Fəsil 16
«Bir-birinizə coşğun məhəbbətiniz olsun»
1. Yehovanın Şahidlərinin görüşlərinə təzə gələn adamlara adətən nə güclü təsir bağışlayır?
YEHOVANIN ŞAHİDLƏRİNİN yığıncaq görüşlərinə təzə gələn adamlara yığıncaqda hökm sürən məhəbbət güclü təsir bağışlayır. Bu adamlar məhəbbətin təzahürünü yığıncaq üzvlərinin onlara qarşı səmimi rəftarında və bir-biri ilə mehriban ünsiyyətində görürlər. Konqreslərimizə gələnlərin də nəzərini məhəbbət cəlb edir. Bir müxbir konqres barəsində belə yazmışdı: «Mən konqresdə sərxoş və narkotik maddə qəbul etmiş bir adam görmədim. Hay-küy, çığırtı eşitmədim. Basabas yox idi. Heç kəs söyüş söymür, ədəbsiz və nalayiq zarafat etmirdi. Havada siqaret tüstüsü yox idi. Oğurluq yox idi. Yerdə boş bankalar yox idi. Lap qeyri-adi bir mənzərə idi!» Bütün bunlar ‘kobud davranmayan, öz mənfəətini axtarmayan’ məhəbbətdən bəhs edir (1 Korinflilərə 13:4-8).
2. a) Vaxt keçdikcə məhəbbətimiz necə dolğunlaşır? b) Məsihdən nümunə götürərək biz nə cür məhəbbət yetişdirməliyik?
2 Qardaşlıq məhəbbəti həqiqi məsihçilərin səciyyəvi əlamətidir (Yəhya 13:35). Ruhani cəhətdən yetkinləşdikcə, məhəbbətimiz daha da dolğunlaşır. Həvari Pavel məsihçi qardaşlarının məhəbbətinin getdikcə daha da artması üçün dua edirdi (Filipililərə 1:9). Həvari Yəhya isə demişdi ki, məsihçi öz qardaşını fədakarlıqla sevməlidir: «Biz məhəbbəti bunda dərk etdik ki, Məsih Öz canını bizim üçün fəda verdi. Biz də öz canlarımızı qardaşlarımız üçün fəda etməliyik» (1 Yəhya 3:16; Yəhya 15:12, 13). Bəs lazım gəlsə, qardaşlarımız üçün canımızı fəda edərikmi? Hərçənd, çox hallarda buna ehtiyac olmur, amma özümüzdən soruşa bilərik: mənim üçün narahatçılıq yaratsa da, qardaşlarımın köməyinə gəlmək üçün əlimdən gələni edirəmmi?
3. a) Sevgimizi daha dolğun necə ifadə edə bilərik? b) Nəyə görə indidən bir-birimizi coşqun məhəbbətlə sevməliyik?
3 Fədakarlıqla gördüyümüz əməllərlə yanaşı, qardaşlarımıza qarşı mehriban, səmimi olmalıyıq. Allahın Kəlamı bizi təşviq edir: «Qardaşlıq sevgisi ilə bir-birinizi şəfqətlə sevin» (Romalılara 12:10). Hər birimiz müəyyən adamlara qarşı bu cür hisslər duyuruq. Bəs başqalarını da bu cür nəvazişlə sevə bilərdikmi? Bu köhnə sistemin sonu yaxınlaşdıqca, məsihçi bacı-qardaşlarımızla daha da mehriban olmalıyıq. Müqəddəs Kitabda deyilir: «Hər şeyin axırı yaxındır... Hər şeydən əvvəl bir-birinizə coşğun məhəbbətiniz olsun, çünki məhəbbət bir çox günahın üstünü örtər» (1 Peter 4:7, 8).
Çətinliklər yarananda
4. a) Yığıncaq üzvləri arasında söz-söhbət nədən yarana bilər? b) Müqəddəs Kitabdakı məsləhətlərə əməl etməyə həmişə meylli olmasaq da, bunu etsək hansı xeyiri tapacağıq?
4 Qeyri-kamillik ucbatından arabir başqalarının xətrinə dəyirik. Qardaşlarımızın da bizə qarşı müxtəlif səhvləri ola bilər (1 Yəhya 1:8). Belə vəziyyətdə nə etmək olar? Müqəddəs Yazılarda bu haqda tövsiyələr verilir. İntəhası, biz, qeyri-kamil insanlar orada yazılanlara riayət etməyə meylli olmaya bilərik (Romalılara 7:21-23). Buna baxmayaraq, Müqəddəs Kitab məsləhətinə canla-başla əməl etməyimiz, Yehovanı səmimi qəlbdən sevindirmək istədiyimizi göstərir. Bu, məhəbbətimizin daha dolğun olmasına kömək edəcək.
5. Kimsə xətrimizə dəyəndə, nə üçün əvəz çıxmamalıyıq?
5 Bəzən adamlar onları incidənlərdən əvəz çıxmaq istəyirlər. Amma bu, vəziyyəti daha da ağırlaşdırır. ‘Qisası’ Allahın öhdəsinə buraxmaq lazımdır (Süleymanın məsəlləri 24:29; Romalılara 12:17-21). Digərləri təqsirkarı danışdırmırlar. Amma biz həmimanlılarımızla belə rəftar etməməliyik, çünki ibadətimizin Allaha məqbul olub-olmaması müəyyən dərəcədə qardaşlarımıza bəslədiyimiz məhəbbətdən asılıdır (1 Yəhya 4:20). Pavel bununla bağlı yazmışdı: «Bir-birinizə təhəmmül edin və birinizin digərindən şikayəti varsa, bağışlasın. Məsih [“Yehova”, YD] sizi bağışladığı kimi, siz də bir-birinizi bağışlayın» (Koloslulara 3:13). Bəs sən bunu bacarırsan?
6. a) Qardaşlarımızı neçə dəfə bağışlamalıyıq? b) Nəyi anlasaq, bizə qarşı günah işlədən adamı bağışlaya biləcəyik?
6 Tutaq ki, bir adam bizə qarşı dəfələrlə günah işlədir. Amma bu günahlar o dərəcədə ciddi deyil ki, onlara görə insanı yığıncaqdan kənar etsinlər. Belə halda nə etməli? Həvari Peter bu cür xırda günahları nəzərdə tutaraq belə qənaətə gəlmişdi ki, təqsirkarı yeddi dəfəyə qədər bağışlamaq olar. Amma İsa «yeddi dəfə yox, yetmiş kərə yeddi dəfə» bağışlamağı söylədi. İsa, Allah qarşısındakı borcumuzun kiminsə bizə olan borcundan qat-qat böyük olduğunu vurğuladı (Matta 18:21-35). Özümüz də dərk etmədən hər gün Allah qarşısında sözdə və fikirdə, eqoist hərəkətlə, bəzən də öhdəmizə düşən işi görməməklə günah işlədirik (Romalılara 3:23). Bütün bunlara baxmayaraq, Allah bizimlə hələ də mərhəmətlə davranır (Məzmur 103:10-14; 130:3, 4). O istəyir ki, biz də bir-birimizlə eyni şəkildə rəftar edək (Matta 6:14, 15; Efeslilərə 4:1-3). Bu halda biz ‘pisliklərin hesabını tutmayan’ məhəbbət təzahür etdirəcəyik (1 Korinflilərə 13:4, 5; 1 Peter 3:8, 9).
7. Hər hansı bir qardaş və ya bacı bizdən inciyəndə nə etməliyik?
7 Bəzən həmimanlımızın bizdən incidiyini hiss edirik, halbuki, aramızda heç bir söz-söhbət olmayıb. Belə halda 1 Peter 4:8 ayəsində tövsiyə edildiyi kimi, bu məsələnin üstünü məhəbbətlə örtmək yaxşı olardı. Həmçinin həmimanlımızla danışmağa təşəbbüs göstərib münasibətlərimizi bərpa etməyə çalışa bilərik (Matta 5:23, 24).
8. Həmimanlımız bəzi hərəkətləri ilə bizi əsəbiləşdirəndə nə etməliyik?
8 Bəzən bir məsihçi öz hərəkətləri ilə yalnız səni deyil, başqalarını da əsəbiləşdirir. Bəlkə onunla söhbət edəsən? Səni narahat edən şeyləri ona hörmətcil tərzdə desən, bunun yaxşı nəticəsi ola bilər. Amma əvvəlcə özündən soruş: qardaşım Müqəddəs Kitaba zidd bir iş görürmü? Bəlkə aramızdakı çətinlik başqa-başqa mühitdə böyüdüyümüz və aldığımız müxtəlif tərbiyəyə görə yaranıb? Ehtiyatlı ol ki, özündən qayda-qanun yaradıb adamları mühakimə etməyəsən (Yaqub 4:11, 12). Yehova üzgörənlik etmir və cürbəcür insanları qəbul edib təmkinlə onların ruhanicə yetkinləşmələrini gözləyir.
9. a) Yığıncaqda ağır günah halları ilə kim məşğul olur? b) Hansı hallarda və hansı məqsədlə zərər çəkmiş adam təqsirkara özü birinci yanaşmalıdır?
9 Əgər yığıncaqda kimsə ağır günah işlədir, məsələn əxlaqsızlıq edirsə, dərhal tədbir görmək lazımdır. Bu işlə kim məşğul olur? Ağsaqqallar (Yaqub 5:14, 15). Amma kiməsə qarşı günah işlədiləndə, misal üçün, işgüzar məsələlərin həllində və ya kimsə dili ilə başqasına zərər gətirəndə, zərər çəkmiş adam özü təqsirkara yaxınlaşıb bu məsələni onunla təklikdə həll etməlidir (Matta 18:15). Əgər məsələ həll olunmazsa, onda Matta 18:16, 17 ayələrində deyilən addımları atmaq lazımdır. Təqsirkar qardaşa qarşı məhəbbət və onu ‘qazanmaq’ istəyi, bizi o qardaşın ürəyinə yol tapmağa sövq edəcək (Süleymanın məsəlləri 16:23).
10. Yaranmış problemə düzgün yanaşmaqda bizə nə kömək edə bilər?
10 Böyüklüyündən-kiçikliyindən asılı olmayaraq, yaranmış problemə Yehovanın gözləri ilə baxmağın bizə köməyi dəyər. Allaha ümumiyyətlə heç bir günah məqbul deyil, ağır günah işlədib tövbə etməyənlər vaxtı gələndə Allahın təşkilatından xaric ediləcəklər. Amma unutmayaq ki, biz hamımız xırda günahlar işlədirik, ona görə də Allahın böyük səbrinə və mərhəmətinə ehtiyacımız var. Yehova bu yolla bizə nümunə qoyur ki, digərləri günah işlədəndə biz Onun nümunəsini təqlid edək. Mərhəmət göstərməklə biz Allahın məhəbbətini əks etdiririk (Efeslilərə 5:1, 2).
«Ürəyinizi genişləndirmək» üçün imkanlar axtarın
11. Həvari Pavel Korinfdəki məsihçiləri nə üçün ‘ürəklərini genişləndirməyə’ çağırırdı?
11 Həvari Pavel bir neçə ay ərzində Yunanıstanın Korinf şəhərindəki yığıncağı möhkəmləndirirdi. Pavel oradakı qardaşları sevdiyi üçün canla-başla onlara kömək edirdi. Amma bəziləri ona qarşı mehribançılıq yox, kəskin tənqidi əhval-ruhiyyə bəsləyirdilər. Pavel onlara incə hisslərini ifadə etmək üçün ‘ürəklərini genişləndirməyi’ tövsiyyə edirdi (2 Korinflilərə 6:11-13, İ–93; 12:15). Yaxşı olardı ki, hər birimiz başqalarına nə dərəcədə məhəbbət bəslədiyimiz üzərində düşünək və ‘ürəyimizi genişləndirməyə’ imkanlar axtaraq (1 Yəhya 3:14).
12. Yığıncağın hər bir üzvünə qarşı məhəbbətimizi necə artıra bilərik?
12 Yığıncaqda dostluq münasibəti qurmaqda çətinlik çəkdiyimiz adamlar varmı? Xasiyyətimiz arasındakı fərqlərə fikir verməsək münasibətimiz yəqin ki, yaxşılaşacaq. Axı biz də başqalarından özümüzə qarşı belə münasibət gözləyirik. Onların yaxşı cəhətlərini görməyə və qiymətləndirməyə çalışsaq, bu adamlarla daha mehriban olacağıq. Bunun sayəsində onlara qarşı məhəbbətimiz şübhəsiz artacaq (Luka 6: 32, 33, 36).
13. Yığıncaq üzvlərinə məhəbbət göstərmək üçün ürəyimizi necə genişləndirə bilərik?
13 Sözsüz, hər bir adama şəxsi maraq göstərməyə imkanımız məhduddur. Bir görüş ərzində hamı ilə salamlaşmaq mümkün deyil. Əlbəttə, hamını qonaq dəvət edə bilməyəcəyik. Bəs cəmi bir neçə dəqiqə ayırıb yığıncağımızda kiminləsə daha yaxından tanış olmaqla ‘ürəyimizi genişləndirə’ bilərdikmi? Yaxından tanımadığımız həmimanlımızla arabir təbliğə gedə bilərdikmi?
14. Hələ tanış olmadığımız məsihçilər arasında coşqun məhəbbəti necə təzahür etdirə bilərik?
14 Məsihçi konqresləri məhəbbətdə ‘genişlənməyə’ gözəl imkan yaradır. Konqresə minlərlə adam gəlir. Əlbəttə hamıyla tanış ola bilməyəcəyik, amma davranışımızla yalnız özümüzü yox, başqalarını da düşündüyümüzü göstərə bilərik. Fasilə zamanı bəzilərinə yaxınlaşıb tanış olmaqla onlara diqqət göstərə bilərik. Vaxt gələcək, yer üzündə yaşayan bütün insanlar qardaş və bacı kimi hamının Atası olan həqiqi Allaha birlikdə ibadət edəcəklər. O zaman hamıyla tanış olmaq bizi necə də sevindirəcək! Coşqun məhəbbət bizi bu işə həvəsləndirəcək. Məgər buna indidən başlamaq yaxşı olmazdı?
Təkrar üçün suallar
• Məsihçilər arasında yaranan söz-söhbəti necə həll etmək lazımdır və nə üçün?
• Ruhani cəhətdən yetkinləşdikcə hansı sahələrdə məhəbbətimiz də artmalıdır?
• Yaxından dostluq etmədiyimiz məsihçilərə qarşı coşqun məhəbbəti necə təzahür etdirə bilərik?
[148-ci səhifədəki şəkil]
Məsihçi məhəbbəti çoxşaxəlidir, misal üçün, özünü yığıncaq görüşlərində büruzə verir