Fəsil 19
Allahın sözünü cəsarətlə söyləməyə davam edin
1. a) İsanın şagirdləri hansı xoş xəbəri yayırdılar və yəhudilərdən bəziləri buna necə münasibət göstərirdi? b) Özümüzə hansı sualları verə bilərik?
TƏQRİBƏN 2 000 il bundan əvvəl Allahın Oğlu İsa Məsih yer üzünün gələcək Padşahı kimi məsh olundu. Dini rəqiblərin təhriki ilə İsa edam edildi, amma Yehova onu ölülərdən diriltdi. İsanın vasitəsi ilə əbədi həyata yol açıldı. Onun şagirdləri bu xoş xəbəri xalq arasında yaymağa başladıqda təqiblərə məruz qaldılar. Bəziləri zindana salındı və hətta döyüldü. Onlara İsa haqqında danışmaq qadağan edildi (Həvarilərin işləri 4:1-3, 17; 5:17, 18, 40). Şagirdlər nə etməli idilər? Bəs sən nə edərdin? Cəsarətlə şahidlik etməyə davam edərdin?
2. a) Bizim günlərdə hansı xoş xəbər bəyan edilməlidir? b) Xoş xəbəri təbliğ etmək məsuliyyəti kimlərə həvalə edilmişdir?
2 Allahın Padşahlığının Padşahı İsa Məsih düşmənləri arasında hakimiyyət sürmək üçün 1914–cü ildə göydə taxta çıxarıldı (Məzmur 110:2, YD). Sonra Şeytan və onun cinləri yerə atıldılar (Vəhy 12:1-5, 7-12). Yaşadığımız pis sistemin axır günləri başlandı. Bu dövrün sonunda Allah şeytan sistemini tamamilə məhv edəcək (Daniel 2:44; Matta 24:21). Sağ qalanlara, Cənnətə çevriləcək yer üzündə əbədi ömür sürmək imkanı veriləcək. Əgər xoş xəbərə hay vermisənsə, sən də onu başqaları ilə bölüşmək istəyəcəksən (Matta 24:14). Bəs insanlardan hansı münasibəti gözləmək olar?
3. a) İnsanların Padşahlıq haqqında xoş xəbərə münasibəti necədir? b) Özümüzə hansı sualı verməliyik?
3 Bəzi adamlar Padşahlıq haqqında xoş xəbərə hay verəcək, əksəriyyət isə laqeyd qalacaq (Matta 24:37-39). Bu xəbərə rişxənd edən, qarşı çıxanlar da tapılacaq. İsa xəbərdarlıq etmişdi ki, belə münasibəti hətta qohumlardan da gözləmək olar (Luka 21:16-19). Ola bilsin iş yerində və məktəbdə də belə qarşıdurma ilə üzləşəsən. Bəzi ölkələrdə hakimiyyət orqanları Yehovanın Şahidlərinin fəaliyyətinə hətta qadağa qoymuşlar. Belə vəziyyətlərlə üzləşəndə Allahın sözünü cəsarətlə söyləməyə və ‘imanda sabit durmağa’ davam edəcəksənmi? (1 Korinflilərə 16:13).
Gücümüzə güvənmirik
4. a) Allahın sadiq xidmətçilərindən nə tələb olunur? b) Məsihçi görüşləri nəyə görə çox vacibdir?
4 Yehovanın sadiq xidmətçiləri Onun ruhani tədbirlərindən güc alırlar. Belə tədbirlərdən biri yığıncaq görüşləridir. Müqəddəs Yazılar bizi bu görüşlərdən qalmamağa çağırır (İbranilərə 10:23-25). Uzun illər boyu Yehovanın sadiq şahidləri həmimanlıları ilə bu görüşlərdə müntəzəm iştirak etmək üçün var gücləri ilə çalışırlar. Yığıncaq görüşləri Müqəddəs Yazılar haqqında biliyimizi daha da artırır. Bundan əlavə, biz yaxşı bildiyimiz həqiqətləri daha dərindən anlayır və onları həyatda tətbiq etməyin yollarını daha aydın görürük. Birlikdə ibadət etdiyimiz məsihçi qardaşlarımızla daha da yaxınlaşır və Allahın iradəsini yerinə yetirmək üçün güc alırıq. Yehovanın ruhu yığıncaq vasitəsilə bizə rəhbərlik verir və İsa məhz bu ruh vasitəsilə aramızdadır (Matta 18:20; Vəhy 3:6).
5. Yehovanın Şahidlərinin fəaliyyəti qadağan olunanda onlar görüşlərini necə keçirirlər?
5 Yığıncaq görüşlərinin hamısına müntəzəm gəlirsən? Orada eşitdiklərini həyatda tətbiq edirsən? Bəzən Yehovanın Şahidlərinin fəaliyyətinə qadağa qoyulan hallarda yığıncaq görüşlərini kiçik qruplarla evlərdə keçirmək lazım gəlir. Görüşlərin yeri və vaxtı arabir dəyişilir, bəzi görüşlər çox gec keçirilir. Bu hamıya münasib olmur. Amma belə narahatlıqlara və ya təhlükələrə baxmayaraq, sadiq bacı-qardaşlarımız hər bir görüşdə iştirak etmək üçün var qüvvələri ilə səy göstərirlər.
6. Allaha güvəndiyimizi necə göstərə bilərik və bu, həmişə cəsarətlə danışmağımıza necə kömək edə bilər?
6 Yehovanın köməyinə hər zaman möhtac olduğumuzu anlayıb müntəzəm və ürəkdən dua edərkən Allaha etibarımız güclənir. Sən belə edirsən? İsa yerdəki xidməti zamanı daima dua edirdi (Luka 3:21; 6:12, 13; 22:39-44). Dirəkdə edam olunmazdan qabaqkı gecə o, şagirdlərini belə təşviq edirdi: «Oyaq durub dua edin ki, imtahana uğramayasınız» (Mark 14:38). İnsanların Padşahlıq xəbərinə laqeyd yanaşması təbliğ xidmətində səyimizi zəiflədə bilər. Əgər bizi lağa qoyur və təqib edirlərsə çətinliklərdən qaçmaq üçün təbliğ etməmək fikrinə düşə bilərik. Lakin cəsarətlə danışmaq üçün səmimi qəlbdən duada Allahın ruhunun köməyini istəyiriksə, belə fikirləri özümüzdən uzaqlaşdıracağıq (Luka 11:13; Efeslilərə 6:18-20).
Keçmişin cəsarətli təbliğçiləri
7. a) «Həvarilərin işləri» kitabı nəyə görə bizim üçün xüsusi maraq doğurur? b) Abzasın sonunda gətirilmiş suallara cavab verərkən bu məlumatın faydası üzərində düşün.
7 «Həvarilərin işləri» kitabı hamımız üçün xüsusi maraq doğurur. Bu kitabda Yehovanın sadiq və cəsarətli şahidləri — bizim kimi hisslərə malik həvarilərin və digər erkən şagirdlərin çətinlikləri necə dəf etdikləri təsvir edilir. Gəl aşağıdakı sualların və gətirilmiş ayələrin köməyi ilə bu kitabın müəyyən hissələrini araşdıraq. Bu zaman oxuduqlarının faydası üzərində düşün.
Həvarilərin ali təhsili var idi? Onlar təbiətən qorxmaz adamlar idilər? (Yəhya 18:17, 25-27; 20:19; Həvarilərin işləri 4:13).
Allahın Oğlunu məhkum etmiş yəhudi məhkəməsi qarşısında cəsarətlə danışmaq üçün Peter qüvvəni haradan alırdı? (Matta 10:19, 20; Həvarilərin işləri 4:8).
Həvarilər Sinedriona gətirilməzdən əvvəlki həftələr ərzində nə edirdilər? (Həvarilərin işləri 1:14; 2:1, 42).
Rəislər həvarilərə İsanın adından təbliğ etməyi qadağan edəndə Peter və Yəhya necə cavab verdilər? (Həvarilərin işləri 4:19, 20).
Azad olunandan sonra həvarilər kömək üçün kimə müraciət etdilər? Onlar təqiblərin sona çatması, yoxsa başqa şey haqqında dua edirdilər? (Həvarilərin işləri 4:24-31).
Düşmənlər təbliğ işini dayandırmağa cəhd göstərəndə Yehova xidmətçilərinin köməyinə kimi göndərdi? (Həvarilərin işləri 5:17-20).
Həvarilər azad olunmalarının səbəbini başa düşdüklərini necə göstərdilər? (Həvarilərin işləri 5:21, 41, 42).
Təqiblər nəticəsində bir çox şagirdlər başqa yerlərə səpələnsələr də, onlar hansı işi davam etdirirdilər? (Həvarilərin işləri 8:3, 4; 11:19-21).
8. Erkən məsihçilərin xidməti hansı ruhlandırıcı bəhrələr vermişdi və nəyə görə biz də bu işdə iştirak edə bilərik?
8 Xoş xəbərin təbliği öz bəhrəsini gətirirdi. Eramızın 33-cü ilinin Pentikost günündə təqribən 3 000 şagird vəftiz olundu. «Sayları get-gedə artan kişilərlə qadınlar Rəbbə iman edib cəmiyyətə qoşulurdular» (Həvarilərin işləri 2:41; 4:4; 5:14). Bir müddətdən sonra Allahın xalqının amansız təqibçisi Tarsuslu Şaul məsihçi olub cəsarətlə həqiqəti təbliğ etməyə başladı. Sonralar o, həvari Pavel adı ilə tanındı (Qalatiyalılara 1:22-24). Birinci əsrdə başlanmış iş hələ də dayanmayıb. Bu axır günlərdə təbliğ işi yeni qüvvə ilə vüsət alıb bütün yer üzünə yayılmışdır. Biz bu işin iştirakçısı olmaq şərəfinə layiq görülmüşük və keçmişdəki sadiq şahidlərin nümunəsindən öyrənə bilərik.
9. a) Şahidlik etmək üçün Pavel hansı imkanlardan istifadə edirdi? b) Padşahlıq haqqında xəbərin təbliği üçün sən hansı imkanlardan istifadə edirsən?
9 Pavel İsa Məsih haqqında həqiqəti öyrəndikdə nə etdi? O dərhal «[İsa] Allahın Oğludur» deyə təbliğ etməyə başladı (Həvarilərin işləri 9:20). Pavel Allahın ona göstərdiyi mərhəmətə görə minnətdar idi və başa düşürdü ki, onun eşitdiyi xoş xəbərə hamının ehtiyacı var. Pavel yəhudi olduğundan o dövrün adətinə görə sinaqoqlara gedirdi və orada şahidlik edirdi. O həmçinin evdən-evə təbliğ edir və bazar meydanlarında adamlarla söhbət edirdi. Pavel xoş xəbərin təbliği üçün həvəslə yeni ərazilərə gedirdi (Həvarilərin işləri 17:17; 20:20; Romalılara 15:23, 24).
10. a) Şahidlik edərkən Pavelin cəsarətli olması ilə bərabər, bəsirətliliyi nədən görünür? b) Qohumlara, iş və ya məktəb yoldaşlarımıza şahidlik edəndə Pavelin keyfiyyətlərini necə əks etdirə bilərik?
10 Pavel cəsarətli olmaqla bərabər həm də bəsirətli adam idi. Biz də belə olmalıyıq. O yəhudilərlə Allahın onların əcdadlarına verdiyi vədin əsasında danışırdı. Yunanlarla onlara tanış olan mövzular əsasında söhbət edirdi. Şəhadət vermək üçün bəzən özünün həqiqəti necə öyrəndiyindən danışırdı. Pavel demişdi: «Hər şeyi Müjdə üçün edirəm ki, onun nemətlərinə şərik olum» (1 Korinflilərə 9:20-23, İ–93; Həvarilərin işləri 22:3-21).
11. a) Əleyhdarlarla daima qarşılaşmamaq üçün Pavel nə edirdi? b) Pavel kimi hərəkət etmək nə vaxt müdrik olardı və bunu necə etmək olar? c) Cəsarətlə danışmağa davam etmək üçün gücü haradan alırıq?
11 Xoş xəbərə qarşı müqavimət güclənəndə Pavel bir müddət başqa yerdə təbliğ etməyin daha münasib olduğunu lazım bilirdi. O, əleyhdarlarla daim üzləşməkdən qaçınırdı (Həvarilərin işləri 14:5-7; 18:5-7; Romalılara 12:18). Lakin heç vaxt xoş xəbərdən utanmırdı (Romalılara 1:16). Əleyhdarların laqeyd və hətta sərt rəftarı Pavelin heç də xoşuna gəlmirdi. O, təbliğ işini davam etdirmək üçün ‘Allahdan cəsarət alırdı’. Pavel demişdi: «Rəbb yanımda durub, məni möhkəmləndirdi ki, təbliğ mənim vasitəmlə tam e‘lan edilsin» (1 Saloniklilərə 2:2; 2 Timoteyə 4:17). Məsihçi yığıncağının Başçısı İsa bizim günlərdə möhtəşəm bir işin görüləcəyini əvvəlcədən bildirmişdi. Bu işi yerinə yetirmək üçün o bizə güc verir (Mark 13:10).
12. Məsihçilərin cəsarəti nədən görünür və nəyə əsaslanır?
12 İsa və birinci əsrdəki sadiq şagirdlər kimi bizim də Allahın sözünü cəsarətlə danışmağa tam əsasımız var. Bu o demək deyil ki, biz insanların hisslərinə məhəl qoymamalı və ya xoş xəbəri dinləmək istəməyənləri məcbur etməliyik. Eyni zamanda adamların laqeydliyi bizi ruhdan salmamalı və müqavimətlərə baxmayaraq susmamalıyıq. Biz də İsa kimi, diqqəti bütün yer üzünün qanuni hökumətinə —Allahın Padşahlığına yönəldirik. Biz Kainatın Hökmdarı Yehovanı təmsil etdiyimiz üçün qətiyyətlə danışırıq, çünki bəyan etdiyimiz xəbər bizim yox, Onunkudur. Yehovanı izzətləndirməyə bizi ilk növbədə Ona olan məhəbbətimiz təşviq etməlidir (Filipililərə 1:27, 28; 1 Saloniklilərə 2:13).
Təkrar üçün suallar
• Padşahlıq xəbərini imkan daxilində hər kəslə bölüşmək nə üçün vacibdir, amma insanlardan hansı münasibəti gözləmək olar?
• Yehovaya xidmətdə öz gücümüzə güvənmədiyimizi necə göstərə bilərik?
• «Həvarilərin işləri» kitabından hansı qiymətli dərsləri öyrənə bilərik?
[173-cü səhifədəki şəkillər]
Keçmişdə olduğu kimi indi də Yehovanın xidmətçiləri Onun sözünü cəsarətlə söyləyirlər