Müəllimlik qabiliyyətini inkişaf etdir
BİR müəllim kimi məqsədin nədir? Əgər sən yenicə Padşahlığın təbliğçisi olmusansa, şübhəsiz, Müqəddəs Kitab öyrənməsinin necə keçirildiyini öyrənmək istəyirsən, çünki İsa Məsih davamçılarına şagirdlər hazırlamağı tapşırmışdı (Mat. 28:19, 20). Bu işdə artıq təcrübən varsa, yəqin sənin məqsədin kömək etmək istədiyin insanların ürəyinə daha asanlıqla yol tapmaqdır. Yox əgər sən valideynsənsə, sözsüz, uşaqlarını öz həyatlarını Allaha həsr etməyə təşviq edən müəllim olmaq istəyirsən (3 Yəh. 4). Əgər ağsaqqalsansa və ya ağsaqqal olmağa can atırsansa, ehtimal ki, dinləyicilərində Yehovaya və Onun yollarına dərin minnətdarlıq hissi oyada bilən natiq olmaq istəyirsən. Bəs bu məqsədlərə necə çata bilərsən?
Bacarıqlı Müəllim olan İsa Məsihdən nümunə götür (Luka 6:40). İstər Dağüstü təbliğində böyük izdiham qarşısında nitq söyləyərkən, istərsə də birlikdə yol getdiyi insanlarla danışarkən İsanın söylədiyi sözlər və söyləmə tərzi dinləyicilərinin ürəyində dərin iz buraxırdı. İsa dinləyicilərinin zehinlərini və ürəklərini hərəkətə gətirir, eşitdiklərini həyatlarında necə tətbiq edə biləcəklərini aydın şəkildə göstərirdi. Bəs sən necə, bu cür öyrədə bilərsənmi?
Yehovaya etibar et
İsanın öyrətmək bacarığı həm səmavi Atası ilə sıx münasibəti, həm də Allahın ruhunun köməyi sayəsində təkmilləşmişdi. Sən səmərəli Müqəddəs Kitab öyrənməsi keçirmək üçün Yehovaya israrla dua edirsənmi? Əgər valideynsənsə, uşaqlarını öyrətmək üçün Allahdan müntəzəm olaraq duada rəhbərlik istəyirsənmi? Çıxış etməyə və ya görüşü aparmağa hazırlaşarkən səmimi-qəlbdən dua edirsənmi? Dua edərək Yehovaya güvənməyin daha məharətli müəllim olmağına kömək edəcək.
Yehovaya bel bağladığımızı Onun Kəlamı olan Müqəddəs Kitaba etibar etməklə də göstəririk. Yer üzündəki kamil həyatının sonuncu gecəsi İsa Atasına belə dedi: «Mən onlara Sənin sözünü verdim» (Yəh. 17:14). Böyük təcrübəyə malik olsa da, İsa heç nəyi özündən söyləmirdi. O, həmişə Atasının öyrətdiyi şeyləri danışırdı. Bu da, bizim üçün gözəl nümunədir (Yəh. 12:49, 50). Allahın Müqəddəs Kitabda yazılmış kəlamı insanlara — onların hərəkətlərinə, ən dərin düşüncələrinə və hisslərinə təsir etmək qüvvəsinə malikdir (İbr. 4:12). Allahın Kəlamı haqqında biliyin artdıqca və ondan xidmətdə yaxşı istifadə etməyi öyrəndikcə, insanların Allaha yaxınlaşmasına kömək edən öyrətmək bacarığına yiyələnəcəksən (2 Tim. 3:16, 17).
Yehovanı izzətləndir
İsanı təqlid edən müəllim olmaq sadəcə maraqlı məruzə söyləməyi bacarmaq demək deyil. Düzdür, camaat İsanın ağzından çıxan «lətif kəlamlara» heyran olurdu (Luka 4:22). Bəs gözəl danışmaqda İsanın məqsədi nə idi? O, diqqəti özünə çəkməyə yox, Allahı izzətləndirməyə çalışırdı (Yəh. 7:16-18). İsa davamçılarını təşviq edirdi: «Qoy sizin nurunuz insanların qarşısında elə parlasın ki, xeyirxah işlərinizi görsünlər və Göylərdəki Atanıza həmd etsinlər» (Mat. 5:16). Bu məsləhət bizim öyrətmək tərzimizə təsir etməlidir. Amalımız bizi bu məqsəddən yayındıracaq hər şeydən uzaq durmaq olmalıdır. Buna görə də nə deyəcəyimizi, yaxud necə deyəcəyimizi planlaşdırarkən yaxşı olardı ki, özümüzdən soruşaq: «Bu, Yehovaya minnətdarlığı artıracaq, yoxsa diqqəti mənə cəmləyəcək?»
Məsələn, öyrədərkən nümunələrdən və həyatdan götürülmüş hadisələrdən səmərəli şəkildə istifadə edə bilərik. Amma nümunə çox uzun çəkəndə və ya hadisəni xırdalığına kimi danışanda təlimin məqsədi itə bilər. Eyni tərzdə, sadəcə əyləndirmək xatirinə nəsə danışmaq diqqəti xidmətimizin məqsədindən yayındıra bilər. Bu halda müəllim teokratik təlimin əsas məqsədinə çatmaq əvəzinə, diqqəti özünə cəlb edir.
«Ayırd edin»
İnsanın həqiqi şagird olması üçün öyrəndiyini aydın başa düşməsi lazımdır. O, həqiqəti eşitməli və onun başqa etiqadlardan nə ilə fərqləndiyini görməlidir. Təzadları göstərməklə buna nail olmaq olar.
Yehova Öz xalqını dönə-dönə təşviq edirdi ki, pak və murdar şeyləri ‘ayırd etsinlər’ (Lev. 10:9-11). O demişdi ki, Onun böyük ruhani məbədində xidmət edəcək kəslər insanlara «murdar şeyi pak şeydən ayırmağı öyrədəcək» (Yez. 44:23). «Süleymanın məsəlləri» kitabında yaxşılıqla pislik, müdrikliklə ağılsızlıq arasında çoxlu təzadlar gətirilir. Hətta bir-birinə zidd olmayan şeylər arasında da fərq qoyula bilər. Romalılara 5:7 ayəsində yazıldığı kimi, həvari Pavel saleh adamla yaxşı adam arasında fərq qoymuşdu. İbranilərə məktubunda o, Məsihin baş kahinliyinin Harununkundan üstün olduğunu göstərmişdi. XVII əsrdə yaşamış pedaqoq Yan Amos Komenski yazmışdır: «Öyrətmək sadəcə bir şeyin məqsədinə, formasına və mənşəyinə görə başqasından necə fərqləndiyini göstərməkdir... Buna görə də, kim fərqi yaxşı göstərirsə, deməli, yaxşı öyrədir».
Məsələn, tutaq ki, kiməsə Allahın Padşahlığı haqqında öyrədirsən. Əgər o, Padşahlığın nə olduğunu anlamırsa, onda sən Müqəddəs Kitabda deyilənlərin Padşahlığın sadəcə insanın ürəyinin vəziyyəti olduğu fikrinə necə zidd getdiyini, yaxud Padşahlığın insan hökumətlərindən nədə fərqləndiyini göstərə bilərsən. Lakin bu kimi əsas həqiqətləri bilənlərə daha dərin təfsilatları açıqlamaq olar. Onlara Allahın Padşahlığının Məzmur 103:19 ayəsində təsvir olunan Yehovanın Özünün kainat üzərindəki hökmranlığından, yaxud Koloslulara 1:13 ayəsində xatırlanan Allahın ‘sevimli Oğlunun səltənətindən’, ya da ki, Efeslilərə 1:10 ayəsində haqqında danışılan ‘niyyətdən’ necə fərqləndiyini göstərə bilərsən. Təzadlar Müqəddəs Kitabın bu mühüm təlimini dinləyicilərin diqqətinə aydın şəkildə çatdırmağa kömək edə bilər.
İsa bu təlim üsulundan dəfələrlə istifadə etmişdi. O, Musanın Qanununun o vaxtlar geniş yayılmış izahatı ilə onun əsil mənasını qarşı-qarşıya qoyurdu (Mat. 5:21-48). İsa Allah yoluna həqiqi bağlılıqla fəriseylərin ikiüzlü hərəkətləri arasındakı fərqi göstərirdi (Mat. 6:1-18). O, ‘hökmdarlıq edənlərdə’ olan ruhu davamçılarının göstərməli olduqları fədakarlıq ruhuna zidd qoydu (Mat. 20:25-28). Matta 21:28-32 ayələrində yazılan digər bir halda İsa kömək etdi ki, riyakarlıqla həqiqi peşmançılıq arasındakı fərqi dinləyicilər özləri görsünlər. Buradan yaxşı təlim verməyin digər bir vacib cəhəti üzə çıxır.
Dinləyiciləri düşünməyə təşviq et
Matta 21:28 ayəsində oxuyuruq ki, İsa müqayisə etməzdən əvvəl sual verir: «Bəs siz necə düşünürsünüz?» Bacarıqlı müəllim sadəcə faktları çatdırmaqla və ya sualları cavablandırmaqla kifayətlənmir. Əksinə, o, dinləyicilərini düşünməyə təşviq edir (Sül. məs. 3:21; Rom. 12:1). Buna suallar verməklə qismən nail olmaq olar. Matta 17:25 ayəsində yazıldığı kimi, İsa soruşmuşdu: «Şimon! Sən necə düşünürsən? Yerin hökmdarları gömrük və yaxud vergini kimdən alırlar? Öz oğullarındanmı, yoxsa kənar adamlardanmı?» İsanın düşündürücü sualları Peterə məbəd vergisi ilə bağlı düzgün nəticə çıxarmağa kömək etdi. Eyni tərzdə, «Axı mənim qonşum kimdir?» — deyə soruşan adama cavab verərkən İsa kahinin və levilinin hərəkətini samariyalının hərəkəti ilə qarşı-qarşıya qoydu. Sonra isə sual verdi: «Səncə, bu üç nəfərdən hansı quldurlar əlinə düşən adamın qonşusu oldu?» (Luka 10:29-36). Yenə də İsa qarşısındakının əvəzinə düşünmədi, əksinə, onu təşviq etdi ki, verdiyi suala özü cavab versin (Luka 7:41-43).
Ürəyə yol tapmağa çalış
Allahın Kəlamının mənasını dərk edən təbliğçi başa düşür ki, həqiqi ibadət özünə sadəcə müəyyən faktları əzbərləməyi və hansısa qaydalara əməl etməyi daxil etmir. Həqiqi ibadətin təməlində Yehova ilə yaxşı münasibətlər və Onun yollarına görə minnətdarlıq hissi durur. Belə ibadət ürəkdən gəlir (Qanun. t. 10:12, 13; Luka 10:25-27). Müqəddəs Yazılarda «ürək» sözü insanın bütün daxili varlığına, eləcə də arzularına, meyllərinə, hisslərinə və niyyətlərinə aiddir.
İsa bilirdi ki, insanlar zahirə baxdığı halda, Allah ürəyi görür (1 Şam. 16:7). Biz insanlarda təəssürat oyatmaq üçün deyil, məhəbbətdən irəli gələrək Allaha xidmət etməliyik (Mat. 6:5-8). Ancaq fəriseylər çox şeyi özlərini göstərmək üçün edirdilər. Onlar əsas diqqəti qanunun xırdalıqlarına əməl etməyə və özlərinin uydurduğu qaydaları yerinə yetirməyə yönəldirdilər. Ancaq ibadət etdiklərini iddia etdikləri Allahla yaxın münasibətlərinin olduğunu göstərən keyfiyyətləri əks etdirmirdilər (Mat. 9:13; Luka 11:42). İsa öyrədirdi ki, Allahın tələblərinə tabe olmaq vacib olsa da, itaətkarlığın dəyərini insanın ürəyindəkilər müəyyən edir (Mat. 15:7-9; Mark 7:20-23; Yəh. 3:36). Verdiyimiz təlim İsanın nümunəsini izlədiyimiz təqdirdə yaxşı bəhrələr gətirəcək. İnsanlara Allahın onlardan nə tələb etdiyini öyrənməyə kömək etmək vacibdir. Lakin Yehovanı bir şəxsiyyət kimi tanıyıb sevmələri də zəruridir, belə olan halda həqiqi Allahla yaxşı münasibətlərə nə dərəcədə qiymət verdikləri davranışlarında əks olunacaq.
Sözsüz ki, belə təlimdən faydalanmaq üçün insan öz ürəyində olanları vicdanla təhlil etməlidir. İsa insanları öz niyyətlərini və hisslərini yoxlamağa təşviq edirdi. Yanlış fikirlərə düzəliş verəndə o, adətən dinləyicilərindən nə üçün belə düşündüklərini, danışdıqlarını və məhz bu cür davrandıqlarını soruşurdu. Ancaq onlara kömək etmək üçün sual verməklə yanaşı, məsələlərə düzgün baxmaları üçün əyani misal çəkir, müəyyən fikir söyləyir və ya nə isə edirdi (Mark 2:8; 4:40; 8:17; Luka 6:41, 46). Biz də İsadan nümunə götürərək dinləyiciləri özlərinə növbəti sualları verməyə təşviq edə bilərik: «Nə üçün mən məhz belə davranmağa meylliyəm? Bu vəziyyətə nə üçün belə münasibət göstərirəm?» Sonra onlara məsələlərə Yehovanın nöqteyi-nəzəri ilə baxmağa kömək et.
Tətbiq edilməsini göstər
Yaxşı müəllim bilir ki, «hikmət hər şeydən üstündür» (Sül. məs. 4:7). Müdriklik problemləri həll etmək, təhlükələrdən qaçmaq, qarşıya qoyulan məqsədə çatmaq və başqalarına kömək etmək üçün biliyi düzgün tətbiq etmək qabiliyyətidir. Müəllimin borcu öyrənənin əvəzinə qərar qəbul etmək yox, ona biliyi düzgün tətbiq etməyi öyrətməkdir. Müqəddəs Kitabdan olan hansısa prinsipi müzakirə edərkən öyrənənə mülahizə yürütməyə kömək et. Gündəlik həyatdan müəyyən vəziyyəti misal çək, sonra, bu vəziyyətlə qarşılaşarsa, müzakirə etdiyiniz prinsipin ona necə kömək edəcəyini soruş (İbr. 5:14).
Eramızın 33-cü ilinin Pentikost günündə həvari Peterin söylədiyi nitq Allahın Kəlamını insanların həyatına təsir edəcək tərzdə tətbiq etməkdə bir nümunədir (Həv. iş. 2:14-36). Peter Müqəddəs Yazılardan onu dinləyən izdihamın həqiqət olaraq qəbul etdiyi üç parçanı müzakirə etdi. Sonra dinləyicilərinin hamısının şahidi olduğu hadisələrə nəzərən onları izah etdi. Nəticədə onlar eşitdiklərinə uyğun hərəkət etməyin vacibliyini başa düşdülər. Sənin də verdiyin təlim insanlara bu cür təsir edirmi? Sadəcə faktları sadalamaqla kifayətlənməyib, onlara səbəbini də başa düşməyə kömək edirsənmi? Onları aldıqları biliyin həyatlarına necə təsir etməli olduğu haqda düşünməyə təşviq edirsənmi? Ola bilsin, onlar Pentikost günündəki adamlar kimi, «Biz nə edək?» — deyə nida etməyəcəklər, lakin ayələrin praktiki dəyərini göstərmisənsə, dinləyicilər konkret addımlar atmaq barədə düşünməyə təşviq olunacaqlar (Həv. iş. 2:37).
Uşaqlarınızla Müqəddəs Kitabı oxuyarkən siz valideynlərin imkanı var ki, onlara Müqəddəs Kitab prinsiplərini həyatlarında necə tətbiq edəcəkləri üzərində düşünməyi öyrədəsiniz (Efes. 6:4). Məsələn, Müqəddəs Kitabın həftə üçün ayrılan parçasından bir neçə ayə seçib mənasını müzakirə etdikdən sonra, bu kimi suallar vermək olar: «Burada bizim üçün hansı rəhbərlik var? Bu ayələri xidmətdə necə istifadə etmək olar? Yehova və Onun yolları haqda nə öyrənirik və bu bizim Ona minnətdarlığımızı necə artırır?» Ailə üzvlərini Teokratik Xidmət Məktəbində Müqəddəs Kitabdan diqqətəlayiq fikirlər müzakirə olunan zaman həmin məqamlara dair fikirlərini söyləməyə təşviq et. Çox ehtimal ki, şərh verdikləri ayələri yadda saxlayacaqlar.
Yaxşı nümunə ol
Sən tək sözlərinlə yox, davranışınla da öyrədirsən. Hərəkətlərin öyrətdiklərini həyatda necə tətbiq etməyə dair nümunədir. Uşaqlar məhz bu cür öyrənirlər. Valideynlərini təqlid edəndə uşaqlar onlara bənzəmək istədiklərini göstərirlər. Onlar valideynlərinin etdiklərini özləri də sınaqdan keçirmək istəyirlər. Bunu öyrətdiyin insanlara da aid etmək olar. Sən ‘Məsihi təqlid etdiyin kimi, onlar da səni təqlid edəndə’ Yehovanın yolları ilə yeriməyin gətirdiyi xeyir-duaları öz üzərlərində hiss edəcəklər (1 Kor. 11:1). Öz şəxsi təcrübələrində Allahın onlarla necə rəftar etdiyini görəcəklər.
Bu, yaxşı nümunə olmağın vacibliyini göstərən təsirli xatırlatmadır. Bizim ‘müqəddəs və Allaha ixlaskar yaşamağımızın’ öyrənən adama Müqəddəs Kitab prinsiplərini həyatda necə tətbiq etməyi göstərməkdə böyük köməyi olacaq (2 Pet. 3:11). Əgər öyrənəni Allahın Kəlamını hər gün oxumağa təşviq edirsənsə, özün də bu işdə çalışqan ol. Uşaqlarına Müqəddəs Kitab prinsiplərinə əsasən yaşamağı öyrətmək istəyirsənsə, onda qoy onlar görsünlər ki, sənin hərəkətlərin Allahın iradəsinə uyğundur. Əgər yığıncağı xidmətdə səyli olmağa səsləyirsənsə, özün də bu işdə tam iştirak et. Öyrətdiklərinə uyğun yaşayanda, çox ehtimal ki, başqalarını hərəkətə təşviq edə biləcəksən (Rom. 2:21-23).
Daha yaxşı öyrətmək məqsədin varsa, özündən soruş: «Verdiyim təlim dinləyicilərimi baxışlarında, danışıq tərzlərində, yaxud davranışlarında dəyişiklik etməyə təşviq edirmi? Hansısa sualı açıqlamaq üçün bir fikri və ya hərəkəti digərindən fərqləndirirəmmi? Müqəddəs Kitabı öyrətdiyim şəxslərin, uşaqlarımın, yaxud yığıncaq görüşlərində məni dinləyənlərin dediklərimi yadda saxlamaları üçün nə edirəm? Dinləyicilərimə öyrəndiklərini necə tətbiq etməyi aydın başa salırammı? Bu işdə onlara nümunə verirəmmi? Eşitdiklərinə necə hay vermələrinin Yehova ilə münasibətlərinə təsir etdiyini anlayırlarmı?» (Sül. məs. 9:10). Müəllimlik qabiliyyətini inkişaf etdirməyə çalışarkən bu məqamlara həmişə diqqət yetir. «Özünə və verdiyin təlimata diqqət yetir və bu işləri davam etdir. Çünki bunu etməklə sən həm özünü, həm də sənə qulaq asanları xilas edərsən» (1 Tim. 4:16).