DƏRS 1
Düzgün oxumaq
MÜQƏDDƏS YAZILARDA deyilir ki, Allah ‘bütün insanların xilas olub, həqiqəti dərk etmələrini’ istəyir (1 Tim. 2:4). Buna müvafiq olaraq, Müqəddəs Kitabı ucadan oxuyanda dəqiq biliyi çatdırmaq arzumuz oxumağımıza təsir etməlidir.
Müqəddəs Kitabı və onu açıqlayan nəşrləri ucadan oxumağı bacarmaq həm gənclər, həm də yaşlılar üçün vacibdir. Yehovanın Şahidləri olan bizlər insanlara Yehova və Onun yolları haqda bilik vermək məsuliyyətini daşıyırıq. Buna görə də çox vaxt bir və ya bir qrup insan üçün oxumaq lazım gəlir. Biz, həmçinin ailə üzvlərimiz üçün də oxuyuruq. Teokratik Xidmət Məktəbində təlim alan bacı və qardaşların, gənclərin və yaşlıların ucadan yaxşı oxumaqda onlara kömək edəcək məsləhətlər almaq imkanı var.
Müqəddəs Kitabın istər ayrı-ayrı insanların, istərsə də yığıncağın qarşısında oxunmasına ciddi yanaşmaq lazımdır. Müqəddəs Kitab Allahdan ilham alıb. Bundan əlavə, ‘Allahın kəlamı canlı və təsirlidir; o, ürəyin düşüncə və niyyətlərini ayırd edir’ (İbr. 4:12). Allahın Kəlamında başqa heç bir yerdə tapa bilməyəcəyimiz misilsiz bilik var. Onun köməyilə vahid həqiqi Allahı tanımaq və Onunla yaxşı münasibətlər qurmaq, eləcə də həyatda qarşılaşdığımız problemlərin öhdəsindən müvəffəqiyyətlə gəlmək olar. O, Allahın yeni dünyasında olacaq əbədi həyata aparan yolu göstərir. Buna görə də qarşımıza Müqəddəs Kitabı mümkün qədər yaxşı oxumağı məqsəd qoymalıyıq (Məz. 119:140; Yer. 26:2).
Düzgün oxumaq üçün nə etmək lazımdır? Yaxşı oxumağa çox şey daxil olsa da, ilk addım düzgün oxumağı öyrənməkdir. Bu, yazılanı olduğu kimi oxumaq deməkdir. Sözləri buraxma, şəkilçiləri yemə, oxşar sözləri səhv salma.
Sözləri düzgün oxumaq üçün konteksti başa düşmək gərəkdir. Bunun üçün yaxşı hazırlaşmaq tələb olunur. Vaxt keçdikcə, təkcə bir sözü yox, yanındakı sözləri də görəcək və fikrin gedişatını izləyə biləyəcəksən, o zaman daha yaxşı oxuyacaqsan.
Yazılı dildə durğu işarələri və diakritik işarələr vacib rol oynayır. Durğu işarələri harada və nə qədər fasilə etməyi, eləcə də intonasiyanı dəyişməyin lazım gəldiyini göstərir. Bəzi dillərdə durğu işarələrinin tələb etdiyi yerlərdə intonasiyanı dəyişməyəndə sual cümləsi nəqli cümləyə çevrilir və ya məna tamamilə dəyişilir. Düzdür, bəzən durğu işarələri sırf qrammatik məna daşıyır. Bir çox dillərdə istər yazılmış, istərsə də kontekstdən başa düşülən diakritik işarələrə diqqət yetirmədən düzgün oxumaq qeyri-mümkündür. Onlar aid olduqları hərflərin səslənməsinə təsir göstərir. Durğu işarələrinin və diakritik işarələrin dilinizdə necə işləndiyini mütləq öyrən. İfadəli oxumaq üçün bu, əsas amildir. Yadda saxla ki, sənin məqsədin sadəcə sözləri oxumaq yox, fikirləri çatdırmaq olmalıdır.
Düzgün oxumağı öyrənmək üçün məşq etmək lazımdır. Bir abzas seç, sonra səhv etməyənə kimi onu təkrar-təkrar oxu. Ardınca növbəti abzasa keç. Nəhayət sonda heç bir söz buraxmadan, təkrarlamadan və səhvə yol vermədən bir neçə səhifəni oxu. Sonra kimdənsə xahiş et ki, oxumağını izləsin və səhvlərini göstərsin.
Bəzi hallarda zəif görmə və pis işıqlandırma oxumağı çətinləşdirir. Əgər bu problemləri aradan qaldıra bilsən, onda oxumağın mütləq yaxşılaşacaq.
Vaxt keçdikcə yaxşı oxumağı bacaran qardaşlardan Yığıncağın Müqəddəs Kitab öyrənməsində və «Gözətçi Qülləsi»nin öyrənilməsində oxumaq xahiş oluna bilər. Ancaq bu şərəfli tapşırığı yaxşı yerinə yetirmək üçün sadəcə sözləri düzgün oxumaq kifayət deyil. Başqalarının qarşısında yaxşı oxumaqdan ötrü şəxsi mütaliə zamanı yaxşı oxumağa vərdiş etməliyik. Bunun üçün cümlədəki hər sözün öz rolu olduğunu yadda saxlamalıyıq. Hansısa sözü buraxsan, mənanı tam başa düşə bilməyəcəksən. Hətta özün üçün oxuyanda belə sözləri səhv oxusan, onda cümlənin mənası təhrif olunacaq. Səhv oxumağına diakritik işarələrə və ya sözlərin işləndiyi kontekstə fikir verməmək səbəb ola bilər. Hər sözün kontekstdə daşıdığı mənanı anlamağa çalış. Həmçinin durğu işarələrinin cümlənin mənasına necə təsir etdiyinə diqqət yetir. Yadda saxla ki, mənanı adətən bir neçə söz çatdırır. Ucadan oxuyan zaman bunu nəzərə al və sadəcə sözləri yox, söz birləşmələrini və cümlələri oxu. Başqalarına dəqiq biliyi oxumaq vasitəsilə çatdırmaq üçün oxuduqlarını özün aydın başa düşməlisən.
«Cəmiyyətə oxumaqla... məşğul ol» (1 Tim. 4:13). Bu sözləri həvari Pavel təcrübəli məsihçi ağsaqqala yazmışdı. Sözsüz ki, hər birimiz bu sahədə tərəqqi etməliyik.