Fəsil 25
Masturbasiya vərdişinin öhdəsindən necə gələ bilərəm?
«Masturbasiya ilə məşğul olmağa başlayanda səkkiz yaşım vardı. Sonra bu məsələyə dair Allahın nöqteyi-nəzərini öyrəndim. Hər dəfə bu hərəkətə yol verəndə özümü dəhşət pis hiss edirdim. Öz-özümə fikirləşirdim: “Allah mənim kimisini necə sevə bilər?”» Luis
CİNSİ yetişkənlik dövründə cinsi istəklər daha da güclənir. Nəticədə, bu, səndə masturbasiya vərdişi yarada biləra. Çoxlarının fikrincə, bu, elə də böyük problem deyil. «Hələ bundan heç kim ölməyib!» — deyə onlar iddia edə bilərlər. Ancaq bu vərdişdən əl çəkmək üçün əsaslı səbəb var. Allahın xidmətçisi Pavel yazırdı: «Bədəninizin üzvlərindəki... şəhvətə, ehtirasa... meyilləri öldürün» (Koloslulara 3:5). Masturbasiya isə ehtirası öldürmür, əksinə, alovlandırır. Üstəlik...
● Masturbasiya insanın tamamilə eqoist olmasına səbəb olur. Bu zaman insan hisslərinə qapılaraq, diqqətini yalnız özünə cəmləyir.
● Masturbasiya ilə məşğul olan kəs əks cinsdən olan insana öz cinsi istəklərini təmin etmək üçün bir vasitə kimi baxır.
● Masturbasiya ilə məşğul olmağın nəticəsində yaranan eqoist düşüncə tərzi nikahda sağlam cinsi münasibətdə problem yarada bilər.
Hər dəfə cinsi ehtiras yarananda masturbasiya etməkdənsə, özünə hakim olmağı öyrən (1 Salonikililərə 4:4, 5). Bunu etməkdə sənə Müqəddəs Kitabın cinsi istək oyada biləcək vəziyyətlərdən qaçmaq məsləhətinin köməyi dəyə bilər (Süleymanın məsəlləri 5:8, 9). Əgər artıq bu vərdişin quluna çevrilmisənsə, onda necə? Ola bilsin, sən ondan yaxa qurtarmağa cəhd göstərmisən, ancaq heç nə alınmayıb. Asanlıqla belə bir nəticəyə gələ bilərsən ki, artıq dəyişə və Allahın normalarına uyğun yaşaya bilməzsən. Bu hisslər Pedroya da tanışdır. O deyir: «Hər dəfə bu təkrarlandıqca özümü bərbad hiss edirdim; fikirləşirdim ki, bağışlanmağa layiq deyiləm. Mənim üçün dua etmək çox çətin idi».
Əgər bu kimi hisslər sənə də tanışdırsa, ruhdan düşmə. Sənin vəziyyətin ümidsiz deyil. Bir çox gənclər, eləcə də böyüklər masturbasiya vərdişinin öhdəsindən gələ bilmişlər. Bunu sən də bacararsan!
Özünü günahkar hiss edəndə
Artıq qeyd olunduğu kimi, masturbasiya ilə məşğul olan insanlar çox vaxt özlərini günahkar hiss edirlər. Bu, bir tərəfdən yaxşıdır, çünki «Allaha məqbul kədər» hissi səni bu vərdişdən yaxa qurtarmağa təşviq edə bilər (2 Korinflilərə 7:11). Ancaq özünü həddən artıq günahkar hiss etməyinin əks nəticəsi ola bilər. Sən o dərəcədə məyusluğa qapıla bilərsən ki, mübarizə aparmağa istəyin qalmaz (Süleymanın məsəlləri 24:10).
Çalış, bu məsələdə tarazlığı qoru. Masturbasiya natəmiz vərdişdir. Bu vərdiş səni «öz nəfsinin və eyş-işrətin qulu»na çevirə və səndə qeyri-sağlam düşüncə tərzi formalaşdıra bilər (Titus 3:3). Bununla belə, masturbasiya kobud cinsi əxlaqsızlıq sayılmır (Yəhuda 7). Əgər sənin belə bir problemin varsa, bağışlanılmaz günah işlətdiyini düşünməməlisən. Əsas odur, bu sınağa qarşı durasan və heç vaxt mübarizəni dayandırmayasan!
Bu hal təkrarlandıqdan sonra məyusluğa qapılmaq asandır. Bu zaman Süleymanın məsəlləri 24:16 ayəsindəki sözləri yadına sal: «Saleh yeddi dəfə yıxılsa belə, yenə qalxar, şər insan büdrəsə, bəlaya düçar olar». Ani bir zəifliyə yol verməyin sənin pis insan olduğunu göstərmir. Buna görə də, təslim olma. Yaxşı olar ki, bu vəziyyətin nəyə görə təkrarlandığını müəyyən edəsən və həmin səhvlərə bir də yol verməyəsən.
Allahın məhəbbəti və mərhəməti üzərində düşünməyə vaxt ayır. Müxtəlif zəiflikləri ilə mübarizə aparan məzmurçu Davud yazırdı: «Ata övladlarına rəhm etdiyi kimi, Rəbb də Ondan qorxanlara elə rəhm edir. Çünki necə yarandığımızı bilir, torpaqdan düzəlməyimizi unutmur» (Məzmur 103:13, 14). Bəli, Yehova qeyri-kamil olduğumuzu nəzərə alır və bizi bağışlamağa hazırdır (Məzmur 86:5). Digər tərəfdən, O, bizim səy göstərməyimizi və pis vərdişlərdən azad olmağımızı istəyir. Bu işdə bizə nə kömək edə bilər?
Əyləncə seçimində diqqətli ol. Cinsi istəklər oyadacaq filmlərə və televiziya proqramlarına baxırsanmı? Əxlaqsız saytlara girirsənmi? Məzmurçu Allaha duasında deyirdi: «Qoyma gözlərim fani şeylərə baxsın»b (Məzmur 119:37).
Diqqətini başqa şeylərə cəmlə. Vüsal adlı məsihçi gənc belə bir məsləhət verir: «Yatmamışdan qabaq Müqəddəs Kitaba əsaslanan nəşrlər oxumaq yaxşı olardı. Günü ruhani fikirlərlə başa vurmaq olduqca vacibdir» (Filipililərə 4:8).
Problemin haqda kiminləsə danış. Bəlkə də, utandığın üçün kiminləsə bu haqda danışmaqdan çəkinirsən. Amma vərdişinin öhdəsindən gəlməkdə bunun sənə köməyi dəyə bilər. David adlı məsihçi deyir: «Mən açıb hər şeyi atama danışdım. Onun mənə dediyi sözləri heç vaxt unutmaram. O gülümsəyərək: “Səninlə qürur duyuram”, — dedi. Atam yaxşı bilirdi ki, onunla bu haqda danışmaq mənim üçün nə dərəcə çətindir. Heç bir söz məni bu qədər ruhlandıra və qətiyyətimi gücləndirə bilməzdi.
Atam bağışlanılmaz günah etmədiyimi anlamağım üçün mənə bir neçə Müqəddəs Kitab ayəsi göstərdi. Sonra səhv hərəkətimin nə dərəcədə ciddi olduğunu başa düşüb-düşmədiyimə əmin olmaq üçün daha bir neçə ayə oxudu. O, mənə bir müddət “təmiz” qalmaq üçün əlimdən gələni etməyi və sonradan bu mövzuya yenidən qayıdacağımızı dedi. “Əgər təkrarlanarsa, məyus olma. Çalış, bu dəfə daha uzun müddətə özünə hakim olasan”, — deyə əlavə etdi». David hansı qənaətə gəldi? O deyir: «Problemim haqqında kiminsə bilməsinin və dəstək olmasının mənə çox köməyi dəydi»c.
Təsadüfi cinsi əlaqə çox ciddi məsələdir. Nəyə görə?
[Haşiyələr]
a Masturbasiyanı (onanizm) qeyri-iradi cinsi ehtirasla səhv salmaq lazım deyil. Məsələn, oğlan uşaqlarında gecə pollyusiyası (yuxuda olarkən sperma ifraz etmək) olur, ya da onlar yuxudan cinsi ehtirasla oyana bilərlər. Eynilə, qeyri-iradi ehtiras qızlarda da müşahidə olunur, xüsusilə də aybaşıdan əvvəl və ya sonra. Masturbasiya isə cinsi orqanları bilərəkdən qıcıqlandırmaq deməkdir.
b Əlavə məlumat üçün 2-ci cildin 33-cü fəslinə bax.
c Əlavə məlumat üçün 2-ci cildin 239—241-ci səhifələrinə bax.
AÇAR AYƏ
“Gəncliyə xas istəklərdən qaç, əvəzində Rəbbi sidqi-ürəkdən çağıranlarla birlikdə salehliyə, imana, məhəbbətə və sülhə can at” 2 Timoteyə 2:22
MƏSLƏHƏT
Cinsi istəklərin güclənməmişdən qabaq dua et. Şirnikdirici təsirin öhdəsindən gələ bilmək üçün duada Yehova Allahdan insan gücündən üstün olan qüdrət verməsini xahiş et (2 Korinflilərə 4:7).
BİLİRSƏN... ?
Zəif insanlar öz cinsi istəklərinə boyun əyir. Möhkəm iradəli insanlar isə hətta tək olanda belə özlərinə hakim olmağı bacarırlar.
HƏRƏKƏT PLANI!
Düşüncələrimi təmiz saxlamaq üçün belə edə bilərəm... ․․․․․
İstəklərimə təslim olmaq əvəzinə, mən... ․․․․․
Bu mövzu ilə bağlı valideynlərimə vermək istədiyim suallar: ․․․․․
NECƏ DÜŞÜNÜRSƏN?
● Nəyə görə Yehovanın bağışlamağa hazır olduğunu yadda saxlamaq vacibdir? (Məzmur 86:5).
● Allahın səni cinsi istəklərlə yaratması və özünə hakim olmalı olduğunu deməsi Onun sənə etibar etdiyini necə göstərir?
[182–ci səhifədəki yazı]
“Artıq problemimin öhdəsindən gəlmişəm. İndi Yehovanın qarşısında vicdanım təmizdir. Mən bunu heç nəyə dəyişmərəm!” Sara
[180–ci səhifədəki şəkil]
Qaçış zamanı yıxılanda yenidən start xəttinə qayıtmaq lazım gəlmir. Masturbasiya vərdişilə mübarizə apararkən də zəifliyə yol verməyin göstərdiyin səyin hədər olduğunu bildirmir