Fəsil 100
On mina barədə məsəl
GÖRÜNÜR, Yerusəlimə gedən İsa hələ də Zakkayın evindədir. Şagirdlər elə bilirlər ki, o, Yerusəlimdə Məsih olduğunu xalqa bəyan edəcək və padşahlığını quracaq. İsa onlara yanıldıqlarını və Allahın Padşahlığının çox-çox uzaqda olduğunu göstərmək üçün bir məsəl çəkir:
«Kübar ailədən olan bir adam padşahlıq hakimiyyətini alıb geri qayıtmaq üçün uzaq bir ölkəyə yollanırdı». «Kübar ailədən olan adam» İsadır, «uzaq ölkə» isə göylərdir. İsa göyə qayıdanda Atası ona padşahlıq hakimiyyətini verəcəkdi.
Lakin bu kübar adam yola düşməzdən öncə on nökərini çağırır və hər birinə bir mina dəyərində gümüş pul verib deyir: «Mən gələnə kimi bu pulu dövriyyəyə buraxın». On nökər birinci növbədə İsanın ilk şagirdlərini, geniş mənada isə Padşahlığın həmvarisi ola biləcək hər kəsi təmsil edir.
Gümüş mina dəyərli puldur; bu, əkin-biçinlə məşğul olan adamın üç aylıq qazancıdır. Bəs mina nəyin simvoludur? Nökərlər onu dövriyyəyə necə buraxmalıdırlar?
Bu minalar İsanın taxtda oturacağı vaxtadək Padşahlığın həmvarislərinin sayını artırmaq üçün məsh olunmuş şagirdlərin istifadə edəcəyi vasitələrdir. İsa dirilib şagirdlərinə göründükdə simvolik minaları onlara verir ki, onlar daha çox şagird hazırlayıb Padşahlığın həmvarislərini toplasınlar.
İsa sözünə davam edir: «Lakin ölkəsinin vətəndaşları ona nifrət edirdilər və ardınca bir neçə elçi göndərib dedilər: “Biz bu adamın üzərimizdə hökmranlıq etməsini istəmirik”». Burada vətəndaşlar, İsanın şagirdlərini çıxmaq şərtilə, israilliləri, başqa sözlə, yəhudiləri təmsil edir. İsa göyə qalxdıqdan sonra yəhudilər onun şagirdlərini təqib etməyə başladılar. Onlar kübar adamın dalınca elçi göndərən ölkə vətəndaşları kimi hərəkət edirlər: İsa göyə qalxdıqdan sonra yəhudilər onun şagirdlərini təqib etməyə başlayaraq İsanı öz padşahları kimi qəbul etmədiklərini göstərirlər.
Bu on nökər minalardan necə istifadə edir? İsa nəql edir: «Padşahlıq hakimiyyətini alıb geri qayıdandan sonra o, həmin nökərləri yanına çağırtdırdı ki, görsün onlara verdiyi gümüş pulun dövriyyəsindən nə qədər gəlir əldə ediblər. Birinci nökər gəlib dedi: “Ağam, verdiyin mina on mina gətirdi”. Ağası ona dedi: “Afərin, qoçaq nökər! Xırda bir işdə sadiq olduğun üçün sənə on şəhər üzərində hakimiyyət verirəm”. Sonra ikinci nökər gəlib dedi: “Ağam, verdiyin mina beş mina gətirdi”. Ağası bu nökərə də dedi: “Sənə də beş şəhər üzərində hakimiyyət verirəm”».
On minası olan nökər eramızın 33-cü ilinin Əllinci gün bayramından bəri İsanın şagirdlərindən ibarət olan qrupu təmsil edir. Həvarilər də bu qrupa daxildir. Beş mina qazanan nökər də eyni vaxt kəsiyində yaşayan və imkanı daxilində padşahın yer üzündəki mülkünü artıran qrupdur. Bu qruplar xoş xəbəri canla-başla təbliğ edir və bunun sayəsində çoxlu sayda səmimi insan Məsihin davamçısı olur. Bəli, on nökərdən doqquzu işlərini səmərəli qurub əllərində olan minaları artırırlar.
İsa davam edir: «Lakin başqa birisi gəlib belə dedi: “Ağam, al, bu da sənin pulun. Onu yaylığa büküb saxlamışam. Səndən qorxdum, çünki sən insafsız adamsan; qoymadığını götürürsən, əkmədiyini biçirsən”. Ağası ona dedi: “Yaramaz nökər! Sən öz dilinlə özünü məhkum etdin. Axı sən mənim qoymadığını götürən, əkmədiyini biçən insafsız adam olduğumu bilirdin! Belə isə, nə üçün gümüş pulu dövriyyəyə buraxmadın ki, qayıdanda onu faizlə geri alım?” Onda ağa yanındakılara dedi: “Pulu bundan alıb on minası olana verin”».
«Yaramaz nökər» simvolik minanı itirməklə səmavi Padşahlıqda yerini əldən verir. Bəli, o, məcazi mənada beş və ya on şəhər üzərində hakimlik etmək şərəfindən məhrum olur. Onu da qeyd edək ki, bu nökər pis iş tutduğuna görə yox, ağasının əmlakını artırmadığı üçün yaramaz adlanır.
Yaramaz nökərin pulu birinci nökərə veriləndə bəziləri etiraz edir: «Ağa, axı onun artıq on minası var!» Lakin İsa deyir: «Bunu bilin ki, kimdə varsa, ona daha çox veriləcək, kimdə yoxdursa, əlindəki də alınacaq. Üzərlərində padşahlıq etməyimi istəməyən düşmənlərimi isə bura gətirib gözümün qabağında öldürün». Luka 19:11—27; Matta 28:19, 20.
▪ İsa on mina məsəlini nəyə görə danışır?
▪ «Kübar adam» kimdir və o, hara gedir?
▪ «Nökərlər» kimləri təmsil edir? «Minalar» nəyi bildirir?
▪ «Ölkə vətəndaşları» kimlərdir və kübar adama nifrətlərini necə göstərirlər?
▪ Nəyə görə nökərlərdən biri «yaramaz» adlanır və onun minadan məhrum olması nə deməkdir?