Fəsil 20
Müəllimimlə necə dil tapa bilərəm?
Sevimli müəlliminin adını yaz. ․․․․․
Ondan nəyə görə xoşun gəlir? ․․․․․
Yola getməkdə ən çox çətinlik çəkdiyin müəllimin adını yaz. ․․․․․
DOSTLARI seçmək mümkündür, müəllimləri isə yox, xüsusilə də aşağı siniflərdə. Yəqin, sənin öz müəllimlərindən xoşun gəlir. 18 yaşlı Deyvid deyir: «Müəllimlərimlə heç vaxt problemim olmayıb. Mən onlara hörmət etmişəm, onlar da məni çox istəyiblər».
Ancaq, ola bilsin, sən 11 yaşlı Saranın müəlliməsi haqqında dedikləri ilə razılaşacaqsan: «Yaman pis müəlliməm var! O, dərs keçəndə heç nə başa düşmürəm. Gah dərsi yaxşı başa salmır, gah da çox danışır». Müəllimlə dil tapmaq üçün əvvəlcə əsas problemin nədə olduğunu müəyyən etmək lazımdır. Bunu başa düşəndə problemin öhdəsindən gəlmək daha asan olur. Aşağıda sadalanan vəziyyətlərdən sənə aid olanın yanında ✔ işarəsi qoy, yaxud da başqa səbəb yaz.
□ Müəllimi başa düşməkdə çətinlik çəkirəm
□ Müəllim qiymətimi kəsir
□ Müəllim ayrı-seçkilik edir
□ Layiq olduğumdan artıq cəzalandırılıram
□ Müəllim mənimlə prinsip aparır
□ Digər ․․․․․
Sən bu maneəni necə aşa bilərsən? İlk növbədə, həvari Peterin məsləhətini tətbiq et. O yazır: «Hamınız həmfikir, bir-birinizin dərdinə şərik... olun» (1 Peter 3:8). «Pis» hesab etdiyin müəllimin «dərdinə şərik» olmağa səni nə təşviq edə bilər? Müəllimlərlə bağlı bəzi amilləri nəzərdən keçirməyin sənə köməyi dəyə bilər.
Müəllimlər də səhvə yol verir. Müəllim də bir insandır, onun da özünəxas qəribəlikləri, problemləri ola bilər; hətta bəzən üzgörənlik də edə bilər. İsanın şagirdi Yaqub yazmışdır: «Sözündə səhvə yol verməyən kamil insandır. Belə insan bütün bədənini yüyənləməyə qadirdir» (Yaqub 3:2). 19 yaşlı Brianna deyir: «Riyaziyyat müəlliməmiz tez özündən çıxır və üstümüzə qışqırırdı. Ona hörmət etmək bizim üçün çox çətin idi». Görəsən, onun belə davranmasına səbəb nə idi? Brianna deyir: «Adətən, sinifdə ağız deyəni qulaq eşitmirdi, uşaqlar müəlliməni özündən çıxartmaq üçün əllərindən gələni edirdilər».
Şübhəsiz, müəllimin sənin səhvlərinə və nöqsanlarına göz yummasını istəyərdin, xüsusilə də güclü stress keçirdiyin zaman. Sən də müəlliminə bu cür anlayış göstərə bilərsən? Bu yaxınlarda baş vermiş xoşagəlməz hadisəni yaz. Zənnincə, müəllimin əsəbiləşməsinə nə səbəb olduğunu da qeyd et.
․․․․․
Müəllimlərin sevimli şagirdləri ola bilər. Müəllimin üzləşdiyi problemlərin üzərində düşün: sinfinizdə məktəbə gəlmək istəyən nə qədər uşaq var? Onlardan neçəsi ən azı yarım saat oturub diqqətlə dərsə qulaq asmağı bacarır? Elə olurmu ki, uşaqlar pis əhval-ruhiyyələrini və acıqlarını müəllimin üstünə tökür? İndi isə özünü müəllimin yerində təsəvvür et: sən 20, 30, hətta daha çox şagirdin qabağında, özü də çoxlarının xoşuna gəlməyən bir fənni izah edirsən. Məgər sən maraqla qulaq asanlara xüsusi diqqət ayırmazdın?
Əlbəttə, müəllimin açıq-aydın kimisə daha çox sevdiyini göstərməsi xoşagəlməz haldır. Nataşa öz müəllimi haqqında deyir: «O, çox tələbkar idi, ev tapşırıqlarını dediyi vaxtda mütləq təhvil vermək lazım idi, ancaq həmişə futbol komandasının üzvlərinə güzəştə gedərdi. Aydın məsələdir, axı o, həm də onların məşqçisi idi». Əgər sən də bu kimi vəziyyətlə üzləşmisənsə, özündən soruş: «Məgər müəllim hamıya eyni dərsi keçmir?» Onda ruhdan düşməyə və paxıllıq etməyə dəyərmi?
Müəllimə onun dərslərinin sənin üçün, doğrudan da, maraqlı olduğunu necə göstərə bilərsən? Aşağıda yaz.
․․․․․
Müəllimlər uşaqları düzgün başa düşmürlər. Ola bilər ki, hansısa anlaşılmazlığa görə müəllimin sənə yaxşı münasibət bəsləmir, yaxud da sadəcə sən onun xoşuna gəlmirsən. O, sənin hər şeyi bilmək həvəsini özünə qarşı üsyan, zarafatlarını isə hörmətsizlik və ya ağılsızlıq kimi qəbul edə bilər.
Əgər müəllim səni düzgün başa düşməyibsə, nə edə bilərsən? Müqəddəs Kitabda deyilir: «Heç kimə pislik əvəzinə pislik etməyin. [...] İmkan daxilində, əlinizdən gələn qədər hamı ilə sülhdə olmağa çalışın» (Romalılara 12:17, 18). Buna görə də, müəlliminlə münasibətini pozmamağa çalış. Lazımsız çəkişmələrdən qaç. Narazılıqların yaranmasına əsas vermə. Mehriban münasibət qur. Bəlkə də, sən etiraz edəcəksən: «Onunla mehriban münasibət qurmaq olar?» Əlbəttə, olar. Sinfə girəndə müəllimlə hörmətcil tərzdə salamlaşsan, ola bilsin, o, ədəb-ərkanını və üzündəki xoş təbəssümü görüb sənin barəndə fikrini dəyişsin (Romalılara 12:20, 21).
Məsələn, çox vaxt müəllimlər Kənanı yanlış başa düşürdülər. O deyir: «Mən çox utancaq olduğumdan müəllimlərlə heç vaxt danışmırdım». Bəs o, bu problemi necə həll etdi? «Nəhayətdə başa düşdüm ki, əksər hallarda müəllimlər mənə kömək etmək istəyirlərmiş. Buna görə də, qarşıma məqsəd qoydum ki, bütün müəllimlərlə yaxından tanış olum. Bundan sonra qiymətlərim əməlli-başlı yaxşılaşdı».
Əlbəttə, mehriban münasibətlə və ədəb-ərkan qaydalarına riayət etməklə hər zaman müəllimin ürəyini ələ almaq olmur. Ancaq səbirli ol. Süleyman padşah yazmışdır: «Səbirlə hökmdarı da [yaxud müəllimi də] inandırmaq olar» (Süleymanın məsəlləri 25:15). Sənə qarşı haqsızlıq ediləndə sakitliyi qorumağa və mülayim danışmağa çalış. Çox ehtimal ki, müəllimin sənə olan münasibəti dəyişəcək (Süleymanın məsəlləri 15:1).
Müəllim səni başa düşməyəndə və yaxud sənə haqsız münasibət göstərəndə, adətən, ilk reaksiyan necə olur?
․․․․․
Necə reaksiya göstərsən daha yaxşı olar?
․․․․․
Konkret vəziyyətlərdə necə hərəkət etməli?
Müəllimini daha yaxşı başa düşdükdən sonra indi hansı addımı atacaqsan? Məsələn, aşağıda gətirilən vəziyyətlərdən necə çıxış yolu tapmaq olar?
Müəllim qiymətimi kəsir. Katrina deyir: «Mən həmişə əlaçı olmuşam. Ancaq bir ili təbiətşünaslıq müəllimi mənə iki qoydu. Bu, haqsızlıq idi! Valideynlərim məktəb direktoru ilə danışdıqdan sonra müəllim güc-bəla ilə üç yazdı. Özümü çox pis hiss edirdim». Bu cür vəziyyətlərlə üzləşəndə müəllimə ittihamlar yağdırma. Natan peyğəmbərin necə davrandığını yadına sal. Onun qarşısında Davud padşahın ciddi günahını ifşa etmək kimi çətin bir tapşırıq dururdu. O, qəzəbli halda saraya soxularaq Davudun günahını üzünə hayqırmaq əvəzinə, onunla mülayim və nəzakətlə danışdı (2 Şamuel 12:1—7).
Buna bənzər tərzdə, sən də müəlliminə yaxınlaşıb məsələni təvazökarlıqla və sakit tərzdə müzakirə edə bilərsən. Ancaq qəzəbini müəllimin üzərinə tökməklə onu səriştəsizlikdə və yaxud daha betər şeylərdə günahlandırmaqla vəziyyəti daha da gərginləşdirəcəksən. Məsələyə yetkin insan kimi yanaş. Əvvəlcə müəllimdən xahiş et ki, qiymətləri nəyə əsasən qoyduğunu sənə başa salsın. «Eşitməzdən qabaq cavab vermək səfehlik və rüsvayçılıqdır», — deyə Süleyman padşah yazmışdır (Süleymanın məsəlləri 18:13). Diqqətlə dinlədikdən sonra, sənin fikrincə, müəllimin harada səhvə yol verdiyini anlayacaqsan. Qiymətini düzəltməsə də, sənin özünü yetkin bir insan kimi aparmağın müəllimə müsbət təsir bağışlaya bilər.
Müəllim mənimlə prinsip aparır. Sevincin hadisəsinə nəzər salaq. Onun gündəliyində ancaq dörd və beş qiymətləri olardı. Lakin 7-ci sinfə keçəndə vəziyyət dəyişdi. O deyir: «Yeni müəllimim həmişə qiymətimi kəsirdi». Problem nədə idi? Müəllim Sevincə və onun anasına açıq-aydın bildirdi ki, onların dinindən xoşu gəlmir.
Bəs bunun sonu necə oldu? Sevinc deyir: «Hər dəfə müəllim prinsipə gedib qiymətimi kəsəndə anam mənimlə məktəbə gəlirdi ki, onunla bu haqda danışsın. Nəhayət, o, məni incitməkdən əl çəkdi». Əgər sən də bu kimi vəziyyətlə üzləşmisənsə, çəkinmədən bu haqda valideynlərinlə danış. Onlar, çox ehtimal ki, bu problemi həll etmək üçün müəllimlə, hətta direktorla da söhbət etmək istəyəcəklər.
Səbirli ol
Qəbul etmək lazımdır ki, bütün problemlər asanlıqla öz həllini tapmır. Bəzən sadəcə səbir etmək lazım gəlir. Tanya adlı bir qız deyir: «Müəllimlərimizdən birinin şagirdlərlə münasibəti pis idi. O, çox vaxt bizi təhqir edir, qanmaz adlandırırdı. Əvvəl-əvvəl o, məni həmişə ağladardı, ancaq sonra onun təhqirlərini öz üstümə götürməməyi öyrəndim. Mən diqqətimi dərslərimə cəmləyib, bütün tapşırıqları yerinə yetirirdim. Buna görə də, artıq o, məni çox incitmirdi, hətta mən yaxşı qiymət alan bir neçə şagirdin sırasında idim. İki ildən sonra onu məktəbdən çıxartdılar».
Müəllimlə yola getməyi öyrənməklə dəyərli təcrübə əldə edəcəksən. İşdir, əgər gələcəkdə müdirinlə problemlərin yaransa, bu, mütləq işinə yarayacaq. Üstəlik, qarşına çıxacaq yaxşı müəllimləri qiymətləndirməyi öyrənəcəksən.
Heç nəyə vaxt çatdıra bilmirsən? Vaxt düşmənin yox, dostun olsun deyə nə edə bilərsən?
AÇAR AYƏ
“İnsanların sizinlə necə rəftar etməsini istəyirsinizsə, siz də onlarla eləcə rəftar edin” Matta 7:12
MƏSLƏHƏT
Müəllimin çox darıxdırıcı olduğunu düşünürsənsə, onda diqqətini onun çatışmayan cəhətlərinə yox, başa saldığı dərsə cəmlə. Qeydlər apar. Nə isə başa düşməyəndə nəzakətlə yenidən izah etməsini xahiş et. Dərsinə həvəslə yanaş. Sənə baxıb digərləri də həvəslənə bilər.
BİLİRSƏN... ?
Müəllim bir dərsi ayrı-ayrı siniflərdə, bəlkə də, yüz dəfə izah edir. Bu səbəbdən, ona öz dərsini əvvəlki kimi həvəslə başa salmaq asan olmaya bilər.
HƏRƏKƏT PLANI!
Dərsin daha maraqlı olması üçün mən... ․․․․․
Müəllimim mənimlə haqsız davranarsa, mən... ․․․․․
Bu mövzu ilə bağlı valideynlərimə vermək istədiyim suallar: ․․․․․
NECƏ DÜŞÜNÜRSƏN?
● Nəyə görə diqqəti müəllimə yox, dərsə cəmləmək vacibdir?
● Sənin dərsə münasibətin müəllimin sənə olan münasibətinə necə təsir edə bilər?
[146–cı səhifədəki yazı]
“Bütün müəllimlərimlə dostlaşmağı qarşıma məqsəd qoymuşdum. İndi onların adlarını bilir, küçədə görəndə ayaq saxlayıb bir-iki dəqiqə söhbət edirəm” Karmen
[145–ci səhifədəki şəkil]
Müəllimlər bir növ çayın bu tayından o tayına keçməyə — savadsızlıqdan biliyə doğru irəliləməyə kömək edən daşlar kimidir, amma bunun üçün sən addım atmalısan