Fəsil 35
Narkotikdən necə yaxa qurtara bilərəm?
NARKOTİKƏ qurşanmısan? Yəqin, narkotikin sənin beynini və bədənini məhv etdiyini bilirsən. Bəlkə də, sən bu asılılıqdan yaxa qurtarmağa cəhd göstərmisən, ancaq bu vərdişə yenidən qayıtmısan. Vəziyyət belə olsa da, ruhdan düşmə. Bunun öhdəsindən gələnlər olub, deməli, sən də gələ bilərsən! Misal üçün, gəl bu asılılıqdan yaxa qurtaran üç insanın nümunəsinə baxaq.
AD Marta
KEÇMİŞİM Mən dünyaya gələndə anam evli deyildi, bu səbəbdən bacımla mən heç ata üzü görməmişik. Rəqs etməyi sevən bir xalam vardı, təxminən 12 yaşım olanda onunla diskotekalara getməyə başladım. Mən çox ünsiyyətcil idim və qısa bir vaxtda pis vərdişləri olan insanlara qoşuldum. 13 yaşımda isə narkotikdən və kokaindən istifadə etməyə başladım. Əvvəl-əvvəl narkotikdən həzz alırdım. Ancaq bir müddətdən sonra məndə qarabasmalar yarandı və mən hər şeydən qorxmağa başladım. Narkotikin təsiri keçəndən sonra isə, özümü öldürmək fikrinə düşürdüm. Narkotikin pəncəsindən yaxa qurtarmaq istəyirdim, amma iradəm çatmırdı.
NECƏ ÖHDƏSİNDƏN GƏLDİM? Mən Allah haqqında düşünməyə başladım, hətta bir neçə dəfə kilsəyə getdim. Ancaq bu, məyusluğumu daha da artırdı. 18 yaşım olanda oğlan dostumla birlikdə yaşamağa başladım və bir oğlumuz oldu. Ana olmaq həyat tərzimi dəyişmək istəyimi daha da gücləndirdi. Bu ərəfədə keçmiş rəfiqəm yaxınlığımızdakı bir evə köçdü. Günlərin bir günü o, bizə qonaq gəldi, oturub səmimi söhbət etdik. Bütün ürəyimi ona boşaltdım. O, Yehovanın Şahidi olduğunu dedi və mənə Müqəddəs Kitabı öyrənməyi təklif etdi. Mən də razılaşdım.
Həyat tərzimin Allaha məqbul olmadığını, narkotik və siqareti atmalı olduğumu öyrəndim. Lakin narkotiki atmaq mənim üçün olduqca çətin idi. Gün ərzində Yehova Allaha dəfələrlə yalvarırdım ki, bu pis vərdişdən əl çəkmək üçün mənə kömək olsun. Mən Onu razı salmaq istəyirdim (Süleymanın məsəlləri 27:11). Müqəddəs Kitabı öyrəndikdən və Yehovanın Şahidləri ilə sıx ünsiyyətdən altı ay sonra narkotikin əsarətindən azad ola bildim. İndi həyat mənim üçün daha mənalıdır. Artıq əvvəlki kimi həmişə depressiyada olmuram. Sonra Yehovanın Şahidi olan gözəl insanla tanış oldum və ailə qurdum. Oğlumu Müqəddəs Kitab prinsiplərinə uyğun böyüdürəm. Yalvarışlarımı eşidib mənə kömək etdiyi üçün Yehovaya çox minnətdaram!
AD Marsiyo
KEÇMİŞİM Mən San-Paulu ştatının (Braziliya) əhalisi sıx məskunlaşmış Santu-Andre şəhərində böyüyüb boya-başa çatmışam. Artıq erkən yaşlarımdan tütün çəkməyə, narkotik qəbul etməyə və oğurluğa başlamışdım. Bir neçə dostum maşın oğurluğu və narkotik alveri ilə məşğul olurdu. Onlardan biri uşaqlara pulsuz narkotik verirdi. Asılılıq yarandıqdan sonra isə uşaqlar narkotiki ondan pulla almaq məcburiyyətində qalırdılar.
Polis bizim rayonu həmişə nəzarət altında saxlayırdı. Bir neçə dəfə xırda işlərə görə, bir dəfə də narkotik alveri üzrə şübhəli şəxs qismində həbs olunmuşdum. Çox vaxt dəstəmizin oğurluq mallarını və silahlarını öz evimdə gizlədirdim.
İnsanlar məndən qorxurdular. Gözlərim qan çanağına dönmüşdü, heç vaxt üzüm gülmürdü, sifətimdə daima ölümsaçan ifadə var idi. Mənə «Tayfun» ləqəbi qoymuşdular, çünki hara getsəm fəlakət törədirdim. Həmçinin həddən artıq çox içirdim və əxlaqsız həyat tərzi sürürdüm. Dostlarımın çoxu ölmüş və ya həbsə düşmüşdü. Elə pis vəziyyətdə idim ki, hətta bir dəfə özümü ağacdan asmağa cəhd göstərmişdim.
NECƏ ÖHDƏSİNDƏN GƏLDİM? Allaha yalvarırdım ki, mənə kömək etsin. Günlərin bir günü Yehovanın Şahidləri ilə qarşılaşdım və Müqəddəs Kitabı öyrənməyə başladım. Allahın adının Yehova olduğunu, Onun qanunlarına uyğun yaşamağa çalışan insanların qayğısına qaldığını və kömək etdiyini öyrəndim (Məzmur 83:18; 1 Peter 5:6, 7). Həyatımda çox şeyi dəyişməli idim. Ən çətini də gülməyi öyrənmək idi.
Usanmadan Yehovadan yardım diləyir və Müqəddəs Kitabın məsləhətlərini tətbiq etməyə çalışırdım. Köhnə “dostlarımla” əlaqəni kəsdim, barlara getməyə son qoydum. Üstəlik, qərar verdim ki, yalnız Müqəddəs Kitab normalarına uyğun yaşayan insanlarla ünsiyyət edəcəyəm. Bu, çox gərgin bir mübarizə oldu, ancaq mən bunun öhdəsindən gəldim. Daha oğurluq etmir, münaqişə törətmirəm. Ən əsası isə, artıq on ildən çoxdur ki, narkotikdən istifadə etmirəm.
AD Kreyq
KEÇMİŞİM Uşaqlığım Cənubi Avstraliyadakı bir fermada keçib. Atam içki düşkünü idi. Mənim səkkiz yaşım olanda anamla atam ayrıldılar. Anam yenidən ailə qurdu və 17 yaşıma kimi onun yanında yaşadım. Həmin il qoyun qırxmağı öyrəndim və qoyun qırxan köçəri bir briqadaya qoşuldum. Müxtəlif növ narkotik maddələrdən dadmağa və sərxoşluq etməyə başladım. Saçımı uzatdım, mum çəkib nazik-nazik hördüm və muncuq taxdım. Paxıl, söyüşkən, özünü ələ ala bilməyən bir insan olmuşdum. Bir neçə dəfə həbsə düşmüşdüm.
Qərbi Avstraliyanın balaca bir şəhərinə köçdüm və hoteldə ofisiant işləyən qız dostumla birlikdə yaşamağa başladım. Hər ikimiz də çəkir, içir və özümüz üçün marixuana yetişdirirdik.
NECƏ ÖHDƏSİNDƏN GƏLDİM? Əkdiyimiz marixuananı təzəcə yığmışdıq ki, Yehovanın Şahidləri uçuq daxmamızın qapısını döydülər. Onların dediklərinə kor-koranə inanmadım, əksinə, Müqəddəs Kitabda yazılanları araşdırıb, onların həqiqət olduğuna vaxt keçdikcə özüm əmin oldum. Sonra pis vərdişlərimlə bir-bir mübarizə aparmağa başladım.
Tezliklə marixuanadan əl çəkməli olduğumu öyrəndim. Bu, zəhmət çəkib becərdiyim məhsulu məhv etmək demək idi! Buna görə də ilk ağlıma gələn şey bütün məhsulu bir əldən kiməsə vermək oldu. Ancaq sonra bunun heç də yaxşı fikir olmadığını düşünərək marixuananı yerli-dibli məhv etdim. Narkotik və içki düşkünlüyündən azad olmaqda duanın mənə böyük xeyri oldu. Allaha yalvarırdım ki, bu mübarizədə qalib gəlmək üçün Öz müqəddəs ruhu ilə mənə kömək etsin. Həmçinin mənə pis təsir edən insanlarla ünsiyyətə son qoydum. Müqəddəs Kitabın təlimlərini öyrəndikcə və tətbiq etdikcə zəifliklərimin öhdəsindən gələ bilmək üçün lazım olan mənəvi güc əldə etdim. Qız dostum da Müqəddəs Kitabı öyrənməyə başladı və həyat tərzini dəyişdi. Biz ailə qurduq. Artıq 21 ildir ki, birlikdə sağlam ömür sürürük və iki oğlumuz var. Əgər Yehova mənə kömək əlini uzatmasaydı, indi harada və nə vəziyyətdə olduğumu düşünmək belə məni dəhşətə gətirir.
AÇAR AYƏ
“[Yehova] Allah xilasımdır... qüvvətim[dir]” Yeşaya 12:2
MƏSLƏHƏT
Narkotikə həvəs yaradan insanlardan, məkanlardan və başqa şeylərdən mümkün qədər uzaq dur. Araşdırmalar göstərir ki, bunlardan hər hansını bircə dəfə görmək köhnə istəyi alovlandırmaq üçün kifayətdir.
BİLİRSƏN... ?
Narkotik beyinin strukturunu dəyişə bilər.
HƏRƏKƏT PLANI!
Əgər yenə təkrarlasam, çalışacam... ․․․․․
Bu mövzu ilə bağlı valideynlərimə vermək istədiyim suallar: ․․․․․
NECƏ DÜŞÜNÜRSƏN?
● Nəyə görə narkotikdən yaxa qurtarmaq istəyən insan həyatında köklü dəyişikliklər etməlidir?
● Allah haqqında həqiqəti bilmək ona necə kömək edə bilər?
[253–cü səhifədəki yazı]
“Müqəddəs Kitab prinsiplərinə uyğun yaşadığım üçün indi mən xoşbəxtəm və həyatımın mənası var” Marta
[256–cı səhifədəki şəkil]
Asılılıqdan azad olmaq yanan evdən canını götürüb qaçmağa bənzəyir — nələri isə arxada qoysan da, həyatını xilas edəcəksən