Fəsil 129
İsa şagirdlərə görünür
ŞAGİRDLƏR hələ də üzüntü içindədirlər. Onlar sərdabənin nəyə görə boş qaldığını başa düşməmiş və qadınların gətirdikləri xəbərə inanmamışdılar. Həftənin ilk günü Kleopa və başqa bir şagird Yerusəlimdən təqribən 11 kilometr uzaqlıqda yerləşən Emmaus kəndinə yola düşürlər.
Onlar gedə-gedə baş verənlər barədə aralarında söhbət edirlər. Yolda tanımadıqları bir adam onlara qoşulur və soruşur: «Nə barədə danışırsınız?»
Şagirdlər dayanırlar. Onların bənizi kədərlidir. Kleopa deyir: «Sən, deyəsən, qəribsən və Yerusəlimdə tək-tənha qalırsan. Məgər bu günlərdə şəhərdə baş vermiş hadisələrdən xəbərin yoxdur?» Həmin adam soruşur: «Hansı hadisələrdən?»
Onlar cavab verirlər: «Nazaretli İsa ilə bağlı hadisələri deyirik... Bizim böyük kahinlər və rəhbərlər isə ona ölüm hökmü kəsib dirəyə mıxladılar. Eh, biz isə ümid edirdik ki, o, İsraili azad edəcək».
Kleopa və onun yol yoldaşı günün əlamətdar hadisələri — mələklərin peyda olması, sərdabənin boş qalması barədə danışır və bu xəbərlərin onları çaşbaş saldığını etiraf edirlər. Bu adam isə onları məzəmmət edir: «Ey ağılsızlar və peyğəmbərlərin dediklərinə inanmayan ürəyi hissiyyatsızlar! Məgər Məsih bu əzablara qatlaşmalı və sonra şöhrətə yetişməli deyildi?» Sonra Müqəddəs Yazılarda Məsihlə bağlı deyilənləri onlara izah edir.
Nəhayət, onlar kəndə çatırlar. Amma bu qərib özünü elə aparır ki, guya yoluna davam edir. Şagirdlər ondan daha çox şey eşitmək arzusu ilə təkid edirlər: «Artıq axşam düşür, qaş qaralır. Bizimlə qal». O, onlarla şam yeməyinə qalır. O dua edir və çörəyi bölüb onlara verir. Şagirdlər bundan başa düşürlər ki, bu adam İsadır. Həmin andaca İsa qeyb olur.
İndi onlar qərib adamın bu qədər şeyi haradan bildiyini yaxşı anlayırlar. Onlar deyirlər: «Məgər o, yolda bizimlə danışanda, Müqəddəs Yazıları bizə izah edəndə ürəyimiz alışıb yanmırdı?» Onlar vaxt itirmədən qalxıb Yerusəlimə yola düşürlər. Orada həvariləri və onlarla birlikdə olan başqa adamları görürlər. Kleopa ilə yoldaşı ağızlarını açmamış onlar sevincək deyirlər: «Ağa, doğrudan da, dirilib və Şimona görünüb!» Sonra Kleopagil də İsanın onlara göründüyünü danışırlar. Beləliklə, həmin gün İsa ayrı-ayrılıqda şagirdlərinə dörd dəfə görünür.
Bu an gözlənilmədən İsa beşinci dəfə peyda olur. Şagirdlər yəhudilərdən qorxduqları üçün qapını içəridən qıfıllamışdılar. Buna baxmayaraq, İsa otağın ortasında durub onlara deyir: «Salaməleyküm». Onlar kabus gördüklərini sanıb dəhşətə düşürlər. Amma İsa onlara deyir: «Niyə qorxursunuz və nə üçün ürəyinizdə şübhə oyanır? Əllərimə və ayaqlarıma baxın, bu mənəm. Mənə toxunun və baxın, axı ruhun əti və sümüyü olmur, məndə isə var». Şagirdlər isə hələ də inanmırlar.
İsa özünü tanıtmaq üçün şagirdlərdən soruşur: «Yeməyə bir şeyiniz var?» Qızardılmış balıqdan bir az yedikdən sonra o deyir: «Hələ sizinlə olanda [ölümümdən əvvəl] sizə məhz bu haqda danışmışdım ki, Musanın qanununda, Peyğəmbərlərin kitablarında və Məzmurlarda mənim haqqımda yazılanlar yerinə yetməlidir».
İsa onlarla bir növ Müqəddəs Kitabı araşdırır: «Müqəddəs Yazılar deyir ki, Məsih əzab çəkəcək, ölüb üçüncü gün diriləcək, Yerusəlimdən başlayaraq bütün millətlərə onun adı ilə günahların bağışlanması üçün tövbə xəbəri təbliğ olunacaq. Siz bunların şahidi olacaqsınız».
Tomas nədənsə bu vacib görüşdə (həftənin ilk günü axşamüstü) iştirak etməmişdi. Bu səbəbdən şagirdlər sonrakı günlər ərzində sevinə-sevinə ona deyirlər: «Biz Ağanı gördük!»
Tomas isə deyir: «Əgər onun əllərində mıx izlərini görməsəm, bu yaralara barmağımla toxunmasam, əlimi onun böyrünə qoymasam, ömrümdə inanmaram».
Bu hadisədən səkkiz gün sonra şagirdlər yenidən bir yerə toplaşırlar. Tomas da onlarladır. Qapılar qıfıllı olsa da, İsa yenə də otağın ortasında peyda olub deyir: «Salaməleyküm!» Sonra Tomasa müraciət edir: «Barmağını bura qoy və əllərimə bax. Əlini uzat, böyrümə qoy və daha şübhə etmə, inamlı ol!»
Tomas nida edir: «Ağam, allahım!»
İsa soruşur: «Məni gördüyün üçün inandın?» Sonra əlavə edir: «Görməyib iman edənlər nə xoşbəxtdirlər!» Luka 24:11, 13—48; Yəhya 20:19—29.
▪ İsanın iki şagirdi Emmausa gedərkən bir qərib onlardan nə soruşur?
▪ Qərib adamın hansı sözlərindən şagirdlərin ürəyi alışıb yanır?
▪ Şagirdlər qərib adamın kim olduğunu nədən bilirlər?
▪ Kleopa ilə yoldaşı Yerusəlimə qayıdanda hansı şad xəbəri eşidirlər?
▪ İsa beşinci dəfə şagirdlərinə harada görünür və o, nə edir?
▪ Bundan səkkiz gün sonra nə olur? Tomas İsanın sağ olduğuna necə əmin olur?