Fəsil 4
Bütün peyğəmbərlərin şahidlik etdiyi Şəxs
1. Göydə yaşayarkən İsanın Yehova Allahla hansı münasibəti olmuşdur?
«ATA Oğulu sevir və bütün etdiklərini Ona göstərir» (Yəhya 5:20). Oğulun, atası Yehova ilə necə də yaxın münasibəti var idi! Bu münasibətlər onun yer üzünə insan kimi gəlməsindən milyard illər əvvəl, yaradıldığı vaxtdan başlanmışdır. O, Allahın vahid Oğludur, yəni Yehovanın şəxsən yaratdığı yeganə varlıqdır. Göydə və yerdə olan bütün şeylər isə bu sevimli ilkin Oğul vasitəsilə yaradılmışdır (Koloslulara 1:15, 16). O, həmçinin Allahın Kəlamı, yəni Allahın iradəsini başqalarına çatdıran Nümayəndə idi. Yehovanın xüsusən sevdiyi bu Oğul, yer üzünə İsa Məsih kimi gəldi (Süleymanın məsəlləri 8:22-30; Yəhya 1: 14, 18, İ–93; 12:49, 50).
2. Müqəddəs Kitab peyğəmbərliklərində İsa haqqında nə dərəcədə ətraflı bəhs edilir?
2 Allahın ilkin Oğlu insan kimi möcüzəvi surətdə doğulmazdan əvvəl, onun haqqında çoxlu peyğəmbərliklər söylənilmişdi. Həvari Peter Korneliusla söhbət əsnasında demişdi: «Bütün peyğəmbərlər ona şahidlik edirlər» (Həvarilərin işləri 10:43). Müqəddəs Yazılarda İsanın rolundan ətraflı bəhs edilir. Bir mələk həvari Yəhyaya belə söyləmişdi: «İsa haqqındakı şəhadət peyğəmbərliklərin məğzidir» (Vəhy 19:10, YD). Bu peyğəmbərliklərdə İsanın Məsih olduğuna aydın işarə edilir, onun Allahın niyyətlərində müxtəlif rolları icra edəcəyindən bəhs edilirdi. Bunların hamısı bizim üçün dərin məna kəsb edir.
Peyğəmbərliklər nəyi aşkar etdi
3. a) Yaradılış 3:15 ayəsindəki ilan, qadın və ilanın balası kimləri təmsil edir? b) Nəyə görə ilanın başının əzilməsi Yehovanın xidmətçiləri üçün böyük maraq doğurur?
3 Ən birinci peyğəmbərlik Eden bağındakı üsyandan sonra söylənilib. Yehova Allah ilana belə demişdi: «Mən səninlə qadın arasına, sənin balanla onun övladı arasına düşmənçilik salıram. Bu övlad sənin başından vuracaq, sən də onu dabanından sancacaqsan» (Yaradılış 3:15). Bu peyğəmbərlik əslində Şeytanı təmsil edən ilana ünvanlanmışdı. «Qadın», sədaqətli arvad kimi Yehovaya sadiq olan səmavi təşkilatı bildirir. Şeytanın ruhunu təzahür etdirərək, Yehovaya və Onun xalqına qarşı çıxan bütün mələklər və insanlar isə ilanın balasını təşkil edir. İlanın başının əzilməsi Yehovaya böhtan atan və bəşəriyyəti olmazın bəlalara düçar edən üsyankar Şeytanın tam məhvi deməkdir. İlanı məğlub edəcək ‘övladın’ əsas hissəsi kimdir? Onun kimliyi əsrlər boyu müqəddəs ‘sirr’ olaraq qalmışdı (Romalılara 14:24, 25; 16:20).
4. İsanın nəsil şəcərəsi onun vəd edilmiş Övlad olduğunu müəyyən etməkdə necə kömək edir?
4 Təxminən 2 000 il sonra Yehova Allah bu peyğəmbərliklə bağlı başqa təfərrüatları açıqladı. Allah bildirdi ki, Övlad İbrahimin nəslindən olacaq (Yaradılış 22:15-18). Övladın onun hansı uşağından zühur edəcəyi ilk oğulluq haqqından yox, Allahın seçimindən asılı idi. İbrahim Həcərdən doğulmuş oğlu İsmayılı çox sevsə də, Yehova ona bəyan etdi: «Əhdimi... Saranın sənə doğacağı İshaqla davam etdirəcəyəm» (Yaradılış 17:18-21). Sonradan Yehova bu vədini İshaqın ilki Esavla deyil, Yaqubla əhd bağlayaraq təsdiqlədi. Yaqubdan İsrailin 12 qəbiləsi törədi (Yaradılış 28:10-14). Bir müddət keçəndən sonra aydın oldu ki, Övlad Yəhudanın qəbiləsindən, Davudun nəslində doğulacaq (Yaradılış 49:10; 1 Salnamələr 17:3, 4, 11-14).
5. Yerdəki xidmətinin başlanğıcında İsanın Məsih olması nədən aydın oldu?
5 Övladı daha necə tanımaq olardı? Övladın gəlişindən təxminən 700 il əvvəl Müqəddəs Kitabda onun Bet-Lexemdə doğulacağı xəbər verilmişdi. Bu peyğəmbərlikdə həmçinin deyilirdi ki, Övlad ‘zamanın başlanğıcından’, yəni göylərdə yarandığı vaxtdan mövcuddur (Mikeya 5:2). Onun yer üzündə Məsih kimi zühur edəcəyi vaxtı Daniel peyğəmbər dəqiqliyi ilə söyləmişdi (Daniel 9:24-26). İsa müqəddəs ruhla məsh olunub Yehovanın Məsihi olan zaman, göydən Allahın səsi gəldi və İsanın Öz oğlu olduğunu təsdiq etdi (Matta 3:16, 17). Övlad müəyyən olundu! Buna görə də Filip qətiyyətlə demişdi: «Biz Musanın Müqəddəs Qanunda haqqında yazdığı, peyğəmbərlərin də bəhs etdiyi... İsanı tapdıq» (Yəhya 1:45).
6. a) İsanın şagirdləri Luka 24:27 ayəsinə əsasən nəyi başa düşdülər? b) Qadının övladının əsas hissəsini kim təşkil edir və ilanın başının əzilməsi nə deməkdir?
6 Bu vaxtdan etibarən İsanın şagirdləri, Allahdan ilham almış Müqəddəs Yazılardakı bir çox peyğəmbərliklərin ona aid olduğunu dərk etməyə başladılar (Luka 24:27). Həmçinin məlum oldu ki, İsa qadının övladının əsas hissəsidir və o, ilanın başını əzəcək, yəni Şeytanı məhv edəcək. Allahın bəşəriyyətə verdiyi bütün vədlər — səmimi qəlbdən gözlədiyimiz hər şey — İsanın vasitəsilə həyata keçəcək (2 Korinflilərə 1:20).
7. Peyğəmbərliklərdə kimdən bəhs edildiyini başa düşəndən sonra, daha nəyi dərk etmək vacibdir?
7 Bu bilik bizə necə təsir göstərməlidir? Müqəddəs Kitabda, Xilaskar və Məsih haqqındakı bu peyğəmbərliklərin bəzilərini oxumuş bir həbəşistanlı məmurdan bəhs edilir. O, müjdəçi Filipdən heyrətlə soruşmuşdu: «Peyğəmbər bunu kimin üçün söyləyir?» Məmur yalnız cavab almaqla qənaətlənmədi. Filipin izahatını diqqətlə dinlədikdən sonra o anladı ki, yerinə yetmiş bu peyğəmbərliyin dərin mənasını dərk edən adam nə isə etməlidir. O başa düşdü ki, mütləq vəftiz olunmalıdır (Həvarilərin işləri 8:32-38; Yeşaya 53:3-9). Bəs bizdə belə istək varmı?
8. a) İbrahimin İshaqı qurban gətirməyə hazır olması nəyə işarə edirdi? b) Yehova nə üçün İbrahimə bütün millətlərin onun nəslinin vasitəsilə xeyir-dua alacağını dedi və bunun bizə hansı aidiyyəti var?
8 Həmçinin İbrahimin Saradan doğulmuş yeganə oğlu İshaqı qurban gətirməyə hazır olması haqqındakı ürəyi riqqətə gətirən əhvalatı xatırlayaq (Yaradılış 22:1-18). O əhvalat Yehovanın Öz vahid Oğlunu qurban gətirəcəyinə işarə edirdi: «Allah dünyanı elə sevdi ki, vahid Oğlunu ona verdi; bunu ona görə etdi ki, Ona iman edənlərin heç biri həlak olmasın, hamısının əbədi həyatı olsun» (Yəhya 3:16). Yehova niyyətini həyata keçirmək üçün Öz vahid Oğlunu belə əsirgəmədisə, deməli qalan hər şeyi bizə məmnuniyyətlə bəxş edəcək (Romalılara 8:32). Bəs bizdən nə tələb olunur? Yaradılış 22:18 ayəsindən bəlli olur ki, İbrahim Yehovanın ‘sözünə qulaq asdığı’ üçün bütün millətlər onun nəslinin vasitəsilə xeyir-dua alacaq. Biz də Yehovaya və Onun Oğluna qulaq asmalıyıq: «Oğula iman edənin əbədi həyatı vardır; lakin Oğula itaət etməyən, həyat görməyəcəkdir, Allahın qəzəbi onun üzərində qalacaqdır» (Yəhya 3:36).
9. İsanın fidiyə qurbanlığı sayəsində qarşımızda açılan əbədi həyat ümidinə görə minnətdarıqsa, nə edəcəyik?
9 Əgər biz İsanın fidiyə qurbanlığının qarşımızda açdığı əbədi yaşamaq ümidinə görə minnətdarıqsa, Yehovanın Öz Oğlu vasitəsilə dediklərinə əməl edəcək, yəni Allahı və qonşumuzu sevəcəyik (Matta 22:37-39). İsa göstərdi ki, Allaha məhəbbət bizi onun ‘əmr etdiyi hər şeyə riayət etməyi’ başqalarına öyrətməyə sövq edəcək (Matta 28:19, 20). Bundan əlavə, bizdə Yehovanın digər xidmətçilərinə onları sevdiyimizi bildirmək istəyi yaranacaq, buna görə də yığıncaq görüşlərində müntəzəm iştirak edəcəyik (İbranilərə 10:25; Qalatiyalılara 6:10). Yehovaya və Onun Oğluna itaət edərkən onların bizdən kamillik gözlədiyini düşünməməliyik. İbranilərə 4:15 ayəsində İsanın ‘zəifliklərimizdə bizə acıya bilən’ Baş Kahin olduğu deyilir. Zəifliklərimizin öhdəsindən gəlmək üçün İsanın vasitəsilə Allahdan duada kömək diləyəndə təsəlli tapırıq (Matta 6:12).
Məsihə iman gətirin
10. Nə üçün İsa Məsihdən başqa heç kimdə xilas yoxdur?
10 Yəhudeya Ali məhkəməsində Müqəddəs Kitab peyğəmbərliklərinin İsanın üzərində yerinə yetdiyini izah etdikdən sonra həvari Peter sözünə qətiyyətlə yekun vurdu: «Başqa heç kimdə xilas yoxdur; çünki səma altında insanlara verilmiş başqa bir ad yoxdur ki, onunla xilas ola bilək» (Həvarilərin işləri 4:12). Adəmin bütün nəsli günahlı olduğu üçün onların ölümünün heç bir dəyəri yoxdur və heç kimi günahdan qurtarmağa qadir deyil. Amma İsa kamil olduğundan, onun həyatının xilas etmə qüvvəsi var idi (Məzmur 49:6-9; İbranilərə 2:9). O, Allaha Adəmin itirdiyi kamil həyata tam müvafiq fidiyə təqdim etdi (1 Timoteyə 2:5, 6). Bu fidiyə bizə Allahın yeni dünyasına aparan yolu açdı.
11. İsanın fidiyə qurbanlığının bizə nə dərəcədə böyük fayda gətirdiyini izah et.
11 Məsihin fidiyə qurbanlığı artıq indidən bizə fayda gətirir. Məsələn, günahların bağışlanması sayəsində biz, günahkar insanlar vicdanımızı təmizləyə bilərik. Təmiz vicdan, israillilərin Musanın qanununa görə təqdim etdikləri qurbanların gətirdiyi faydadan qat-qat dəyərlidir (Həvarilərin işləri 13:38, 39; İbranilərə 9:13, 14; 10:22). Lakin günahlarımızın bağışlanması üçün Məsihin fidiyə qurbanlığına böyük ehtiyacımız olduğunu dərk etməliyik: «Əgər günahsızıq deyiriksə, biz öz-özümüzü aldadırıq və bizdə həqiqət yoxdur. Əgər günahlarımızı etiraf ediriksə, sadiq və adil olan Allah günahlarımızı bağışlayıb, bizi hər yamanlıqdan təmizləyəcəkdir» (1 Yəhya 1:8, 9).
12. Allahın qarşısında təmiz vicdan qazanmaq üçün nəyə görə suda vəftiz olunmaq lazımdır?
12 Bəs günahlı insanlar Məsihə və onun fidiyə qurbanlığına necə iman gətirə bilərlər? Birinci əsrdə iman yoluna qoşulanlar bunu aşkar nümayiş etdirirdilər. Necə? Vəftiz olunmaqla. Nə üçün? Ona görə ki, İsa bütün şagirdlərinə vəftiz olunmağı tapşırmışdı (Matta 28:19, 20; Həvarilərin işləri 8:12; 18:8). Yehovanın İsa vasitəsilə məhəbbətlə verdiyi ənama görə ürəkdən minnətdar olan insan, ləngimədən hərəkət edəcək. O, həyatında lazımi dəyişikliklər edəcək, duada Allaha həsr olunacaq və suda vəftiz olunmaqla bunu simvolizə edəcək. İmanın sövq etdiyi bu addımları atmaqla insan Yehovadan təmiz vicdan diləyir (1 Peter 3:21, KM).
13. Günah işlətdiyimizi anladıqda nə etməliyik və nəyə görə?
13 Əlbəttə günaha meylliyimiz vəftizdən sonra da özünü büruzə verəcək. Belə halda nə etməliyik? Həvari Yəhya demişdi: «Bunları sizə ona görə yazıram ki, günah işlətməyəsiniz. Əgər biri günaha batsa belə, Atanın yanında Müdafiəçiyə, yəni adil olan İsa Məsihə malikik. O Özü günahlarımız... üçün əfv təmin edən qurbandır» (1 Yəhya 2:1, 2). Onda elə çıxır ki, necə günah işlədiriksə işlədək, sadəcə dua etsək Allah bizi bağışlayacaq? Əsla yox! Əfv olunmaq üçün sidqi-ürəkdən tövbə etmək lazımdır. Həmçinin bizə məsihçi yığıncağının daha təcrübəli üzvlərinin köməyi gərək ola bilər. Biz pis iş gördüyümüzü etiraf etməli, ürəkdən peşmançılıq çəkməli və var-qüvvəmizlə bu səhvi təkrar etməməyə çalışmalıyıq (Həvarilərin işləri 3:19; Yaqub 5:13-16). O zaman biz İsanın köməyinə və Yehova ilə münasibətlərimizin bərpa olunacağına əmin ola bilərik.
14. a) İsanın fidiyə qurbanlığının bizə hansı mühüm cəhətdən fayda gətirdiyini izah et. b) Əgər imanımız varsa, nə edəcəyik?
14 İsanın fidiyə qurbanlığı Yaradılış 3:15 ayəsində danışılan Övladın ikinci dərəcəli hissəsi, «kiçik sürü» üçün göylər həyatına yol açdı (Luka 12:32; Qalatiyalılara 3:26-29). Milyardlarla insan üçünsə yerüzü Cənnətdə əbədi yaşamağa imkan yaratdı (Məzmur 37:29, KM; Vəhy 20:11, 12; 21:3, 4). Əbədi həyat Allahın İsa Məsih vasitəsilə verdiyi hədiyyədir (Romalılara 6:23; Efeslilərə 2:8-10). Əgər bu hədiyyəyə inanır və onun nəyin bahasına verildiyini qiymətləndiririksə, onda minnətdarlığımız əməllərimizdən bəlli olacaq. Yehovanın niyyətlərində İsanın rolunu və onun nümunəsini dəqiqliklə izləməyin nə qədər vacib olduğunu başa düşsək, biz məsihçi xidmətini həyatımızda ən mühüm işlərdən biri edəcəyik. Allahın heyrətamiz ənamından qətiyyətlə danışarkən imanımız hamıya bəlli olacaq (Həvarilərin işləri 20:24).
15. İsa Məsihə olan iman hansı birləşdirici qüvvəyə malikdir?
15 Bu cür imanın güclü birləşdirici qüvvəsi var. Onun sayəsində Yehova Allah, İsa Məsih və yığıncaqdakı bacı-qardaşlarımızla daha da yaxınlaşırıq (1 Yəhya 3:23, 24). Biz çox sevinirik, çünki Yehova məhəbbətlə Öz Oğluna «bütün adlardan [Allahın adından başqa] üstün olan adı bəxş etdi ki, göydə, yerdə və yerin altında olanların hamısı İsanın adına hörmətlə diz çöksün» (Filipililərə 2:9, 10).
Təkrar üçün suallar
• Allahın Kəlamına həqiqətən inananlar Məsihin kimliyini nə üçün asanlıqla müəyyən edə bildilər?
• İsanın fidiyə qurbanlığına görə minnətdar olduğumuzu necə göstərə bilərik?
• İsanın fidiyə qurbanlığı hansı sahələrdə bizə fayda gətirib? Yehovaya günahlarımızın bağışlanması üçün dua edərkən İsanın fidiyə qurbanlığı bizə necə kömək edir?
[36-cı səhifədəki şəkil]
İsa davamçılarına tapşırmışdı: ‘Sizə əmr etdiyim hər şeyə riayət etməyi insanlara öyrədin’