Fəsil 11
Əvvəlcə Padşahlığı axtarın
1. a) İsa nəyə görə öz dinləyicilərini əvvəlcə Padşahlığı axtarmağa sövq edirdi? b) Özümüzdən nəyi soruşmalıyıq?
İSA 1900 il bundan əvvəl Qalileyada öz dinləyicilərinə müraciət edərkən demişdi: «Əvvəlcə Allahın Səltənətini və Onun [Allahın] salehliyini axtarın». Görəsən yubanmadan hərəkət etməyə bir səbəb vardı? Məgər Məsih hələ bir neçə əsrdən sonra Padşah olmayacaqdı? Bəli, bu belədir, lakin Yehova məhz Xilaskar Padşahlıq vasitəsilə Öz hökmranlığına bəraət qazandırmalı və yer üzü ilə bağlı möhtəşəm niyyətini həyata keçirməli idi. Bu məsələlərin vacibliyini anlayan insanlar həyatda əsas yeri Padşahlığa verirdilər. Əgər birinci əsrdə bu belə idisə, görün Məsih Padşah olandan sonra bunu etmək nə dərəcədə önəmlidir! Bununla bağlı ortaya belə bir sual çıxır: həyat tərzim əvvəlcə Allahın Padşahlığını axtardığımı göstərirmi? (Matta 6:33).
2. Ümumilikdə götürdükdə, insanlar nəyə can atırlar?
2 Bu gün yer üzündə milyonlarla insan Padşahlığı həyatlarında birinci yerə qoyur. Onlar özlərini Yehovanın iradəsini yerinə yetirməyə həsr etməklə Padşahlığı dəstəklədiklərini nümayiş etdirirlər. İnsanların böyük əksəriyyəti isə dünyəvi şeylərə can atır. Onların fikri-zikri pul qazanmaq, naz-nemət içində yaşamaqdır. Yaxud da var-qüvvələrini karyera qurmağa sərf edirlər. Bu insanların həyat tərzi göstərir ki, onlar yalnız özlərini, var-dövləti və kef çəkməyi düşünürlər. Belələri üçün Allah ya haradasa arxa plandadır, ya da heç yoxdur (Matta 6:31, 32).
3. a) İsa şagirdlərini hansı xəzinəni yığmağa təşviq edirdi və nə üçün? b) Nəyə görə maddi şeylər üçün həddən ziyadə narahat olmaq lazım deyil?
3 İsa öz şagirdlərinə belə bir məsləhət vermişdi: «Yer üzündə özünüzə xəzinələr yığmayın». Var-dövlət əbədi deyil, bunun əvəzinə Yehovaya xidmət etməklə «özünüzə göydə xəzinələr yığın». İsa davamçılarına gözlərini «sağlam» saxlamağı, yəni Allahın iradəsini var-qüvvələri ilə yerinə yetirməyi tövsiyə edirdi. O deyirdi: «Siz Allaha və mammona [var-dövlətə] qulluq edə bilməzsiniz». Bəs geyim, yemək, ev kimi zəruri tələbatlar? Onları kim təmin edəcək? İsa «qayğı çəkməyin» deyə tövsiyə edirdi. O, şagirdlərinə quşları və gülləri misal gətirdi: Allah quşları yedizdirir, gülləri isə geyindirir. Məgər Allahın şüurlu xidmətçiləri onlardan qat-qat üstün deyillər? İsa demişdi: «Lakin əvvəlcə Allahın Səltənətini və Onun salehliyini axtarın; və bunların [zəruri şeylərin] hamısı sizə əlavə olaraq veriləcəkdir» (Matta 6:19-34). Əməllərin buna inandığını göstərirmi?
Padşahlıq həqiqətini ürəyində boğma
4. Maddi şeylərə çox əhəmiyyət verən insanın axırı necə ola bilər?
4 Özümüzün və ailəmizin maddi ehtiyaclarını təmin etmək düzgündür. İntəhası, insan maddi şeylər barəsində həddən artıq narahat olursa, bunun axırı pis ola bilər. Belə insan Padşahlığa inandığını deyə bilər. Amma onun həyatında başqa şeylər daha önəmlidirsə, Padşahlıq həqiqəti əvvəl-axır ürəyində ‘boğulacaq’ (Matta 13:18-22). Misal üçün, bir dəfə bir cavan varlı rəis İsadan soruşmuşdu: «Əbədi həyatı miras almaq üçün nə etməliyəm?» O yüksək əxlaqlı və xoşxasiyyət adam olsa da, mal-dövlətinə çox bağlı idi və hətta Məsihin davamçısı olmaq naminə belə, varından heç cür ayrıla bilmirdi. Təəssüf ki, o, gələcəkdə, səmavi Padşahlıqda Məsihlə birlikdə olmaq imkanını əldən buraxdı. Ona görə də İsa demişdi: «Sərvəti olanlar Allahın Səltənətinə nə çətinliklə girəcəklər!» (Mark 10:17-23)
5. a) Pavel Timoteyi nə ilə kifayətlənməyə təşviq edirdi və nə üçün? b) Şeytan insanları məhvedici ‘pulpərəstlik’ toruna necə salır?
5 Bir neçə il sonra həvari Pavel varlı ticarət şəhəri Efesdə yaşayan Timoteyə yazırdı: «Biz dünyaya heç bir şey gətirməmişik; və aydındır ki, oradan heç bir şey də apara bilmərik. Amma yeməyimiz və paltarımız varsa, bunlarla kifayətlənirik». İşləyib özünü və ailəsini qida, geyim və evlə təmin etmək düzgündür. Lakin Pavel başqa şeydən xəbərdar edir: «Varlanmaq istəyənlər isə yoldan çıxır və tora düşürlər və insanları fəlakətə və həlaka aparan bir çox mənasız və ziyanverici ehtiraslara qapılırlar». Şeytan hiyləgərdir. O əvvəlcə insanı xırda-para şeylərlə şirnikləndirə bilər. Sonradan təzyiqi get-gedə artırır: adama vəzifədə irəli çəkilmək və yaxud yüksək maaşlı, amma ruhani şeylərə ayırdığı vaxtı oğurlayan bir iş təklif edilir. Ayıq olmasaq, «pulpərəstlik» daha vacib şeyləri, Padşahlığın maraqlarını boğa bilər. Pavel bunu belə ifadə etmişdi: «[Pulpərəstliyə] qapılan bəziləri iman yolundan uzaqlaşıb, özlərinə bir çox əzablar çəkdirdilər» (1 Timoteyə 6:7-10).
6. a) Var-dövlətə aludə olmamaq üçün nə etməliyik? b) Dünyadakı iqtisadi vəziyyətdən asılı olmayaraq, biz nəyə əmin ola bilərik?
6 Pavel məsihçi qardaşı Timoteyə məhəbbətlə tövsiyə edirdi: «Bunlardan uzaq qaç... iman uğrunda gedən mübarizədə yaxşı çarpış» (1 Timoteyə 6:11, 12). Əgər bu dünyada hökm sürən var-dövlət hərisliyinə aludə olmaq istəmiriksə, var-gücümüzlə müqavimət göstərməliyik. İmanımıza uyğun yaşamaq üçün əlimizdən gələni ediriksə, Yehova bizdən heç vaxt üz döndərməyəcək. Bahaçılığa və işsizliyə baxmayaraq, Allah qeydimizə qalaraq bizi ən zəruri şeylərlə təmin edəcək. Pavel yazırdı: «Həyatınız pulpərəstlikdən azad olsun, özünüzdə olan şeylərlə kifayətlənin; çünki [Allah] demişdir: “Səni heç buraxmayacağam və əsla tərk etməyəcəyəm”. Buna görə, biz cəsarətlə deyirik: “Rəbb mənə yardımçıdır, mən qorxmaram; insan mənə nə edə bilər?”» (İbranilərə 13:5, 6). Davud padşah da yazmışdı: «Gəncliyimdən qocalığımadək salehin tərk edildiyini, nəslinin çörək üçün diləndiyini görməmişəm» (Məzmur 37:25).
Erkən məsihçilərin nümunəsi
7. İsa təbliğlə əlaqədar şagirdlərinə hansı göstərişləri vermişdi və nəyə görə demək olar ki, onlar yersiz deyildi?
7 İsa həvarilərinə lazımi qaydada təlim verib onları İsraildə «Səmavi Səltənət yaxındır» deyərək xoş xəbəri yaymağa göndərdi. Necə də möhtəşəm bir xəbər! Xilaskar Padşah İsa Məsih onların yanında idi. Həvarilər özlərini bütövlükdə xidmətə həsr etdikləri üçün İsa onları Allaha güvənməyə təşviq edirdi. Allah onların qeydinə qalacaqdı. İsa deyirdi: «Yola bir şey götürməyin: nə əsa, nə torba, nə çörək, nə də pul. Və nə də iki köynəyiniz olsun. Hansı evə girsəniz, orada qalın və oradan da yola çıxın» (Matta 10:5-10; Luka 9:1-6). Yehova onların ehtiyaclarını həmvətənləri israillilər vasitəsilə təmin edəcəkdi. Qonaqpərvərlik israillilər arasında adi bir hal idi.
8. a) Nə üçün İsa ölümündən bir qədər əvvəl şagirdlərinə təbliğlə əlaqədar yeni göstəriş verdi? b) İsanın davamçılarının həyatında əsas yeri əvvəlki kimi nə tutmalı idi?
8 Ölümündən qabaq İsa şagirdlərini xəbərdar etmişdi ki, gələcəkdə onlar başqa şəraitdə xidmət edəcəklər. Dövlət tərəfindən təqib ediləcəklərinə görə İsraildə onlara əvvəlki kimi qonaqpərvərlik göstərilməyəcək. Bundan əlavə, onlar bir azdan Padşahlıq xəbərini başqa xalqlara da çatdırmalı idilər. Artıq şagirdlər ‘kisə’ və çörək ‘torbası’ götürməli idilər. Bununla belə, onlar əvvəlcə Yehovanın Padşahlığını və Onun salehliyini axtarmağa davam etməli və Allahın, yeməyə və geyimə olan tələbatlarını təmin edəcəyinə güvənməli idilər (Luka 22:35-37).
9. Ehtiyaclarını özü təmin etsə də, nəyə görə demək olar ki, Padşahlıq Pavelin həyatında əsas yeri tuturdu və bununla bağlı o məsihçiləri nəyə çağırırdı?
9 Məsihin məsləhətinə əməl etməkdə gözəl nümunə qoymuş insanlardan biri də həvari Paveldir. Xidmət onun həyatında ən başlıca yeri tuturdu (Həvarilərin işləri 20:24, 25). Təbliğ etdiyi yerlərdə ehtiyaclarını özü təmin edir, hətta çadır hazırlamaqla məşğul olurdu. O başqalarından heç nə ummurdu (Həvarilərin işləri 18:1-4; 1 Saloniklilərə 2:9). Bununla yanaşı adamlar Pavelə məhəbbətdən irəli gələrək qonaqpərvərlik göstərəndə və hədiyyə verəndə, o bunları minnətdarlıqla qəbul edirdi (Həvarilərin işləri 16:15, 34; Filipililərə 4:15-17). Pavel istəmirdi ki, məsihçilər ailələrini başlı-başına buraxıb yalnız təbliğlə məşğul olsunlar. Həvari onları müxtəlif məsuliyyətlərinə tarazlı şəkildə yanaşmağa təşviq edirdi. O, məsihçilərə zəhmətkeş, ailəcanlı və əliaçıq olmağı tövsiyə edirdi (Efeslilərə 4:28; 2 Saloniklilərə 3:7-12). Pavel onları var-dövlətə deyil, Allaha güvənməyə və yaşayışları ilə həyatda nələrin daha vacib olduğunu anladıqlarını göstərməyə çağırırdı. Bu, İsanın öyrətdiyi kimi, əvvəlcə Allahın Padşahlığını və Onun salehliyini axtarmaq demək idi (Filipililərə 1:9-11).
Qoy Padşahlıq həyatında əsas yeri tutsun
10. Əvvəlcə Padşahlığı axtarmaq nə deməkdir?
10 Padşahlıq haqqında xoş xəbərin təbliğində nə dərəcədə fəal iştirak edirik? Bu qismən şəraitimizdən və həmçinin minnətdarlığımızın dərəcəsindən asılıdır. Unutmayaq ki, Məsih «boş-bikar olanda Padşahlığı axtarın» deməmişdi. Padşahlığın vacibliyini dərk edən İsa, Atasının iradəsini bu sözlərlə ifadə etmişdi: «Allahın Padşahlığını daima axtarın» (Luka 12:31, YD). Düzdür, özümüzü və ailəmizi təmin etmək üçün işləməliyik, amma imanımız möhkəmdirsə, Padşahlığın təbliği işi həyatımızda vacib yeri tutacaq. Eyni zamanda, ailəmizin də qeydinə qalacağıq (1 Timoteyə 5:8).
11. a) İsa Padşahlıq xəbərinin təbliğində hamının eyni dərəcədə iştirak edə bilməyəcəyini əyani surətdə necə göstərmişdi? b) Təbliğçinin nə qədər xidmət etdiyinə hansı amillər təsir göstərir?
11 Bəzilərimiz Padşahlıq haqqında xoş xəbərin təbliğinə digərlərinə nisbətən daha çox vaxt sərf edirik. Amma İsa müxtəlif növ torpaq haqqındakı məsəlində göstərmişdi ki, yalnız ürəkləri münbit torpağa bənzəyənlərin hamısı bar gətirəcək. Nə qədər? Hər kəs imkanına görə. Misal üçün, kiminin yaşı, səhhəti, kiminin ailə şəraiti burada öz rolunu oynayır. Amma insan xoş xəbərə görə ürəkdən minnətdardırsa, o çox şey edə bilər (Matta 13:23).
12. Gənclərə hansı ruhani məqsədlərin üzərində düşünmək məsləhət görülür?
12 Padşahlığın təbliğində daha çox iştirak etmək üçün qarşımıza məqsədlər qoymaq yaxşı olardı. Gənclər çalışqan gənc məsihçi Timoteydən əla nümunə götürə bilərlər (Filipililərə 2:19-22). Təhsillərini başa vurduqdan sonra tammüddətli xidmətə başlamaqdan gözəl nə ola bilər? Yaxşı düşünülmüş ruhani məqsədlər yaşca daha böyük olanlara da fayda gətirər.
13. a) Xidmətdə nə qədər çalışacağımızı kim müəyyənləşdirir? b) Əvvəlcə Padşahlığı ürəkdən axtarmaqla nəyi sübut edirik?
13 Zənnimizcə xidmətdə daha çox iştirak etməyə imkanları olub, amma bunu etməyənlərə tənqidi yanaşmaqdansa, imanımız bizi təkmilləşməyə və xidmətdə imkanımız daxilində bacardığımızı etməyə həvəsləndirməlidir (Romalılara 14:10-12, KM; Qalatiyalılara 6:4, 5). Əyyubun başına gələnlərdən göründüyü kimi, Şeytan iddia edir ki, bizi ən çox var-dövlət, rahatlığımız maraqlandırır və Allaha şəxsi mənfəət güdərək xidmət edirik. Lakin əvvəlcə Padşahlığı axtarırıqsa, onda İblisin böyük yalançı olduğunu sübut edir və göstəririk ki, bizim üçün həyatda ən əsas şey Allaha xidmətdir. Beləcə, Yehovaya böyük məhəbbət bəslədiyimizi, Onun hökmranlığını sədaqətlə dəstəklədiyimizi və insanlara sevgimizi sözdə və əməldə sübut edirik (Əyyub 1:9-11; 2:4, 5; Süleymanın məsəlləri 27:11).
14. a) Qrafik xidmətdə bizə necə kömək edə bilər? b) Bir çox Şahidlər təbliğ xidmətində nə dərəcədə fəal iştirak edirlər?
14 Qrafik tutmaqla adi vaxtlardan daha çox xidmət edə bilərik. Yehova da Öz niyyətini yerinə yetirmək üçün ‘vaxt təyin edir’ (Çıxış 9:5; Mark 1:15). İmkanımız daxilində həftədə bir və ya bir necə dəfə təbliğ xidmətində iştirak etmək üçün vaxt ayırsaq yaxşı olar. Bütün dünyada yüz minlərlə Yehovanın Şahidi köməkçi pioner kimi xidmət edərək təbliğ işinə gündə təxminən iki saat vaxt sərf edirlər. Yüz minlərlə digər bacı-qardaşımız Padşahlıq xəbərini yaymağa gündə təxminən iki saat yarım vaxt həsr etməklə daimi pioner kimi xidmət edirlər. Xüsusi pionerlər və missionerlər isə gün ərzində daha çox təbliğ edirlər. Bundan əlavə, hər kəs fürsət axtarıb, qeyri-rəsmi şəraitdə də Padşahlıq xəbərini dinləmək istəyənlərlə bölüşə bilər (Yəhya 4:7-15). Bu işdə imkanımız yol verdiyi qədər tam iştirak etməyə həvəsimiz olmalıdır. İsa demişdi: «Səmavi Səltənət haqqında olan bu Müjdə xalqların hamısına şəhadət olaraq bütün dünyada təbliğ olunacaqdır; və son o zaman gələcəkdir» (Matta 24:14; Efeslilərə 5:15-17).
15. 1 Korinflilərə 15:58 ayəsindəki məsləhəti xidmətimizə necə tətbiq edə bilərik?
15 Yaşadıqları ölkədən asılı olmayaraq, Yehovanın Şahidləri dünyanın hər yerində təbliğ xidmətində yekdilliklə iştirak edirlər. Onlar Müqəddəs Kitabdakı məsləhəti özlərinə tətbiq edirlər: «Möhkəm, sarsılmaz olun, hər zaman Rəbbin işində tərəqqi edin və bilin ki, Rəbbin yolunda çəkdiyiniz əmək əbəs deyildir» (1 Korinflilərə 15:58).
Təkrar üçün suallar
• İsanın sözlərinə əsasən, əvvəlcə Allahın Padşahlığını axtarırıqsa, nələri arxa plana çəkəcəyik?
• Özümüzün və ailəmizin qeydinə qalmaq vəzifəsinə necə yanaşmalıyıq? Allah bizə necə kömək edəcək?
• Xidmətin hansı növlərində iştirak edə bilərik?
[107-ci səhifədəki şəkil]
Nə qədər ki son gəlməyib, Yehovanın Şahidləri bütün ölkələrdə xoş xəbəri təbliğ edirlər