Fəsil 27
Niyə oğlanların məndən xoşu gəlmir?
İndi o bilir ki, hamı mənim dərdimdən ölür, çünki ona məndən ötrü ürəkləri gedən oğlanlardan danışdım. Bəzi rəfiqələrimin axmaq hərəkətlərindən danışanda gülürdü. Amma o bilir ki, mən ağıllıyam, çünki bir neçə dəfə sözünə düzəliş etdim. Başa düşə bilmirəm, niyə indiyə kimi mənə görüşməyi təklif etməyib.
Qəşəng qızdır, amma özünü çox yüngül aparır. Aman vermədi ki, ağzımı açım. İmkan tapıb bir söz deyən kimi də səhv tutur. Heç bilmirəm, onun əlindən canımı necə qurtarım.
GƏNC oğlanlar səninlə maraqlanmır deyə narahat olursan? Bir çox qızlar, hətta gözəl qızlar belə bu problemlə üzləşirlər. Misal üçün, götürək Nailəni. O, ağıllıdır, gözəldir, yaxşı danışıq qabiliyyətinə malikdir. Bununla belə, o etiraf edir: «Çox vaxt mənə elə gəlir ki, oğlanların məndən xoşu gəlmir. Bəyəndiyim oğlanlardan bəziləri bir müddət mənimlə maraqlanır, sonra isə ünsiyyəti kəsirlər».
Oğlanlar hansı qızları bəyənir, hansılardan xoşları gəlmir? Bəs yaraşıqlı oğlanın diqqətini necə cəlb etmək olar?
Nə etməlisən?
● Öz ürəyini və düşüncələrini yoxla. Yəqin, yeniyetməlik dövründə səndə oğlanlara qarşı maraq yaranıb. Bu dövrdə bir neçə oğlandan xoşun gələ bilər. Bu təbiidir. Lakin xoşuna gələn ilk oğlana ürəyini verməyin sənə emosional və ruhani cəhətdən zərər verə bilər. İlk növbədə, sən yaxşı keyfiyyətlərə yiyələnməli, «ağlını yeniləşdir[məli]», yəni Allahın nöqteyi-nəzərini mənimsəməli və qarşına qoyduğun məqsədlərə nail olmalısan (Romalılara 12:2; 1 Korinflilərə 7:36; Koloslulara 3:9, 10).
Düzdür, oğlanların əksəriyyətinin hələ xarakteri formalaşmamış, möhkəm əqidəsi olmayan saf qızlardan xoşu gəlir. Belə oğlanları qızların yalnız bədəni maraqlandırır. Amma düşüncəli oğlan gözəl şəxsiyyəti olan elə bir qız axtaracaq ki, onlar bir-birlərini tamamlaya bilsinlər (Matta 19:6).
Oğlanlar deyir: «Mənim şəxsi fikirləri olan, möhkəm iradəli qızlardan xoşum gəlir» (Ceyms).
«Məni öz fikirlərini aydın və hörmətcil tərzdə ifadə etməyi bacaran qızlar cəlb edir. Qız nə qədər gözəl olursa-olsun, yalnız mənim eşitmək istədiyimi deyəndə özümü onun yanında narahat hiss edirəm» (Nicat).
Oğlanların dedikləri bu fikirlər barədə nə düşünürsən?
․․․․․
● Hörmət göstər. Qızlar sevilmək, oğlanlar isə hörmət görmək istəyir. Müqəddəs Kitabda əbəs yerə deyilmir ki, ərlər arvadlarını sevməli, arvadlar isə ərlərinə «dərin hörmət» bəsləməlidirlər (Efeslilərə 5:33). Aparılan bir sorğuya əsasən, yüzlərlə gənc oğlanların 60 faizi məhəbbətdən çox hörmətə üstünlük verdiklərini demişlər. Sorğuda iştirak edən orta yaşlı kişilərin 70 faizindən çoxu da eyni fikirdədir.
Hörmət etmək — öz fikirlərindən və fikir söyləmək hüququndan tamamilə imtina etmək demək deyil (Yaradılış 21:10—12). Lakin sən fikrini ifadə etmək tərzinlə oğlanı ya cəlb edə, ya da özündən uzaqlaşdıra bilərsən. Əgər həmişə ona qarşı çıxsan və ya hər dəfə sözlərinə düzəliş etsən, o, sənin ona hörmət etmədiyini düşünə bilər. Ancaq onun fikirlərinə hörmət etdiyini göstərsən və söylədiyi fikirlərin tərifəlayiq olduğunu dilə gətirsən, o da sənin fikirlərini qəbul edib qiymətləndirəcək. Əlbəttə, ağıllı oğlan sənin ailə üzvlərinlə və başqaları ilə necə rəftar etdiyinə də diqqət yetirəcək.
Oğlanlar deyir: «Mənim fikrimcə, münasibətlərin başlanğıcında ən vacibi hörmətdir. Məhəbbət sonradan da yarana bilər» (Adrian).
«Əgər qız mənə hörmət edə bilərsə, deməli, sevə də bilər» (Mark).
Oğlanların dedikləri bu fikirlər barədə nə düşünürsən?
․․․․․
● Ədəbli geyin, özünə fikir ver. Geyimin və saç düzümün sənin haqqında çox şey — düşüncə tərzini, necə insan olduğunu deyir. Heç ağzını açmamış, qarşındakı oğlana sənin haqqında, demək olar ki, hər şey aydın olur. Əgər geyimin səliqəli və ədəblidirsə, bu, qarşındakı insanda müsbət fikir oyadacaq (1 Timoteyə 2:9). Yox, əgər açıq və yöndəmsizdirsə, özün haqda ədəbsiz biri kimi mənfi fikir yaradacaqsan.
Oğlanlar deyir: «Qızın geyim tərzi onun həyata baxışlarına dair çox şey deyir. Açıq-saçıq və ya səliqəsiz geyinirsə, bu, onun çarəsiz halda özünə diqqət cəlb etməyə çalışdığını göstərir» (Adrian).
«Mənim saçlarına qulluq edən, gözəl ətirli və mülayim səsi olan qızlardan xoşum gəlir. Bir qız bəyənmişdim. Gözəl olmasına baxmayaraq, heç özünə fikir vermirdi. Buna görə də ona olan marağım tez bir zamanda öldü» (Ramiz).
«Əgər qız açıq-saçıq geyinirsə, o, bir müddət özünə diqqət cəlb edə bilər. Ancaq mən belə bir qızla heç vaxt ciddi münasibət qurmaram» (Nikolas).
Oğlanların dedikləri bu fikirlər barədə nə düşünürsən?
․․․․․
Nəyi etməməlisən?
● Flirt etmə. Qadın böyük qüvvədir. O istəsə, bu qüvvədən həm yaxşı, həm də pis məqsədlər üçün istifadə edə bilər (Yaradılış 29:17, 18; Süleymanın məsəlləri 7:6—23). Əgər sən məftun etmək bacarığını hər oğlanın üstündə sınaqdan keçirsən, onda flirt edən biri kimi tanınacaq və pis ad qazanacaqsan.
Oğlanlar deyir: «Cəlbedici bir qızın yanında sadəcə oturmaq və ya onun çiyninə əlini qoymaq belə insanı həyəcanlandıra bilər. Buna görə də düşünürəm ki, qız söhbət edərkən tez-tez mənə toxunursa, deməli, o flirt edir» (Nikolas).
«Yoldan ötən hər oğlana göz-qaş edən, danışarkən dəqiqəbaşı oğlanın əlinə toxunan qızlardan acığım gəlir» (Xose).
● Bezdirmə. Müqəddəs Kitabda deyildiyi kimi, iki nəfər evlənəndə «bir bədən» olur (Yaradılış 2:24). Bu zaman ərlə arvad subay ikən malik olduqları sərbəstlikdən müəyyən mənada imtina edir, tamamilə bir-birilərinə aid olurlar (1 Korinflilərə 7:32—34). Ancaq siz təzəcə görüşürsünüzsə, hər şeyə görə bir-birinizdən hesabat tələb etməyə ixtiyarınız yoxdura. Əgər sən onun dostları ilə vaxt keçirməsinə hörmətlə yanaşsan, o, sənə daha çox maraq göstərəcək. Üstəlik, azadlığından necə istifadə etməsi oğlanın xüsusiyyətləri haqda sənə çox şey deyəcək (Süleymanın məsəlləri 20:11).
Oğlanlar deyir: «Qız hər addımımı bilmək istəyəndə, ictimai həyatı və ya məndən başqa heç bir maraq dairəsi olmayanda məni lap boğaza yığır» (Nicat).
«Təzə tanış olduğum qızın iki dəqiqədən bir SMS yazıb harada olduğumu, kiminlə olduğumu, xüsusilə də yanımdakı qızların adını bilmək istəməsi mənim üçün bir xəbərdarlıqdır» (Ramiz).
«Görüşdüyüm qızın qırsaqqız kimi yapışıb dostlarımla birlikdə vaxt keçirməyə aman verməməsi, onu hər yerə özümlə aparmayanda əsəbiləşməsi məni qıcıqlandırır» (Adrian).
Oğlanların dedikləri bu fikirlər barədə nə düşünürsən?
․․․․․
Özünə dəyər ver
Yəqin, sən oğlanların diqqətini cəlb etmək və özlərini bəyəndirmək üçün dəridən-qabıqdan çıxan qızlar tanıyırsan. Elələri də var ki, oğlanla görüşmək və ya ərə getmək üçün hətta öz prinsiplərinə güzəştə getməyə belə hazırdır. Amma unutma ki, «insan nə əkərsə, onu da biçəcək» (Qalatiyalılara 6:7—9). Əgər sən özünə və yaşadığın prinsiplərə qiymət vermirsənsə, onda qarşına çıxan oğlanlar da nə sənə, nə də sənin prinsiplərinə hörmət qoymacaqlar.
Bir şeyi də başa düşməlisən ki, bütün oğlanların xoşuna gələ bilməzsən və bunun müsbət cəhətləri çoxdur. Əgər sən həm zahiri, həm də daxili gözəlliyinin qeydinə qalsan, Allahın gözündə çox qiymətli olacaqsan (1 Peter 3:4). Onda layiqli oğlanların da diqqətini cəlb edəcəksən.
Nəyə görə qızlar bəzi oğlanları bəyənmir?
[Haşiyə]
a Təbii ki, nişanlanandan sonra qızla oğlanın artıq bir-birilərindən hesabat tələb etməyə ixtiyarı çatır.
AÇAR AYƏ
“Qadının məlahəti aldadıcı, gözəlliyi fanidir, yalnız Rəbdən qorxan qadın tərifə layiqdir” Süleymanın məsəlləri 31:30
MƏSLƏHƏT
Kosmetikadan həddən artıq istifadə etmə. Bu, sənin haqda özündənrazı və ya çarəsiz halda başqalarının diqqətini cəlb etməyə çalışan biri kimi yanlış təəssürat oyadacaq.
BİLİRSƏN... ?
Görüşdüyün oğlandan daima sənə diqqət göstərməsini tələb etsən, bu, sizin münasibətlərinizi sarsıda bilər.
HƏRƏKƏT PLANI!
Çalışacağam növbəti sahələrin üzərində işləyim: ․․․․․
Bu mövzu ilə bağlı valideynlərimə vermək istədiyim suallar: ․․․․․
NECƏ DÜŞÜNÜRSƏN?
● Oğlanın hisslərinə və fikirlərinə hörmət etdiyini necə göstərə bilərsən?
● Özünə dəyər verdiyini necə göstərə bilərsən?
[190–cı səhifədəki yazı]
“Düzünü desəm, mən gözəl qızlara diqqət yetirirəm. Amma görəndə ki, qızın konkret və dəyərli məqsədləri yoxdur, tez bir vaxtda marağım ölür. Yox, əgər qız həyatdan nə istədiyini bilirsə, xüsusilə də artıq müəyyən məqsədlərinə nail olubsa, gözümdə onun dəyəri artır” Kənan
[191–ci səhifədəki şəkil]
Məhəbbət və hörmət velosipedin iki təkəri kimidir — hər ikisi də mütləqdir