Fəsil 4
Atamla anam niyə ayrıldı?
«Atam bizi atıb gedəndə cəmi 6 yaşım vardı. Nələr baş verdiyini anlamırdım. Mən yerdə oturub televizora baxırdım. Anamın göz yaşları içində getməməsi üçün atama yalvardığını eşidirdim. Atam əlində çamadan pilləkənlərlə aşağı düşdü, əyilib məni öpərək: “Atan səni həmişə sevəcək”, — dedi və çıxıb getdi. Atamın üzünü uzun müddət görmədim. O andan canıma qorxu düşdü ki, anam da məni qoyub gedəcək» Elayn, 19 yaş
VALİDEYNLƏRİNİN boşanması sənə dünyanın sonu kimi, heç vaxt altından çıxa bilməyəcəyin dəhşətli fəlakət kimi görünə bilər. Adətən, ata-ananın boşanması uşaqlarda xəcalət, qəzəb, təlaş, tərk edilmə qorxusu, özünü günahlandırmaq, depressiya, bərpa olunmayacaq böyük itkinin gətirdiyi qisas almaq arzusu oyadır.
Əgər valideynlərin təzəlikcə ayrılıblarsa, yəqin, sən də belə hisslər keçirirsən, bu da təbiidir, çünki Yaradan istəyirdi ki, uşaqlar hər iki valideynin — həm atanın, həm də ananın qayğısı ilə əhatə olunaraq böyüsünlər (Efeslilərə 6:1—3). Ancaq indi sən çox sevdiyin atanı və ya ananı hər gün görə bilmirsən. Valideynləri ayrılanda Danielin 7 yaşı var idi. O deyir: «Atama böyük hörmətim və məhəbbətim vardı, həmişə yanımda olmasını istəyirdim. Ancaq biz anamızın himayəsinə verildik».
Valideynlər nəyə görə ayrılırlar?
Valideynlərin ayrılması çox vaxt uşaqlar üçün tamamilə gözlənilməz olur, çünki onlar aralarındakı problemləri övladlarından gizlədirlər. Valideynləri boşananda 15 yaşı olan Rəhilə deyir: «Heç cür inana bilmirdim! Mənə həmişə elə gəlirdi ki, onlar bir-birlərini sevirlər». Hətta ərlə arvad bütün günü dalaşsalar da, onların ayrılması uşaqlar üçün yenə də güclü zərbə ola bilər.
Çox vaxt boşanmaların səbəbi tərəflərdən birinin xəyanəti olur. Belə vəziyyətdə Allah günahsız tərəfin boşanmasına və yenidən nikaha daxil olmasına icazə verir (Matta 19:9). Digər hallarda buna səbəb hirs, qəzəb, qışqırıq və təhqiramiz danışığın zorakılığa çevrilməsi, eləcə də uşaqların və ya valideynlərdən birinin sağlamlığının təhlükə altında olması ola bilər (Efeslilərə 4:31).
Bəzən də valideynlər bir o qədər də ciddi olmayan səbəblərə görə ayrılırlar. Bəziləri problemləri həll etmək əvəzinə, xoşbəxt olmadıqları və ya artıq bir-birlərini sevmədikləri qənaətinə gələrək eqoistcəsinə boşanırlar. Allah bu cür boşanmaya nifrət edir (Malaki 2:16). Bəzən də, İsanın dediyi kimi, həyat yoldaşı məsihçi olduğu üçün digər tərəf boşanmaq qərarına gəlir (Matta 10:34—36).
Əgər valideynlərin nə üçün boşandıqlarını sənə demirlərsə, yaxud hər şeyi xırdalığına kimi izah etmirlərsə, bu, onların səni sevmədiklərini göstərmir. Ola bilsin, onlar öz problemlərinə o qədər qərq olublar ki, bu barədə danışmaq onlara çətindir (Süleymanın məsəlləri 24:10). Yaxud da öz səhvləri barədə danışmağa utanırlar.
Sənin əlindən nə gəlir?
Nədən qorxduğunu müəyyən etməyə çalış. Valideynlərinin boşanması ucbatından, ola bilsin, həyatın alt-üst olub və sən əvvəllər heç vaxt ağlına belə gətirmədiyin şeylər barədə narahat olmağa başlamısan. Qorxunun sənə üstün gəlməməsi üçün əvvəlcə nədən qorxduğunu müəyyən et. Aşağıda sadalanan variantlardan birinə ✔ işarəsi qoy, yaxud «Digər» qrafasına öz variantını yaz.
□ Valideynlərim məni də atacaq
□ Ailəmiz maddi çətinlik çəkəcək
□ Valideynlərimin boşanmasında mən də günahkaram
□ Ailə qursam, mənim də ailəm dağılacaq
□ Digər ․․․․․
Narahatçılıqlarını bölüş. Süleyman padşah «danışmağın öz vaxtı» olduğunu demişdir (Vaiz 3:7). Buna görə də münasib vaxt tapıb yuxarıda qeyd etdiyin şeyləri valideynlərinlə müzakirə et. Onlara nə qədər məyus və təlaş içində olduğunu bildir. Ola bilsin, atanla anan nə baş verdiyini izah edəcəklər, bu da sənin narahatçılığını azaldacaq. Əgər hal-hazırda valideynlərin sənə kömək edəcək vəziyyətdə deyillərsə, yetkin dostlarından birinə müraciət edə bilərsən. Kömək istəməyə çəkinmə. Dərdini kiminləsə bölüşməyin sənə xeyli rahatlıq gətirəcək (Süleymanın məsəlləri 17:17).
Ən əsası isə, «duaları eşidən» səmavi Atan səni hər zaman dinləməyə hazırdır (Məzmur 65:2). Bütün ürəyindəkiləri Yehovaya deyə bilərsən, çünki O, sənin qeydinə qalır (1 Peter 5:7).
Nədən qaçınmalısan?
Kin saxlama. «Valideynlərim ancaq özlərini düşünürdülər. Onlar bunun bizə necə təsir edəcəyini heç nəzərə almadılar», — deyə yuxarıda sözləri gətirilən Daniel qeyd edir. Danielin hisslərini başa düşmək olar, hətta, ola bilsin, o, haqlıdır. Bəs sən növbəti suallara necə cavab verərdin? Öz cavablarını boş sətirlərə yaz.
Əgər Daniel hirslənməyə və incikliyə son qoymasa, bunun ona zərəri ola bilər? (Süleymanın məsəlləri 29:22 ayəsini oxu.) ․․․․․
Ürəyini sındırdıqları üçün valideynlərini bağışlamaq Danielə asan olmasa da, nəyə görə bunu etməsi yaxşı olardı? (Efeslilərə 4:31, 32 ayələrini oxu.) ․․․․․
Romalılara 3:23 ayəsi valideynlərinə qərəzsiz baxmaqda Danielə necə kömək edə bilər? ․․․․․
Özün-özünə düşmən kəsilmə. Deni xatırlayır: «Valideynlərim boşanandan sonra özümü bədbəxt hiss edirdim və depressiyaya düşmüşdüm. Dərslərimdə zəifləməyə başladım və bir il sinifdə qaldım. Bundan sonra məktəbdə təlxəklik edir və addımbaşı uşaqlarla dava-dalaşa girişirdim».
Səncə, Deni dəcəllik etməklə nəyə nail olmaq istəyirdi? ․․․․․
Onun dalaşqanlığının səbəbi nə ola bilərdi? ․․․․․
Əgər səndə də pis hərəkətlərinlə valideynlərindən acıq çıxmaq istəyi yaranırsa, Qalatiyalılara 6:7 ayəsindəki prinsip sənə düzgün davranmağa necə kömək edəcək? ․․․․․
Həyat davam edir
Sınığın tam sağalması üçün həftələr, hətta aylar tələb oluna bilər. Eynilə, emosional yaraların sağalması üçün də vaxt lazımdır. Bəzi psixoloqların fikrinə görə, boşanmanın vurduğu ən ağır yaralar belə üç il ərzində keçib gedir. Bu, sənə bir ömür kimi gələ bilər, ancaq unutma ki, həyatın öz axarına düşməsi üçün bir çox şeylər dəyişməlidir.
Məsələn, boşanmadan sonra ailənin yeni həyat tərzinə alışması üçün müəyyən vaxt lazımdır. Həmçinin valideynlərinin baş verənlərdən sonra özlərinə gəlməsi də zaman tələb edir. Yəqin, yalnız bundan sonra onların sənə lazımi köməklik göstərməyə halı olacaq. Həyatın öz axarına düşməyə başladıqdan sonra sən özünü yaxşı hiss edəcəksən.
ƏLAVƏ MƏLUMATI 2-Cİ CİLDİN 25-Cİ FƏSİLİNDƏN OXU
Atanın və ya ananın yenidən ailə qurması səni narahat edir? Hisslərinin öhdəsindən gəlməyə sənə nə kömək edər?
AÇAR AYƏ
“Sağaltmağın öz vaxtı” var Vaiz 3:1, 3
MƏSLƏHƏT
Əgər valideynlərin boşanıblarsa, deməli, onlardan biri, daha doğrusu, hər ikisi hansısa səhvlərə yol verib. Bu səhvlərin nədə olduğunu anlamağa çalış ki, sabah-birigün özün ailə quranda həmin səhvləri təkrarlamayasan (Süleymanın məsəlləri 27:12).
BİLİRSƏN... ?
Uğursuz nikah valideynlərdən irsən keçmir.
HƏRƏKƏT PLANI!
Öz qorxularımı bölüşə biləcəyim adam... (danışmaq istədiyin yetkin bir insanın adını yaz) ․․․․․
Əgər valideynlərimdən acıq çıxmaq üçün məndə pis hərəkət etmək istəyi yaranırsa, onun öhdəsindən növbəti addımı atmaqla gələ bilərəm: ․․․․․
Bu mövzu barədə valideynlərimə vermək istədiyim suallar: ․․․․․
NECƏ DÜŞÜNÜRSƏN?
● Nəyə görə valideynlərin boşanmaları barədə səninlə danışmaq istəmirlər?
● Nəyə görə unutmamalısan ki, boşanma valideynlərinlə sənin aranda yox, onların öz arasında baş vermiş münaqişədir?
[32–ci səhifədəki yazı]
“Anam bizi atıb gedəndə heç cür özümə gələ bilmirdim, hər gün ağlayırdım. Amma bununla belə, çoxlu dua edir, başqalarına kömək əli uzadır, yetkin dostlarla sıx ünsiyyətdə olurdum. Başa düşürəm ki, Yehova bu yolla mənə çətinliklərə tab gətirməyə kömək edib” Natali
[33–cü səhifədəki şəkil]
Valideynlərin boşanmasının gətirdiyi ağrı qol sınanda olan ağrıya bənzəyir. Vaxt keçdikcə qolun sağaldığı kimi, sən də olanlardan sonra özünə gələcəksən