BÖLMƏ 5
Allahın gözəl xüsusiyyətləri
MÜQƏDDƏS KİTABDA Allahın bir çox gözəl xüsusiyyətlərindən bəhs edilir və bu xüsusiyyətlər Onu tanımağa kömək edir. Məsələn, Müqəddəs Kitabda Allahın dörd əsas xüsusiyyəti — qüvvəsi, ədaləti, müdrikliyi və məhəbbəti haqqında bəhs edilir. Gəlin onları bir-bir nəzərdən keçirək.
Allahın hədsiz qüvvəsi
Allah qüdrətlidir
Yehova İbrahim peyğəmbərə dedi: «Mən Qadir Allaham» (Yaradılış 17:1). Bəli, Onun gücü misilsiz, hədsiz və tükənməzdir. Allah Öz gücü vasitəsilə bütün Kainatı yaradıb.
Allah heç vaxt Öz gücündən sui-istifadə etmir, əksinə, ondan məqsədyönlü şəkildə istifadə edir və onun nəzarətdən çıxmasına yol vermir. O Öz gücünü ədalət, müdriklik və məhəbbətlə mükəmməl surətdə tarazlaşdırır.
Yehova Öz gücündən sadiq xidmətçilərinin rifahı üçün əliaçıqlıqla istifadə edir. «Yehova bütün yer üzünü nəzərdən keçirir ki, sidqi-ürəkdən Ona bağlı olanların rifahı üçün gücünü göstərsin» (2 Salnamələr 16:9). Siz bu cür qüdrətli, qayğıkeş Allaha yaxınlaşmaq istəməzdiniz?
Allahın ədaləti
«Yehova ədaləti sevir» (Zəbur 37:28). O, mükəmməl prinsiplərinə uyğun olaraq həmişə düzgün və ədalətli olanı edir.
Allah ayrı-seçkilik etmir
Allah ədalətsizliyə nifrət edir. «O tərəfkeşlik etməz, rüşvət almaz» (Qanunun təkrarı 10:17). O, zalım insanlara qarşıdır, kimsəsizlərə, o cümlədən dul qadına və yetimə isə dayaqdır (Çıxış 22:22). Allah insanlara qərəzli yanaşmır. «Allah ayrı-seçkilik etməyən Allahdır, hər xalqın içində Ondan qorxan və düzgün iş görən adamdan razıdır» (Həvarilərin işləri 10:34, 35).
Yehovanın ədaləti mükəmməldir. O, nə həddən artıq mülayim, nə də həddən artıq sərtdir. O, tövbə etməyən günahkarları cəzalandırır, tövbə edənlərə isə mərhəmət göstərir. «Yehova mərhəmət, şəfqət sahibidir, səbirlidir, məhəbbəti boldur. Daim nöqsan axtarmaz, əbədiyyən acıqlı qalmaz. Bizimlə günahlarımıza görə rəftar etmir, təqsirlərimizə görə payımıza düşən cəzanı vermir» (Zəbur 103:8—10). Allah sadiq xidmətçilərinin xeyirxah əməllərini heç vaxt unutmur və onları mükafatlandırır. Sizcə, belə ədalətli Allah etibara layiq deyil?
Allahın hikməti
Müqəddəs Kitabdan Allahın hikməti görünür
Yehovanın hikmət mənbəyidir. Müqəddəs Kitabda deyilir: «Allahın nemətləri gör necə boldur, hikməti, biliyi dərin ümmandır!» (Romalılara 11:33). Onun hikməti müqayisəyəgəlməz və sonsuzdur.
Allahın hikməti yaratdıqlarından görünür. Məzmurçu nida edərək deyirdi: «Ey Yehova, gördüyün işlər necə də çoxdur! Hər birini hikmətlə görmüsən. Yer üzü xilqətinlə doludur» (Zəbur 104:24).
Həmçinin Allahın hikməti Onun Kəlamında əks olunur. Davud padşah yazmışdı: «Yehovanın öyüdləri etibarlıdır, naşı adamı müdrik edir» (Zəbur 19:7). Bir təsəvvür edin: Allahın sonsuz hikməti sizə fayda gətirə bilər! Siz bu imkandan istifadə edəcəksiniz?
«Allah məhəbbətdir»
Məhəbbət Allahın əsas xüsusiyyətidir. Müqəddəs Kitabda deyilir ki, «Allah məhəbbətdir» (1 Yəhya 4:8). O, hər şeyi məhəbbətdən irəli gələrək edir.
Allah bizə məhəbbətini müxtəlif yollarla göstərir. O bizə yaxşı şeylər bəxş edir. Müqəddəs Kitabda deyilir: «Sizə yaxşılıq edərək göydən yağış yağdırır, bərəkətli mövsümlər və bol-bol qida verir, ürəyinizi şadlıqla doydururdu» (Həvarilərin işləri 14:17). Bəli, «hər bir gözəl pay və hər bir kamil nemət yuxarıdan, səmavi nurların Atasından nazil olur» (Yaqub 1:17). Olduqca dəyərli olan Müqəddəs Kitab vasitəsilə Allah Özü haqqında həqiqəti açıqlayır, məhəbbət dolu qanun və prinsiplərini öyrədir. «Həqiqət Sənin sözündür»,— deyə İsa dua etmişdi (Yəhya 17:17).
Xilqəti müşahidə edəndə Allahın hikmətinə heyran qalırıq
Allah bizə sınaqlar zamanı da kömək edir. «Sən qayğı yükünü Yehovaya ver, O, sənə dayaq olar, O, heç vaxt saleh insanı yıxılmağa qoymaz» (Zəbur 55:22). Allah bizim günahlarımızı bağışlayır. «Ey Yehova, kəramətlisən, bağışlayansan, Səni çağıranlara qarşı məhəbbətin boldur» (Zəbur 86:5). Üstəlik, O hər bir insana əbədi həyat təklif edir. «Allah insanların gözlərindən bütün yaşları siləcək. Artıq ölüm olmayacaq. Nə dərd, nə fəryad, nə də ağrı olmayacaq, çünki əvvəlki şeylər keçib getdi» (Vəhy 21:4). Siz Allahın məhəbbətinə necə hay verəcəksiniz? Onun məhəbbətinə məhəbbətlə qarşılıq verəcəksiniz?
Allaha yaxınlaşın
Dua etməklə və Allahın xüsusiyyətləri üzərində düşünməklə Ona yaxınlaşa bilərsiniz
Allah istəyir ki, siz Onu yaxından tanıyasınız. Onun Kəlamı təşviq edir: «Allaha yaxınlaşın, O da sizə yaxınlaşacaq» (Yaqub 4:8). Allah sadiq İbrahim peyğəmbərə «dostum» deyə müraciət etmişdi (Əşiya 41:8). Yehova sizin də Onunla dost olmağınızı istəyir.
Allah haqqında daha çox öyrəndikcə, Ona daha yaxın olacaqsınız və özünüzü xoşbəxt hiss edəcəksiniz. O adam xoşbəxtdir ki, «Yehovanın qanunundan həzz alır, gecə-gündüz Onun qanununun dərinliyinə varır» (Zəbur 1:1, 2). Buna görə də, Müqəddəs Kitabı araşdırmağa davam edin. Allahın xüsusiyyətləri və gördüyü işlər barədə düşünün. Allaha olan məhəbbətinizi öyrəndiklərinizə əməl etməklə göstərin. «Allahı sevmək Onun əmrlərinə riayət etmək deməkdir, Onun əmrləri isə ağır deyil» (1 Yəhya 5:3). Məzmurçu kimi siz də Allaha belə dua edin: «Mənə yollarını göstər, ey Yehova, mənə yollarını öyrət. Məni haqq yolunda yerit» (Zəbur 25:4, 5). Onda anlayacaqsınız ki, Allah «heç birimizdən uzaq deyil» (Həvarilərin işləri 17:27).