Fəsil 132
Allahın sağında
ƏLLİNCİ GÜN bayramında şagirdlərin üzərinə müqəddəs ruhun tökülməsi İsanın göylərə qayıtdığını göstərir. Həmçinin bir müddət sonra İsanın şagirdi Stefana verilən görüntü də bunu sübut edir. Bu sadiq şahid daşlanmazdan əvvəl bəyan edir: «Budur, mən göyün açıldığını və insan Oğlunun Allahın sağında durduğunu görürəm».
İsa Allahın sağında olduğu müddətdə Onun: «Düşmənlərini ayaqlarının altına salanadək sağımda otur», — əmrini gözləyir. Görəsən, İsa bu əmri alanadək nə ilə məşğul olur? O, məsh olunmuş davamçıları üzərində rəhbərlik edir: təbliğ işində onlara istiqamət verir və onları Allahın Padşahlığında onunla birgə padşahlıq etməyə hazırlayır. Onlar dirildikdən sonra hakimiyyət sürməyə başlayacaqlar.
Məsələn, İsa Məsih başqa millətlərdən olan insanlara təbliğ etmək işinə başlamaq üçün əslən yəhudi olan Şaulu (Roma adı Pavel) seçir. Şaul Allahın Qanununa ciddi yanaşırdı, amma din rəhbərləri ona yanlış istiqamət vermişdilər. Bunun nəticəsində Şaul Stefanın qətlini dəstəkləyir. Üstəlik, o, baş kahin Kayafadan aldığı səlahiyyətlə Dəməşqə gedir ki, orada İsanın davamçılarından əlinə keçən hər kəsi, qadına, kişiyə fərq qoymadan, tutub Yerusəlimə gətirsin. O, yol ilə gedərkən qəflətən parlaq bir işıq onun ətrafına nur saçır və o, yerə yıxılır.
Qeybdən bir səs deyir: «Şaul, Şaul, məni niyə təqib edirsən?» Şaul soruşur: «Ağa, sən kimsən?»
O deyir: «Mən sənin təqib etdiyin İsayam».
İsa möcüzəvi işıqdan kor olmuş Şaula əmr edir ki, Dəməşqə getsin və ondan göstəriş alanacan orada gözləsin. Sonra İsa Hananya adlı bir şagirdinə xəyalda görünür və Şaulla əlaqədar belə deyir: «Bu adam adımı millətlərə, o cümlədən hökmdarlara və İsrail oğullarına bildirmək üçün seçdiyim alətdir. Adım uğrunda nələr çəkəcəyini ona göstərəcəyəm».
İsanın köməyi ilə Şaul, yəni Pavel və xoş xəbərin digər təbliğçiləri təbliğ və təlim işində uğur qazanırlar. İsanın Dəməşqə gedən yolda Pavelə görünməsindən təxminən 25 il sonra Pavel yazır ki, «xoş xəbər səma altında yaşayan bütün insanlara təbliğ edilib».
Bunun üstündən illər keçdikdən sonra İsa artıq qocalmış sevimli həvarisi Yəhyaya silsilə görüntülər verir. Yəhya Müqəddəs Yazıların «Vəhy» kitabında təsvir etdiyi bu görüntülər vasitəsilə, demək olar ki, sağ ikən İsanın padşahlıq calalında qayıtdığını görür. Yəhya deyir: «Mən müqəddəs ruhun təsiri ilə Ağanın gününə aparıldım». Burada söhbət hansı «gündən» gedir?
Müqəddəs Kitab peyğəmbərliklərini, o cümlədən İsanın son günlərə dair dediyi peyğəmbərliyi diqqətlə araşdıranda məlum olur ki, «Ağanın günü» 1914-cü ildə başlamışdır. Məhz həmin il İsa görünməz şəkildə, car çəkmədən qayıtdı. Onun qayıdışını yalnız sadiq davamçıları bildi. Yehova Allah həmin il İsaya düşmənləri arasında hökmranlıq etməyi əmr etdi.
İsa Atasının əmrinə tabe olaraq Şeytanı cinləri ilə birgə yerə atır və beləcə, göyləri təmizləyir. Yəhya bu hadisəni görüntüdə görəndən sonra göydən bir səsin: «İndi Allahımızın təyin etdiyi xilas vaxtı, qüdrəti, padşahlığı və Məsihinin hakimiyyəti yetişdi», — dediyini eşidir. Bəli, Məsih 1914-cü ildən artıq padşahlıq taxtına əyləşib!
Bu, Yehovanın göydəki xidmətçiləri üçün çox gözəl xəbərdir! Onlar nida edirlər: «Ey göylər və göylərin sakinləri, sevinin!» Bəs yer? «Yerə və dənizə isə vay olsun! Çünki İblis, vaxtının az olduğunu bilərək, böyük qəzəblə yanınıza endi».
Bu dövrün sonuna çox az qalıb. İnsanlar bu gün ya Allahın Padşahlığına girməyə, ya da məhv edilməyə layiq olduqlarını göstərirlər. Həqiqət budur ki, sizin gələcəyiniz indi Məsihin rəhbərliyi altında dünya miqyasında həyata keçirilən Allahın Padşahlığı haqqında xoş xəbərə necə hay verməyinizdən asılıdır.
Sonra İsa Məsih Allahın nümayəndəsi kimi Şeytanın bu pis dünyası və onun tərəfdarlarını məhv edəcək. Müqəddəs Kitabda adı Har-Magedon kimi çəkilən müharibədə İsa bütün pisliyi yer üzündən yox edəcək. Kainatda Yehova Allahdan sonra ikinci şəxs olan İsa Məsih bunun ardınca Şeytanı və onun cinlərini tutub «dibsiz ümmana» atacaq, başqa sözlə, min il ərzində ölümə bənzər bir fəaliyyətsizlik vəziyyətində həbsdə saxlayacaq. Həvarilərin işləri 7:55—60; 8:1—3; 9:1—19; 16:6—10; Məzmur 110:1, 2; İbranilərə 10:12, 13; 1 Peter 3:22; Luka 22:28—30; Koloslulara 1:13, 23; Vəhy 1:1, 10; 12:7—12; 16:14—16; 20:1—3; Matta 24:14.
▪ İsa göyə qalxandan sonra hansı mövqeyi tutur və nə ilə məşğul olur?
▪ İsa göydən kimlər üzərində rəhbərlik edir və bu rəhbərlik özünü nədə göstərir?
▪ «Ağanın günü» nə vaxt başladı və bu günün başlanğıcında nə oldu?
▪ Bu gün həyata keçirilən təbliğ işinin hər birimizə hansı aidiyyəti var?
▪ Təbliğ işi başa çatanda nə olacaq?