Hissə 3
Allahın mövcud olduğunu biz necə öyrənə bilərik?
ALLAHIN mövcud olub-olmadığını müəyyən etməyin üsullarından biri, dəyişməz prinsipin tətbiq edilməsindən ibarətdir: Düzəldilən hər bir şey istehsalçı tələb edir. İstehsal edilmiş əşya nə qədər mürəkkəbdirsə, ustası da bir o qədər bacarıqlı olmalıdır.
2 Məsələn, evinizdə ətrafınıza baxın. Divarların, döşəmələrin və tavanların ustası olduğu kimi, stollar, stullar, yazı masaları, çarpayılar, qazanlar, tavalar, boşqablar və digər mətbəx ləvazimatları da usta tələb edir. Lakin bu şeyləri istehsal etmək nisbətən asandır. Əgər sadə şeylər istehsalçı tələb edirsə, mürəkkəb şeylərin daha dərrakəli usta tələb etməsi məntiqəuyğun deyilmi?
Dərin ehtiram oyadan Kainatımız
3 Saat saatsaz tələb edir. Bəs Günəş və əsrlər ərzində onun ətrafında saniyəsinə kimi dəqiq surətdə dövr edən planetlərdən ibarət, müqayisəedilməz dərəcədə mürəkkəb olan günəş sistemi barədə nə demək olar? İçərisində yaşadığımız Süd Yolu adlanan və 100 milyarddan artıq ulduzdan ibarət olan, dərin ehtiram oyadan qalaktika haqqında nə deyə bilərik? Heç gecə vaxtı Süd Yoluna diqqətlə baxmaq üçün ayaq saxlamısınızmı? Bu sizi valeh etməyibmi? Sonra, Süd Yolu kimi milyardlarla saysız-hesabsız qalaktikalardan ibarət olan və ağlasığmayan dərəcədə böyük olan Kainatımız haqqında düşünün! Bundan əlavə, əsrlər ərzində göy cisimlərinin hərəkəti o dərəcədə e’tibarlı olmuşdur ki, onları dəqiq saatlarla müqayisə edirlər.
4 Əgər nisbətən sadə olan saat, saatsazın mövcudluğunu təxmin edirsə, şübhəsiz ki, müqayisəedilməz dərəcədə mürəkkəb olan və dərin ehtiram doğuran Kainat da konstruktorun və yaradanın mövcudluğunu təxmin edir. Elə buna görə də Müqəddəs Kitab, “gözlərinizi yuxarı qaldırın və görün” deyə, bizi də’vət edir və sonra soruşur: “Bunları kim yaratdı”? Cavab belədir: “O [Allah] ki, bunların ordusunu sayı ilə çıxarır; onların hamısını adları ilə çağırır; qüdrətinin böyüklüyünə görə və qüvvətinin zoru ilə onlardan heç biri əksilməz” (İşaya 40:26). Beləliklə, Kainat özünün mövcudluğu ilə gözəgörünməz, idarə edən, dərrakəli qüvvəyə — Allaha borcludur.
Bənzərsiz tərzdə yaradılmış Yer kürəsi
5 Alimlər Yeri nə qədər çox tədqiq edirlərsə, bir o qədər də anlayırlar ki, o, insanların sakin olması üçün bənzərsiz tərzdə yaradılıb. Yer kifayət miqdarda işıq və istilik ala bilsin deyə, Günəşdən lazımi məsafədə yerləşir. İl ərzində Yerin dəqiq maili bucaq altında Günəşin ətrafında tam dövr etməsi sayəsində, yer üzünün bir çox sahələrində ilin fəsilləri mümkün olur. Eyni zamanda, hər 24 saatdan bir Yer öz oxu ətrafında tam dövr edərək işığın və qaranlığın müntəzəmliyini tə’min edir. Yerin atmosferi nəfəs ala bilməyimizə və kosmosdan gələn zərərli şüalardan müdafiə olunmağımıza imkan yaradan münasib qaz qarışığından ibarətdir. Yerdə, həmçinin qida məhsulları becərmək üçün çox gərəkli olan su və torpaq da vardır.
6 Birlikdə fəaliyyət göstərən bu və digər amillər olmadan, həyat mümkün ola bilməzdi. Bütün bunlar təsadüf nəticəsindəmi əmələ gəlib? “Sayens Nyus” jurnalında deyilir: “Görünür, bu cür səciyyəvi və dəqiq şəraitlər, çətin ki, təsadüf nəticəsində yarana bilsin” (“Science News”). Xeyr, onlar təsadüfən yarana bilməzdilər. Onlar böyük bir Konstruktorun müəyyən məqsədə yönəldilmiş planı əsasında meydana gəliblər.
7 Əgər siz gözəl bir evə girib, orada bol qida, yüksək keyfiyyətli isitmə və havanı normal hala salma sistemləri, həmçinin suyun təchizatı üçün yaxşı su kəmərini görsəydiniz hansı nəticəyə gələrdiniz? Bunların özbaşına əmələ gəldiyinimi düşünərdiniz? Xeyr, şübhəsiz, siz belə bir nəticəyə gələcəksiniz ki, bütün bunları dərrakəli bir adam planlaşdırıb və böyük qayğı ilə edib. Yer də öz sakinlərinin ehtiyacını ödəyə biləcək tərzdə planlaşdırılıb və böyük qayğı ilə düzəldilib. O, hər hansı bir evdən çox mürəkkəbdir və daha yaxşı tə’min edilib.
8 Həmçinin həyata daha çox zövq verən çoxsaylı şeylər haqqında fikirləşin. İnsanlara sevinc gtirən xoş ətirli rəngarəng qəşəng çiçəklərə baxın. Müxtəlif cür ləzzətli yeməklər haqqında düşünün. Nə qədər mənzərəli meşələr, dağlar, göllər və yaradılan digər gözəl şeylər var. Məgər Günəşin batmasının gözəlliyi həyatımıza ləzzət vermirmi? Bəs heyvanlar aləmi — məgər küçüklərin, pişiklərin və başqa heyvan balalarının şən oyunları və xoş xüsusiyyətləri bizi valeh etmirmi? Beləliklə, yer üzü həyatın davam etməsi üçün tamamilə zəruri olmayan çoxlu xoş hədiyyələrlə doludur. Bunlar göstərir ki, planetimiz insanların sadəcə olaraq mövcud olmaları üçün deyil, həyatdan həzz almaları üçün də düşünülərək, məhəbbətlə dolu qayğıkeşliklə planlaşdırılıb.
9 Buna görə də, Yehova Allah haqqında “göyləri və yeri sən yaratdın” deyən Müqəddəs Kitab yazıçılarından biri kimi, bütün bu şeyləri Verəni qəbul etmək məntiqəuyğun qərardır. Bəs O, bunları hansı məqsədlə yaradıb? Həmin yazıçı Allahı “dünyaya şəkil verən və onu yaradan, onu möhkəmləndirən və onu boşuna yaratmayan, üzərində yaşanılsın deyə ona şəkil verən” kimi təsvir etməklə, bu suala cavab verir (İşaya 37:16; 45:18).
Valehedici canlı hüceyrə
10 Bəs canlı orqanizmlər haqqında nə demək olar? Məgər onlar da yaradıcı tələb etmirmi? Misal üçün, canlı hüceyrələrin heyranedici xüsusiyyətlərindən bir neçəsini nəzərdən keçirək. Molekulyar biologiya alimi Maykl Denton özünün “Təkamül: Böhran vəziyyətində olan nəzəriyyə” (“Evolution: A Theory in Crisis”) adlı kitabında deyir: “Hətta bu gün yer üzündə mövcud olan canlı sistemlərin ən sadəsi olan bakteriya hüceyrələri həddindən artıq mürəkkəb obyektdir. Bakteriyaların ən kiçik hüceyrələri ağlasığmaz dərəcədə balaca olsalar da... əslində onlardan hər biri, mükəmməl şəkildə konstruksiya edilmiş minlərlə mürəkkəb molekulyar mexanizmin hissələrindən ibarət olan həqiqi mikrominiatür fabrikdir... insanın düzəltdiyi hər hansı mexanizmdən daha mürəkkəbdir və cansız materiyada tamamilə bənzərsizdir”.
11 Denton, hər bir hüceyrənin genetik kodu ilə əlaqədar bunları qeyd edir: “DNT-nin mə’lumat saxlamaq qabiliyyəti, mə’lum olan hər bir sistemin qabiliyyətini ötüb keçir; DNT o qədər effektlidir ki, mürəkkəb orqanizm olan insanın nəzərə çarpan xüsusiyyətini müəyyən etmək üçün lazım gələn bütün mə’lumat, bir qramın milyonda bir hissəsində yerləşir... Molekulyar canlı mexanizmlərin nümayiş etdirdiyi bacarıq və mürəkkəbliklə müqayisədə, hətta bizim ən qabaqcıl [ixtiralarımız] belə yöndəmsiz görünür. Özümüzü aciz hiss edirik”.
12 Denton əlavə edir: “Mə’lum olan hüceyrə növlərinin ən sadəsinin mürəkkəbliyi o dərəcədə böyükdür ki, belə bir obyektin qəfildən, səbatsız, son dərəcə ağlasığmaz təsadüf sayəsində meydana gəlməsi ilə razılaşmaq qeyri-mümkündür”. Onun konstruktoru və yaradanı olmalıdır.
Valehedici beynimiz
13 Həmin alim sonra deyir: “Əgər mürəkkəblikdən danışsaq, məməlilərin beyni kimi bir sistemlə müqayisədə hüceyrə heç nə sayılır. İnsan beyni təxminən on milyard neyrondan (sinir hüceyrəsindən) ibarətdir. Hər bir neyron təxminən on mindən yüz minə yaxın bağlayıcı tellər buraxır və bu tellərin vasitəsilə beyindəki digər neyronlarla birləşir. İnsan beynindəki bütün bağların ümumi sayı... min trilyona yaxındır”.
14 Denton davam edir: “Hətta beyindəki bağların yüzdə bir hissəsi müəyyən tərzdə təşkil edilmiş olsa belə, bu, yenə də Yer kürəsindəki bütün rabitə əlaqələrindən daha artıq müəyyən bağları olan xüsusi bir sistemi təqdim edərdi”. Sonra o soruşur: “Tamamilə təsadüfi olan bir proses, belə sistemləri yarada bilərdimi?” Aydın məsələdir ki, cavab mənfi olacaq. Beyinin qayğıkeş Konstruktoru və Yaradanı olmalıdır.
15 Hətta ən qabaqcıl kompüterlər də insan beyni ilə müqayisədə çox primitiv görünür. Elmi yazıçı Morton Xant demişdir: “Fəal yaddaşımızda böyük, müasir tədqiqat kompüterinin saxladığı mə’lumatlardan bir neçə milyard artıq mə’lumat yerləşir”. Buna görə, neyro-cərrah dr. Robert C. Uayt belə nəticəyə gəlir: “Mən, insan üçün tamamilə anlaşılmaz olan, beyinlə düşüncə arasındakı ağlasığmaz dərəcədə qarşılıqlı bağlılığın və məqsədəuyğun quruluşun inkişafının müəllifi olan Ali Dərrakənin mövcudluğunu inkar edə bilmərəm... Bütün bunların şüurlu mənbədən olduğuna, Kimsə tərəfindən hərəkətə gətirildiyinə inanmaq məcburiyyətində qalıram”. Bu Kimsə qayğıkeş olmalıdır.
Nadir qan sistemi
16 Qidalı maddələri və oksigeni daşıyan, infeksiyalardan qoruyan nadir qan sistemini də nəzərdən keçirək. Bu sistemin əsas hissəsini təşkil edən qırmızı qan hüceyrələri haqqında “İnsan orqanizminin əlifbası” (“ABC’s of the Human Body”) kitabında qeyd edilir: “Bir damcı qanda 250 milyondan artıq qan hüceyrəsi var... Ehtimala görə, insan bədənində onların sayı 25 trilyondur ki, bu da dörd tennis meydançasını örtmək üçün kifayətdir... Hər saniyə 3 milyon yeni hüceyrə ölən hüceyrələri əvəz edir”.
17 Həmin mənbə, bizə nadir qan sisteminin digər hissəsi olan ağ qan hüceyrəsi barədə deyir: “Qırmızı qan hüceyrəsinin yalnız bir növü olduğu halda, ağ qan hüceyrəsinin çox növləri var və hər növ, orqanizmin apardığı mübarizədə müxtəlif tərzdə ona kömək edir. Məsələn, növün biri ölü hüceyrələri məhv edir. Digər növlər viruslara qarşı anticisimlər əmələ gətirir, yad maddələri zərərsizləşdirir və ya bakteriyaları tam mə’nada udur və həzm edir”.
18 Necə də valehedici və yüksək dərəcədə təşkil olunmuş bir sistemdir! Şübhəsiz ki, belə yaxşı tərtib olunmuş və bu tərzdə müdafiə edən bir sistemin dərrakəli və qayğıkeş təşkilatçısı — Allahı olmalıdır.
Digər mö’cüzələr
19 İnsan bədənində bir çox başqa mö’cüzələr də var. Onlardan biri, heç bir kamera ilə müqayisə olunmayan gözəl quraşdırılmış gözdür. Astronom Robert Yastrov deyir: “Görünür ki, göz quraşdırılıb; teleskop konstruktorlarından heç biri bunu daha yaxşı edə bilməzdi”. “Populyar fotoşəkillər” (“Popular Photography”) adlı jurnalda qeyd edilir: “İnsanın gözü, bir filmin əhatə etdiyindən daha artıq miqdarda təfsilatları görür. Gözlər üç ölçüdə görür: həddindən artıq geniş sahədə, təhrif etmədən, fasiləsiz hərəkətdə olan zaman... İnsan gözünü kamera ilə müqayisə etmək düzgün olmaz. Daha doğrusu, insan gözü — insanın quraşdırdığı hər bir aparatdan, kompüterdən və ya kameradan qat-qat üstün olan, qeyri-adi zehinli, aldığı mə’lumatı işlətmək qabiliyyətli, sür’ətli və iş rejimli qabaqcıl superkompüterdir”.
20 Eyni zamanda, şüurlu cəhdimiz olmadan, bədənin mürəkkəb üzvlərinin birgə necə işlədikləri haqda düşünün. Məsələn, mə’dəmizə bir çox müxtəlif qida və içki qəbul edirik, orqanizm isə onları həzm edir və enerji ayırır. Bu müxtəlif ərzaqları avtomobilin benzin bakına doldursaq, o nə qədər uzaq gedər! Yaxud, doğum mö’cüzəsi haqqında düşünün. Cəmi doqquz ay ərzində valideynlərinin əksi olan qəşəng bir körpə dünyaya göz açır. Bəs kiçik yaşlı uşağın mürəkkəb danışıq dilini mənimsəmə qabiliyyəti haqqında nə demək olar?
21 Bəli, insan bədənində yaradılmış çoxlu valehedici, mürəkkəb üzvlər bizdə dərin ehtiram hissi oyadır. Heç bir mühəndis bunları təkrar düzəldə bilməz. Bunlar, kortəbii təsadüfün bəhrəsi ola bilərdimi? Aydın məsələdir ki, yox. Əksinə, insan bədəninin bütün valehedici sahələrini nəzərdən keçirərkən, dərrakəli insanlar da məzmurçunun sözlərini deyirlər: “[Ey Allahım], Sənə şükr edərəm; çünki çox gözəl və valehedici surətdə yaradılmışam; işlərin heyrətləndiricidir” (Məzmur 139:14).
Ən böyük Bənna
22 Müqəddəs Kitab deyir: “Hər bir evin bənnası vardır, hər şeyin bənnası isə Allahdır“ (İbranilərə 3:4). Əgər hər hansı sadə bir evin bənnası olmalıdırsa, əlbəttə ki, üzərində sonsuz sayda həyat müxtəlifliyi olan Yer kürəsi ilə bərabər, daha mürəkkəb Kainatın da bənnası olmalıdır. Biz təyyarə, televizor və kompüter kimi aparatları ixtira edən insanların mövcud olduqlarını qəbul etdiyimiz kimi, bütün bunları etmək üçün insana beyin verən Kimsənin də mövcudluğunu e’tiraf etməli deyilikmi?
23 Müqəddəs Kitab Onu, “göyləri yaratmış və onları yaymış, yeri və onun məhsullarını sərmiş olan; yer üzərindəki xalqa nəfəs... verən Rəbb Allah” adlandırır (İşaya 42:5). Müqəddəs Kitab haqlı olaraq bəyan edir: “Ya Rəbbimiz və Allahımız, izzəti, hörməti və qüdrəti almağa layiqsən. Çünki hər şeyi Sən yaratdın və hər şey Sənin iradənlə mövcud oldu və yarandı” (Vəhy 4:11).
24 Bəli, biz, Allahın mövcud olduğunu, Onun yaratdığı şeylərdən öyrənə bilərik. “Dünya yaranandan bəri Onun [Allahın] gözlə görülməz xüsusiyyətləri... Onun yaratdıqları ilə anlaşılaraq, açıqca görünür” (Romalılara 1:20).
25 Əgər bir şeydən sui-istifadə edirlərsə, bu o demək deyil ki, onun yaradanı olmamışdır. Təyyarəni əmin-amanlıq məqsədilə havada sərnişin daşımaq üçün istifadə etmək olar. Lakin ondan viran etmək üçün bombardmançı kimi də istifadə etmək olar. Təyyarənin məhvedici silah kimi istifadə edilməsi, o demək deyil ki, onun istehsalçısı yoxdur.
26 Eyni zamanda, insanların tez-tez pislik etmələri də onların Yaradanının, yə’ni Allahın mövcud olmadığını göstərmir. Buna görə də, Müqəddəs Kitab düzgün qeyd edir: “Ah sizin tərsliyiniz! Dulusçu gil ilə bir sayılırmı ki, mə’mulat onu düzəldən üçün: Məni o düzəltmədi desin; və özünə şəkil verilən şey, ona şəkil verən üçün: Onun anlayışı yoxdur desin?” (İşaya 29:16).
27 Yaradan öz müdrikliyini, yaratdığı şeylərin valehedici mürəkkəbliyində göstərib. O, yer üzünü həyat üçün yararlı etməklə, bədənimizi və beynimizi belə mö’cüzəli şəkildə yaratmaqla və sevincimiz üçün bu qədər gözəl şeylər yaratmaqla, həqiqətən də bizim qeydimizə qaldığını göstərib. Əlbəttə ki, O, belə qayğını: “Allah iztirablara nə üçün yol vermişdir?” “Bu əzabları aradan qaldırmaq üçün O, hansı tədbirləri görəcək?” kimi suallara cavab verməklə də göstərir.
[Oyrənilmə üçün olan suallar]
1, 2. Allahın mövcud olub-olmadığını müəyyən etməkdə bizə hansı prinsip kömək edir?
3, 4. Allahın mövcud olduğunu bilmək üçün Kainat bizə necə kömək edir?
5-7. Yer haqqında olan hansı faktlar, onun Konstruktorunun olduğunu göstərir?
8. Yer haqqında olan başqa hansı faktlar, Allahın məhəbbətlə bizim qayğımıza qaldığını göstərir?
9. Yeri kim yaradıb və hansı məqsədlə?
10, 11. Canlı hüceyrə hansı xüsusiyyətinə görə bu qədər valehedicidir?
12. Hüceyrələrin əmələ gəlməsinə dair bir alim nə deyir?
13, 14. Nə üçün beyin canlı hüceyrədən daha çox valehedicidir?
15. Beyin haqqında başqa insanlar nə deyirlər?
16-18. a) Qan sistemi hansı mə’nada nadirdir? b) Biz hansı nəticəyə gəlməliyik?
19. Gözü, insanın yaratdığı aparatlarla müqayisə etdikdə nə aydın olur?
20. İnsan bədəninin daha hansı valehedici cəhətləri var?
21. Bədənin mö’cüzəli sahələrini nəzərdən keçirərkən dərrakəli insanlar nə deyirlər?
22, 23. a) Yaradanın mövcud olduğunu nə üçün e’tiraf etməliyik? b) Müqəddəs Kitab haqlı olaraq Allah haqqında nə deyir?
24. Allahın mövcud olduğunu biz necə öyrənə bilərik?
25, 26. Nəyə görə bir şeydən sui-istifadə etmək, onun yaradanının olmadığına sübut deyil?
27. Nə üçün ümid edə bilərik ki, Allah iztirablara dair olan suallarımıza cavab verəcəkdir?
[5-ci səhifədə olan şəkil]
Qoruyucu atmosferi olan Yer kürəsi, qayğıkeş Allah tərəfindən bizim üçün hazırlanan nadir evdir.
[6-cı səhifədə olan şəkil]
Yer həyatdan tam mə’nada həzz ala bilməyimiz üçün, məhəbbət dolu qayğı ilə yaradılıb.
[7-ci səhifədə olan şəkil]
“Beyində, Yer kürəsindəki bütün rabitə əlaqələrindən daha çox bağ yerləşir” (molekulyar biologiya alimi).
[8-ci səhifədə olan şəkil]
“Görünür ki, göz quraşdırılıb; teleskop konstruktorundan heç biri bunu daha yaxşı edə bilməzdi” (astronom).