ONUNCU FƏSİL
Ailə üzvlərindən biri xəstələndikdə
1, 2. Şeytan, Eyubun nöqsansızlığını sındırmağa çalışaraq, faciəli hadisələr və xəstəlikdən necə istifadə etdi?
EYUBUN adı, şübhəsiz olaraq, xoşbəxt ailə həyatı sürmüş insanlar sırasında çəkilməlidir. Müqəddəs Kitabda deyilir ki, o, “bütün şərq oğullarından... ən böyük” olmuşdur. Eyubun on uşağı — yeddi oğlu, üç qızı vardı. O, ailəsini yaxşı tə’min etmək üçün, kifayət qədər zəngin idi. Ən başlıcası isə, ailəsinin ruhani işlərində rəhbərliyi öz üzərinə götürür və uşaqlarının Yehovanın qarşısında tutduqları mövqeyə maraq göstərirdi. Bütün bunların sayəsində, ailə möhkəm və xoşbəxt idi (Eyub 1:1–5).
2 Eyubun firavanlığı, Yehova Allahın baş düşməni olan Şeytanın nəzərindən yayınmadı. Şeytan, Allahın xidmətçilərinin nöqsansızlığını sındırmaq üçün daima imkan axtarır və buna görə də Eyuba hücum edərək, onun xoşbəxt ailəsini məhv etdi. Sonra Şeytan, “Eyubu, ayağının dabanından təpəsinə qədər pis çibanlarla vurdu”. Şeytan, faciəli hadisələr və xəstəliklə Eyubun nöqsansızlığını sındıracağına ümid edirdi (Eyub 2:6, 7).
3. Eyubun xəstəliyinin hansı əlamətləri vardı?
3 Müqəddəs Kitabda, Eyubun xəstəliyinin dəqiq tibbi adı verilmir. Ancaq orada bu xəstəliyin əlamətlərinə dair mə’lumat var. Eyubun bədəni qurdlarla örtülmüş, dərisi tamam qoturlayaraq irinləmişdi. Eyubun nəfəsi diksindirici idi və bədənindən pis iy gəlirdi. Xəstəlik ona əzab verirdi (Eyub 7:5; 19:17; 30:17, 30). O, iztirab içində küllükdə oturaraq, kirəmit qırığı ilə özünü qaşıyırdı (Eyub 2:8). Doğrudan da, acınacaqlı mənzərə idi!
4. Hər bir ailə bə’zən nə ilə qarşılaşmalı olur?
4 Belə ağır xəstəliyə tutulsaydınız, özünüzü necə hiss edərdiniz? Bu gün Şeytan, Eyuba etdiyi kimi, Allahın xidmətçilərini xəstəliyə düçar etmir. Buna baxmayaraq, insanın qeyri–kamilliyini, gündəlik həyatda baş verən stressləri və ətraf mühitdə şəraitin get–gedə pisləşməsini nəzərə alaraq, ailədə hərdən kimin isə xəstələnə biləcəyinə hazır olmaq lazımdır. Eyub kimi əzab çəkən adamların sayı az olsa da, tətbiq edə biləcəyimiz ehtiyat tədbirlərinə baxmayaraq, hamımız xəstəliklərə mə’ruz qalırıq. Ailədə bir nəfər xəstələnən zaman, doğrudan da çətinliklər yarana bilər. Buna görə də, bəşəriyyətin qaçılmaz düşməni olan xəstəliyin öhdəsindən gəlməkdə Müqəddəs Kitabın bizə necə kömək etdiyinə diqqət yetirək (Vaiz 9:11; 2 Timoteyə 3:16).
SİZİN BUNA MÜNASİBƏTİNİZ NECƏDİR?
5. Ailə üzvləri müvəqqəti xəstəliyə adətən necə münasibət göstərirlər?
5 Hər hansı səbəbdən olursa–olsun, xüsusilə də uzunsürən xəstəlik ucbatından adi həyat tərzinin pozulmasına tab gətirmək asan deyil. Hətta qısamüddətli xəstəliklər zamanı belə, nəyi isə dəyişmək, güzəştlərə getmək və fədakarlıq etmək gərəkdir. Xəstənin istirahət etməsi üçün, ailənin sağlam üzvlərinin sakitliyə riayət etmələri lazım gələ bilər. Onlar hər hansı məşğuliyyətlərindən imtina etməli ola bilərlər. Bununla belə, ailələrin əksəriyyətində kiçik yaşlı uşaqlara hərdən diqqətli olmağı xatırlatmaq lazım gəlsə də, onlar xəstə bacı və qardaşlarına, yaxud valideynlərindən birinə şəfqət göstərirlər (Koloslulara 3:12). Qısamüddətli xəstəlik zamanı, adətən ailə lazım olan hər şeyi etməyə hazırdır. Bundan əlavə, ailənin hər bir üzvü, xəstələnən zaman ona da eyni cür diqqət göstərilməsinə ümid edə bilər (Matta 7:12).
6. Ailə üzvlərindən biri ciddi və uzunmüddətli xəstəliyə düçar olursa, bə’zən hansı hisslər yaranır?
6 Əgər xəstəlik çox ciddidirsə, həyatda kökündən və uzunmüddətli dəyişiklik etmək lazım gəlirsə, bəs onda necə? Məsələn, əgər ailə üzvlərindən biri iflic olmuş, Alsheymer xəstəliyindən əzab çəkir və ya başqa bir xəstəlik üzündən tabdan düşmüşsə? Yaxud da kim isə şizofreniya kimi psixi xəstəliyə tutulmuşsa? Əziz adamın bu cür güclü əzab çəkməsi adətən əvvəlcə şəfqət və kədər hissi oyadır. Lakin sonradan şəfqət hissini başqa hisslər də əvəz edə bilər. Ailə üzvləri, bir adamın xəstəliyinin onların həyatına nə dərəcədə güclü tə’sir göstərdiyinə və onların azadlığını məhdudlaşdırdığına görə böyük narazılıq hiss edə bilərlər. Onlardan kim isə özünə belə bir sual verə bilər: “Nəyə görə bu məhz mənimlə baş verdi?”
7. Eyubun arvadı onun xəstəliyinə necə münasibət göstərdi və göründüyü kimi, o, nəyi unutmuşdu?
7 Ehtimal ki, bu cür fikirlər Eyubun arvadının da ağlına gəlmişdi. Xatırlayaq ki, o, artıq uşaqlarını və əmlakını itirmişdi. Həmin faciəli hadisələr bir–birinin ardınca baş verdiyi üçün, şübhəsiz ki, onu daha çox təşviş bürüyürdü. Nəhayət, o, bir zamanlar işgüzar və qüvvətli ərinin işgəncəli, nifrət doğuran xəstəliyə tutulduğunu görüncə, bütün bədbəxtlikləri aradan qaldırmalı olan vacib bir şeyi, yə’ni ərinin və özünun malik olduqları Allahla qarşılıqlı münasibətlərini unutdu. Müqəddəs Kitabda deyilir: “Arvadı ona [Eyuba] dedi: Sən hələ də nöqsansızlığını qorumaqdasan? Allaha lə’nət et və öl” (Eyub 2:9).
8. Ailədə kim isə ciddi xəstələnəndə, ailənin digər üzvlərinin düzgün nöqteyi–nəzərlərini qorumalarına Müqəddəs Kitabın hansı ayəsi kömək edəcəkdir?
8 Çox vaxt insanlar, kiminsə xəstəliyi üzündən həyatlarında çox şeyi dəyişməli olduqlarına görə ümidsizlik, hətta qəzəb hissi keçirirlər. Bununla belə, yaranan vəziyyətin üzərində dərindən düşünən məsihçi, öz məhəbbətinin səmimi olduğunu sübut etmək üçün imkan yarandığını anlamalıdır. Əsl məhəbbət “səbirli, xeyirxahdır... öz mənfəətini axtarmaz... hər şeyə qatlaşar, hər şeyə inanar, hər şeyə ümid bəslər, hər şeyə tab gətirər” (1 Korinflilərə 13:4–7). Mənfi hisslərin bizə üstün gəlməsinə yol verməkdənsə, onları idarə etmək üçün əlimizdən gələni etməyimiz daha yaxşıdır (Süleymanın məsəlləri 3:21).
9. Hansı əminliklər ciddi xəstəsi olan ailəyə ruhani və emosional cəhətdən kömək edə bilər?
9 Ailə üzvlərindən kim isə ciddi xəstələndikdə, ailənin ruhani və emosional firavanlığını qorumaq üçün nə etmək olar? Əlbəttə ki, hər bir xəstəlik xüsusi, özünə müvafiq müalicə və qulluq tələb edir və bu nəşrdə, müalicəyə və ya ailədə xəstəyə necə qulluq etməyə dair hər hansı bir məsləhət vermək yersiz olardı. Buna baxmayaraq, Yehova ruhani mə’nada “bütün yıxılanlara dəstək olar” (Məzmur 145:14). Davud padşah yazırdı: “Nə bəxtiyardır o adam ki, düşkünlərə baxar; şər günündə Rəbb onu qurtarar. Rəbb onu tutar və onu yaşadar... Taqətsizlik döşəyində Rəbb ona dəstək olar” (Məzmur 41:1–3). Emosional cəhətdən olduqca çox əzab çəksələr belə, Yehova öz xidmətçilərini ruhən sağlam saxlayır (2 Korinflilərə 4:7). Ailəsində bir şəxsin ciddi xəstəlikdən əzab çəkməsi ilə rastlaşan insanların çoxu, məzmurçunun bu sözlərini təkrar edirlər: “Çox düşkünəm; ya Rəbb, sözünə görə məni dirilt” (Məzmur 119:107).
ŞƏFAVERİCİ RUH YÜKSƏKLİYİ
10, 11. a) Ailə üzvlərindən birinin tutulduğu xəstəliyin öhdəsindən müvəffəqiyyətlə gəlmək üçün, xüsusilə vacib olan nədir? b) Bir qadın ərinin xəstəliyinin öhdəsindən necə gəlirdi?
10 Müqəddəs Kitabın bir məsəlində deyilir: “İnsanın ruhu onun xəstəliyini daşıyar; fəqət qırılmış ruh — kim onu qaldıra bilər?” (Süleymanın məsəlləri 18:14). Hər hansı bir sarsıntı, yalnız “insanın ruhuna” deyil, ailənin ruh yüksəkliyinə də tə’sir edə bilər. Lakin “rahat ürək bədənin həyatıdır” (Süleymanın məsəlləri 14:30). Ailənin ciddi xəstəliyin öhdəsindən gəlməyə müvəffəq olub olmaması, daha çox evdəkilərin düşüncə tərzindən və ya ruh yüksəkliyindən asılıdır. (Süleymanın məsəlləri 17:22 ilə müqayisə edin.)
11 Bir məsihçi qadın, evləndikdən cəmi altı il sonra əri iflic olarkən çoxlu əziyyətə tab gətirməli oldu. O xatırlayır: “Xəstəlik ərimin nitqinə olduqca güclü tə’sir etmişdi, onunla söhbət etmək, demək olar ki, mümkün deyildi. Nə demək istədiyini başa düşmək üçün, böyük zehni gərginlik tələb olurdu”. Ərinin keçirdiyi əzabları və ümidsizliyi təsəvvür edin. Bəs bu ərlə arvad necə davrandılar? Onlar məsihçi yığıncağı keçirilən yerdən uzaq yaşasalar da, bacımız, təşkilatda baş verən bütün vəziyyətlərdən xəbərdar olmağa və müntəzəm surətdə “Gözətçi Qülləsi” və “Oyanın!” jurnalları vasitəsilə verilən ruhani qidanı almağa çalışaraq, ruhən möhkəm qalmaq üçün əlindən gələni edirdi. Bu, sevimli ərinin öldüyü günə qədər, dörd il ərzində qulluq etmək üçün ona ruhani güc verirdi.
12. Eyubla baş verən hadisədən göründüyü kimi, bə’zən xəstə adamın özü necə kömək edə bilər?
12 Eyubla baş verən hadisədə isə məhz onun özü — əzab çəkən şəxs — güclü qalmışdı. Eyub arvadından soruşdu: “Necə! Allahdan yaxşılıq qəbul edək, pislik isə qəbul etməyəkmi?” (Eyub 2:10). Sonralar İsanın şagirdi Yaqubun, səbirli və dözümlü olmağa aid gözəl nümunə kimi Eyubdan bəhs etməsi təəccüblü deyil! Yaqub 5:11 (İ–93) ayəsində oxuyuruq: “Eyubun səbri barəsində eşitmisiniz və Rəbbin axırda nə etdiyini də gördünüz, çünki Rəbb çox şəfqətli və mərhəmətlidir”. Bunun kimi bu gün də, xəstənin ruh yüksəkliyi, çox vaxt qohumların müsbət əhval–ruhiyyəni qorumalarına kömək edir.
13. Ciddi xəstəliklə qarşılaşan ailə hansı müqayisəni etməməlidir?
13 Ailəsində xəstəliklə qarşılaşan insanların əksəriyyəti, adətən başlanğıcda ailə üzvlərinin həqiqətlə üz–üzə gələrkən çətinlik çəkdiklərini e’tiraf edirlər. Onlar həmçinin qeyd edirlər ki, yaranan vəziyyətə qarşı insanın münasibətindən çox şey asılıdır. Adi ev işlərində nəyi isə dəyişmək və qaydaya salmaq başlanğıcda çətin ola bilər. Lakin insan doğrudan da qüvvə sərf edərsə, yeni vəziyyətə uyğunlaşmaq mümkündür. Bu zaman öz vəziyyətimizi, ailəsində xəstəsi olmayan adamlarla müqayisə etməməyimiz, onların həyatının asan olduğunu və “bunun ədalətli olmadığını” düşünməməyimiz vacibdir. Axı, başqalarının əslində hansı yükü daşımaq məcburiyyətində olduqlarını heç kim bilmir. İsanın: “Ey bütün yorğunlar və yükləri ağır olanlar, Mənim yanıma gəlin və Mən sizə rahatlıq verərəm” sözləri bütün məsihçilərə təsəlli verir (Matta 11:28).
ÜSTÜNLÜK TƏŞKİL EDƏN ŞEYLƏRİ YERBƏYER ETMƏK
14. Üstünlük təşkil edən şeyləri düzgün surətdə necə yerbəyer etmək olar?
14 Əgər ailədə kim isə ciddi xəstələnərsə, Allah tərəfindən ilhamlanmış növbəti sözləri hamının yadda saxlaması faydalı olar: “Öyüd verənlərin çoxluğu ilə [təşəbbüslər] durarlar” (Süleymanın məsəlləri 15:22). Məgər ailə bir yerə yığılıb, xəstəlik üzündən yaranan vəziyyəti müzakirə edə bilməzmi? Əlbəttə, bunu dua vasitəsilə etmək və rəhbərlik üçün Allahın Kəlamına müraciət etmək düzgün davranış olardı (Məzmur 25:4). Bu zaman nəyi müzakirə etmək lazımdır? Müalicə, vəsait və ailədə olacaq dəyişikliklər kimi məsələlər həll olunmalıdır. Xəstənin əsas qayğısını kim çəkəcək? Xəstəyə qulluq etməkdə ailə üzvləri necə əməkdaşlıq edəcəklər? Bütün bu dəyişikliklər ailənin hər bir üzvünə necə tə’sir edəcəkdir? Xəstəyə əsas qayğını göstərən şəxsin ruhani və digər tələbatları necə tə’min olunacaqdır?
15. Yehova ciddi xəstəsi olan ailələrə necə kömək göstərir?
15 Duada Yehovadan səmimi qəlbdən rəhbərlik diləməyimiz, Onun Kəlamı üzərində dərindən düşünməyimiz və Müqəddəs Kitabda göstərilən yolda cəsarətlə yeriməyimiz, əksər hallarda, ümid etdiklərimizdən də artıq xeyir–dualara səbəb olur. Xəstəlik hər zaman keçib getmir. Lakin hər halda, Yehovaya bel bağlamağımız ən yaxşı nəticələr gətirir (Məzmur 55:22). Məzmurçu yazmışdır: “Ya Rəbb, inayətin məni tutdu. İçimdə qayğıların çoxluğunda, sənin təsəllilərin canımı fərəhləndirir” (Məzmur 94:18, 19; həmçinin Məzmur 63:6–8 ayələrinə də baxın).
UŞAQLARA KÖMƏK GÖSTƏRMƏK
16, 17. Kiçik yaşlı uşaqlara, bacı və ya qardaşlarının xəstəliyi barədə danışarkən nəyə diqqət yetirmək lazımdır?
16 Ailə üzvlərindən kiminsə ciddi xəstəliyi uşaqlar üçün bir çox çətinliklərə çevrilə bilər. Yaranan tələbatları və bu işdə uşaqların necə kömək edə biləcəklərini anlamaqda, valideynlərin onlara kömək etmələri vacibdir. Əgər ailədə uşaqlardan biri xəstələnərsə, digər uşaqlara başa salmaq lazımdır ki, xəstə uşağa əlavə diqqət və qayğı göstərilməsi, digərlərinin daha az sevildiyini bildirmir. Uşaqlarda inciklik və rəqabət hisslərinin yaranmasına yol vermək əvəzinə, valideynlər, xəstəlik üzündən ailədə yaranan vəziyyətin öhdəsindən gəlmək üçün onların bir–birlərinə yaxın olmalarına və bir–birlərinə səmimi məhəbbət göstərmələrinə kömək edə bilərlər.
17 Valideynlər, uzun–uzadı və mürəkkəb tibbi izahatlar vermək əvəzinə, kiçik yaşlı uşaqların hisslərinə müraciət edəndə, onlar adətən daha böyük həvəslə hay verirlər. Buna görə də xəstənin çəkdiyi əziyyət barədə onlara bir qədər izahat vermək olar. Sağlam uşaqlar onların asanlıqla etdikləri işi xəstə bacı və ya qardaşlarının edə bilmədiklərini görəndə, onlar daha artıq “qardaş sevən” və “şəfqətli” olacaqlar (1 Peter 3:8).
18. Xəstəlik üzündən ailədə yaranan çətinliyi böyük uşaqların anlamasına necə kömək etmək olar və bu anlayış onlar üçün necə faydalı ola bilər?
18 Böyük uşaqlara da, evdə çətin vəziyyət yarandığını və ailə üzvlərinin hər birindən fədakarlıq tələb olunduğunu anlamalarına kömək etmək lazımdır. Ola bilsin, valideynlər həkimlərin haqqını və müalicə ilə əlaqədar məsrəfləri ödəməlidirlər və buna görə də onlar, o biri uşaqların istədikləri hər şeyi ala bilmirlər. Uşaqlar bundan inciyərək, özlərini nədənsə məhrum edilmişmi hiss edəcəklər? Yoxsa, ailənin çətinliklə qarşılaşdığını anlayıb, nəyi isə qurban verməyə hazır olacaqlar? Çox şey bu sualların necə müzakirə olunmasından və ailədə yaranan əhval–ruhiyyədən asılıdır. Həqiqətən də, ailələrin çoxunda əzizlərindən birinin xəstələnməsi, uşaqlara Pavelin məsləhət etdiyi kimi davranmağı öyrənməkdə kömək etmişdir. Pavel yazırdı: “Rəqabət və ya şöhrətpərəsliklə heç bir şey etməyin, amma təvazökarlıqla bir–birinizi özünüzdən yuxarı sayın. Hər kəs yalnız öz mənfəətini deyil, başqalarının da mənfəətini güdsün” (Filipililərə 2:3, 4).
MÜALİCƏYƏ NECƏ MÜNASİBƏT GÖSTƏRİLMƏLİ?
19, 20. a) Ailə üzvlərindən biri xəstələndikdə, ailə başçısının üzərinə hansı məs’uliyyət düşür? b) Müqəddəs Kitab tibbi dərslik olmasa da, müalicə məsələsində hansı rəhbərliyi verir?
19 Müalicə zamanı Allahın qanunu pozulmursa, məsihçilər bu cür müalicəyə e’tiraz etmirlər. Ailə üzvlərindən biri xəstələndikdə, məsihçilər onun əzablarını yüngülləşdirmək üçün üsullar tapmağa çalışırlar. Bununla bərabər, həkimlər bir–birinə zidd olan məsləhətlər verə bilər, bu məsləhətlərin üzərində isə dərindən düşünmək lazımdır. Bundan əlavə, son illərdə gözlənilmədən yeni xəstəliklər meydana çıxır və insanların sağlamlığı pisləşir ki, bunların çoxunun ümumü müalicə üsulları yoxdur. Bə’zən sadəcə olaraq düzgün diaqnoz qoymaq da çətin olur. Bəs belə olduqda məsihçilər nə etməlidirlər?
20 Müqəddəs Kitabın yazıçılarından birinin həkim olmasına, həvari Pavelin isə dostu Timoteyə tibbi nöqteyi–nəzərdən faydalı məsləhət verməsinə baxmayaraq, Müqəddəs Yazılar tibbi dərslik deyil, insan həyatının mə’nəvi və ruhani sahəsində rəhbərlikdir (Koloslulara 4:14; 1 Timoteyə 5:23). Buna görə də, müalicə məsələlərində məsihçi ailələrinin başçıları, tarazlaşmış şəxsi qərarlar qəbul etməlidirlər. Ola bilsin, onlar bir neçə mütəxəssisin fikrini öyrənməyi gərəkli hesab edəcəklər. (Süleymanın məsəlləri 18:17 ilə müqayisə edin.) Əlbəttə ki, onlar xəstələnmiş ailə üzvünə daha yaxşı kömək etmək istəyirlər və onların əksəriyyəti kömək üçün təcrübəli həkimlərə müraciət edirlər. Digərləri qeyri–ən’ənəvi müalicə üsullarına üstünlük verirlər. Bu da şəxsi qərardır. Lakin məsihçilər sağlamlıqla bağlı problemləri həll etdikdə, Allahın Kəlamı onların ayaqları “üçün çıraq” və yolları “üçün işıq” olaraq qalmağa davam edir (Məzmur 119:105). Onlar, Müqəddəs Kitabı əldə rəhbər tutmağa davam edirlər (İşaya 55:8, 9). Beləliklə də məsihçilər, diaqnostikanın spiritizmlə bağlı ola bilən üsullarından uzaq olur və Müqəddəs Kitabın prinsiplərini pozan müalicədən imtina edirlər (Məzmur 36:9; Həvarilərin işləri 15:28, 29; Vəhy 21:8).
21, 22. Asiyadan olan bir qadın Müqəddəs Kitabın prinsipi üzərində necə düşünürdü və düşdüyü vəziyyətdə onun qəbul etdiyi qərarın düzgünlüyü necə sübut olundu?
21 Gəlin, Asiyadan olan bir qadının başına gələn hadisəni nəzərdən keçirək. Bu qadın, Yehovanın Şahidləri ilə Müqəddəs Kitabı öyrənməyə başladıqdan az sonra, vaxtından əvvəl cəmi 1 470 qram ağırlığında bir qız uşağı dünyaya gətirdi. Həkim, uşağın əqli cəhətdən çox zəif olacağını və heç zaman yeriməyəcəyini söyləyəndə, ananın ürəyi parça–parça oldu. Həkim anaya məsləhət etdi ki, uşağı ruhi xəstəxanaya versin. Qadının əri nə edəcəyini bilmirdi. Bəs bu qadın kimə müraciət edə bilərdi?
22 Qadın söyləyir: “Mən, Müqəddəs Kitabda yazılan bu sözləri yadıma saldım: “Uşaqlar Rəbbdən mirasdır; bətnin səmərəsi mükafatdır” (Məzmur 127:3). O öz “mirasını” evə gətirməyi və qızının qeydinə qalmağı qərara aldı. Əvvəlcə gənc anaya çox çətin idi, lakin Yehovanın Şahidlərinin yerli yığıncağından olan məsihçi dostları ona kömək etdilər; bunun sayəsində qadın bu çətinliyin öhdəsindən gəldi və uşağına lazımi qayğını göstərə bildi. On iki il keçdikdən sonra həmin qız Padşahlıq Zalındakı yığıncaqlara gəlir və oradakı həmyaşıdları ilə ünsiyyətdə olmaqdan sevinc duyurdu. Ana deyir: “Düzgün qərar qəbul etməkdə Müqəddəs Kitabın prinsiplərinin mənə kömək etdiyi üçün çox minnətdaram. Müqəddəs Kitab, Yehova Allahın qarşısında təmiz vicdanımı qorumaqda və həyatım boyu qəlbimdə əzab çəkməməkdə mənə kömək etdi”.
23. Müqəddəs Kitabda, xəstələrə və onların qeydinə qalanlara hansı təsəlli verilir?
23 Xəstəliklər bizi daima tə’qib etməyəcək. İşaya peyğəmbər “orada yaşayanın: xəstəyəm, deməyəcəyi” bir zəmanəyə işarə etdi (İşaya 33:24). Bu və’d, sür’ətlə yaxınlaşmaqda olan yeni dünyada yerinə yetəcək. Hələlik isə biz xəstəliklərlə və ölümlə mübarizə aparmalı oluruq. Xoşbəxtlikdən, Allahın Kəlamı bizə rəhbərlik və kömək təqdim edir. Müqəddəs Kitabda verilən əsas əxlaq normaları dəyişməzdir və qeyri–kamil olan insanların dəyişkən fikirlərindən qat–qat üstündür. Buna görə də, hər bir ağıllı insan məzmurçunun sözləri ilə razılaşır: “Rəbbin şəriəti [“qanunu”, YD] kamildir; canı təzələr; Rəbbin şəhadəti sadiqdir; təcrübəsiz adama hikmət verər... Rəbbin hökmləri haqdır, hamısı doğrudur... Onları tutmaqda böyük mükafat vardır” (Məzmur 19:7, 9, 11).