Bu kitabın məzmunu
İlk dəfə kitabxanaya gələn adamı oradakı saysız-hesabsız kitablar çaşdıra bilər. Lakin lazımi kitabı tapa bilsin deyə, kitabların hansı qaydada yerləşdiyi barədə bir az mə’lumat vermək kifayət edər. Buna bənzər şəkildə, hissələrinin necə yerləşdiyini biləndə Müqəddəs Kitabda da nəyi isə axtarıb tapmaq asan olur.
BƏ’Zİ dillərdə “Müqəddəs Kitab” üçün işlənən termin, “papirus tumar” və ya “kitablar” mə’nasını verən yunanca biblia sözündən götürülmüşdür 1. Müqəddəs Kitab doğrudan da, b. e. ə. 1513-cü ildən e’tibarən təxminən b. e. 98-ci ilinə qədər, təqribən 1 600 il ərzində yazılmış 66 ayrı-ayrı kitablar külliyatından ibarət bir kitabxanadır.
Müqəddəs Kitabın təxminən dörddə üç hissəsi olan ilk 39 kitab — İbranicə Müqəddəs Yazılar kimi tanınır, çünki onlar əsas e’tibarı ilə bu dildə yazılmışdır. Adətən bu kitablar üç qrupa bölünür: 1) tarixi — “Təkvin”dən “Ester”ə qədər, 17 kitab; 2) poetik — “Eyub”dan “Nəşidələr Nəşidəsi”nə qədər, 5 kitab; 3) peyğəmbərlik — “İşaya”dan “Malaki”yə qədər, 17 kitab. İbranicə Müqəddəs Yazılarda Yer kürəsinin və bəşəriyyətin erkən tarixindən, həmçinin qədim İsrail xalqının yarandığı dövrdən tutmuş b. e. ə. V əsrə qədərki tarixdən bəhs olunur.
Yerdə qalan 27 kitab isə, o dövrün beynəlxalq dili olan yunan dilində yazıldığı üçün, Yunanca Müqəddəs Yazılar kimi tanınır. Onlar əsas e’tibarı ilə tematik qaydada yerləşirlər: 1) 5 tarixi kitab — Müjdələr və “Həvarilərin işləri”; 2) 21 məktub və 3) “Vəhy” kitabı. Yunanca Müqəddəs Yazılar diqqəti, b. e. I əsrində İsa Məsihin və onun şagirdlərinin tə’lim və fəaliyyətlərinə yönəldir.