BÖLMƏ 11
Müasir dövrdə həqiqi iman
BU GÜN bir çoxları imanlı olduqlarını iddia edir. Lakin İsa öyrədirdi ki, yalnız az sayda insan həqiqi imana malik olacaq. O demişdi: «Dar qapıdan girin, çünki məhvə aparan qapı enli, yol isə genişdir və çox adam bu yolla gedir. Amma həyata aparan qapı dar, yol isə ensizdir və bu yolu az adam tapır» (Mətta 7:13, 14).
Bu gün insanlar əsl imana sahib olduqlarını necə sübut edirlər? İsa demişdi: «Onları bəhrələrindən tanıyacaqsınız. Heç tikan kolundan üzüm, qanqal kolundan əncir yığarlar? Eynilə də hər yaxşı ağac yaxşı meyvə verir, çürük ağac isə yararsız meyvə verir» (Mətta 7:16, 17). Deməli, əsl iman «yaxşı meyvə verir». Bu, insanları Allaha məqbul xüsusiyyətlər təzahür etdirməyə təşviq edir. Onlar bunu necə edirlər?
Güclərindən düzgün istifadə etməklə
Həqiqi imana sahib olan insanlar güclərindən və səlahiyyətlərindən Allahı şərəfləndirmək və başqalarının rifahı üçün istifadə edirlər. İsa Məsih öyrədirdi: «Aranızda böyük olmaq istəyən qulluğunuzda durmalıdır» (Mark 10:43). İmanlı insanlar nə evdə, nə də çöldə zalımlıq etmirlər. Onlar həyat yoldaşları ilə nəvazişlə rəftar edir, onları qiymətləndirir və ehtiyaclarını məhəbbətlə təmin edirlər. Müqəddəs Kitabda deyilir: «Ey ərlər, arvadlarınızı həmişə sevin və onlarla sərt davranmayın» (Koloslulara 3:19). «Ey ərlər, hər biriniz həyat yoldaşınızla anlayışla davranın. Qadın daha zəif varlıq olduğu üçün ona hörmət qoyun ki, dualarınızın qarşısını heç nə kəsməsin. Axı siz də onlarla birlikdə Allahın lütfü ilə verilən həyat ənamının varisisiniz» (1 Butrus 3:7).
Həqiqi imana sahib olan qadın da, öz növbəsində, «ərinə dərin hörmət» bəsləməlidir (Efeslilərə 5:33). Qadınlar «ərlərini və uşaqlarını» sevməlidirlər (Titusa 2:4). Əsl imana malik olan valideynlər uşaqları ilə vaxt keçirir və onlara Allahın qanun və prinsiplərini öyrədirlər. Onlar evdə, işdə, bir sözlə hər yerdə başqalarına hörmət və ehtiram göstərirlər. Onlar Müqəddəs Kitabın «hörmət göstərməkdə bir-birinizi qabaqlayın» məsləhətinə əməl edirlər (Romalılara 12:10).
Allahın xidmətçiləri Müqəddəs Yazıların «rüşvət almayın» əmrinə riayət edirlər (Çıxış 23:8). Öz səlahiyyətlərindən haqsız qazanc üçün istifadə etmirlər. Əksinə, onlar başqalarına, xüsusilə də ehtiyacı olanlara kömək etmək üçün əllərindən gələni edirlər. Allahın xidmətçiləri növbəti məsləhətə diqqət yetirirlər: «Yaxşılıq etməyi, varınızı başqaları ilə bölüşməyi yaddan çıxartmayın, çünki bu cür qurbanlar Allaha xoşdur» (İbranilərə 13:16). Buna görə də onlar İsanın: «Vermək almaqdan daha çox xoşbəxtlik gətirir» sözlərinin həqiqiliyinə özləri əmin olmuşlar (Həvarilərin işləri 20:35).
Allahın ədalət prinsiplərinə əməl etməklə
İmanlı insanlar Allahın qanunlarına canla-başla tabe olurlar və onlar üçün «Onun əmrləri... ağır deyil» (1 Yəhya 5:3). Onlar başa düşürlər ki, «Yehovanın qanunu kamildir,.. buyruqları doğrudur, ürəyi sevindirir, Yehovanın əmri safdır, gözlərə nur verir» (Zəbur 19:7, 8).
Həmçinin əsl iman Allahın xidmətçilərini ayrı-seçkilik etməməyə təşviq edir. Onlar heç bir irqi, ölkəni və ya fərqli sosial təbəqədən olan insanları digərindən üstün tutmur, əksinə, Allahın düşüncə tərzini əks etdirirlər. «Allah ayrı-seçkilik etməyən Allahdır, hər xalqın içində Ondan qorxan və düzgün iş görən adamdan razıdır» (Həvarilərin işləri 10:34, 35).
Həqiqi iman insanları «hər sahədə dürüst» olmağa təşviq edir (İbranilərə 13:18). Həmçinin imanlı insan qeybətdən və böhtandan çəkinir. Allahın bəyəndiyi insanı Davud peyğəmbər belə təsvir edir: «Dilindən böhtan çıxmaz, başqasına pislik etməz, dostuna qara yaxmaz» (Zəbur 15:3).
İlahi hikmət təzahür etdirməklə
Əsl imana malik olan insanların inancları yalnız Müqəddəs Kitaba əsaslanır. Onlar inanırlar ki, «Müqəddəs Yazılardakı hər kəlmə Allahdandır və təlim, tənbeh, islah üçün, həm də salehliyə uyğun tərbiyə üçün faydalıdır» (2 Timutiyə 3:16). Onlar başqaları ilə münasibətlərində «yuxarıdan nazil olan hikmət»i əks etdirirlər; bu hikmət «safdır, sonra sülhpərvər, mülayim, itaətkardır, mərhəmətli və faydalı bəhrələrlə doludur» (Yaqub 3:17). Onlar Allaha məqbul olmayan adət-ənənələrdən və spiritizmin bütün növlərindən — falçılıq, cadugərlik və bu kimi şeylərdən qaçır, o cümlədən özlərini bütlərdən qoruyurlar (1 Yəhya 5:21).
Səmimi məhəbbət göstərməklə
Musa peyğəmbər demişdi: «Allahın Yehovanı bütün qəlbinlə, bütün varlığınla, var gücünlə sevməlisən» (Qanunun təkrarı 6:5). İmanlı insanlar bu cür məhəbbəti Allaha təzahür etdirirlər. Onlar Allahın adına hörmətlə yanaşırlar. Onlar Yehovaya şükür edir və Onun adını imanla çağırırlar (Zəbur 105:1). Allahın xidmətçiləri: «Başqasını özünüzü sevdiyiniz kimi sevin» əmrinə riayət edirlər (Lavililər 19:18). Onlar zorakılığı rədd edir və «hamı ilə sülhdə olmağa» çalışırlar (Romalılara 12:18). Onlar məcazi mənada «qılınclarından gavahın, nizələrindən oraq» düzəldirlər, yəni müharibə etməyi öyrənmirlər (Əşiya 2:4). Bunun sayəsində onların arasında məhəbbət var və onlar ümumdünya qardaşlıqdan həzz alırlar (Yəhya 13:35). Bəs siz bu gün belə insanlar tanıyırsınız?