Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • bh fəs. 13 s. 125—133
  • Həyata düzgün münasibət

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Həyata düzgün münasibət
  • Müqəddəs Kitab əslində nə öyrədir?
  • Başlıqlar
  • Oxşar material
  • HƏYATA HÖRMƏT
  • QANA HÖRMƏT
  • QANIN DÜZGÜN İSTİFADƏ EDİLMƏSİ
  • Həyat ənamına hörmət
    Müqəddəs Kitab təlimləri
  • Həyat ən’amını düzgün qiymətləndirin
    Gözətçi qülləsi 2004
  • Həyata Allahın gözü ilə bax
    Allahın məhəbbətindən heç vaxt ayrılmayaq
  • Həyatı nə dərəcədə qiymətləndirirsən?
    Allahın məhəbbətindən ayrılmayın
Müqəddəs Kitab əslində nə öyrədir?
bh fəs. 13 s. 125—133

Fəsil 13

Həyata düzgün münasibət

  • Allah həyata necə münasibət göstərir?

  • Allah aborta necə yanaşır?

  • Həyata hörmət etdiyimizi necə göstərə bilərik?

1. Bütün canlıları kim yaradıb?

YEREMYA peyğəmbər Yehovanın ‘haqq Allahı, var olan Allah’ olduğunu demişdir (Yeremya 10:10). Üstəlik, Yehova bütün canlıların Yaradanıdır. Göydə yaşayan ruhani varlıqlar Onu bu sözlərlə izzətləndirir: «Hər şeyi Sən yaratdın və hər şey Sənin iradənlə mövcud oldu və yarandı» (Vəhy 4:11). Davud padşah Yehovaya bəstələdiyi həmd nəğməsində belə deyir: «Həyat mənbəyi Səndədir» (Məzmur 36:9). Həqiqətən də, həyat Allahın hədiyyəsidir.

2. Allah yaşaya bilməmiz üçün necə qayğı göstərmişdir?

2 Yehova bizi yaratmaqla yanaşı, yaşaya bilməyimiz üçün də qayğı göstərir (Həvarilərin işləri 17:28). O bizi qida və su ilə tə’min edir. Yaşadığımız torpağı, nəfəs aldığımız havanı da O yaratmışdır (Həvarilərin işləri 14:15-17). Yehova bütün bunları həyatdan həzz almamız üçün etmişdir. Amma həyatdan əsl mə’nada həzz almaq üçün Yehovanın qanunlarını öyrənməli və onlara əməl etməliyik (Yeşaya 48:17, 18).

HƏYATA HÖRMƏT

3. Yehova Habilin öldürülməsinə necə münasibət göstərdi?

3 Allah həm özümüzün, həm də başqalarının həyatına hörmət etməyimizi istəyir. Bir dəfə Adəmlə Həvvanın oğlu Qabil kiçik qardaşı Habilə çox qəzəbləndi. Yehova Qabili xəbərdar etdi ki, qəzəbi ciddi günahla nəticələnə bilər. Lakin Qabil bu xəbərdarlığa məhəl qoymadı. O, qardaşı Habilin üstünə hücum çəkib onu öldürdü (Yaradılış 4:3-8). Yehova, qatillik etdiyinə görə Qabili cəzalandırdı (Yaradılış 4:9-11).

4. Allah həyata olan düzgün münasibəti Musanın qanununda necə vurğulamışdır?

4 Yehova min illər sonra İsrail xalqına Ona necə xidmət etməli olduqlarını göstərən qanunlar verdi. Bu qanunlar Musa peyğəmbərin vasitəsi ilə çatdırıldığına görə bə’zən onlar Musanın qanunu da adlanır. Musanın qanunundakı əmrlərdən biri belə səslənirdi: «Qətl etmə» (Qanunun təkrarı 5:17). Bu əmr, Allahın insan həyatını yüksək qiymətləndirdiyini və insanların da başqalarının həyatına qiymət verməli olduqlarını göstərirdi.

5. Aborta necə yanaşmalıyıq?

5 Bəs hələ dünyaya gəlməmiş uşağın həyatına necə münasibət göstərməliyik? Musanın qanununda deyilirdi: «Adamlar dalaşanda hamilə qadına vurulan zərbədən uşaq salarsa və başqa ziyan ona dəyməsə o qadının ərinin tələbi ilə təqsirkar adam hakimlərin tə’yin etdiyi məbləğdə cərimə ödəməlidir. Əgər qadına ziyan dəyibsə, təqsirkar adam can əvəzinə can... ödəsin». Musanın qanununa əsasən, ana bətnində olan uşağın həyatına son qoymaq yolverilməz idi. Hətta ana bətnində yenicə yaranan həyat da Yehovanın gözündə dəyərlidir (Çıxış 21:22-25; Məzmur 127:3). Bu, abortun yanlış hərəkət olduğunu göstərir.

6. Nəyə görə insanlara nifrət etməməliyik?

6 Həyata hörmət, digər insanlara düzgün münasibəti də özünə daxil edir. Müqəddəs Kitabda deyilir: «Qardaşına nifrət edən hər kəs qatildir və siz bilirsiniz ki, heç bir qatil özündə qalan əbədi həyata malik deyildir» (1 Yəhya 3:15). Əgər əbədi yaşamaq istəyiriksə, insanlara qarşı nifrət hissini ürəyimizdən büsbütün silib atmalıyıq. Çünki zorakılığın kökündə çox vaxt nifrət hissi durur (1 Yəhya 3:11, 12). Başqalarını sevməyi öyrənməyimiz çox vacibdir.

7. Hansı vərdişlərlə həyata hörmətsizlik göstərilir?

7 Bəs öz həyatımıza hörmət etdiyimizi necə göstərə bilərik? Adətən insanlar ölmək istəmirlər, ancaq bə’ziləri həzz almaq naminə öz həyatlarını təhlükəyə atırlar. Məsələn, onlar tütün çəkir və ya iyləyirlər, yaxud da narkotik qəbul edirlər. Belə maddələr insan sağlamlığına ziyan vurur və çox vaxt ölümə gətirib çıxarır. Bu cür hərəkətləri vərdiş edən insan həyata hörmət etmədiyini göstərmiş olur. Bu kimi zərərli vərdişlər Allahın gözündə natəmizlik sayılır (Romalılara 6:19; 12:1; 2 Korinflilərə 7:1). Allahı razı salmaq üçün biz mütləq belə şeylərdən azad olmalıyıq. Bu heç də asan olmaya bilər, ancaq Yehova bizə güc verərək lazımi köməkliyi göstərə bilər. O, həyata dəyərli hədiyyə kimi yanaşmaq cəhdlərimizi çox qiymətləndirir.

8. Təhlükəsizlik tədbirlərini nə üçün yaddan çıxarmamalıyıq?

8 Əgər həyata hörmət ediriksə, təhlükəsizlik tədbirlərinə riayət etməyə çalışacağıq. Biz laqeydlik göstərməyəcək, əyləncə və ya həyəcan duymaq naminə həyatımızı təhlükəyə atmayacağıq. Ehtiyatsız maşın sürməkdən, həmçinin idmanın zorakı və təhlükəli növlərindən uzaq olacağıq (Məzmur 11:5). Allahın qədim israillilərə verdiyi qanunda deyilirdi: «Yeni tikdiyin evin damının kənarına sürahi çək ki, kimsə damından yıxılıb ölsə, qanı evinin üstünə düşməsin» (Qanunun təkrarı 22:8). Bu prinsipə riayət edərək, evi, o cümlədən pilləkənləri yaxşı vəziyyətdə saxlayın ki, heç kim təsadüfən yıxılıb ciddi zədə almasın. Əgər maşınınız varsa, onun təhlükəsiz vəziyyətdə olması üçün qayğı göstərin. Yol verməyin ki, eviniz və ya maşınınız sizə və başqalarına təhlükə yaratsın.

9. Həyata hörmət ediriksə, heyvanlarla necə davranacağıq?

9 Bəs heyvanların həyatına necə münasibət göstərməliyik? Yaradanın gözündə onların da həyatı dəyərlidir. Allah qida və geyimlə tə’min olunmaq və ya insanları təhlükədən qorumaq məqsədilə heyvanları öldürməyə icazə verir (Yaradılış 3:21; 9:3; Çıxış 21:28). Ancaq heyvanlarla amansızcasına davranmaq və ya onları idman məqsədilə öldürmək yolverilməzdir. Bu, həyatın müqəddəsliyinə böyük hörmətsizlikdir (Süleymanın məsəlləri 12:10).

QANA HÖRMƏT

10. Həyatla qanın çox yaxın anlayışlar olduğunu Allah necə göstərdi?

10 Qabil Habili öldürdükdən sonra Yehova ona dedi: «Qardaşının qanının səsi torpaqdan Mənə fəryad edir» (Yaradılış 4:10). Allah Habilin qanından danışarkən, əslində onun həyatını nəzərdə tuturdu. Qabil Habilin həyatına son qoyduğuna görə cəzalandırılmalı idi. Habilin qanı, yə’ni həyatı ədaləti bərpa etməsi üçün sanki Yehovaya fəryad edirdi. Qanın həyatla sıx bağlı olduğu, Nuhun günlərindəki Daşqından sonra bir daha aydın göründü. Daşqına kimi insanlar yalnız meyvə, tərəvəz, buğda və qoz-fındıq yeyirdilər. Daşqından sonra, Yehova Nuha və oğullarına dedi: «Bütün canlılar da sizə qida olsun, onların hamısını bütün göy otlar kimi sizə verirəm». Ancaq Allah xəbərdar etdi: «Əti onun canı [həyatı] olan qanla birgə yeməyin» (Yaradılış 1:29; 9:3, 4). Göründüyü kimi, Yehova üçün həyat və qan bir-birinə çox yaxın anlayışlardır.

11. Allah Nuhun günlərindən e’tibarən qanla bağlı nəyi qadağan etdi?

11 Qana hörmət etdiyimizi onu qida kimi istifadə etməməklə göstərə bilərik. İsraillilərə verilən Qanunda deyilirdi: «Yeyilə bilən heyvan yaxud quş ovlayan insan onun qanını yerə axıdıb torpaqla örtsün... Mən İsrail övladlarına “heç bir məxluqun qanını yeməyin” demişəm» (Levililər 17:13, 14). Göründüyü kimi, Allahın bundan təxminən 800 il əvvəl Nuha verdiyi «heyvan qanı yeməmək» əmri hələ də qüvvədə qalırdı. Yehovanın nöqteyi-nəzəri aydın idi: Onun xidmətçiləri heyvanın ətini yeyə bilərdilər, amma onun qanından qida kimi istifadə etməməli idilər. Məcazi dildə desək, həyat Yaradanına geri qayıtsın deyə, qanı yerə tökmək lazım idi.

12. Müqəddəs ruhun köməyi ilə I əsrdə qanla bağlı qəbul edilən hansı əmr bizim günlərdə də qüvvədədir?

12 Buna bənzər əmr məsihçilərə də aiddir. B. e. I əsrində həvarilər və rəhbərlik həvalə edilmiş digər yetkin kişilər, məsihçi yığıncaqlarında hansı əmrlərə riayət etməli olduqlarını həll etmək üçün yığılıb, belə bir qərara gəldilər: «Müqəddəs Ruha və bizə, vacib olan bu qaydalardan başqa sizin üzərinizə yük qoymamaq müsbət göründü: Bütlərə təqdim edilib murdar olmuş ətlərdən, qandan, boğulmuş [qanı axıdılmamış] heyvanların ətindən və cinsi əxlaqsızlıqdan çəkinin» (Həvarilərin işləri 15:28, 29; 21:25). Bundan görünür ki, məsihçilər qandan çəkinməlidirlər. Bu tapşırıq Allahın gözündə, bütpərəstlikdən və cinsi əxlaqsızlıqdan qaçmaq əmrləri qədər vacibdir.

İçki butulkası ilə kişinin qoluna sistem qoşulub

Həkim içki içməyi qadağan edibsə, onu venadan qəbul etmək düzgün olardımı?

13. Qandan çəkinmək əmrinin nəyə görə qanköçürməyə də aid olduğunu izah edin.

13 Qandan çəkinmək əmri, onun köçürülməsini də özünə daxil edirmi? Bəli. Bir nümunəni nəzərdən keçirək. Fərz edək ki, həkim sizə spirtli içkiləri qadağan etmişdir. Bu o deməkdirmi ki, içki içmək qadağan olunsa da, onu venadan qəbul etmək olar? Əlbəttə, yox! Buna bənzər tərzdə, qandan çəkinmək də, onu heç bir üsulla orqanizmə qəbul etməmək mə’nasını daşıyır. Bu əmrə uyğun davranaraq, məsihçi özünə qan köçürülməsinə icazə verməyəcək.

14, 15. Əgər həkimlər qan köçürmək tələb olduğunu deyirlərsə, məsihçi necə davranacaq və nəyə görə?

14 Bəs əgər məsihçinin vəziyyəti ağırdırsa və ya ona ciddi cərrahiyyə əməliyyatı lazımdırsa, onda necə? Fərz edək ki, həkimlər qan vurulmasa, xəstənin öləcəyini deyirlər. Təbii ki, məsihçi ölmək istəmir. Buna görə də, o, Allahın dəyərli ən’amı olan həyatı qorumaq üçün, qanın yanlış istifadəsindən uzaq olan başqa müalicə üsullarına razı olacaq. Məsihçi qanköçürmənin alternativ üsullarını axtararaq, münasib və keyfiyyətli müalicə üsulu seçəcək.

15 Məsihçi indiki sistemdə həyatını bir az uzatmaq naminə Allahın qanununu pozarmı? İsa demişdir: «Kim canını [həyatını] xilas etmək istərsə, onu itirəcək; amma kim canını Mənim uğrumda itirsə, onu qazanacaqdır» (Matta 16:25). Biz ölmək istəmirik. Amma öz həyatımızı xilas etmək üçün Allahın qanununu pozarıqsa, əbədi yaşamaq imkanından məhrum ola bilərik. Biz Yehovanın qanununun doğruluğuna şübhə etməməliyik. Əmin olmalıyıq ki, hansısa səbəbdən ölsək də, Həyatverənimiz dirilmə zamanı bizi mütləq xatırlayacaq və dəyərli həyat hədiyyəsini bizə qaytaracaq (Yəhya 5:28, 29; İbranilərə 11:6).

16. Qanın istifadəsinə dair Allahın xidmətçiləri hansı nöqteyi-nəzərə malikdirlər?

16 Bu gün Allahın sadiq xidmətçiləri Onun qana dair göstərişlərinə riayət etməyə qəti qərarlıdırlar. Bu səbəbdən, onlar qandan heç bir formada qida kimi istifadə etmirlər. Məsihçilər qandan tibbi məqsədlər üçün də istifadə etmirləra. Onlar əmindirlər ki, qanı yaradan Allah ondan necə istifadə edilməli olduğunu daha yaxşı bilir. Siz bununla razısınızmı?

QANIN DÜZGÜN İSTİFADƏ EDİLMƏSİ

17. Yehova Allah qədim İsraildə qanın yalnız hansı məqsəd üçün istifadə edilməsini qəbul edirdi?

17 Musanın qanununda qanın yalnız bir məqsəd üçün istifadəsi nəzərdə tutulmuşdu. Yehova qədim israillilərə demişdi: «Hər məxluqa həyat verən qandır. Mən onu həyatınızın kəffarəsi üçün qurbangahda təqdim olunmağa tə’yin etmişəm; çünki həyat verdiyinə görə kəffarə edən qandır» (Levililər 17:11). İsraillilər günahlarının bağışlanması üçün heyvan qurbanları gətirməli və onun qanının bir hissəsini müqəddəs məskəndə qurbangahın üzərinə səpməli idilər, sonralar isə onlar bunu mə’bəddə edirdilər. Göründüyü kimi, qan yalnız bu məqsəd üçün istifadə oluna bilərdi.

18. İsa Məsihin qanının tökülməsi sayəsində nə mümkün oldu?

18 Həqiqi məsihçilər Musanın qanunu altında olmadıqları üçün, heyvan qurbanı gətirmir və onun qanını qurbangahın üzərinə səpmirlər (İbranilərə 10:1). Ancaq qədim israillilərin dövründə qanın bu cür istifadəsi Allahın Oğlu İsa Məsihin dəyərli qurbanlığına işarə edirdi. 5-ci fəsildən öyrəndiyimiz kimi, İsa öz qanının tökülməsinə razı olaraq, həyatını bizim uğrumuzda qurban verdi. Sonra isə göyə qalxaraq tökülən qanının dəyərini birdəfəlik Allaha təqdim etdi (İbranilərə 9:11, 12). Bu, bizim günahlarımızın bağışlanması üçün əsas oldu və qarşımızda əbədi yaşamaq imkanı açdı (Matta 20:28; Yəhya 3:16). Qanın bu cür istifadəsi olduqca dəyərlidir! (1 Peter 1:18, 19). Axı biz yalnız İsanın tökülən qanına iman etməyin sayəsində xilas ola bilərik.

Xəstəxanada olan məsihçi həkimə Müqəddəs Kitabda qan haqqında deyilənləri izah edir

Həyata və qana necə hörmət göstərə bilərsiniz?

19. ‘Bütün insanların qanından təmiz’ olmaq üçün nə etməliyik?

19 Bizə gözəl həyat hədiyyəsini bəxş etdiyinə görə Yehova Allaha necə də minnətdarıq! Məgər bu bizi, Məsihin qurbanlığına iman sayəsində mümkün olan əbədi yaşamaq ümidi barədə başqalarına danışmağa təşviq etməməlidirmi? Həyatın Yehova üçün nə qədər dəyərli olduğunun üzərində düşünmək, bizi xilas barəsindəki xəbəri böyük şövqlə bəyan etməyə təşviq edəcəkdir (Yezekel 3:17-21). Əgər bu işdə qətiyyətli olsaq, o zaman həvari Pavel kimi deyə bilərik: «Bütün insanların qanından təmizəm. Çünki Allahın bütün iradəsini sizə bəyan etməkdən çəkinmədim» (Həvarilərin işləri 20:26, 27). İnsanlara Allah və Onun niyyətləri haqqında danışmaqla, Allahın ən’amı olan həyatı və qanı yüksək qiymətləndirdiyimizi göstərmiş olarıq.

HƏYATA HÖRMƏT ETDİYİMİZİ NECƏ GÖSTƏRƏ BİLBƏRİK?

  • dünyaya gəlməmiş uşağın həyatına hörmət etməklə

  • natəmiz vərdişləri tərgitməklə

  • insanlara qarşı nifrət hissini ürəyimizdən büsbütün silib atmaqla

    1. ana bətnindəki uşaq; 2. Bir nəfər siqaret qutusunu əzir; 3. Milliyəti fərqli olan iki dost

a Qanköçürmənin alternativlərinə dair mə’lumatı, Yehovanın Şahidləri tərəfindən dərc edilmiş «Qan sənin həyatını necə xilas edə bilər?» broşürasının 13-17-ci səhifələrindən (rus.) tapmaq olar.

MÜQƏDDƏS KİTABIN ÖYRƏTDİKLƏRİ

  • Həyat Allahın hədiyyəsidir (Məzmur 36:9; Vəhy 4:11).

  • Abort etdirmək yolverilməzdir, çünki doğulmamış uşağın həyatı Allahın gözündə dəyərlidir (Çıxış 21:22-25; Məzmur 127:3).

  • Həyata hörmət etmək, onu təhlükəyə atmamaq və qandan qida kimi istifadə etməmək deməkdir (Qanunun təkrarı 5:17; Həvarilərin işləri 15:28, 29).

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş