DƏRS 12
Jestlər və üz ifadələri
BƏZİ yerlərdə insanlar başqa yerlərə nisbətən jestlərdən daha sərbəst istifadə edirlər. Lakin danışarkən, demək olar ki, hər kəsin üzündə müxtəlif ifadələr yaranır və hər kəs bəzi jestlərdən istifadə edir. Bu həm adi söhbətlərə, həm də çıxışa aiddir.
İsa da, onun erkən şagirdləri də danışarkən jestlərdən istifadə edirdilər. Bir dəfə İsaya anasının və qardaşlarının onunla danışmaq istədiyini söyləyəndə İsa cavab verdi: «“Mənim anam və qardaşlarım kimlərdir?” Və əlini şagirdlərinə doğru uzadıb dedi: “Budur, Mənim anam və Mənim qardaşlarım”» (Mat. 12:48, 49). Müqəddəs Kitabın bir çox ayələrində, eləcə də Həvarilərin işləri 12:17 və 13:16 ayələrində göstərilir ki, jestlərlə danışmaq həvari Peterlə Pavelə də xas idi.
Fikirlər və hisslər təkcə səslə yox, həm də jestlərlə və üz ifadələri ilə çatdırılır. Onlardan istifadə etmədikdə elə təəssürat yarana bilər ki, natiq danışdıqlarına biganə yanaşır. Ancaq bu ünsiyyət vasitələrindən məharətlə istifadə etdikdə nitqin keyfiyyəti əhəmiyyətli dərəcədə yaxşılaşır. Hətta telefonla danışanda da münasib jestlərdən və üz ifadələrindən istifadə etsən, çatdırdığın xəbərin vacibliyi, eləcə də danışdıqlarına münasibətin səsindən daha yaxşı hiss olunacaq. Beləliklə, dinləyicilərinin sənə, yaxud əllərindəki Müqəddəs Kitaba baxmalarından asılı olmayaraq, həm çıxış edəndə, həm də oxuyanda jestlərdən və üz ifadələrindən istifadə etmək vacibdir.
Jestlər və üz ifadələri təbii olmalıdır, onları kitabdan öyrənmək mümkün deyil. Biz gülməyi və qəzəblənməyi haradansa öyrənməmişik. Eynilə jestlər də insanın içindəki hissləri ifadə etməlidir. Onlar nə qədər təbii olsa, bir o qədər yaxşıdır.
Jestlər iki qrupa ayrılır: təsviri və vurğulayan. Təsviri jestlər hərəkəti, yaxud ölçü və ya ərazini göstərir. Teokratik Xidmət Məktəbində jestlər üzərində çalışanda təkcə bir-iki jestlə kifayətlənmə. Bütün çıxış boyunca jestləri təbii şəkildə etməyə çalış. Əgər çətinlik çəkirsənsə, istiqamət, məsafə, ölçü, ərazi, yaxud nəyinsə yerini göstərən sözləri tapmağın sənə köməyi dəyə bilər. Ancaq bir çox hallarda sadəcə dinləyicilərdə hansı təəssüratı oyadacağına görə narahat olmayaraq çıxışına aludə olmaq, hər şeyi gündəlik həyatdakı kimi etmək və demək lazımdır. İnsan sərbəst olanda təbii olaraq jestlərlə danışır.
Vurğulayan jestlər hiss və əminliyi ifadə edir. Onlar fikirləri vurğulayır, canlı edir və gücləndirir. Vurğulayan jestlər vacibdir. Ancaq diqqətli ol! Onlar asanlıqla vərdişə çevrilə bilər. Eyni jestdən təkrar-təkrar istifadə etsən, nitqini dolğun etmək əvəzinə diqqəti həmin jestə çəkə bilərsən. Əgər məktəbin nəzarətçisi sənə belə probleminin olduğunu desə, bir müddət yalnız təsviri jestlərdən istifadə et. Bir qədər ara verdikdən sonra, yenidən vurğulayan jestlərdən istifadə etməyə başla.
Vurğulayan jestlərin hansından və nə qədər istifadə edəcəyini müəyyən edərkən müraciət etdiyin insanların hisslərini də nəzərə al. Dinləyicilərə barmaqla işarə etmək onları pis vəziyyətdə qoya bilər. Bəzi yerlərdə müəyyən jestlər, məsələn, təəccüb əlaməti olaraq əli ağıza qoymaq qadınlara xas jest kimi qiymətləndirilir və kişinin belə etməsinə yaxşı baxılmır. Dünyanın bəzi yerlərində qadınların əl ilə danışmasına pis yanaşırlar. Buna görə də belə yerlərdə bacılara üz ifadələrindən istifadə etmək xüsusilə vacibdir. Kiçik qrup qarşısında şişirdilmiş jestlər etmək, demək olar ki, hər yerdə gülməli hesab olunur.
Təcrübə əldə etdikcə və sərbəst danışmağı öyrəndikcə, etdiyin hər bir vurğulayan jest daxili hisslərini təbii olaraq ifadə edəcək, əminliyini və səmimiliyini nümayiş etdirəcək. Onların sayəsində nitqin daha ifadəli olacaq.
Üz ifadəsi. Heç bir bədən üzvü hissləri üzdən çox ifadə edə bilməz. Gözlər, ağız, baş — bunların hər birinin öz rolu var. İnsan bir kəlmə də söz demədən üzü ilə laqeydlik, nifrət, çaşqınlıq, yaxud məmnunluğu ifadə edə bilər. Danışarkən üz ifadələrindən istifadə etmək nitqi əyani edir və ona emosional rəng qatır. Üzümüzdə 30-dan çox əzələ var. Biz gülümsəyəndə onların, demək olar ki, yarısı bu prosesə cəlb olunur.
Səhnədən çıxış edərkən, yaxud xidmətdə iştirak edərkən, insanlara ürəyi sevindirən, xoş bir xəbər çatdırmağa çalışırıq. Üzündəki mehriban təbəssüm bunu təsdiq edəcək. Ancaq üzündə heç bir ifadə olmazsa, insanlar səmimiliyinə şübhə edə bilərlər.
Bundan əlavə, üzündəki təbəssüm həmsöhbətinə göstərəcək ki, ona münasibətin yaxşıdır. Bu, bizim zəmanədə, insanların yad adamlardan qorxduğu bir vaxtda xüsusilə vacibdir. Üzündəki təbəssüm həmsöhbətinin özünü sərbəst hiss etməsinə və səni daha həvəslə dinləməsinə yol aça bilər.