“İmtahana uğramayasınız”
“Oyaq durub dua edin ki, imtahana uğramayasınız” (MATTA 26:41).
O HEÇ zaman bu cür gərginlik keçirməmişdi. Allahın Oğlu İsa Məsihin yer üzündəki həyatı sona çatırdı. İsa bilirdi ki, tez bir zamanda onu həbsə atacaq, ölümə məhkum edib işgəncə dirəyi üzərində e’dam edəcəklər. O bilirdi ki, onun hər bir qərarı və ya hərəkəti Atasının adına tə’sir göstərir. İsa həmçinin başa düşürdü ki, bəşəriyyətin gələcəyi ondan asılıdır. Bununla əlaqədar güclü gərginlik keçirdiyi bir halda, o nə etdi?
2 İsa öz şagirdləri ilə birlikdə Getsamani bağına yola düşdü. Ora İsanın xoşladığı yer idi. Bağa çatdıqda o, şagirdlərindən bir qədər uzaqlaşdı. Tək qaldıqda, coşğun duada ürəyini səmavi Atasına açaraq Ondan üç dəfə güc istədi. İsa kamil insan olsa da, imtahan və sınaqlara təkbaşına tab gətirə biləcəyini düşünmürdü (Matta 26:36-44).
3 Bu gün biz də təzyiqlərə mə’ruz qalırıq. Bu broşüranın əvvəlində indiki pis sistemin axır günlərində yaşadığımıza dair sübutlar nəzərdən keçirilirdi. Şeytanın tə’siri altında olan bu dünyada sınaqlar və gərginlik get-gedə çoxalır. Allaha xidmət etdiyini söyləyən hər birimizin qərarları və hərəkətləri, Onun adında əks olunur və Allahın yeni dünyasında yaşamaq ümidimizə əhəmiyyətli dərəcədə tə’sir göstərir. Biz Yehovanı sevirik və istər həyatımızın, istərsə də bu sistemin ‘axırına qədər səbr etmək’ istəyirik (Matta 24:13). Bəs biz tə’xirəsalınmazlıq hissini qorumağa və hər vaxt oyaq durmağa necə nail ola bilərik?
4 İsa həm I əsrdə, həm də bizim zəmanədə onun davamçılarına təzyiq göstəriləcəyini anlayaraq, də’vət edirdi: “Oyaq durub dua edin ki, imtahana uğramayasınız” (Matta 26:41). Həmin sözlər bu gün bizim üçün hansı mə’nanı daşıyır? Biz hansı imtahan və ya sınaqlarla qarşılaşırıq? Hər vaxt ‘oyaq durmaqda’ bizə nə kömək edər?
Hansı sınaq nəzərdə tutulur?
5 Hər birimiz gündəlik olaraq ‘iblisin toruna’ düşmək təhlükəsi yaradan sınaqlarla qarşılaşırıq (2 Timoteyə 2:26). Müqəddəs Kitab bizə xəbərdarlıq edir ki, Şeytanın əsas hədəfi Yehovanın xidmətçiləridir (1 Peter 5:8; Vəhy 12:12, 17). Onun məqsədi nədir? Bu o demək deyil ki, Şeytan bizi hökmən həyatdan məhrum edəcək. Əgər biz Allaha sadiqliyimizi qoruyaraq ölürüksə, Şeytan zəfər çala bilmir. O bilir ki, Yehova tə’yin etdiyi vaxtda ölüləri dirildəcəkdir (Luka 20:37, 38).
6 Şeytan istəyir ki, həyatımızda daha qiymətli olan şeyi — Allahın qarşısında nöqsansızlığımızı məhv etsin. Şeytan var qüvvəsilə sübut etməyə çalışır ki, bizi Yehovadan uzaqlaşdıra bilər. Buna görə də əgər Şeytan bizi xoş xəbəri bəyan etmək işinə son qoymağa və ya məsihçi prinsiplərinə əks davranmağa təhrik edərək, Allaha sədaqətsiz olmağımıza müvəffəq olarsa, bu, onun üçün qələbə olar! (Efeslilərə 6:11-13) Elə buna görə də Şeytan bizi hər cür sınağa çəkməyə can atır (Matta 4:3).
7 Şeytan müxtəlif ‘hiylələrdən’ istifadə edir (Efeslilərə 6:11). O, bizi maddi şeylərə həvəs, qorxu hissi və ya zövq dalınca düşmək meyli vasitəsilə sınağa çəkə bilər. Lakin onun ən effektli üsullarından biri mə’yusluqdur. Şeytan, bu hissin bizi gücdən sala biləcəyini və onun hücumlarına qarşı zəiflədəcəyini bilərək, bu üsuldan hiyləgərcəsinə istifadə edir (Süleymanın məsəlləri 24:10). Buna görə biz xüsusilə də emosional cəhətdən ‘əzilmiş’ olanda, o bizi təslim olmağa məcbur edir (Məzmur 38:8).
8 Axır günlər sona çatdığı təqdirdə, mə’yusluğa qapılmaq üçün səbəblər, sanki, daha da çoxalır və biz onların tə’sirindən mühafizə olunmuruq. (“Ruh düşkünlüyünə səbəb olan bə’zi amillər” adlı çərçivəyə bax.) Mə’yusluğun səbəbi hər nə olursa-olsun, bizi taqətdən sala bilər. Əgər sən, misal üçün, fiziki, emosional və əqli cəhətdən zəifləmisənsə, Müqəddəs Kitabı öyrənmək, məsihçi görüşlərinə getmək və təbliğ etmək kimi ruhani fəaliyyətdə iştirak etmək üçün ‘hər fürsətdən istifadə etmək’, yə’ni müvafiq vaxtı satın almaq bir o qədər də asan deyil (Efeslilərə 5:15, 16). Yadında saxla ki, Şeytan səni məğlub etmək istəyir. İndi sür’əti azaltmağın və hansı xüsusi dövrdə yaşadığımızı unutmağın vaxtı deyil! (Luka 21:34-36) Sən sınaqlara müqavimət göstərməyə və oyaq durmağa necə davam edə bilərsən? Bu işdə sənə kömək edə biləcək dörd amili nəzərdən keçirək.
“Dua edin”
9 Dua vasitəsilə Yehovaya güvən. İsanın Getsamani bağında verdiyi nümunəni xatırla. Güclü emosional gərginlik keçirən zaman o nə etdi? O, Yehovadan kömək diləyərək, o dərəcədə ürəkdən dua etdi ki, “Onun təri yerə daman qan damlalarına bənzəyirdi” (Luka 22:44). Bu haqda düşün. İsa Şeytanı çox yaxşı tanıyırdı. Allahın xidmətçilərini tələyə salmaq məqsədilə Şeytanın istifadə etdiyi sınaqların hamısını İsa göydən görürdü. Lakin İsa hesab etmirdi ki, Şeytanın onun üçün hazırladığı sınağa asanlıqla tab gətirə biləcək. Əgər Allahın kamil Oğlu səmavi Atasından kömək və güc almaq üçün dua etməyə ehtiyac duyurdusa, onda gör bizim buna ehtiyacımız nə dərəcədə böyükdür! (1 Peter 2:21).
10 Həmçinin yadına sal ki, şagirdlərini dua etməyə təşviq etdikdən sonra, İsa demişdi: “Ruh qeyrətli, bədən isə zəifdir” (Matta 26:41). İsa hansı bədəni nəzərdə tuturdu? Əlbəttə ki, öz bədənini yox; onun kamil insan bədənində heç bir zəiflik yox idi (1 Peter 2:22). Amma şagirdləri ilə hər şey tamamilə başqa cür idi. Onlar qeyri-kamilliyi və günahlı meylləri miras aldıqlarından, sınaqlara tab gətirmək üçün köməyə xüsusilə ehtiyac duyurdular (Romalılara 7:21-24). Məhz buna görə İsa öz şagirdlərini və onlarla yanaşı bütün məsihçiləri təşviq edirdi ki, sınaqla qarşılaşdıqları zaman dua edib kömək diləsinlər (Matta 6:13). Yehova bu cür dualara cavab verir (Məzmur 65:2). Necə? Ən azı iki üsulla.
11 Birincisi, Allah bizə sınaqları müəyyən etməyə kömək edir. Şeytanın sınaqları qaranlıq cığırlarda qurulmuş tələlərə bənzəyir. Əgər sən bu tələləri görməsən, onlara düşə bilərsən. Yehova Müqəddəs Kitabın və onun əsasında hazırlanmış nəşrlərin vasitəsilə Şeytanın tələlərini üzə çıxarır və beləliklə sınaqlara düşməməyimizə kömək edir. Uzun illərdir ki, biz nəşrlər və konqreslər vasitəsilə insan qarşısında qorxu, cinsi əxlaqsızlıq, sərvət toplamaq meyli kimi təhlükələr və Şeytanın başqa şirnikdirici tə’sirləri haqda dəfələrlə xəbərdar olunuruq (Süleymanın məsəlləri 29:25; 1 Korinflilərə 10:8-11; 1 Timoteyə 6:9, 10). Yehova bizi Şeytanın niyyətləri haqda xəbərdar etdiyi üçün, Ona minnətdar deyilikmi? (2 Korinflilərə 2:11). Bu cür xəbərdarlıqların hamısı sınaqların öhdəsindən gəlmək üçün etdiyimiz duaların cavabıdır.
12 İkincisi, Yehovanın dualarımıza cavab vermək üsullarından biri — sınaqlara tab gətirməyimiz üçün bizə güc verməsidir. Onun Kəlamında deyilir: “Allah... gücünüzdən artıq imtahan olunmanıza razılıq verməz, lakin imtahan ilə yanaşı, qurtuluşu da tə’min edəcəkdir” (1 Korinflilərə 10:13). Əgər biz daima Allaha güvəniriksə, O heç vaxt yol verməz ki, imtahan o dərəcədə güclü olsun ki, müqavimət göstərmək üçün ruhani gücümüz çatmasın. Allah bizi ‘qurtuluşla’ necə tə’min edir? O, ‘Ondan diləyənlərə Müqəddəs Ruh verir’ (Luka 11:13). Misal üçün, müqəddəs ruh bizə, düz davranmaq qətiyyətimizi gücləndirə bilən və müdrik qərarlar qəbul etməyimizə yardımçı olan Müqəddəs Kitab prinsiplərini xatırlamağa kömək edə bilər (Yəhya 14:26; Yaqub 1:5, 6). Həmçinin o bizə pis meyllərin öhdəsindən gəlmək üçün lazımi keyfiyyətlər təzahür etdirməyə də kömək edə bilər (Qalatiyalılara 5:22, 23). Allahın müqəddəs ruhu hətta həmimanlılarımızı bizə ‘təsəlli verməyə’ də təşviq edə bilər (Koloslulara 4:11). Yehovaya sənin kömək haqda dualarına bu cür məhəbbətlə cavab verdiyinə görə minnətdar deyilsənmi?
Ümidlərində realist ol
13 Oyaq durmağa davam etmək üçün, ümidlərimizdə realist olmaq gərəkdir. Həyat gərgin olduğu üçün bə’zən hamımız gücdən düşürük. Lakin yadda saxlamalıyıq ki, Allah heç vaxt bu köhnə sistemdə problemlərdən azad həyata malik olacağımızı və’d etməyib. Hətta Müqəddəs Kitabda təsvir olunan dövrlərdə belə Allahın xidmətçiləri tə’qiblərə, yoxsulluğa, ruh düşkünlüyünə, xəstəliklərə və bu kimi iztirablara mə’ruz qalırdılar (Həvarilərin işləri 8:1; 2 Korinflilərə 8:1, 2; 1 Saloniklilərə 5:14; 1 Timoteyə 5:23).
14 Bu gün biz də problemlərlə qarşılaşırıq. Ola bilsin, biz tə’qiblərə mə’ruz qalır, maddi cəhətdən çətinliklər çəkir, depressiya və ya hər hansı başqa bir xəstəliklə mübarizə aparır, yaxud da daha nədənsə əziyyət çəkirik. Əgər Yehova bizi mö’cüzələr vasitəsilə bütün bədbəxtliklərdən azad etsəydi, məgər bu, Şeytanın Yehovanı pisləməsinə səbəb olmazdımı? (Süleymanın məsəlləri 27:11). Bəli, Yehova Öz xidmətçilərinin müxtəlif sınaqlara və imtahanlara, bə’zi hallarda isə tə’qibçilərin əlindən ölümə mə’ruz qalmalarına yol verir (Yəhya 16:2).
15 Belə isə Yehova bizi nəyə əmin edir? Əvvəldə qeyd etdiyimiz kimi, nə qədər ki, biz Ona tam güvənirik, hər bir sınağa tab gətirməyimiz üçün O bizi kifayət qədər qüvvə ilə tə’min edəcək (Süleymanın məsəlləri 3:5, 6). Yehova bizi Öz Kəlamı, ruhu və təşkilatı vasitəsilə ruhani cəhətdən mühafizə edərək, Onunla olan qarşılıqlı münasibətlərimizi poza biləcək hər bir şeydən qorumağa kömək edir. Əgər bizim Onunla bu cür qarşılıqlı münasibətlərimiz varsa, hətta ölsək belə qalib gələcəyik. Heç bir şey, hətta ölüm belə Allahın Öz sadiq xidmətçilərini mükafatlandırmasına mane ola bilməz (İbranilərə 11:6). Artıq bu qədər yaxın olan yeni dünyada isə, Yehova Öz və’dlərinin hamısını hökmən yerinə yetirəcək və heyrət doğuran xeyir-dualarını Onu sevənlərin üzərinə tökəcək (Məzmur 145:16).
Mübahisəli sualları unutma
16 Axıra kimi tab gətirmək üçün Allahın hansı vacib mübahisəli suallara görə pisliyə yol verdiyini unutmalı deyilik. Əgər bə’zən problemlərimiz aşılmaz kimi görünürsə və artıq təslim olmaq üzrəyiksə, yaxşı olar ki, özümüzə xatırladaq ki, Şeytan Allahın hökmranlığının ədalətli olduğunu şübhə altına qoyur. Bu Yalançı həmçinin Allahın xidmətçilərinin sədaqətli və nöqsansız olduqlarını da şübhə altına qoyur (Eyub 1:8-11; 2:3, 4). Bu mübahisəli suallar və Yehovanın onları həll etmək üçün seçdiyi üsul hər birimizin həyatından daha vacibdir. Hansı mə’nada?
17 Allahın çətinliklərə müvəqqəti yol verməsi sayəsində insanların həqiqəti öyrənmək imkanı yaranır. Gəl bir məsələ üzərində düşünək: İsa bizim əbədi həyata malik olmağımız üçün əziyyət çəkmişdir (Yəhya 3:16). Biz buna görə minnətdar deyilikmi? Daha çox insanların xilas ola bilməsi üçün, biz çətinliklərə bir müddət də tab gətirməyə hazır deyilikmi? Axıra qədər dözmək üçün başa düşməliyik ki, Yehovanın müdrikliyi bizimkindən qat-qat üstündür (İşaya 55:9). O, bizim də əbədi firavanlığımız üçün qayğı göstərməklə, mübahisəli sualların həlli üçün münasib bir vaxtda pisliyə son qoyacaq. Məgər Yehova başqa cür davranarmı? Allahda haqsızlıq yoxdur! (Romalılara 9:14-24).
“Allaha yaxınlaşın”
18 Tə’xirəsalınmazlıq hissini qorumaq üçün, biz Yehova ilə sıx münasibətdə qalmalıyıq. Heç vaxt unutmayaq ki, Allahla olan münasibətlərimizi pozmaq üçün Şeytan hər şeyə hazırdır. Şeytan bizi inandırmaq istəyərdi ki, son heç zaman gəlməyəcək və xoş xəbəri bəyan etməyin və Müqəddəs Kitab normalarına müvafiq yaşamağın heç bir mə’nası yoxdur. Lakin İblis “yalançıdır və yalanın atasıdır” (Yəhya 8:44). ‘İblisə qarşı durmağa’ qəti qərarlı olmalıyıq. Yehova ilə olan münasibətlərimizi həmişə yüksək qiymətləndirməliyik. Müqəddəs Kitabda məhəbbətlə dolu çağırış yazılıb: “Allaha yaxınlaşın, O da sizə yaxınlaşar” (Yaqub 4:7, 8). Sən Yehovaya necə yaxınlaşa bilərsən?
19 Dua edərək dərindən düşünmək olduqca vacibdir. Həyatda qarşılaşdığın problemlərin öhdəsindən gəlməkdə çətinliyin yaranırsa, ürəyini Yehovaya aç. Dualarında nə qədər konkret olsan, Yehovanın cavabını bir o qədər aydın görəcəksən. Ola bilsin, cavab hər dəfə sən təsəvvür etdiyin kimi olmayacaq, lakin əgər Yehovaya izzət vermək və nöqsansızlığını qorumaq üçün sə’y göstərirsənsə, O, hər şeyə tab gətirə bilməyin üçün lazım olan köməyi sənə təqdim edəcək (1 Yəhya 5:14). Həyatımızda Allahın rəhbərliyinə diqqət yetirsək, Ona daha yaxın olarıq. Həmçinin Müqəddəs Kitabı oxumaq və oxuduqlarımızın əsasında Yehovanın xüsusiyyətləri və yolları haqqında düşünmək çox vacibdir. Bu cür düşünmək sənə kömək edəcək ki, Allahı daha yaxşı tanıyasan; bu sənin ürəyini tə’sirləndirəcək və Ona olan məhəbbətini artıracaq (Məzmur 19:14). Məhz bu cür dərin məhəbbət sınaqlara müqavimət göstərməyinə və bundan sonra da oyaq durmağına hər şeydən daha yaxşı kömək edəcək (1 Yəhya 5:3).
20 Yehova ilə yaxın münasibətləri qorumaq üçün, həmimanlılarımızla yaxın münasibətlərdə olmaq da zəruridir. Bu mövzunu əlinizdəki broşüranın sonuncu hissəsində müzakirə edəcəyik.
ÖYRƏNMƏ ÜÇÜN SUALLAR
• İsa yer üzündəki həyatının sonunda güclü gərginlik keçirdiyi bir halda nə etdi və öz şagirdlərini nəyə təşviq etdi? (abz. 1-4).
• Şeytan nəyə görə Yehovanın xidmətçilərini tə’qib edir və onları sınağa necə çəkir? (abz. 5-8).
• Biz nəyə görə sınağa uğramamaq üçün daima dua etməliyik (abz. 9-12), ümidlərimizdə realist olmalıyıq (abz. 13-15), mübahisəli sualları yadda saxlamalıyıq (abz. 16, 17) və ‘Allaha yaxınlaşmalıyıq’ (abz. 18-20)?
[25-ci səhifədə olan çərçivə]
Ruh düşkünlüyünə səbəb olan bə’zi amillər
Sağlamlıq/qocalıq. Xroniki xəstəlik və ya qocalıq Yehovaya xidmətimizi məhdudlaşdıra bilər və biz buna görə sıxıntı keçirə bilərik (İbranilərə 6:10).
Mə’yusluq. Təbliğ etdiyimiz xoş xəbərə hay verən kəslərin sayının çox az olduğunu görəndə biz ruhdan düşə bilərik (Süleymanın məsəlləri 13:12).
Gərəksizlik hissi. Əgər kiminləsə uzun illər ərzində pis rəftar edilibsə, ona elə gələ bilər ki, heç kim, hətta Yehova belə onu sevmir (1 Yəhya 3:19, 20).
İnciklik hissi. Əgər kimsə öz həmimanlısı tərəfindən güclü incidilibsə, onda onun məsihçi görüşlərinə gəlmək və təbliğ xidmətində iştirak etmək həvəsi sönə bilər (Luka 17:1).
Tə’qib. İmanına şərik olmayanlar sənə hər cür müqavimət göstərə, tə’qib və ya istehza edə bilərlər (2 Peter 3:3, 4; 2 Timoteyə 3:12).
[26-cı səhifədə olan şəkil]
İsa sınaqlarla mübarizə aparmaq üçün bizi daima ‘dua etməyə’ təşviq edir.