Fəsil 70
Anadangəlmə kor adamın sağalması
YƏHUDİLƏR İsanı daşqalaq etmək istəyirdilər, buna baxmayaraq, o, Yerusəlimdə qalır. Şənbə günü o, şagirdləri ilə şəhərdə anadangəlmə kor bir adamla rastlaşır. Şagirdlər İsadan soruşurlar: «Müəllim, bu adam niyə kor doğulub? Bu, onun öz günahıdır, yoxsa valideynlərinin?»
Görünür, şagirdlər də, bəzi ravvinlər kimi, inanırlar ki, adam hələ anasının bətnində ikən günah işləyə bilər. İsa belə cavab verir: «Nə öz günahıdır, nə də valideynlərinin. Bu ondan ötrüdür ki, bu adamın üzərində Allahın işləri bəlli olsun». Bu adamın korluğu nə özünün, nə də valideynlərinin etdiyi səhv və ya günah ucbatındandır. İlk insan olan Adəmin günahı bütün insanları qeyri-kamil etmiş, beləcə, insanlar müxtəlif fiziki çatışmamazlıqlara, o cümlədən anadangəlmə korluğa məruz qalmışlar. Lakin bu kor adamın vəziyyəti İsaya Allahın işlərini bəlli etməyə imkan verir.
İsa bu işlərin təxirəsalınmaz olduğunu belə vurğulayır: «Hələ ki, gündüzdür, məni göndərənin işlərini görməliyik. Gecə yaxınlaşır. Gecə heç kəs iş görə bilməz. Nə qədər ki, dünyadayam, mən dünya üçün nuram». Bir azdan İsa ölüb qaranlıq məzara düşəcək, orada o, heç nə edə bilməyəcək. Hələlik isə o, dünya üçün nurdur.
Bunu deyəndən sonra İsa yerə tüpürür, torpağı qarışdırıb palçıq düzəldir və kor adamın gözlərinə yaxıb deyir: «Get Siloam hovuzunda üzünü yu». Kişi qulaq asıb gedir. Üzünü yuyur və budur, gözləri açılır! Geri qayıdanda o, sevincindən yerə-göyə sığmır, ömründə ilk dəfədir ki, o görür!
Qonşuların və onu tanıyanların heyrətdən ağızları açıla qalır. Onlar bir-birindən soruşurlar: «Bu, əvvəllər oturub dilənçilik edən adam deyil?» Bəziləri deyir: «Hə, bu həmin dilənçidir». Digərləri: «Yox, bu o deyil, sadəcə ona oxşayır», — deyirlər. O isə: «Bu mənəm», — deyir.
— Bəs gözlərin necə açıldı? — onlar bilmək istəyirlər.
— İsa adında bir adam palçıq düzəldib gözlərimə yaxdı, sonra da dedi ki, gedib Siloamda üz-gözümü yuyum. Mən gedib orada üzümü yudum və gözlərim açıldı.
— O dediyin adam haradadır?
— Nə bilim.
Onda adamlar onu fəriseylərin yanına aparırlar. Fəriseylər onu sorğu-suala tutub gözlərinin necə açıldığını soruşurlar. Gözləri açılmış kişi izah edir: «O adam gözlərimə palçıq yaxdı, mən gözlərimi yudum və görməyə başladım».
Fəriseylər bu dilənçinin sağalmasına mütləq sevinməli idilər. Amma yox! Onlar İsanı ittiham edirlər: «O adam kafirdir». Axı nəyə görə? «Çünki o, şənbə qanununu pozur». Digər fəriseylər isə təəccüblənirlər: «Günahlı adam bu cür möcüzələri necə göstərə bilər?» Beləcə, onların arasında ixtilaf düşür.
İş belə olduqda fəriseylər bu adamdan soruşurlar: «İndi ki, o sənin gözlərini açıb, onun barəsində nə deyə bilərsən?»
O cavab verir: «O adam peyğəmbərdir».
Fəriseylər qətiyyən buna inanmaq istəmirlər. Onlar əmindirlər ki, İsa ilə bu adam başqalarını aldatmaqdan ötrü sözləşiblər. Beləliklə, bu məsələni həll etmək üçün fəriseylər dilənçinin ata-anasını çağırırlar. Yəhya 8:59; 9:1—18.
▪ Kişinin kor olmasının səbəbi nədir və bu haqda hansı yanlış təsəvvürlər var?
▪ Heç kəsin iş görə bilmədiyi «gecə» nədir?
▪ Kişinin sağalmasına onu tanıyanlar necə yanaşırlar?
▪ Kişinin sağalması nə üçün fəriseylər arasında ixtilafa səbəb olur?