Bununla belə, Yusif Məryəmin daşlanıb öldürülməsini, yaxud el içində rüsvay olmasını istəmir. Buna görə də gizlicə onu boşamaq istəyir. O vaxtlar nişanlı olmaq evlilik kimi sayılırdı və nişanı qaytarmaq üçün boşanmaq lazım gəlirdi.
Yusif bu barədə götür-qoy edə-edə yuxuya dalır. Yuxuda Yehovanın mələyi ona görünüb deyir: «Arvadın Məryəmi evinə gətirməyə qorxma, çünki o, bətnindəki uşağa müqəddəs ruh vasitəsilə hamilə qalıb. Məryəm bir oğlan uşağı doğacaq, uşağın adını İsa qoyarsan, çünki o, xalqını günahlardan xilas edəcək».
Təsəvvür edirsiniz, Yusif yuxudan oyananda Allaha nə qədər minnətdardır! O, ləngimədən mələyin dediklərini icra edir və Məryəmi öz evinə gətirir. Açıq-aşkar atılan bu addım rəsmi nikahın qurulduğunu bildirir. Beləliklə, Yusiflə Məryəm artıq ər-arvaddırlar. Amma Məryəm İsanı doğana qədər Yusif onunla yaxınlıq etmir.
Artıq Məryəmin hamiləliyi lap ağırlaşıb, lakin onlar yola çıxmağa hazırlaşırlar. Budur, Yusif onu eşşəyə mindirir. Görəsən, onlar hara gedirlər? Nə üçün onlar məhz Məryəmin hamiləliyinin bu son mərhələsində yola çıxırlar? Luka 1:39—41, 56; Matta 1:18—25; Qanunun təkrarı 22:23, 24.
▪ Yusif Məryəmin hamilə olduğunu biləndə hansı hissləri keçirir və nə üçün?
▪ Yusif Məryəmlə nikahda olmadığı halda onu necə boşaya bilərdi?
▪ Hansı addım Yusiflə Məryəmin nikah qurduğunu bildirir?